Səid Ünsizadəyə göndərilən məktub və 50 manat pul

Tarix:30-01-2018, 11:19 Baxış Sayı:76

Səid Ünsizadəyə göndərilən  məktub və 50 manat pul
İrəvandan Səid Ünsizadəyə göndərilən bir məktub və 50 manat pul
və yaxud
S.Ə.Şirvaninin bir şeirinin yazılma səbəbi və əks-sədası


S.Ə.Şirvanini yaradıcılığında məktub janrında yazılmış onlarla şeiri var. Bunların əksəriyyəti müəyyən münasibətlə qələmə alınmış ictimai məzmunlu, ezop maneralı, bədiilik cəhətdən diqqəti cəlb edən, hələ də dərin və hərtərəfli incələmələrini tapmayan sənət nümunələridir.

Şairin Hacı Səid Ünsizadəyə həsr etdiyi 117 beytlik qəsidəsi klassik irsimizdəki mədhiyyə xarakterli digər qəsidələrdən köklü şəkildə fərqlənir. Bu şeir "Ziyayi-Qafqasiyyə" qəzetinin 21 mart 1884-cü il tarixli 4-cü nöməsində dərc olunmuşdur.

S.Ə.Şirvani bu şeiri ilə, Zaqafqaziya Əhli-Təsənni İdarəsində tutduğu vəzifədən çıxarılıb, Tiflisdən doğma şəhəri Şamaxıya qazı və Quberniya Əhli-Təsənni İdarəsinin sədri vəzifəsinə göndərilən Səid Ünsizadəyə sanki bir növ toxtaxlıq verir, onun gördüyü böyük maarifçilik işlərini oxucuların diqqətinə çatdırırdı.

S.Ə,Şirvani 1884-cü ilin yanvarın əvvəllərində Tiflisdən Şamaxıya qayıdan Səid Ünsizadənin burada görəcəyi işlərdən də söz açır, bu işdə quberniya ziyalılarını əlbirliyə,himayədarlığa çağırırdı. O, bu şeirində Şamaxıda maarif və mədəniyyət məsələlərinə rəvac verə biləcək nüfuzlu sakinləri, zər və zor sahiblərini, Səid Ünsizadəyə yeni vəzifəsində kömək ola biləcək şəxsləri dəyərləndirir və bu əbirlikdən ortaya çıxması gözlənilən vəzifəni müəyyənləşdirirdi:

Bizə cəlbi-mənafe eyəsək dövlət deyil mane,
Gətirmək tazə üslubə gərəkdir köhnə dünyanı.

Qəsidədə "köhnə dünyanı təzə üsluba gətirmək üçün" S.Ünsizadənin maarifçilik manifesti hərtərəfli işıqlandırılır,oxucu bir vaxtlar paytaxt şəhəri olan Şamaxının və quberniyaya daxil olan yerlərin yaxşılığa döğru dəyişəcəyinə inanır.

S.Ə.Şirvaninin "Şamaxının vəziyyətinin təsviri" sərlövhəsi ilə Əsərlərini ikinci cildinə düşmüş şeiri də yazılma səbəbinə görə tarixi məqamlarla ilgilidir. Məzmunundan hiss olunur ki,30 bəndlik bu əsər dərc olunmaqdan ötrü "Ziyayi-Qafqasiyyə" qəzetinə göndərilmişdir. Lakin Səid Ünsizadə oxuculara 120 misralıq bu şeirin mahiyyətini çatdıtmışdır ( "Ziyayi-Qafqasiyyə" qəzeti,1883,N 12). Mahiyyət də bundan ibarətdir ki,şamaxılılar 1859-cu il zəlzələsindən sonra Bakıya köçürülən paytaxtın Şamaxıya qaytarılmasını istəyirlər. Bu məqsədlə dörd nəfər məşhur iş bilən şamaxılı "Moskvaya,Peterburqa ,dəxi hər yana" gedəcək ki, vəziyyət dövlət məmurlarına çatdırılsın.

S.Ə.Şirvani şeirin 29 -cu bəndində, son bənddən əvvəlki bənddə - məqtə bəndində ( məqtə bəndi Seyid Əzimin bir sıra əsərlərində sondan əvvəlki şeir vahidində olur-N.N.). sevincini oxucularla bölüşür

Seyyida,qorxma,bu dörd kəs gedər, inşallah!
Arizü nəxli verər bir səmər,inşallah!
Yenə Şirvanə qubernə gələr,inşallah!
Kövkəbi-bəxtdə bir özgə səadət görünür!

S.Ə.Şirvaninin məktub və ya müəyyən şəxslərə müraciət şəklində yazılmış digər əsərlərinin incələnməsi, bədii materialın tarixi hadisələrlə inteqrasiyası şairin yaradıcılığını dərindən öyrənmək baxımından da maraqlı görünür. Şairin Şirvanın tarixinə aid bir elmi əsərinin olması da bu cəhətdən dahi söz ustasının bədii və elmi təfəkkürünün vəhdət şəklində öyrənilməsi yönündə indiyədək diqqətdən yayınan alatoran və qaranlıq məsələləri işıqlandıra bilər.

S.Ə.Şirvaninin müxtəlif illərdə Bakı Bəy Komissiyasının sədri olmuş məmurlarla və bu qurumun üzvləri ilə tanışlıq və dostluq münasibətləri 51 bəndlik " Elədi" müxəmməsində bir sıra məqamları aydınlaşdıra bilər.

( Şairin Əsərlərinin ikinci cildində adı çəkilən şeir oxuculara "Şirvanın təzə bəyləri haqqında" adı ilə təqdim olunur.

səh.13-21).Bu əsər araşdırılması vacib görünən çoxlu faktlar, rəmz və işarələr, söz içində söz demək üslubunun müxtəlif çalarları ilə zəngindir.
S.Ə.Şirvani Azərbaycanın ilk professional müxbirlərindən biridir.O,sağlığında "Əkinçi" (1875-1877), "Ziya" (1879-1880),onun davamı olan "Ziyayi-Qafqasiyyə" (1880-1884) qəzetlərində, "Kəşkül" adı ilə nəşr olunan junal və qəzetdə (1883-1891) ən fəal müxbirlərdən olmuş, həm şeirləri, həm də müxtəlif məzmunlu imzalı və imzasız xəbərləri ilə oxucularla ünsiyyətdə qurmuşdur. Maraqlıdır ki, H.Zərdabi də, Səid Ünsizadə də,Cəlal Ünsizadə də nəşrini düşündükləri mətbu orqanların proqram və nizamnamələrini hazırlayarkən dövrün bir sıra qabaqcıl ziyalılarına müraciət etmiş,onların mətbu söz haqqında fikirlərini öyrənmişlər.

Bu cəhətdən S.Ə.Şirvanini bu mətbu orqanlarının idarə heyətinin üzvü hesab etmək olar.

Seyid Əzimin Bakıya - Həsən bəy Zərdabiyə, Tiflisə - şamaxılı Səid və Cəlal Ünsizadə qardaşlarına göndərdiyi ictimai məzmunlu mənzum məktubları XIX əsrin ictimai fikir tarixini öyrənmək baxımından tədqiqatçıları maraqlı məcraya yönəldə bilər.Bu məktublarda mətbuatın cəmiyyətdəki rolu, mətbu sözün qüdrəti,məktəb və mədrəsə məsələləri,dərslik, bədii ədəbiyyat və risalələrin mütaliə mədəniyyətində əhəmiyyəti haqqında söylənilən maraqlı mülahizələr bu gün də çox əhəmiyyətli görünür.

"Əkinçi" qəzetini redaktoru Həsən bəy Məlikzadə də, Ünsizadə qardaşları da mətbuat fəaliyyətinə başladıqları ilk günlərdən qarşılaşdıqları abunə çətinliklərindən həmişə ürək ağrısı ilə gileylənmişlər.Belə giley-güzar bəzən mətbuat səhifələrində də özünə yer tapırdı. Burada maraqlı bir məqam da özünü göstərirdi. Qəzetdə xarici mətbuatdan edilən tərcümələrdə Avropa və Amerika ölkələrindəki qəzet və jurnallardan söz açılır,oxucu ya mətbuatın cəmiyyətdəki rolu haqqında düşünməyə istiqamət verilirdi.

Mətbuatın çətin və məsuliyyətli yollarında görülən bütün cəhdlərinə baxmayaraq, "Əkinçi"nin də, "Ziya"nın da, "Kəşkül"ün də abunəçiləri 300-500 nəfərdən çox deyildi. Hətta "Ziya" qəzetini ilk nümrələrinin -1879-cu ilin yanvar və fevralında çıxan nömrələrinin sayı heç yüz nəfərə də çatmırdı. Lakin Səid Ünsizadə qəzetin nəşrinin davamı üçün öz nəşriyyat təsərrüfatının başqa sahələrindən- kitab, risalə, təqvim çapından qazandığı məbləğdən qəzet nəşrinə müəyyən pay ayırırdı.

S.Ünsizadənin qəzet nəşrindəki düşdüyü çətinliklər diqqətli oxucuları da narahat edirdi. Milliyyətindən asılı olmayaraq, yerlərdən "Ziya"ya az-çox yardım göstərirdilər.Çox güman ki,bu, S.Ünsizadənin hökumət dairələrindəki bəzi nüfuzlu məmurlarla əlaqədar idi. "Ziya"ya madi kömək göstərənlərdən biri də irəvanlı Abbas ağa idi.

Filologiya elmləri doktoru,professor Əzizə Cəərzadənin verdiyi məlumata görə irəvanlı Abbas ağa bu qədim türk şəhərinin adlı-sanlı xalq müəllimi olmuşdur. O, ana dili ilə yanaşı, fars dilini də, rus dilini də gözəl bilirmiş. Fars dilinin qayda-qanunlarından daha xəbərdar olduğundan onu daha çox "Fars Abbas" adı ilə tanıyırdilar.Rəsmi sənədlərdəki adı Abbas Razi Məmmədzadədir. Onun "Самоучитель фарсидского языка для русских" (ruslara müstəqil təhsil almaq üçün fars dili-N.N.) dərsliyi 1911-1912-ci illərdə Bakıda Orucov qardaşlarının mətbəəsində çap olunmuşdur.


Abbas ağa "Ziya" qəzetinin abunəçilərindən biri idi. O, "Ziya" qəzetinin çətinliklərindən xəbər tutaraq, qəzetə yardım üçün Qafqaz canişinliyinə 50 manat pul və naşir Səid Ünsizadənin adına farsca yazılmış bir məktub göndərir.Səid Ünsizadə bu xəbəri qəzetin 13 oktyabr 1879-cu il tarixli 34-cü nömrəsində oxuculara çatdırır. Abbas ağanın məktubu qəzetdə eynilə dərc olunur.

S.Ə.Şirvaninin "Ziya" qəzetinə ünvanladığı irəvanlı Abbas ağa haqqında haqqında yazdığı 19 beytlik şeiri də məhz abunə çətinlikləri və bu yolda görülən işlər barədədir.

S.Ə.Şirvani bir nüsxəsinin qiyməti 15 qəpik, illik abunə haqqı Rusiyanın kağız pulu ilə 6 manat olan "Ziya" qəzetinə 50 manat ianə göndərən müəllimin fədakarlığını alqışlayır, bu münasibətlə yazdığı şeiri işıqlandırmaq üçün Tiflisə-qəzetin naşiri Səid Ünsizadəyə göndərir.

Şeir "Ziya " qəzetinin 11 oktyabr 1879-cu il tarixli 38-ci nömrəsində dərc olunur.

Yeri gəlmişkən qeyd edək ki,S.Ə.Şirvani, "Ziya"nın naşiri Səid Ünsizadə, onun qardaşı, qəzetin baş mühərriri Cəlal Ünsizadə əslən şamaxılı idilər.Onların hər üçü Şamaxı ədəbi və pedaqoji mühitinin yetirmələri idi. 1874-cü ildə Səid Ünsizadənin Quberniya Ruhani İdarəsinin sədri və Şamaxı qazısı olduğu vaxtlarda açdığı ibtidai məktəbdə Seyid Əzim və Cəlal Ünsizadə müəllimlik etmişlər. Seyid Əzim də, Cəlal Ünsizadə də məktəb tariximizə "Məclis məktəbi" adı ilə daxil olmuş bu təhsil təhsil ocağında işləyərkən müəllimliklə yanaşı,dərslik tərtibi ilə də məşğul olmuşlar. Başqa sözlə,S.Ə.Şirvani Ünsizadə qardaşları ilə əqidə və məslək dostu idi. Ünsizadə qardaşları mətbuat və nəşriyyat fəaliyyəti ilə əlaqədar olaraq, Şamaxıdan Tiflisə kğçəndən sonra "Məclis məktəbi"nin əsas ağırlığı S.Ə.Şirvaninin üstünə düşmüşdü.


Seyid Əzim Ünsizadə qardaşlarının işlədikləri mətbu orqanda "Ziya" qəzetində S.Ə.Şirvani oxuculara "qəzetimizi Şamaxı müxbiri" adı ilə təqdim olunurdu.

Ünsizadə qardaşlarının əqidə və məslək dostu, "Ziya"nın Şamaxı müxbiri S.Ə.Şirvani irəvanlı Abbas ağanın ana dilli mətbuat yolundakı xeyirxahlığını belə alqışlayır:

Mərhəba,ey İrəvanın xaki-zibamənzəri
Kim,gəlib səndən vücudə əhli-məna sərvəri.

Mərhəba,ey İrəvan, ey məcməül-bəhreyn əsər,
Bəhrsən, Abbasi-namavər, o bəhrin gövhəri.

Gövhəri-qabil,müini-əhli-irfan,feyzi-hər.
Kim, olubdur zatı bir alicənabın yavəri.

Eyləyib himmət "Ziya" haqqında ol xurşidfər,
Ta "Ziya" olsun cahanda əhli-həqqin rəhbəri.

Aləmə açsın zəbani-pənd, töksün dürlər,
Zöhrəvü xurşidü məh olsun o dürrə müştəri.

Mərhabə,ey sahibi-himmət Məhəmmədzadə kim,
Sən bu imdad ilə şad etdindili-peyğəmbəri.

Çün qəzetdən şad olur əhli-səvadi-ruzigar,
Sən onu ehya edib,şad eylədin aləmləri.

Sən təki bir beş nəfər qeyrətkeş olsaydı əgər,
Çəkməz idik aləm içrə minnəti-gavü xəri.

Gər qəzet qədrini hələ bilməsə bu qövm, eybi yox,
İbtidadə hər işi, ari, ( bəli,hə-təsdiq ədatı-N.N.) sanırlar sərsəri.


XIX əsrin bədii dil nümunəsi olan bu şeirdə bugünkü ədəbi dildə çətin başa düşülən sözlər, izafətlər olsa da, diqqətli oxucu buradakı fikirlərin,demək olar ki,hamısını anlayır və dərk edir.


Seyid Əzim "Ziya" qəzetini cahanda haqq əhlinin rəhbəri görmək istəyir. O istəyir ki,qəzetdə təbiyəvi məsələlərə xüsusi yer verilsin, yazılardan dürr tökülsün. Şeirdə savadlı əhalinin mətbuata yaxşı münasibəti də alqışlanır və təqdir edilir. Hər işin əzəlinin çətin olduğunu bilən şair inanır ki, gələcəkdə mətbu sözün dəyəri daha üstün bilinəcəkdir.Başqa sözlə, nadan adam qəzeti,mətbu sözü qiymətləndirməsə də, bunun nəqsi ( eybi,nöqsanı-N.N.) yoxdur. Görülən yaxşı işlər heç zaman unudulmayacaqdır.

Abbas ağa Məhəmmədzadənin qəzetə ianəsini yüksək qiymətləndirən şairin Azərbaycan dilində yazdığı bu şeirin nüktəsi
( incə mətləbi-N.N.) Abbas ağanın daha yaxşı bildiyi fars dilində verilmişdir:

"Qədri zər zərgər şünasəd, qədri cövhər cövhəri" ( yəni "Zər qədrini zərgər bilər,cəvahirin qədrini
cəvahirçi" -N.N.).

S.Ə.Şirvaninin şeiri qəzetdə dərc olunandan iki ay sonra "Ziya"nın yeni il üçün abunə pulunun bir neçə məşhur şəxs-general -mayor İ.Yadigarov, Şərabçı oğlu, Qaibov, Uzunbaşlı, Şirniçi Hafiz Əfəndizadə,
Xəlil Ağazadə, Dərvişbəyzadə,Hacı Molla Əlizadə tərəfindən idarəyə vasil olduğunu yazırdı.



S.Ünsizadə xalqı qəflət yuxusundan oyatmaq, onun maarifləndirilməsi yolunda əzəmətli işlər görürdü;yeni istiqamətli məktəb açır, Azərbaycan dilində litoqrafiya və nəşriyyat yaradır, kitab,qəzet və jurnal çıxarmaq yolunda şəxsi nümunə göstərir, məktəb yaşlı uşaqların mütaliəsinə xidmət edən dərslik-müntəxəbat yaradır,rus və türk dillərindən tərcümələr edir, qonşu dövlətlərin ziyalıları ilə maarifə xidmət yönümlü dostluq əlaqələri yaradır, başçılıq etdiyi mətbu orqanlara yeni üslub və formalar gətirirdi. O, himayə və hökmdarlığında yaşadığı çar Rusiyasının dövlət məmurları ilə xalqa xidmət edə biləcək əlaqələr yaramağı da şəninə və qüruruna sığışdırmağa məcbur idi.

Bu cəhətdən onun Bakı qubernatorları və yüksək rütbəli din xadimləri ilə münasibətləri diqqəti cəlb edir.

S.Ünsizadənin Tambov quberniyasının Spasski şəhərində ailəsi ilə sürgündə olan Mirzə Həsən Əfəndi Əlqədari, görkəmli şərqşünas, Peterburq Universitetində azərbaycanlı M.C.Topçubaşovdan Şərq dilləri dərsi alan A.P.Berje, türkdilli ilk jurnalını-"Tonğuc"u Ünsizadə qardaşlarının mətbəəsində çap etdirən krımlı İsmayıl bəy Qasprinski, müxtəlif illərdə Türkiyədə üç dəfə maarif naziri olmuş Münif Əfəndi ilə dostluq və əməkdaşlığı da yaddan çıxmamalıdır. Bu dostluq əlaqələrin hər biri iri bir pedaqoji və ictimai-siyasi layihənin yaranması ilə ilgili idi.
S.Ünsizadənin geniş və hərtərəfli maarifçilik fəaliyyətində ən başlıca cəhət onun ana dilində yaratdığı mətbuat idi. O,qəzetlərin çapından heç bir mənfəət götürmürdü; özünün yazdığı kimi, başqa yerlərdən qazandığını mətbuatın formalaşmasına və tərəqqisinə sərf edirdi.

S.Ünsizadə bu məsələdən söz açaraq,yazırdı:

"Bu dəxi insaf degil ki, "mənfəəti-şəxsiyyətimizi mülahizə edib, bunun kimi ümumi mənfəətli olan işi tətil edək.Pəs lazımdır ki,əvvəlimci mərtəbədə millət işlərimizin tərəqqisinə bais olan mətbəə və qəzetə xüsusunda qeyrət və həmiyyət göstərək".

Çox təəssüf ki,türk dili anlaşılan və başa düşülən türkdilli yerlərdə Səid Ünsizadəyə və onun "Ziya"sına qeyrət və həmiyyət göstərən az idi,hətta kəndlərdə qələm əhli sayılan mollaların çoxu qəzetə abunə yazılmamışdı.Bu cəhətdən "Ziya"nın eyhamlı bir "təsadüfi" xəbəri maraqlı görünür:

"Tiflisdə mülk icarə edənlərdən Şahbazın savadı olmadığı halda, keçən sənə ianət niyyəti ilə qəzetimizə abunə olmuç idi. Bu il dəxi abunə olunub,təvəqqe edibdir ki,onun əvəzində ona gündərilən nüsxə axundlardan birinə göndərilə.
Buna müqabil keçən ildən bəri ruhanilərdən birinin xidmətinə "Ziya" nüsxələri göndərilməkdə idi. Amma bu ildən qəbul etməyir ki,ona qəzetə göndərilsin" ( "Ziya" qəzeti, N 4, 27.12.1879).

S.Ə.Şirvaninin irəvanlı Abbas ağa Məhəmmədzadəyəya yazdığı şeirin tarixi və əks-sədası bir çox ədəbi -elmi incələmələrə yol aça bilər.

Bir şeirin təəssüratı əsasında yazdığımız qeydlər göstərir ki, şair və yazıçılarımlızın yaradıcılığının tədqiqinə yeni yanaşma prizmasından baxmaq, ədəbi hadisə və əhvalatların görünməyən tərəflərini diqqət və həssaslıqla incələmək lazımdır.

Nazim Nəsrəddinov,
türkoloq


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ