manera.az
manera.az

Ruhun badəsinə söz süz - Taleh Mansurun şeirləri

22-08-2019, 17:01

Ruhun badəsinə söz süz - Taleh Mansurun şeirləri
Manera.az Taleh Mansurun şeirlərini təqdim edir:

Keçir

Qış da bəzən üşüyür,
Xəyalından yaz keçir
Dar cığırlar böyüyür,
Yoldan adam az keçir

Qəlib-əyri adamlar.
Səlib-əyri adamlar.
Gəlib əyri adamlar
Yanımızdan düz keçir.

Ah, bu dadlı ağrılar,
Quşqanadlı ağrılar,
Ömür adlı ağrılar
Bir azca da döz, keçir.

Sazaq belə deyildi,
Ocaq belə deyildi,
Qabaq belə deyildi,
İndi illər tez keçir.

Eybi deyil toz gülün,
Yuxusunu yoz gülün.
Ağuşunda boz külün
Ocaq yanır, köz keçir.

Göz yaşımı çay doğub.
Yanağıma pay doğub.
Bu işığı ay doğub,
Sönməyəcək, yüz keçir.

Xəyalım sirrdi, qaçır.
Çox deyil, birdi, qaçır.
Qovuram dərdi, qaçır,
Yenə ələ söz keçir.

Daşımışam

Yanaqlarım yorulanda,
Gözümdən yaş daşımışam.
Könlüm eşqə sarılanda,
Qalıb çaşbaş, daşımışam

Yolum düşüb "div elinə",
Bəxtim keçib div əlinə.
Taleyimin əvvəlinə,
Bir dünya "kaş" daşımışam.

Göy üzündən qopan dərdi,
Gəzib məni tapan dərdi,
Bu dördnala çapan dərdi,
Yavaş-yavaş daşımışam.

Ocaq çatıb dincəlmişəm.
Közə çatıb, dincəlmişəm.
Sanma, yatıb, dincəlmişəm,
Yuxumda daş daşımışam .

İsinmişəm qışa baxıb,
Hey dolmuşam boşa baxıb.
Göz altından qaşabaxıb,
Göz üstə qaş daşımışam.

Qaranlığın başdı şamı,
Başım dəyən "baş daşımı"?
Kürəyimdə baş daşımı,
Çiynimdə baş daşımışam.


* * *
Gülüm, qanım qaradı,
Qorxuram ki, ürəyim
Sevgini ağ saxlamaz
Uçar gözlərimdəki arzuların ehramı,
Yaram qartmaq bağlamaz.

Ahın tutar yaramı
Nə qatmısan yuxuna?
Yuxundan bal tökülür,
Gözlərimdən gözünə
Sorğu-sual tökülür,
Çiçəkdimi gördüyün?
Pətəkdimi gördüyün?
İcazə ver, azacıq
Görüm yuxularından.
Yum gözünü, bir dəfə
Öpüm yuxularından.

Bilirsənmi, bilmirəm,
Yolu-izi tanımır,
Hamı bizi tanıyır,
Tanrı bizi tanımır,
Sevgimizi tanıyır.

Könlünə bulud gəlir.
Nə olub, unut, gəlir.
Bəlkə, bulud cildinə
Girmiş bir ümid gəlir.

Baxışımla sığallan,
Nəfəsimlə ətirlən,
Yağışımla tumarlan,
Xəyalımla çətirlən.

Ağla, günəş ürəklim,
Yağışlar kimi ağla.
Göz yaşına toxunma,
Mənə öpməyə saxla.

Məni bərk-bərk qucaqla,
Mənim xoşbəxtliyimin
Sərhəddidir qolların.
Səndən o yana yoxdur,
Sənin ağladığın yer
Son həddidir yolların...


***
Bir qəbir şərab ola.
Torpaq içə,
Sən içəsən...
Dolan qəbir boşala
Üzün gülə,
Qəbir gələ xoş hala
Başın dönə,
Yıxılasan boş qəbrə
O dərdli sərxoş qəbrə.
Torpağı qucaqlayasan,
Hönkür-hönkür ağlayasan
Göz yaşların axıb örtə üstünü
Gözlərinin dənizində boğulasan.
Bu dünyaya göz açmadan ,
O dünyaya doğulasan...

Anam və Allah

Sən bilərsən ay ana,
Mən dünyaya gəlməmişdən bir gün qabaq
günəş necə gülürdü?
Hansı bədbəxt yaşayırdı?
Hansı xoşbəxt ölürdü?

Sən bilərsən ay ana,
Necə gəldim?
Neçə gəldim dünyaya?
Bir de görüm, ürəkdənmi ağladım?
Kim hay verdi mən çəkdiyim haraya?
Nə rəngdəydi süd qoxuyan bələyim?
Doğru-dürüst
vururdumü ürəyim?
Sığırdımı yanağıma
kövrək-ahıl göz yaşımın sancısı?
Nə yazırdi, nə pozurdu
mənim körpə yaddaşımın sancısı?

Sən bilərsən ay Allah?
Mən öləndən bir gün sonra
yorğun bulud göyü üzündə
heykəl kimi duracaqmı?
Yarpaqlardan, göy otlardan
yağan yağış saçlarımı,
üst başımı soracaqmı?
Kim gələcək mən olmayan həyata?
Ölümləri yaşatmaqdan
yorulmayan həyata.
Şirin suyu durulmayan həyata.

Sən bilərsən ay Allah,
Axı nə cür bəzəycək
mənim körük sinəmi
buza döymüş döyünməyən ürəyim?
Hansı üzlə satılacaq əzrayıla?
Yaşa şair,
yaşa, deyən ürəyim.
Görən hansı ixtiyarın
yanağına körpə-körpə
göz yaşları doğacaq?
Dil deyənim kim olacaq?
Kim susacaq?
Kim dərdini tamah kimi öz içində boğacaq?
Ən tez mən kim rəhmətlik deyəcək?
Sevgilimin sevə-sevə toxuduğu corabları
mürdəşirmi geyəcək?
Ehh, nə bilim...
Necə gəldim bu dünyaya?
Bir də dönüb soruşaram anamdan.
Arzum budur,
məndən sonra mənim kimi insan oğlu yer üzünə gəlməsin.
Nə vaxt,
nə cür gedəcəyəm dünyadan?
Bircə dənə sən bilirsən.
And verirəm öz adına ay Allah,
Qurban olum, kim bilsə də,
bircə anam bilməsin.

Yeddi payız yarpağı

Mənim yaralarım dərindən dərin,
Toxunsan əllərin boğular indi.
Bulud ol başıma yağ sərin-sərin
Yaram da tezbazar sağalar indi.

Nə məni evimdən didərgin salan
Nə də ki evimə gətirən qalıb.
Ay mənim ağlımı başımdan alan,
Evimdə bir şüşə xatirən qalıb.

Canıma təpər ver, gözümə ışıq.
Açıb saçlarıını küləyə vermə.
Dərdini-sərini qəhər qarışıq,
Kəsib boğazından ürəyə vermə.

Sevdinmi bizim bu şeytan şəhəri?
Ay qəlbi cənnətdə bəzənən mələk.
Ayrılısın yolumuz bir yaz səhəri,
Bir payız axşamı üz-üzə gələk.

Əl vurma gecəyə əl vuran kimi,
Zülmətin üstünə ağ ləkən düşər.
Dərd çəkən dərdini unudan kimi,
Dərdlərin yadına dərd çəkən düşər.

Demirəm rahat ol, buz kimi saxla
Ürəyini isti saxla, deyirəm,
Min dəfə fikrində məni qucaqla,
Gəl məni bir dəfə yoxla deyirəm.

Səni yuxulardan oyatmalıyam
Mənli yuxulardan doy, çıxım gedim.
Çağıran Allahdı, qayıtmalıyam,
Yoluma bir öpüş qoy, çıxım gedib.

Dünyanın ən yaxşı şairi
haqqında ən pis şeir

Vaqif Səmədoğluya ithaf...

Sağlığında sıxmamışdım əllərini,
Bir ovuc torpağını sıxdım.
Büründüyün ağa baxdım,
Ağlamadım...
Gözlərimin ağını sıxdım.
O dünyadan ərkyana,
Ölüm oğurlayan şair,
Ağır-ağır ağrıyan şair
Sənli torpağa düşdü,
Səndən ayrılan ağrı.
Nə dərman tapıldı, nə də təsəlli
Ürəyimin yarasını sıxdım torpağına.
Yer üzünün qaçdı rəngi,
Gözlərimin qarasını sıxdım torpağına.
Nə dəyişdi bu dünyada?
Örtdü məzarını qəbrinən çıxan torpaq.
Dağ oldu ürəyimə sinəndən baxan torpaq
Zaman kecdi,
Zaman keçir...
Indi səni hamı anır,
Mən anmıram.
Yoxluğuna hamı yanır,
Mən yanmıram.
Çünki hamı unudanda düşəcəksən yadıma
Bax, o zaman səndən ötrü tək yanacam
Yalan yox,
Gerçək yanacam...

Hər qazılan qəbrə bir söz basdırın

Fuad Abdurrahmanlıya

Tanrı Qələm çəkər, yazar, yaşadar,
Adamlar əhdini pozar, yaşadar,
Hər kəlmə bir ölü məzar yaşadar,
Hər qazılan qəbrə bir söz basdırın!

Ocaq kövrəlməsin köz qoxusundan,
İnsan sıxılmasın öz qoxusundan,
Torpaq sərxoş olsun söz qoxusundan,
Hər qazılan qəbrə bir söz basdırın!

Haqqın qapısını, tanı, bil, açsın,
Hər qara baş daşı qızılgül açsın!
Məzardan doğulan yovşan dil açsın,
Hər qazılan qəbrə bir söz basdırın !

Gözü çəp olanlar düz ağlasınlar,
Gözlər gözləməsin, göz ağlasınlar,
İnsan ağlayanlar söz ağlasınlar,
Hər qazılan qəbrə bir söz basdırın!

Köçürün sözləri ağ dünyasına,
Ölü dünyasından sağ dünyasına,
Bir-bir qovuşdurun Haqq dünyasına,
Hər qazılan qəbrə bir söz basdırın!

Ay Allah, doğrular düzsüz ölürlər,
Ruhun badəsinə söz süz,ölürlər,
Bütün doğulanlar sözsüz ölürlər,
Hər qazılan qəbrə bir söz basdırın!

Damcı gələn dəniz köçür dünyadan,
Qəliz gəlib, qəliz köçür dünyadan,
Sözlə insan əkiz köçür dünyadan,
Hər qazılan qəbrə bir söz basdırın!

Təqdim etdi: Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30