İtən tariximiz | MANERA.AZ

Tarix:3-11-2015, 11:52 Baxış Sayı:674

İtən tariximiz  | MANERA.AZ


Belə bir deyim var: “Sənin unutduğun keçmiş artıq sənin tarixin deyil”. Dəqiq elmlərdən fərli olaraq, humanitar elmlər həmişə mübahisə obyekti olub. Dövrünün görkəmli şairi, yazıçısı, filosofu haqqında illər sonra söylənilən fikirlər heç də birmənalı qarşılanmayıb. Yəni fikir cameəsinin üzvləri hardasa, nədəsə “şübhə yeri” qoyublar.

Adına tarix dediyimiz vaxt ölçüsü də zaman-zaman dartışılıb, mübahisələrə, müzakirələrə yol açıb.
Heç də bir çox millətə tarixi yaratmaqla, yazmaq xoşbəxtliyi nəsib olmayıb. Tarixdə özü qalmasa da, sözü qalan millətlər var bu gün.
Bir zamanlar böyüklü, kiçikli Qafqazı qucaqlayan Vətənimizin qolları bölünüb, baltalanıb sərhəd olandan sonra baş verən “yarpaq tökümləri” çox müsibətlərə yol açdı. Böyük Azərbaycanı yenidən qurmaq, “hür olalım, bir olalım” demək üçün əski Vətənimizdən çox kiçik, odlar arasında qalan 86,6 min kvadrat kilometrlik ərazidə Azərbaycanı qurmaq şansını qazandıq.
İtən tariximiz  | MANERA.AZ
Tarixdə çox İlklərə imza atdıq. Əslində, bu gün varoluşumuz keçmiş qarşısında sayğı duruşunda dayanmağımızın nəticəsidir. Tarixdən dərs də götürdük, ibrət də. Və bizə tarix “dərsi” deyənlərin çoxu elə tarixdə qaldı...

Bunları yazmaqda məqsədim heç də tarix dərsi keçmək deyil. Mətləbdən çox uzaqlaşmamaq üçün böyük Səməd Vurğundan bu misraları diqqətinizə çatdırmaq istəyirəm:

Hər saxsı parçası, hər məzar daşı,
Nəsildən-nəsilə bir yadigardır.

Bəli, kimliyindən, hansı peşənin sahibi olmasından asılı olmayaraq, hər birimiz tariximizə, keçmişimizə sayğı ilə yanaşmalıyıq.
DİN-in mətbu orqanı “Mübariz keşikdə” qəzetinin əməkdaşı kimi bir çox rayonlarda və şəhərlərdə ezamiyyətdə olmuşam. Həmkarlarımızın cinayətkarlıqla ciddi mübarizəsindən, andına sadiqliyindən, asayişin təminində, sabitliyin qorunmasında göstərdikləri şücaətdən yazılar hazırlamışam. Qəzetimizin səhifələrində oxuculara, gənc həmkarlarımıza adı tariximizə qızıl hərflərlə yazılan, şəhidlik zirvəsinə ucalan paqondaşlarımızın döyüş yolunu da birər-birər anlatmışıq.
İki il bundan öncə Tovuzda, daha doğrusu, rayonun Dondar Quşçu kəndindəki mənzərə məni çox məyus etdi. Göz görə-görə tariximiz məhv olurdu. Kəndin içindən keçən yolun kənarında diqqətimi çəkən, yarısı qırılıb torpağın içində qalan böyük bir küp sanki dil açıb danışmaq istəyirdi. Yanından ötənlər ona əhəmiyyət belə vermirdilər. Maraq məni bürümüşdü. Tariximizin, bəlkə də, ən dərin qatlarını özündə gizlədən, sirri açılsa neçə minilliklərdən cavab verən, saxsı qırıqları, insanın üz-çənə sümükləri, qədim ocaq yerləri bu kəndin bir ziyalısının vicdanını indiyədək tərpətməyibmi? Yol çəkəndə tarktorun qabağına verilib qırıq-qırıq olan, yer üzündən silinməyə məhkum edilən tarixin məsuliyyəti kimin üzərinə düşür? Bu biganəlikdir, yoxsa görməzlikdən gəlmək?

Əslində, bu sualları verməyə də kimsəni tapmadım. Oğuz yurdu Tovuzda tarixə sayğısızlıq ruhumu sızlatdı. Vaxt itirmədən itən tariximizin, Vətən tariximizin şəklini çəkməyə başladım. Şəkil də bir tarixdir, ağ-qara və yaxud da rəngli olsun...

Bu il də yolum Tovuza düşmüşdü. Maraq məni yenə də Dondar Quşçu kəndinə çəkirdi. Ürəyimdə düşünürdüm ki, yəqin indi orada arxeoloji ekspedisiya tədqiqat aparır, torpaq altında qalan həqiqətlər üzə çıxarılıb, tarix elmimizdə yeni bir dövrün öyrənilməsinə başlanılıb.
Kaş, heç getməzdim, görməzdim. Heç nə dəyişməmişdi. Kənddə yaşayan qrup yoldaşım, AMEA-nın doktorantı, Prezident təqaüdçüsü, gənc şairə Gülnar Səmaya hirsqarışıq iradımı bildirəndə tutuldu və haqlı olaraq: “Sən də tariximizə olan biganəliyi görmüşdün, bilirdin. Bəs niyə bir kəlmə belə yazmadın, danışmadın? Tovuzlu deyilsən deyə Vətən tariximizə biganə olmalısan?” -dedi.
Düz sözə nə deyəsən, haqlıydı...

Gec də olsa, getdim, gördüm və yazdım. Yazdım ki, tariximizə, dəyərlərimizə sahib çıxaq, onu itməyə, dağılmağa qoymayaq.
Yeri gəlmişkən, Dondar Quşçu Gəncə-Qazax düzənliyindədir. Oykonim Dondar və Quşçu komponentlərindən düzəlib, ərazidəki Quşçu adlı kəndləri bir-birindən fərqləndirmək məqsədilə belə adlandırılmışdır.

Dondar Quşçu sözünün birinci komponenti Dondar etnotoponimi ilə bağlıdır. Dondar Qafqaz Albaniyasında yaşayan 26 tayfadan biridir. Qədim türk tayfalarından olan dondarlar haqqında, onların Qafqazda və Azov dənizi sahillərində yaşaması barədə Miletli Hekateydən (e.ə.VI-V əsrlər) başlamış, Strabon, Tasit, Plutarx və Lukulla qədər bir çoxları məlumat vermişlər. Dondarlarla bağlı bütün izlər onların türk tayfalarından olduğunu göstərir. Tovuz və Qubadlı rayonlarında Dondarlı, Tovuzda Dondar Quşçu, Şabran rayonu ərazisində Qala Dondar qala xarabalıqları və s. kimi toponimlərdən aydın olur ki, dondarlar Qafqaz Albaniyasının şimal-qərb ərazilərində yaşamışlar.

Sözün ikinci komponenti "Quşçu" etnotoponimi ilə bağlıdır. Bu etnotoponim qədim mifoloji inamlara söykənir.

Hafiz Təmirov
polis kapitanı

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ