Böyük ədib Eynəli bəy Sultanov - ARAŞDIRMA _MANERA

Tarix:7-03-2016, 18:15 Baxış Sayı:2203

Böyük ədib Eynəli bəy Sultanov - ARAŞDIRMA _MANERA
Eynəli bəy Sultanov

(Eynəli bəy Sultanovun 150 illik yubileyi münasibətilə)

XIX əsrin sonları XX əsrin əvvəllərində Azərbaycan ədəbi, mədəni fikrinin tanınmış simalarından biri olan, görkəmli yazıçı, dramaturq, publisist, tərcüməçi, pedaqoq, ictimai xadim Eynəli bəy Sultanov (1866-1935) geniş və hərtərəfli fəaliyyəti ilə xalqı maarif və mədəniyyətə, tərəqqiyə, elmə, sənətə səsləmiş, fədakar həyat və fəaliyyəti ilə yaddaşlarda qalaraq, qəlblərdə yaşamışdır.

Böyük yazıçı-publisist və pedaqoq, görkəmli ziyalı "Eynəli bəy Sultanovun 150 illik yubileyinin keçirilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun imzaladığı sərəncam bu böyük şəxsiyyətə, dəyərli insana dövlət diqqət və qayğısının bariz nümunəsidir. Bu sərəncam ədəbi, mədəni, elmi pedaqoji ictimaiyyəti, elm və sənət adamlarını Eynəli bəy Sultanovun həyat və fəaliyyətini bir daha dərindən və hərtərəfli öyrənməyə, tədqiq edib araşdırmağa, onu daha geniş tanıtmağa sövq edir (1).
AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsi tərəfindən hazırlanmış akademik İsa Həbibbəylinin elmi redaktorluğu ilə nəşr edilmiş “Eynəli bəy Sultanov: taleyi və sənəti” adlı dəyərli kitabda (Rəyçi akademik İsmayıl Hacıyev, redaktor elmi işçi Elxan Yurdoğlu) Eynəli bəy Sultanovun maraqlı, məzmunlu, xalqa xidmətlə dolu həyat və fəaliyyətindən danışılır, çoxcəhətli və geniş yaradıcılıq işlərindən, Naxçıvanın maarifçi mühitinin formalaşmasında göstərdiyi xidmətlərindən ətraflı məlumat verilir. Bu kitab görkəmli ziyalının həyat və fəaliyyətini daha ətraflı öyrənmək, bu barədə yeni məlumatlarla tanış olmaq baxımından çox faydalı və əhəmiyyətlidir. Xüsusilə onun Naxçıvandakı həyat və fəaliyyəti, İrəvandakı təhsil illəri, Tiflisdə, Qarsda əmək fəaliyyəti haqqında dəyərli, yeni məlumatlar verilmişdir (2).
Qeyd edək ki, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq, folklor və digər şöbələri, Eynəli bəy Sultanovun müxtəlif fəaliyyət sahələri ilə bağlı davamlı araşdırmalar aparır .
Məlum olduğu kimi Eynəli bəy Sultanov geniş ədəbi, pedaqoji, publisistik fəaliyyəti ilə yanaşı, həm də folklorumuzun mahir bilicilərindən olmuş, Naxçıvan folklorunun toplanmasında, yayılmasında böyük əmək sərf etmişdir. Görkəmli ədib folklor toplayıcısı kimi 1886-1890-cı illərdə - 4 il müddətində İrəvan quberniyasını və Naxçıvan diyarını dolaşaraq 3 mindən çox atalar sözü və zərbül -məsəllər, əfsanə və rəvayətlər, Şəbeh xalq tamaşaları, aşıq yaradıcılığı nümunələri toplamışdır. Topladığı folklor materiallarının bir çoxunu 20 məktub vasitəsilə Firudin bəy Köçərliyə göndərmişdir. AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun folklorşünaslıq şöbəsinin hazırladığı 3 cildlik "Naxçıvan folklor Antologiyası"na daxil olmuş folklor nümunələrinin, folklor mətnlərinin bir çoxu heç şübhəsiz böyük ədib, folklorşünas Eynəli bəy Sultanovun xidmətlərindən, onun fədakar əməyindən yadigar qalmışdır (3).
Xalq yaradıcılığının, folklor poetikasının təsiri ədəbin ana dilində yazdığı əsərlərdə daha aydın nəzərə çarpır. Onun etnoqrafik çalarlarla zəngin olan və xalqımızın ən sevimli bayramlarından birinə həsr edilən "Novruz" məqaləsi elə səmimi tərzdə qələmə alınmışdı ki, yazını oxuduqca dəstə ilə küçələri gəzən təzə paltarlı uşaqlar, cıdıra yollanan, tonqal üstündən tullanan gənclər, papaq atan, yumurta döyüşdürən, xalq oyunları oynayan cavanlar, nəğmə oxuyan, qulaq falına çıxan qızlar, səhər erkəndən təzə yaylıq bağlayaraq bulaq başına gedən qız -gəlinlər, nişanlıların xonça bəzəmələri, şam yandırmaları, evlərdə yeddi ləvin bayram süfrələri, ətirli plov süfrəsi ətrafına toplanmış mehriban ailələr, evlərdə göyərdilən səmənilər, bir- bir göz önündən gəlib keçirlər.
E.Sultanov evində teatr tamaşaları təşkil etmiş və özünün yazdığı "Tatarka" ("Azərbaycan qadını". Əsər bəzi mənbələrdə "Sənəm" adı ilə də işlədilmişdir) adlı pyesi ilə yerli müəllifin ilk əsəri kimi ev şəraitində ilk tamaşa göstərmiş, əsərin baş qəhrəmanı Sənəm obrazını da gənc müəllifin özü oynamışdır. Bu tamaşa qadının ictimai mövqeyi, hüquqları, ailə - məişət həyatı məsələlərinə həsr olunmuşdu ki, o dövr üçün bu çox mühüm və mütərəqqi hadisə idi. "Tatarka" əsərinin mövzusu müqəddimədə deyildiyi kimi, "kiçik əyalət şəhərlərinin birində" baş verən real hadisədən alınmışdır. Eynəli bəy Sultanov hətta pyesin "qəhrəmanının sözləri vasitəsilə yaranmış həqiqi hekayət əsasında" (4) yazıldığını da qeyd etmişidir.
Bu tamaşanın məzmunu haqqında "İstiqlal" ordenli, Əməkdar müəllim, dosent, Lətif Hüseynzadə "Tatarka" pyesinin məzmunu haqqında "Naxçıvan teatr tarixindən" adlı kitabında yazmışdır: "Az yaşlı Sənəm polis rəisi yaşlı Ağa Şərifə ərə verilmişdir. Zavallı qız ər evinə gəldiyi gündən acı və iztirablı günlər keçirir. Ata evinə getməyə icazə verilmir. Novruz bayramı axşamıdır. Plov yeyildikdən sonra, gəlin yedikləri toyuğun cinağını götürüb əri Ağa Şəriflə çəkişir. Çəkişmənin şərti belə idi ki, əgər Sənəm udmuş olarsa, əri onu atası evinə getməsinə razılıq verəcəkdir. Beləliklə, o niyyətlə ərini "udmağa" çalışır...
Pyesin qəhrəmanı Həsənəli bəy itefaya çıxmış gənc, yaraşıqlı zabitdir. Varşavada, Peterburqda xidmət edib, yüksək rütbələrdə çalışmışdır. O özünü qadın qəlbinin bilicisi sayır, müxtəlif millətlərdən olan gözəl qadınlar üzərində qələbəsi ilə öyünür... O Sənəmi də qonşuları Nisə vasitəsilə ələ keçirmək istəyir.
Sənəm bu çirkin niyyəti duyduqda Nisəni evindən qovur. Nisə getdikdən sonra Sənəm dərin həyəcan keçirir. Öz - özünə deyir:
-Əgər Həsənəli by evə gəlsəydi, mən nə edərdim. Yəqin ki, onu sandıqda gizlədərdim - deyə düşünür.
O bu xəyalda ikən küçə qapısı bərk-bərk döyülməyə başlayır. Sənəm qapını açmaqda bir qədər ləngiyir. Qapının gec açılmasından əsəbiləşmiş Ağa Şərif bunun səbəbini arvadı Sənəmdən soruşduqda, Sənəm ona evdə yad kişi olduğuna görə, onu gizlətməyə çalışarkən gecikdim- deyə cavab verir. Ağa Şərif daha da bərk qəzəblənir.
- De görüm, o yad kişi kimdir və onu harada gizlətmisən? Bu saat yad kişini də, səni də öldürəcəyəm.
Qız qorxa -qorxa sandığı göstərir "ordadır" deyir. Əri qəzəblə: get sandığın açarını gətir. Sənəm açarı verəndə dərhal "apardım, apardım" deyib, atılıb düşür. Ağa Şərif sövqi-təbii olaraq açarı yerə atır. Qız açarı götürüb "uduş şərtini" qazandığını bildirir. Ağa Şərif açarı alıb sandığı açıb, orada adam olmadığını görür. Sənəm Ağa Şərifə deyir:
- Təbii ki, burada yad kişi yoxdur və ola da bilməz. Mən ancaq "Səni udub" ata evinə gedib anamı, atamı bacı - qardaşlarımı görmək üçün bu əhvalatı uydurdum - deyə ərini sakitləşdirir..." (5, 14-15).
Eynəli bəy Sultanov bu əsəri ilə Azərbaycan qadınını mərd, mübariz, əzmkar, azad görmək istəmişdir. Bu pyes Azərbaycan qadınının ağlına, zəkasına, gözəlliyinə həsr edilən ilk dəyərli bir tamaşa idi. Akademik İsa Həbibbəyli əsər haqqında belə yazır: "Tatarka" pyesi də ilk növbədə milli Azərbaycan mühiti və məişətindən doğmuşdur...Komediyadakı Sənəm M.F.Axundzadənin qadın obrazlarının yeni şəraitdəki davamı və inkişafıdır" (6,18).
E.Sultanov bu əsərində folklor motiv və süjetlərindən məharətlə istifadə etmişdir. E.Sultanovun görkəmli tədqiqatçısı və ona dəyərli dissertasiyasını həsr etmiş (7) İzzət Maqsudov bu pyes haqqında belə yazır: "E.Sultanov "Tatar qızı"nda ər, arvad və oynaş arasında baş verən əhvalatlardan ibarət məlum xalq süjetindən ustalıqla istifadə edib, orijinal bir əsər yaratmışdır" (8).
E.Sultanovun publisistikasında yer tutan qadın azadlığı problemi rus dilli mətbuat orqanlarında da geniş yayılırdı, xüsusilə "Zakafqaziya" qəzetində bu barədə yazılar gedirdi. Onun burada "Qadın" adlı məqaləsində qadına etina etməyən, onları vəfasızlıqda təqsirləndirən yaramaz ənənələrə rişxənd edir "Kişidə də sədaqət varmı?" sualına cavab verir və göstərir ki, qadın haqqında bədgüman olanların özləri və ürəkləri saxtadır (9). E. Sultanov bu qəzetdə ardıcıl məqalələr yazır, türk ədəbiyyatından çevirmələr edir, təsəvvüf ədəbiyyatına dair - xüsusilə Sədi Şirazi, Cəlaləddin Rumi haqqında dəyərli məqalələr, şeirlərindən tərcümələr verirdi.
Mənbələrdə 1872-1880-ci illərdə Eynəli bəy Sultanovun “Naxçıvan qəza məktəbində” ilk təhsil aldığı göstərilir. Qəza məktəbinin yetirmələrindən biri də Cəlil Məmmədquluzadə idi ki, o Qori Müəllimlər Seminariyasının məzunu olmuşdur. Cəlil Məmmədquluzadə “Xatirələr”ində E. Sultanov haqqında belə yazırdı: “O qədər məni özünə qulaq asdırdın ki, axırda doğrudan da məni maarif aləminə daxil elədin. Yəqin bilirəm ki, sən olmasaydın, mən də qeyri sadəcə kənd müəllimlərinin içində yaddan çıxmışdım”. Təbii ki, böyük sənətkarın təvazökarlıqla dediyi bu sözlərdə bir həqiqət payı da olmamış deyildir...
Qeyd edək ki, Naxçıvanda Qəza məktəblərinin əsası 1837-ci ildə qoyulmuşdur. Bu məktəbin təşəbüsçüsü Ehsan xan Kəngərli olmuşdur. Qəza məktəbləri 3 sinifli rus məktəbləri olmaqla, bunlardan birincisi hazırlıq sinfi hesab edilirdi. Naxçıvanda qəza məktəbinin təşkili ilə əlaqədar olaraq burada ilk məktəb kitabxanasının yaradılmasının da əsası qoyulmuşdu. Bu məktəb kitabxanasına Azərbaycan və rus dillərində tədris vəsaiti, dərslik, müxtəlif qəzet və jurnal nüsxələri toplanmışdı. Naxçıvan qəza məktəbinə latın dili daxil edilmişdi ki, bu da onun məsafəcə İrəvana yaxınlığı və oradakı yarımklassik progimnaziyada latın dilinin tədrisi ilə əlaqədar idi. Buranın məzunları daha çox İrəvana - Gimnaziyalara, İrəvan Müəllimlər Seminariyasına təhsil almağa gedirdilər. Bu cəhətdən Naxçıvan qəza məktəblərinin əsas məqsədi yüksək təbəqəyə mənsub uşaqların rus dilində ibtidai savadını təmin etmək və şagirdləri Tiflis və İrəvan gimnaziyalarında təhsillərini davam etdirməyə hazırlamaqdan ibarət idi. "Eynəli bəy Sultanov 1880-1886 -cı illərdə "İrəvan Kişi Gimnaziyası"nda oxuduğu illərdə bu tədris ocağında latın, yunan, fransız dilləri tədris olunurdu ki, E.Sultanov bu dilləri yaxşı mənimsəmişdi. 1881-1882-ci tədris ilinin imtahanlarında o yunan dili və ədəbiyyatı, latın dili və tarixdən "Əla" qiymətlər almışdır. E.Sultanov tərcümə məşğələlərində də fərqlənmişdir. Belə ki, Eynəli Sultanov fransız, latın, yunan dillərindən rus dilinə, yaxud da rus dilindən həmin dillərə yüksək səviyyədə tərcümələr edirdi" (6, 5- 6). E.Sultanov həm də mahir hekayə ustasıdır. Onun 40-dan çox hekayəsi vardır, bəzi hekayələrini isə rus dilində yazmışdır.
"Eynəli bəy Sultanov İrəvan Kişi Gimnaziyasında təhsil alarkən 30 ilə qədər Azərbaycan dili müəllimi kimi çalışmış Mirzə Ələkbər Elxanovdan dərs almışdır. M.Ə. Elxanov şəhərdəki Şah Abbas məscidi nəzdindəki mədrəsədə mükəmməl təhsil almışdır. Onun səs üsulu həm pansionda, həm də gimnaziyada fars dilindən dərs deməsi, tələbkar bir müəllim kimi şagirdlərinin rəğbətini qazanması, "Razi" təxəllüsü ilə ədəbi-bədii cəhətdən dolğun məzmunlu şeirlər yazması onu daha da məşhurlaşdırmışdır" (10, 248).
E.Sultanov sonuncu tədris ilində isə Qori Müəllimlər Seminariyasının məzunu olmuş görkəmli pedaqoq Firudin bəy Köçərlidən (1863-1920) dərs almışdır. O burada 10 il - 1885-1895-ci illərdə gecə tərbiyəçisi olmuş və sonra hazırlıq sinfində hüs¬nxət müəllimi kimi fəaliyyət göstərmişdir (9,163). Yeri gəlmişkən qeyd edək ki, İrəvan Kişi Gimnaziyasının məzunlarından dünya şöhrətli alim, akademik Mustafa bəy Topçubaşov Kiyev universitetində, gimnaziyanın sonuncu qızıl medalçısı, görkəmli alim və ictimai xadim Əziz Əliyev Peterburq Hərbi Akademiyasında, professor Mehdixan İrəvanski, məşhur alim, 1950-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun direktoru. işləmiş Miryusif Mirbabayev, ictimai xadim Maqsud Məmmədov Moskva Universitetində, akademik Əhməd Rəcəbli İtaliyanın Peruça şəhərində Ali Kral Eksperimental Aqrar İnstitutunda, ziyalı ocağının layiqli övladları Adil və Əslidar Muğanlinski qardaşları Almaniyanın Leypsiq Universitetində sonralar təhsillərini davam etdirmişdilər. Akademik Heydər Hüseynov, böyük bəstəkarımız Səid Rüstəmov, görkəmli elm xadimi və ictimai xadim Həsən Seyidov, Hüseyn Şahtaxtinski, Mirhəsən Mirbababayev, Əbdülhəmid Qənizadə ilk təhsillərini İrəvan Kişi Gimnaziyasında almışlar.
Əməkdar Elm Xadimi Əziz Şərif də burada hazırlıq mərhələsi keçmiş, sonra da İrəvan Kişi Gimnaziyasında təhsilini davam etdirmişdir.
Eynəli bəy Sultanova 1886-cı il, 5 iyun gimnaziyanın pedaqoji şurasını qərarı ilə 538 saylı müəllimlik hüququ verən Şəhadətnamə təqdim edilmişdir. Gimnaziyanı bitirdikdən sonra Eynəli bəy 1886-1891-ci illərdə fasilələrlə Naxçıvanda yaşamış, Qarsda "Mühüm işlər üzrə məmur" vəzifəsində çalışmışdır.
Naxçıvan ziyalıları içərisində öz biliyinə, bacarığına və təşkilatçılığına görə Eynəli bəy Sultanov həmişə fərqlənirdi. Hələ gimnaziyanın şagirdi ikən -1882 1883-cü illərdə - Naxçıvanda “Müsəlman Dram İncəsənət Cəmiyyəti”, "Ziyalı məclisi" kimi ədəbi mədəni mərkəzlər yaratmaqla həmyerlilərinin maariflənməsinə, tərəqqisinə çalışmışdır. Eynəli bəy Sultanovun təşkilatçılığı və rəhbərliyi altında "Ziyalılar cəmiyyəti"ndə dövrün ictimai-siyasi, qadın azadlığı məsələləri müzakirə edilir, yeni məktəblər, kitabxanalar açmaq qərara alınır, elmi-ədəbi müzakirələr keçirilirdi. Burada Aleksandr Puşkin, Lev Tolstoy, Belinski, Dobrolyubov kimi görkəmli rus yazıçı və şairlərinin də əsərləri oxunur, tərcümə edilir və fikirləri üzərində elmi mübahisələr aparılır, xalqı qəflət yuxusundan oyatmaq üçün hər cür səy göstərilirdi. Hətta bu mərkəzlərdə birgə fəaliyyət göstərdiyi ziyalı dostları Cəlil Məmmədquluzadə, Paşa ağa Sultanov, Mirzə Ələkbər Süleymanov, Mirzə Cəlil Mirzəyev(Şürbi), Əsəd ağa Kəngərli, Qurbanəli Şərifzadə və başqaları ilə birlikdə “Naxçıvanda “Üsuli-cədid” məktəbi və kitabxana açdırmağa nail olmuşdur. 1892-ci ildə o, Naxçıvanda yaxın dostu Əsəd ağa Kəngərli ilə birlikdə ilk mətbəə təşkil edərək burada müxtəlif məzmunlu çap məhsulları hazırlamış, bəyannamələr çap etdirmişdir.
XIX əsrin səksəninci illərindən başlayaraq dövrünün mətbuat orqanları ilə əməkdaşlığa başlayan E.Sultanov bir çox qəzet, jurnal və məcmuələrdə müxtəlif mövzulu yazılarla çıxış edir və ictimaiyyət arasında qələmli publisist kimi tanınırdı. Məhz qələminin kəsərli olmasının nəticəsi idi ki, 1905-1908-ci illərdə “Kaspi” qəzetinin İrəvan və Naxçıvandakı xüsusi müxbiri vəzifəsi ona həvalə edilmişdi. İrəvanda olarkən 10 il müddətinə hüquq sistemində müxtəlif vəzifələr daşıması artıq E.Sultanovu bir hüquqşünas kimi də yetişməsinə səbəb olmuşdur. Buna görə də 1906-cı ildən etibarən İrəvan Dairə məhkəməsi prokurorunun Naxçıvan mahalı üzrə köməkçi vəzifəsini də daşımışdır. Hətta 1907-ci ildə Dövlət Dumasına deputat seçilmişdir.
O, Tiflisdə yaşayarkən pedaqoji fəaliyyətlə də məşğul olmuş, belə ki, 1912 -ci ildən 1916 -cı ilə qədər Tiflis Birinci Qadın Gimnaziyasında rus dili müəllimi, 1917-ci ildən isə ana dili müəllimi və sinif nəzarətçisi vəzifəsində çalışmışdır. O latın əlifbasına keçmək uğrunda ardıcıl səy göstərmiş, Yeni Əlifba Tiflis şöbəsinin katibi vəzifəsini daşımış, pedaqoji məqalələr yazmışdır. Ə.Sultanov müəllimi qabaqcıl ideyalar carçısı, öz sənətini sevən, gənc nəslin düzgün tərbiyəsi ilə məşğul olan xalqın rifahı üçün çalışan bir mübariz kimi görmək istəyirвш. Müəllif qeyd edir ki, pedaqoji ustalığa malik olmayan, əfsanəvi, xürafat görüşlərlə uşaqları şikəst edən müəllim maarif meydanını tərk etməlidir. O, "Ziyalının fikirləri" məqaləsində göstərir ki, mollalar müəyyən illərdə ehtiyac üzündən "müəllimlik" etsələr də artıq tarixi inkişafın labüd nəticəsi olaraq yerlərini yeni pedaqoji təfəkkürlü, təhsilli, müasir düşüncəli müəllimlərə verməlidirlər (7, № 186).
Ömrünü xalqının maariflənməsinə, tərəqqisinə həsr edən, humanizm ideyaları təbliğ edən, qadın azadlığı, dini fanatizmin aradan qaldırılması və yeni əlifba uğrunda mübarizə aparan Eynəli bəy Sultanovun bütünlüklə həyatı, fəaliyyəti, yaradıcılıq irsi vətənə, xalqına, millətinə həsr edilmişdir. O, deyirdi: "Səni sevirəm, mənim xalqım! Bütün varlığım, bütün ürəyim, ürəyimin bütün çırpıntıları ilə sevirəm. Bütün bəşəriyyətə bəslədiyim məhəbbətlə sevirəm. Böyük bəşər ailəsinin üzvü kimi sevirəm"! Eynəli bəy Sulatnov Azərbaycan xalqının böyük ziyalısıdır.

Əkrəm Rüfət oğlu Hüseynzadə ,
filologiya üzrə fəlsəfə doktoru
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ