manera.az
manera.az

Köhnə royal - Məlahət Hümmətqızının hekayəsi

9-09-2019, 10:57

Köhnə royal - Məlahət Hümmətqızının hekayəsi
Məlahət Hümmətqızı ixtisasca həkimdir. “Atasız dünyam”, “Tənha yuva” və “Qız anası” kitablarının müəllifidir. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

MANERA.AZ Məlahət Hümmətqızının iki hekayəsini təqdim edir:


YALAN

O insan xoşbəxtdir ki, işə həvəslə gedir, işdən də evə tələsir. Gülnarın da bəxti gətirmişdi, bu sözləri ona da aid etmək olardı. Həyatından çox razı idi. Ailəsi onun həyatının mənası idi. Peşəsinə də çox bağlı idi. Həkim idi. Düşünürdü ki, dünyanın ən gərəkli sənətini seçib. Hər dəfə xalatı əyninə geyinəndə onu öpürdü. İnsanların sağlamlığı keşiyində durmaq nə qədər çətin və məsuliyyətlidisə, bir o qədər də şərəflidi. Hər gün onlarla insan ona səhhəti ilə bağlı müraciət edirdi.Onlar təkcə xəstəlikdən danışmırdılar. Hərdən kövrəlib dərdlərini, onları bu xəstəliyə gətirib çıxaran səbəbləri və problemləri də bölüşürdülər.

Xəstələri səbrlə dinləmək hər həkimin hünəri deyildi. Lakin Gülnar şəfqətli, mehriban insan idi, ondan şəfa umanları diqqətlə dinləyir, dərdlərinə şərik olur, təsəlli verir, diaqnoz qoyub, müalicə təyin edirdi. Hamını şirin dillə dindirir, gülərüzlə yola salırdı. Xəstələr də onu çox sevirdilər, ona inanır, otağından ümidlə çıxırdılar. Xəstələrdən xoş sözlər eşidəndə Gülnarın yorğunluğu keçirdi, bəzən lap kövrəlirdi. Bu peşəni ona sevdirən valideynlərinə rəhmət oxuyurdu. “Kaş ki, məni ağ xalatda görəydiniz. Siz mənimlə fəxr edərdiniz, sevinərdiniz”- deyə düşünər, gözləri dolardı. Çalışardı ki, gözünün yaşını heç kim görməsin. Xəstələri onu güclü qadın hesab edirdilər. Əslində isə Gülnar göründüyü kimi deyildi. Kövrək idi. Gözünün yaşı ovcundaydı. Hər dəfə xəstələr ona dərdlərini danışıb ağlayanda göz yaşlarını görməsinlər deyə ayağa qalxar, pəncərənin qabağına gəlib gizlincə göz yaşlarını silərdi.

Həmişəki kimi Gülnar bu səhər də işə tezdən gəlmişdi. Əhvalı yaxşı idi. Qar kimi dümağ xalatını geyinib masanın arxasında oturmşdu. Çox keçmədən qapı döyüldü.

Qapıya sarı baxıb:

-Buyurun- dedi.

Qapı açıldı, yaşlı bir qadın içəri girdi.

-Doktor, olar?

-Gəlin –deyə Gülnar cavab verdi.

Gülnar qadını mehribanlıqla qarşıladı. Onun çoxdan tanıyırdı, sevimli pasiyentlərindəndi. Qadın da Gülnarla xoş salamlaşdı, stul çəkib əyləşdi. Bir anlıq susdu, sonra astaca sözə başladı :

-Doktor, neçə vaxtdı arıqlamağa başlamışam. Elə bil üzülürəm, yeməkdən kəsilmişəm, iştahım yoxdu. Bərk ağrıyıram. Bütün müayinələrdən keçmişəm, analizlərin cavabını almışam. Xahiş edirəm baxın, görün dərdim nədir, yaşamağıma ümid var ?

-Allah qorusun! Heç nə olmaz inşallah!

-Doktor, ölməkdən çox qorxuram. Uşaqlarımı indi-indi yerbəyer etmişəm. Bundan sonra bir az da özüm üçün yaşamaq istəyirəm, -deyib əlini üzünə tutub hönkürtüylə ağlamağa başladı .

-Xavər xala, narahat olmayın, yaşayacaqsınız. Niyə elə deyirsiniz? Allahdan ümid kəsilməz, inşallah yaxşı olar. Özünüzü ələ alın, -dedi, ayağa qalxıb əlini qadının çiyninə qoydu.

Qadına yazığı gəldi. Köks ötürüb, yerinə oturdu. Analizlərin cavablarına baxmağa başladı. Əvvəlcə daxili orqanların kompüter tomoqrafiyasını gözdən keçirdi. Əhvalı pozuldu. Xəstənin mədəaltı vəzisində törəmə var idi. Mədəyə, böyrəklərə, bağırsaqlara metastaz vermişdi. Qadın onkoloji mərkəzdə qeydiyyata alınmışdı. Kimya terapiya üçün artıq gecikmişdi. Yalnız ağrı kəsicilər məsləhət görülmüşdü. Poliklinikanın onkoloq həkiminə nəzarətə götürmək üçün göndərilmişdi. Sonra Gülnar qan analizlərinə baxdı. Burada da ürək açan bir şey yox idi. Bütün göstəricilər normadan iki dəfə yüksək idi. Boğazı qurudu, danışa bilmədi. Hiss etdi ki, boğulur. Xəstə həkimin rəng verib, rəng aldığını görüb təlaşla soruşdu:

-Doktor, sizə nə oldu? Nəsə pis şey gördünüz?

-Yox. Siz narahat olmayın, sizlik deyil, allergiyam var toza qarşı, boğuluram,-deyib ayağa qalxdı. Çaydandan stəkana su süzdü. Cəld hərəkətlə stəkanı götürüb sudan bir qurtum içdi. Özünə gəlib yerinə əyləşdi. Sakit və aramla danışmağa başladı.

- Xavər xala, sizi qorxutmaq istəmirəm. Sizin mədəaltı vəzinizdə törəmə var. Onkoloq həkimdə qeydiyyata düşməlisiniz. Müalicə almalısınız.

- Başa düşürəm qızım, bunu mənə deyiblər. Gəldim səndən düzünü soruşum. Bu xoşxassəlidi, ya bədxassəli? Öləcəyəm, yoxsa yaşayacağam?

- İnşallah xoşxassəli olar. Xavər xala, ölmək nədi, əlbəttə, yaşayacaqsınız,-deyib Gülnar xəstəni inandırmağa çalışdı.

-Qorxuram bu şiş axirda məni öldürə. Sol tərəfdə, qabırğa altında güclü, dözülməz ağrılarım var, -deyib doluxsundu.

-Yox, narahat olmayın. Qorxulu deyil. Günü sabahdan təcili müalicələrə, ağrıkəsicilərə başlayın.

- Yaxşı, doktor, mən sizə inanıram. Ürəyim bir az sakitləşdi. İndi gedib qeydiyyata düşəcəyəm. Müalicələrə başlayacağam. İnşallah bir şey olmaz. Sağalmalıyam, istəyərəm bir az da özüm üçün yaşayım, hələ nəvələr də var, onlara nənə də lazımdı. Çox sağ olun, məni ürəkləndirdiniz, yoxsa əlim-qolum bağlanmışdı, -deyib ayağa qalxdı.

Xəstəsini yola salmaq üçün Gülnar da ayağa qalxdı. Diqqətlə Xavər xalanın üzünə baxdı. Deyəsən, onunla vidalaşırdı. Amma gülümsəməyə çalışdı.

-Heç nədən narahat olmayın, Xavər xala. İnşallah hər şey yaxşı olacaq. Siz sağalacaqsınız, -dedi.

Qadının gözlərinə baxa bilmirdi, elə bilirdi ki, xəstəsi onun yalan danışdığını anlayacaq.

-Görək də, inşallah, –deyib Xavər xala minnətdarlıqla həkiminə baxdı, bir az kövrəlib, otaqdan çıxdı.

Gülnar dərindən köks ötürüb divara söykəndi. Xəstənin çarəsiz dərdi bir yana, yalan danışmaq da ona ağır təsir etmişdi. Amma başqa əlacı yox idi, xəstəsinin sanılı günlərini zəhərə döndərə bilməzdi, şirin yalan satıb: -“Sən yaşayacaqsan”- deməyə məcbur idi.

Xavər xalaya ölüm hökmünü başqa həkim oxumuşdu. Amma o, Gülnar həkimə inanırdı, onun rəyini bilmək istəyirdi. Gülnar bunu cox sonra- Xavər xalanın yas yerində biləcəkdi. Xəstəsinin söylədiyi sözlər qulaqlarında cingildədi. “Yaşamaq istəyirəm, doktor.” Gülnarı yaş boğdu, gözlərini yumub için-için ağladı. İndi Xavər xala onu görmürdü, doyunca ağlaya bilərdi...

KÖHNƏ ROYAL

Günorta işə zəng vurub, anasının ölüm xəbərini verəndə Asifin ayağının altından yer qaçdı. Donub key kimi yanındakı insanlara baxdı. Hamı başını aşağı salmışdı. Asif iş yoldaşlarına baxırdı. Sanki onlardan bu xəbərin yalan olduğunu söyləmələrini gözləyirdi. Sonra elə bil özünə gəldi. Yox, deyəsən, xəbər yalan deyildi. Başını aşağı saldı, əllərilə üzünü örtüb uşaq kimi hönkürdü.

Tez iş yerindən çıxıb, taksiyə mindi. Evə girəndə həyat yoldaşı ağlaya –ağlaya qabağına qaçdı. Asifin gözləri heç kimi görmürdü. Amma hiss edirdi ki, otaq adamla doludur. Donuq baxışlarla ətrafa baxdı. Anasını axtarırdı. Cənazəni otağın ortasında xalçanın üzərinə qoymuşdular. Asif yerə çöküb anasının soyumuş bədənini qucaqladı. Hönkürtüsü ağlaşan qadınların səsini batırdı.

O, anasına çox bağlı idi. Uşaqlıqdan atasız böyüyən Asif mehrini anasına salmışdı. Bu gün o, ən qiymətli insanını itirmişdi. Dünya bomboş boşalmışdı. O, anasız necə yaşayacaqdı?

Qohumları onun qolundan tutub ayağa qaldırdılar. Asif göz yaşlarını saxlaya bilmir, hönkürərək yasa gələnlərə baxırdı. Ayaq üstə dayanmağa iqtidarı yox idi.

Günlər keçdi. Anasının üçü, yeddisi, qırxı da bu minvalla başa gəldi. Gəlib -gedənlərin sayı azalmağa başladı.

Anasından Asifə təkcə köhnə bir royal qalmışdı. Röyal qədimi idi, otağa girən hamının diqqətini cəlb edirdi. Dilləri də yaxşı işləmirdi, rəngi qaralmışdı. Asifin həyat yoldaşı onu neçə dəfə satmaq istəmişdi:

-Evimizin gözəlliyini korlayı. Ana, sataq bunu çox köhnədi, təzəsini alarıq- demişdi qayınanasına. -Gələn- gedən soruşur ki, bu cür gözəl evdə, bahalı mebellərin içində nə əcəb köhnə royal saxlayırsnıız?

-Yox, nə danışırsan ? –deyə qayınanası əsəbiləşmişdi, -nə qədər ki,mən sağam bu royal satılmayacaq. Ancaq mən öləndən sonra bu royal evdən çıxa bilər – demişdi.

Asifin anası Nərminə xala bu royalı çox sevirdi. Çünki bu royal ona babasından yadigar idi. Almaniyada yaşayan babası sevimli nəvəsinə yeddi yaşında bu royalı hədiyyə göndərmişdi. Ona görə Nərminə xala babasının bu hədiyyəsini göz bəbəyi kimi qoruyub saxlamışdı. Düzdü, illər özünü göstərmişdi. Röyal illər keçdikcə rəngini dəyişmiş, solmuşdu.

Amma gözəlliyi, üstündəki naxışları qorunub saxlanmışdı. İllər bu naxışlara toxunmamışdı. Səksən yaşlı bu royal onun evinin köhnə “sakini” və otağının yaraşığı idi. Bu royalı o qədər adam pulu ilə istəmişdi ki, Nərminə xala razılaşmamış, evinin bu “ağır çəkili sakinini” heç kimə verməmişdi. Amma indi Nərminə xala artıq yox idi. Asifin həyat yoldaşının dili isə artıq açılmışdı:

-Gəlib- gedən var. Royalı sataq getsin, evin yaraşığını pozur.

Asif hər gün arvadının giley-güzarını eşitməkdənsə, köhnə royalı satmağın tərəfdarı idi. Amma anası öldükdən sonra bu royala daha da bağlanmışdı. Elə düşünürdü ki, bu royal satılsa, anası ilə bağlı bütün xatirələri ömürlük itirəcək. Hər dəfə işdən gələndə royalın qarşısında dayanar, analı xatirələr gözünün qabağından kino lenti kimi gəlib keçərdi. Anası musiqi müəlliməsi idi. Bu evə nə qədər uşaqlar gəlib-getmişdi... Bu royalı nə qədər uşaq səsləndirmişdı... Hələ özü... Axı özü də bu royalda nə qədər mahnılar çalmışdı... Royalı satmaq ona çox ağır gəlirdi. Elə bilirdi anasının yadigarını satmaqla onun xatirələrini də satırdı.

Çox fikirləşdikdən sonra Asif royalı satmaq qərarına gəldi. ”Mən satmasam, uşaqlar satacaq“-deyə düşündü. “Onsuz da köhnə royaldı. Kimin nəyinə lazımdı? Bir az çalıb atacaqlar.”

Belə düşüncələrlə köhnə musiqi alətləri satılan dükana gəldi. Burada onun tanıdığı bir qoca royal ustası işləyirdi. Salamlaşıb hal -əhval tutduqdan sonra anasının köhnə royalından bəhs etdi. “Evdə yer tutur, satmaq istəyirəm “-dedi.

Usta:

-Yaxşı, sabah gəlib baxaram, -dedi .

Asif sağollaşıb evə qayıtdı. Həyat yoldaşına royalı satmaq üçün musiqi alətləri satılan dükana getdiyini və sabah ustanın gəlib baxacağını, qiymət qoyacağını dedi. Bu söhbətdən xanımı çox sevindi. Artıq köhnə, evinə yaraşmayan royaldan canı qutaracaqdı.

Ertəsi gün Asifin çağırdığı usta deyildiyi kimi vaxtında gəlib çıxdı. Kənardan eynəyinin altından diqqətlə bu alman royalına baxıb, qaşlarını çatdı :

-Asif, royala söz ola bilməz, qədimi royaldı. Bu yaşıma qədər belə royal görməmişəm. Bu royal qiymətsizdi -deyib royala yaxınlaşdı. Royalın qapağını açıb əlini rəngi solmuş, qaralmış dillərinə toxundurdu. -Kökdən də düşüb. Deyəsən, heç vaxt köklənməyib. Bəs ananız bunu necə çalırdı ?

-Bilirsiniz, anama royalı kökləyək deyəndə əsəbləşirdi. Heç vaxt usta gətirməyə qoymurdu. Deyirdi, belə yaxşıdı.

-Niyə görəsən? –deyə usta öz-özünə sual verdi. Sonra royalın üst hissəsini sökməyə başladı. Nədənsə şübhələnmişdi. Nə axtardığını, deyəsən, bilirdi . Bir neçə saat royalın içində vurnuxduqdan sonra qışqırdı:

-Tapdım! Asif tapdım! Şirinliyini verəcəksən!

-Nəyi tapdınız?

-Ananızın royalı satmamasının səbəbini tapdım .

- Bunu bilməyə nə var ki, babasının hədiyyəsi idi .

-Yox, Asif, səbəb o deyildi. Səbəb royalın simlərinin qızıldan olmağıdı .

Asif eşitdiklərinə inanmadı.Göz bəbəkləri hədəqəsindən çıxdı :

-Ola bilməz! Bu qədər sim qızıldan ola bilməz! –dedi.

-İnanmırsan, gəl özün bax. -deyib usta royalın içərisində olan yazını ona göstərdi, - bu royal qiymətsizdI, satıla bilməz. Qaydalara görə, yalnız muzeyə verilə bilər. İstehsal tarixinə bax 1920. Ölkədə cəmi on dənə istehsal olunub. Biri də sizdədi. O dövrdə belə royalları ölkənin ən varlı insanları alırdı. Ananızın babası Almaniyada nə işlə məşğul olurdu?

-Düzü, heç yaxşı bilmirəm. Bircə onu bilirəm ki, ingilis və alman dillərini yaxşı bilirdi. Çox savadlı adam idi. Səfirlikdə işləyirdi. Tez–tez yerlərini dəyişirdilər. Müxtəlif ölkələrə gedirdi. Amma son zamanlar Almaniyada çalışırdı. Royalı da anama yeddi yaşı olanda oradan göndərib.

-Görürsən, anan qorxusundan sənə də deməyib.

- Görəsən, nədən qorxurdu?

-Qorxurdu ki, hökümət bilər və əlindən alar. Bir vaxtlar Almaniya hökuməti bu royalları özü axtarışa vermişdi. Hətta qəzetdə də çıxmışdı. Royalı təhvil verənə pul verirdilər. Səksəninci illərdə cəmi üçünü tapmışdılar. Yeddisi isə hələ də tapılmayıb. Görürsən, dördüncünü mən tapdım. Mənə şirinlik düşür.

Asif də, yoldaşı da, uşaqları da mat -məətəl qalmışdılar. Həyəcanla bu qoca ustanı dinləyirdilər. Sevinsinlərmi, gülsünlərmi, bilmirdilər. Nə edəcəklərini də bilmirdilər. Donub qalmışdılar.

- Niyə sevinmirsiniz? Evinizdə bu boyda xəzinə var. Sabah bütün qəzetlər sizdən yazacaq. Bütün dünya sizdən danışacaq.Tanınmış insanlardan biri olacaqsınız. Hökümət bəlkə sizə pul da verdi.

Arvadı:

- A kişi özünə gəl, noolub sənə, görmürsən deyir pul verəcəklər?-deyib sevinərək Asifi silkələdi.

-Dayan görüm, səninki də pul olsun. Biz fikirləşərik, usta, –deyib Asif arvadının əlini itələyib ona göz ağartdı. Sonra usta ilə bir xeyli söhbətdən sonra onu qapıya qədər yola saldı. Və xahış etdi ki, anasının royalı barəsində heç kimə bir söz söyləməsin. Usta başı ilə razılıq edib, gülümsəyərək qapıdan çıxdı. Deyəsən Asifin qərarından məmnun idi.

Asif otağa qayıdıb :

–Biz royalı satmayacağıq. Muzeyə də verməyəcəyik. Bu royal ömürlük evimizin sakini olacaq. Ona görə ki, o bizim üçün çox qiymətlidi. Həm də anama babasından yadigardı. Anam bu ənənəni qoruyub saxladı. Əgər anam nəfsinə hakim olub, ən çətin günlərimizdə belə onu satmadısa, deməli biz də satmayacağıq. Biz də bu ənənəyə sadiq qalacağıq. Onu qoruyub saxlayacağıq. Nəsildən–nəsilə ötürəcəyik, -deyib oğlunun saçlarını sığalladı.

Otağa sükut çökdü. Asifin qərarını hamı başı ilə təsdiq etdi.

-Əhsən!–deyərək Asif övladlarından məmnun qalaraq sevincindən kövrəldi və gözündən axan yaşı əli ilə sildi. Bir anlıq anasınin nəfəsini hiss etdi...

Gecə anası Asifin yuxusuna gəldi. Gülümsəyirdi. Deyəsən, babasının yadigarını satmadığına görə oğluna minnətdarlıq edirdi...


Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30