manera.az
manera.az

Ayrılıq qoxar bütün mövsümlər - ŞEİRLƏR

Ayrılıq qoxar bütün mövsümlər - ŞEİRLƏR
Manera.az Fərqanə Yusifqızının şeirlərini təqdim edir:

Yuxuma gəl

Yuxuma girsin yağış,
Yağsın hey dayanmadan.
Sonra sən...
Gəl qovuşaq,
Yuxudan oyanmadan..
Bizə yaxın gəlməsin,
Nə ayrılıq,nə həsrət,
Yuxuma gəlməsin qoy,
Köksümü cızan möhnət.

Yuxuma gəl...
Qovuşaq..
Dəysin mənə əllərin..
Yağan yağışın altda,
Xəyal quraq,
nələrin...
Toxunsun dodaqların,
Öncə islaq telimə,
Sonra nəfəslərimiz,
Qarışsın bir-birinə...

Yuxuma gəlsin yağış,
Dönüm dumana,çənə.
Sonra səni gətirsin,
Səni gətirsin mənə..

Sən gedəli

Sən gedəli quraqlıqdı‚
havasızdı bu şəhər.
Qarışıb gecə‚gündüz də
Heç bilmirəm
günün hansı vədəsidir
axşammıdır ya səhər?
Bir getdiyin gün yadımda
kassadan son bileti alıb getdin.
Sən gedəli bu şəhərdə
nə sevgi var‚nə sevgili.
Nə bizim kimi gülən qalıb
nə küsərkən ağlayan.
Heç istilər də gəlmək bilmir
Dağ başındakı qardı sanki
Əriməyən‚
uzaqlardan ağaran.
Sən gedəli bu şəhərdə
çoxalıb sənə bənzər insanlar.
Birinin yerişi,
Birinin gülüşü‚
birinin baxışı,
birinin hətta çörək alışı.
Sənin kimi gələn də olsa kaşki
getdiyin o yerlərdən.
Eşq varmı getdiyin oralarda?
Varmı əl-ələ tutub dəli- dəli
maşınların qarşısına yeriyən?
hər bir kəsə biz xoşbəxtik söyləyən?
Yenə dəxlisiz sözlər dolub başıma‚
danışıram boş-boşuna...
Bir gün bəlkə oralardan son bileti də
alıb dönərsən buralara
bəlkə biri də baxar
mənim kimi yollara
biri də ömürlük məhkum olar
unudulmaz sevdalara...
Nömrəm yenə həmənkidi
Dönsən məni ara...

Mövsümü olmaz ayrılıqların

Mövsümü olmaz ayrılıqların
nə istini hiss edər insan,nə soyuğu
gedişin bir burulğan kimi
içimi,çölümü söküb apardı.
İndi bu sevdiyim fəsildə
xəzanlar ürəyimdə saraldı.
Anladım..
Bu sevdanın nə əvvəli olacaqmış,
nə də ardı.
Olsun.
Gedişini faciə etməyim mən də,
zarafat etmişdin bəlkə,
sevirəm deyəndə.
Mövsümü olmaz ki, ayrılıqların.
Mövsümlər də sən idin.
Güləndə bahar,
ağlayanda payız
susanda isə qış.
Və bir də ayrılıq varmış..
Gözyaşı,hüzün,kədər.
Bundan belə ayrılıq qoxar
bütün mövsümlər...

Çağır məni

Hardasan,bir zəng elə,
Yenə sənsiz qalmışam,
De ki,özümə köynək,
Sənə daraq almışam.

Çağır məni əzizim,
Birlikdə yemək yeyək.
Yemək dadsız olsa da
Yaman dadlıdı deyək.

Çağır məni söhbətə,
Danışaq boş boşuna.
Ayrılanda deyim ki,
Söhbət gəldi xoşuma.

Bir bəhanə tap yenə,
Bu gun sənlə görüşək.
De ki, çay dəmləmişəm,
Soyumadan gəl içək.

Sonra da bir qorxulu,
Filmə baxaq səninlə.
Qorxum evə getməyə,
Sən də qal bu dəlinlə.

Səhər açılanda de,
Axı bu gün bazardı.
Gəzib bütün şəhəri,
Evin yolun azaydıq.

Yetər ki,çağır məni,
Tut əlimdən əzizim.
Ömrünün kandarından,
Silinməsin heç izim.

Bir az sevgi kimisən

Bir az dostum kimisən,
Bir az yaxınım kimi...
Bir az doğmam kimisən
Bir az uzaq tanışım.
Nəfəs kimi yaxınsan,
Xəyallar kimi uzaq.
Sənin sevgini istər
Bədəndə hər qarışım..
Səsin içimdə saxlı
Tilsim kimi,sirr kimi.
Gəlsin qulaqlarıma
Qoy od tutum,alışım..

Bir az sevgi kimisən,
Sənlə nədən danışım?..

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031