manera.az
manera.az

Repressiya yaşı olan şair

28-08-2019, 10:08

Repressiya yaşı olan şair
Orxan Saffari yazır...

Zamiq Zərdabiyə qədər bir neçə müasir dövr yazıçı-şairləri haqqında tərif və tənqidi yazılar yazmışlığım var və bunu da davam etdirmək fikrindəyəm.

Bu yazılar bir təndiqçi yazısı yox, daha çox oxucu, dost yazılarıdır. Ümumiyyətlə, belə yazılar yazmağımın səbəbi müasir ədəbiyyatımızda ədəbiyyata olan münasibət, təndiqçilərin daha çox şəxsi müstəvilərdən çıxışlar etməsidir. Əslində, bu da bir başqa yazıdır, problemdir və buraya heç bir aidiyyatı yoxdur. Fəqət, könül istədiki bir absızlıq bu "şikayətnaməni" yazım.

Zamiq Abdullayev (oxu: Zərdabi) mənim üçün çox mətləbləri ifadə edən bir insandır. Onunla iki müstəvidə bir yoldayıq. Birincisi, dostluq, ikincisi ədəbiyyat. Ədəbiyyat birinci yerdə də ola bilər. Çünki bir-birimizi ədəbiyyatdan, şeirdən, hekayədən tanımışıq. Bəzi dostlarımın hərəsi bir misradı. Alt-alta düzsəm şeir alınar.

Şeir demişkən, hər bu cür müsbət yazılarda tənqidə yer vermək haqqından istifadə edib deyim ki, Zamiqin bir çox şeirləri açığı, mənə ədəbiyyat baxımından bir az yaddır. Onun daha çox klassik üslubda, hecada yazdığı bir çox şeirlər könlümü oxşamır da deyə bilərəm. Amma burada özüm üçün bir istisna vardır ki, həmin istisna ilə də aşağı abzasların birində qarşılaşacağıq. Hərdən elə bilirəm, Zamiq hələ də elə bilir ki, 80-cı illərin ədəbiyyatındadır. Qətiyyən onu qocaltmıram. Sadəcə, bu abu-havanı hiss edirəm onun klassikasında. Amma bu, həmin şeirlərin pis olduğu anlama da gəlməz. Yəni birbaşa olaraq mənim ədəbiyyat müstəvimlik olan məsələdir.

Zamiqin sevdiyim, bəzi misraları yaddaşıma həkk olunan bir neçə şeiri də var. Hansı ki, həmin şeirlər elə məhz klassik üslubda, hecada yazmadığı şeirlərdir. həmin istisna ilə də aşağı abzasların birində qarşılaşacağıq.

Məsələn, oğlu Fateh üçün yazdığı bir şeir. Orada iki adam var. Bir ata, bir şair. Elə Zamiqlə hər dəfə söhbətləşəndə ən gözəl şeirinin o olduğunu qeyd edirəm. İndi də burda.

Təqdim edim, siz də oxuyun.

"Fatehə məktub"

Ağlın kəsdiyində oxu bu şeiri,
Oxu..
Oxu, gör atan nə yazır.
Bəlkə də mən görə bilmədim, balam
Sənin hərflərdən baş açıb, hər gün,
Şeir oxuduğun gözəl günləri...
Neyləyək həyatın qaydası budur,
Hər gün bir insana,
bir qəbir qazır...

Burda hər sətrimdə
sənə sevgini,
Səninlə döyünən qəlbi görərsən.
Bu şeiri yazarkən
qəlbimdə ağrı,
Çiynimdə həyatın yükü var, amma,
Necə şirin-şirin uyumusan sən...

Sənə böyüdükcə səni tanıyan,
Hər kəs deyəcək ki, atana oxşa...
Biri - “savadlı ol sən atan kimi”..
Biri - “ədəbli ol sən atan kimi...”
Biri - “atan kimi yeyib içən ol”,
Biri - “atan kimi “baz” ol deyəcək”...
Biri sənə baxıb, atan kimisən,
Yurdu itirmədin - “sağ ol” deyəcək...

Amma qulaq asma sən bu sözlərə,
Mənə oxşamağa çalışma heç vaxt.
Mən savad sahibi deyiləm, bala,
Savadlı deyənlər sənin atana,
Savadlı adamlar görməyib, Vallah...

Mənim ədəbim də heç çox olmayıb,
Ədəbli admlar görmüşəm, necə,
Həsəd aparmışam belələrinə,
Hərdən açıq aşkar, hərdən gizlicə...

Mən öz səhvlərimdən danışsam sənə,
Bəlkə də atana nifrət edərəsn...
Bəlkə də mənə bu taleyi verən,
Ulu yaradana nifrət edərsən...
Sən mənə oxşama qısası oğul,
Mən çəkən yüklərə dizin tablamaz...
Atanın çəkdiyi ağır dərdləri,
Kimsə çəkə bilməz, kimsə bacarmaz.

Bircə öz ananı incitmə, balam,
Nə vaxtsa mən belə səhvlər etmişəm.
Anam oyaq qalıb səhərə qədər,
Hansısa gözələ qonaq getmişəm...
Qumar oynamışam, araq içmişəm,
Anam səhərəcən məni gözləyib...
Səhər it günündə evə gəlmişəm.
Anam, yazıq anam, baxıb halıma,
Danışıb, danışıb, danışıb sonra,
Yenə də üstümə kir gətirməyib,
Deyib ki, “balamı ya kimsə pozub,
Ya da ki, balama bədnəzər dəyib”
İncitmə ananı, incitmə oğul,
Onsuz öz anamı incitdiyim tək,
Sənin ananı da çox incitmişəm.

Sən tut öz yolunu, doğru yolda ol,
Mən gedən yolları getmə, Fatehim!
Ağıla önəm ver qurbanın olum,
Mənim səhvlərimi etmə, Fatehim!
Mən otuz yaşımda doydum həyatdan,
Heç vaxt mənim kimi bitmə, Fatehim...


.....Həəə, bax, beləcə gözəl, kövrək, ürək şeiri. Əslində, qızı üçün də yazdığı gözəl şeirini bilirəm, fəqət o şeiri yox, Zamiqin qız uşaqları üçün dediyi bu şeirdən ötə sözü önə çəkmək istərdim;

-"Bütün qız balaların yoluna işıq salmaq üçün məmnuniyyətlə şam olardım"

Bu, özü ayrıca bir şeirdir.

Əslində, Zamiq də başda olmaqla bəzi dostlar haqqında yazılar yazanda daha çox xatirələrə, məclislərdə etdiyimiz söhbətləri bədiiləşdirməyə üstünlük verirəm. Amma elə xatirələr, elə söhbətlər var ki, onları indi yazmağı düzgün bilmirəm. Bəzilərini isə yazmamağı üstün bilirəm. Ona görə də səmti ədəbi yazılardan salmalı oluram. Dediyim kimi, bu, tənqidçilərin işidir amma hal-qəziyyə də ortada.

Zamiq Zərdabini(oxu: Abdullayev) tanıdığım, dost olduğum üçün sözün bütün mənalarında xoşbəxtəm. Axı, hamının ətrafında pis anlarda yanında hiss edəcəyi bir dostu olmalıdır. Həyatda hər cür sevgi var. Dost sevgisi də bir ayrı sevgidir ki, mən onu Zamiqlə olan dostluq münasibətimdə hiss edirəm. Sevgi demiş, Zamiq özü də dediyi kimi.

Sevgi var ki...

Sevgi var ki, beş-üç tinlik xatirə,
Sevgi var ki, onca günlük xatirə.
Sevgi də var, bir
ömürlük xatirə,
Acıları adın qədər doğmadır.

Sevgi var ki, bir gün gəlməz eyninə,
Sevgi də var Tanrı qoyub çiyninə.
Ürəyini qucub duran göynəmə,
Ən sevimli yadın qədər doğmadır.


Zamiq mənim üçün bundan əlavə həm də maraqlı insandır. Cəmiyyətimizdə Zamiqin əlində olan səlahiyyətli adamların aşağı yuxarı hamısı eyni cür mənasız olsa da Zamiq bu sarıdan maraqlı adamdır. Ən azı müasir düşüncə, xarakter və.s bir sıra bəzi məsələlərdən dolayı bunu qeyd etməliyəm. Düzü, sevmədiyim bir çox cəhətləri də vardır ki, onlar nə bu yazıda tənqid olunacaq məsələlərdir, nə də ümumiyyətlə kimsə bilməlidir.

Yuxarıda qeyd etdiyim kimi bu, bir tənqidçi yazısı yox, daha çox oxucu, dost yazısıdır. Yazdım ki, xatirə qalsın.

37 yaşı olan şair Zamiq.

Bir ədəbiyyatçı üçün 37 deyəndə ağıla repressiya illəri gəlir. Şairlərimizin, yazıçılarımız öldürüldüyü, sürgün edildiyi illər. Zamiqə bunu nə fiziki, nə də mənəvi olaraq arzu edirəm.

Davam etməsin 37!

Bir də istisna demişdim. Unutmamış onu da qeyd edim və əllərimi burada yazıdan çəkim.

"Səkidə yatan adam"

Dünyanın ən rahat yerimi bura?
Bu asfalt döşəyi əvəz edirmi?
Başının altına qoyub yatdığın,
Bir cüt ayaqqabı səninkidirmi?

Bir evin, ocağın yoxdurmu sənin,
Yatmağa özgə yer tapmadınmı sən.
Bu qədər oteli olan ölkənin,
Yaddan çıxarılmış bir sakinisən...

Gəlib götürərlər bir azdan səni,
Əcnəbi qonaqlar görməsin deyə...
Qıyarlar... qıyarlar yuxuna sənin,
Ağarmış saçların, qırışmış üzün,
Kiminsə gözünə girməsin deyə...

Cənablar indicə gəlib qarşına,
Yəqin ki, qaşqabaq sallayacaqlar.
Götürüb bəlkə bir yük maşınına,
Dünyanın yükü tək tullayacaqlar...

Dur, bir az dərdləşək, danışaq, qoca
Sən mənə özünün uşaqlığından,
Körpə çağlarından bir söhbət elə,
Danış şuluq-şuluq əməllərindən,
Uşaqkən sevdiyin oyunlarından,
Çəpərdən atlanıb hücüm çəkdiyin,
Alma bağlarından bir söhbət elə.

Yəqin ki, dünyasın çoxdan dəyişmiş,
Atanı, ananı yada sal bu gün...
Yəqin ki, sənin də doğulmağına,
Çalıb oynayıblar şənlik ediblər...
Amma, vəfasızlıq edib onlar da,
Gedəndə səni də götürməyiblər..
Dünyanın bu boyda ağır yükünü,
Çiyninə tullayıb çıxıb gediblər...

Danış gəncliyindən, cavanlığından,
Neçə qız qəlbini yaralamısan...
Danış ilk gənclikdən bu günə kimi,
Nə qədər arzular sıralamısan...

Hanı o sevdiyin, həyat yoldaşın,
Yoxsa unudubdur o xoş günləri...
Hanı can dediyin bacın, qardaşın
Hanı “bacın qurban” deyən dilləri,
Bir vaxt sənin üçün min dava edən,
Böyük qardaşının yoxmu xəbəri?

Yoxmu oğlun, qızın harda ölüblər,
Harda kef edirlər görəsən indi?
Yəqin unudublar damardan axan,
Onları yaşadan, o qan sənindi...

Arada nəfəs al, qoy sual verim:
Nə qədər təqaüd alırsan qoca,
De ki, doxsan manat...
De ki, utanım,
Bu gün gözəllərlə gəzib dolanib,
verdiyim hesabdan utanım qoca...
Utanım, utanım öz gəncliyimdən,
İşimdən, peşəmdən utanım qoca,
Hər gün mışıl-mışıl, rahat yatdığım,
O isti guşəmdən utanım qoca...

Yox sənin yuxuna qiya bilmərəm,
Bəlkə bu ən şirin yuxundur sənin...
Amma, səni burda qoya bilmərəm,
Qoy yığım,
qoy yığım “103” nömrəsin...


MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Oktyabr 2019    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031