Tural Cəfərli: Cobbi və onun cücələri (esse)

Tarix:14-02-2018, 13:33 Baxış Sayı:127

Tural Cəfərli: Cobbi və onun cücələri  (esse)İnsanda yaxşı nə varsa, günəşin şüalarından və ana südündəndir, bizdə həyat məhəbbəti doğuran da budur.(M.Qorki)

Son zamanlar qarışıq yuxular görməyə başlamışam. Hərdən gecəyarısı durub gördüyüm yuxunu düşünürəm, suya danışıb, aydınlığa çıxarmağa çalışıram yuxumu. Sonra qəfildən həmin yuxunu unuduram. Nə qədər çalışıram, heç cürə yadıma sala bilmirəm. İndi bu yuxuları yaddaşımın “mən” vaxtına qaytarmaq üçün yenidən mütaliə edirəm, həm də gecələr... Ona görə ki, yuxularım kitabda oxuduqlarımı, kitabda oxuduqlarım yuxularımı xatırladırdı mənə...

Gah hekayə, gah roman, gah da uzun bir şeir oxuyub, qarşımda soyuyan çayın belə fərqinə varmadan səhərə qədər yatmırdım. Evimizin yaxınlığındakı məsciddə azan oxunanda anidən diksinib, gecənin bitdiyini, səhərin açıldığını, məni narahat edən yuxularımın caynağından bir gecəlik olsa da qurtulduğumu düşünürdüm...

Həmişə göy üzünə baxanda içimdə naməlum şəraitdə yaranan sualları düşünüb, onların cavab alacağı zamanı gözləmişəm. Belə zamanların birində mən təsadüfən keçmişlə bağlı, daha doğrusu uşaq vaxtı başıma gələn qəribə bir əhvalatı yadıma saldım. Yay tətilində Tovuza, Köhnəqala kəndinə gedirdik. Dəmiryolu vağzalı bazara yaxın olduğundan evə bazarlığı ordan edirdik. Həmişə toyuq, ya da cücə almaq üçün anama hər cürə yaltaqlıq edirdim. O da məni sevindirir, qırmızı, ağ toyuqlardan birini alırdı. Mən də həmin andaca toyuğa bir ad fikirləşirdim. Yadımdadı, bir dəfə qar kimi bəyaz, uzaqdan zəhimli görünüşü olan bir toyuğum var idi. Adını Cobbi qoymuşdum. Bilmirəm niyə belə ad fikirləşmişdim. Yəqin hər hansı bir filmdən, qatil, əzazil bir aktyorun adı kimi yadımda qalmışdı. Kənddə bu toyuğun tayı-bərabəri yox idi. Həm yaxşı görünüşü var idi, həm də tez-tez yumurtlayırdı. Anam da bu toyuğa xüsusi diqqət ayırırdı. Dəni həmişə çox tökürdü qabağına. Bir gün toyuğumuz kürtdədi. Altına 16 ədəd yumurta qoyduq. Hər gün onun suyunu dəyişir, dənini verirdim. Çox səbirlə cücələrin çıxacağı günü gözləyirdim. Bəzən gecə qalxıb toyuğu yoluxurdum, anaki ana, gecələr də yatmırdı. Nəhayət 21 günün tamamında cücələr çıxmağa başladı. Bir-birindən şirin, ətti boğaz, sarı, qara cücələr kəpənək kimi uçmağa qanad açmışdılar elə bil. Cobbi də öz ana qayğısı ilə cücələri ətraf təhlükədən qoruyur, onları qanadlarının altında gizlədirdi. Çox gözəl mənzərə idi. Bəzən saatlarla bu mənzərəni izləməkdən doymurdum. Vaxt ötür, zaman su kimi axırdı. Yay tətili bitmək üzrə idi. Biz də geri, şəhərə qayıtmağa hazırlaşırdıq. İndi mən Cobbi və onun cücələrinin taleyi düşündürürdü. Özümə suallar verir, bəzən sıxılıb hər şeyi unutmağa çalışırdım. Ürək eləyib anama da sual verə bilmirdim ki, Cobbinin axırı nə olacaq?... Səhəri şəhərə qayıdacaqdıq. Nadya xala gəlib toyuğu və cücələri karobkaya yığanda məni ağlamaq tutdu. Qaçdım Cobbini qucaqladım.Onu buraxmaq istəmirdim. Anam mənə təsəlli verirdi ki, Cobbi etibarlı əllərdə olacaq, cücələr böyüyəcək, bir də gələndə onları tanımayacaqsan... Amma mən buna inanmaq istəmirdim, elə bilirdim ki, bir də Cobbini görməyəcəm, onu sonuncu dəfə qucaqladım və göz yaşlarımı anamım ətəyinə sildim. Nadya xala xoş-beş təşəkkür eləyib, arxayın olmağımızı, arada şəhərə Cobbinin yumurtalarından göndərəcəyini söylədi. Beləliklə mənim əziz və sevimli toyuğumu Nadya xalanın quşxanasına göndərdik. O gün çox məyus idim. Axı şəhərə necə aparır onu. Bina evində ona necə baxa bilərdim? Bəlkə də baxa bilərdim, amma evdəkilər buna razı olmayacaqdı...

Beləliklə biz şəhərə qayıtdıq. Adəti üzrə məktəbə ilk günlərdə həvəssiz getməyə başladım. Zoologiya dərsində quşlar bölməsində ev quşları dərsini xüsusi həvəslə öyrənmişdim. Cobbini xatırlayıb, onu görmək istəyirdim. Beləcə günlər həftələri, həftələr ayları qovurdu. Yaz fəslinin ilk günləri idi. Kənddən sovqat göndərmişdilər. Mən də bu sovqatın kimdən gəldiyini heç soruşmamışdım. Dərsdən evə qayıdanda anam məni səslədi: “ Tural, əlini yu gəl, kənd çolpası bişirmişəm...” Elə ac idim ki, həmən əlimi yuyub stolun arxasına keçdim. Çolpanı bir göz qırpımında yox elədim. “Ahhh, nə daddı çolpadı, çox ağ ol ay ma...” məmnunluq hissi ilə dedim. “Nuş olsun, Nadya xala göndərib, Cobbinin çıxartdığı cücələrdəndi...” Ürəyim ağzıma gəldi. Donub qaldım. Matım-mutum qurudu. Boşqaba qaytarmaq istədim, amma boşqabda hələ yeməyin kartofu qalmışdı. Əlimi başıma tutub, yan otağa keçdim. Divanda uzanıb, əlimi qarnıma qoydum. Mən sarsılmışdım. Özümü qatil, əzazil bir adam bilirdim. Ahh Cobbi, sənin cücələrin böyüyüb, artıq kəsilmək vaxtına yetişib, sənin özün hardasan indi, bəlkə də qocaldığın üçün səni də kəsiblər, 3 saat qazanda qaynadıb, “Hələ bərkdi əti deyib, ağız da büzüblər bəlkə...”

Bu əhvalatı niyə yadıma saldım, bilmirəm. Amma onu bilirəm ki, bu əhvalatdan sonra daha yuxularım rəngini dəyişib, rahat yatıram. Bir də Cobbini yuxu da görmək arzusu ilə hər gecə həvəslə yerimə girirəm...

TURAL CƏFƏRLİ
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ