manera.az
manera.az

Qismət: "Heca məni sərbəstlə gəzən görüb, üzümə baxmır..."

Qismət: "Heca məni sərbəstlə gəzən görüb, üzümə baxmır..."


Manera.az-ın "Sualım var" layihəsinin qonağı olan şair Qismət Rüstəmov ona ünvanlanan sualları cavablandırır:


- O nədir ki, həyatda var, amma kitablarda yoxdur? (Qurban Məmmədli)

- Qurban bəy, on bir iqlimdən doqquzuna sonsuz qayğı göstərən xalqımızın müdrikliyinə gələcəyimi girov qoyum ki, bu suala cavab yazarkən dünyanın heç yerində olmayan bir kafedəyəm. Bu kafedə bir çaydan çayın qiymətini əlçatmaz zirvələrə dırmaşdıran və adama yemək istəmədiyi hər şeyi rəsmi şəkildə dürtüşdürmək istəyən ofisiantların hamısı “çay dəstgahı” sözünü “çay dəzgahı” kimi tələffüz edir. Mən o bir hərflik səhvin içində çox şeyi görürəm: savadsızlığını bəkarət kimi qoruyanları, müdür zorakılığını, bütün mümkün variantlarla qarşısındakını aldatmağa çalışan və bunu qoçaqlıq sayan adamları... (Ofisiantla razılaşmadıq deyə, dururam, davamı başqa vaxta qalsın).

- Qismət çox yazır, maraqlıdır, yaşıdlarından fərqli olaraq kitab çıxartdırmağa meylli deyil. Mən bildiyimə görə cəmi bir kitabı var: "Meqapolis hüznləri". Bu, nəylə bağlıdır? (Kənan Hacı)

- Əziz Kənan, bayaqkı kafedən durub gəzə-gəzə şəhərin mərkəzindəki kitab evlərindən birinə gəldim və sənin sualına həmin kitab evindəki dünya səviyyəli divanlardan birində cavab yazıram. Bu kitab evində öz dilimizdəki kitabların azlığına və rus dilindəki belletristika nümunələrinin çoxluğuna baxıb qarışıq xəyallara qapılıram. Tələbəlik vaxtı çap etdirdiyim kifayət qədər zəif şeirlərdən ibarət olan kitabı, bir də ki, ovuc içi boydakı “Vitrin” kitabını nəzərə almasaq, düz deyirsən ki, əslində, mənim cəmi bircə kitabım var. Amma masamın üstündə çap olunmamış bir kitablıq şeir, üstəgəl, iki-üç kitablıq da esselərim var. Esselərdən bir hissəsini artıq kitab formasına salmışam və əgər fikrimi dəyişməsəm, sentyabrda dərc olunacaq. Yaxın aylarda yəqin ki, sevdiyim müəlliflərdən tərcümə etdiyim esselərdən ibarət bir kitab çap etdirəcəm, adını şərti olaraq “Romansız dünya” qoymuşam. Az kitab çap etdirməyimə gəlincə, bu bir az həvəs, bir az da maddiyat məsələsidir.

- Yaradıcı adamların ictimai-siyasi hadisələrə müdaxiləsi nə qədər vacibdir? Ümumiyyətlə, ədəbiyyatın ictimai fikrə təsirinə inanırsınızmı? (Cəlil Cavanşir)


- Əzizim Cəlil, sənin sualına öz yazı masamda, kitablarımın arasından cavab yazıram. Yaradıcı adamların ictimai hadisələrə reaksiyasının vacibliyi mənim aləmimdə müzakirə mövzusu deyil, daha doğrusu məcburi deyil. Lap dəqiqi, mən yazıçının reaksiyasını yalnız bədii mətn səviyyəsində qəbul edirəm, digər tərəfləri jurnalistikanın işidir. Bizim cəmiyyətdə jurnalistika öz müstəqilliyində axıracan duruş gətirə bilmir deyə, onun boynuna düşən hər şeyi yazıçılar köşə yazılarında, facebook statuslarında, müsahibələrdə kompensasiya etməyə çalışırlar. Üçüncü tip ölkələrdə yazıçılar birdən artıq adam olmağa məcbur olurlar. Ona görə biz Euronews kanalının “no comment” rubrikasında 30 saniyəyə həll etdiyi məsələlərə su qatıb roman düzəldirik. Maarifçilik dövrünün, tənqidi realizmin funksionallığını çoxdan itirmiş meyarları düşünürük hələ də. Modernizmin havası bizə dəysə də, yarımçıq oldu və ən pisi odur ki, bizim mədəniyyət fəlsəfi modernizmdən tamam fərqli olan, incəsənət üçün daha çox lazımlı estetik modernizmdən nəsibini almadı. Qaldı sualın ikinci hissəsinə mən ədəbiyyatın ictimai fikrə təsirinə inanmaq istəyirəm. Bilirsənmi, əzizim Cəlil, bu da məşum və məşhur paradokslardan biridir: bir tərəfdən öz yazdıqlarımızı ancaq özümüzün, yaxud zatən artıq maariflənmiş azsaylı seçkinlərin oxuduğunu çox yaxşı bilirik, o biri tərəfdən də ədəbiyyatın təsirindən danışırıq... Nəticədə isə min dəfə dediyimiz şeyləri özümüzə təkrar etmək başqa bir işə yaramırıq, ona görə də bütün məclislərdə təkrar-təkrar eyni söhbətləri edirik, eyni mövzuların və üslubların təkərində fırlanırıq. Yüngülvari pessimizmdən sonra anidən işığa keçid eləyək: Kamyünün “Vəba” romanında həkim Ryö dostuna deyir ki, nə olur-olsun, nəticəsini düşünmədən işimizi görməliyik. Mənə inanmamaq olar, amma Kamyüyə inanmaq lazımdır.
Qismət: "Heca məni sərbəstlə gəzən görüb, üzümə baxmır..."
- Xalq roman gözləyir. Niyə intizardan qurtarmır bizi? (Qan Turalı, Mirmehdi Ağaoğlu)

-Dostlar, bu sualın cavabını romanımın növbəti fəslini pozub yenidən başlamamışdan əvvəlki fasilədə yazıram. Beynimdəki ilə vərəqdəkinin arasında hələ bir az məsafə var, vasvası yanaşıram. Yaxşı olar.

- Qismət bəy, yaratdığınız poetik-fəlsəfi əsərlərin baş qəhrəmanı olmaq istərdinizmi?! Deyirlər, dəyərli mətn yazıçının yaratdığı ayrıca bir dünyadır – öz mətnlərinizin sakini olmaq asandırmı?! (Aydın Xan Əbilov)

- Hörmətli Aydın Xan, sənin sualına çox vacib bir kitabın axtarışı ilə Bakı küçələrini arşınlamaqdan yorulub zirzəmi kafelərdən birində fasilə verərkən cavab yazıram. Sənə deyim ki, mən ədəbiyyatı alternativ bir dünya yaratmaq kimi dərk eləyirəm və bu mənada özümə doğma bildiyim bir çox yazıçıların izindən getməyə çalışıram. Məsələn, Nabokov, Kalvino, Eko, Pamuk, Faulz və s. Bu mənada deməliyəm ki, özümü mərkəzə qoymaq istəmirəm, amma mərkəzə qoyduğum personajda məndən mütləq nəsə olacaq. Bədii ədəbiyyatın alternativ dünyası olmasaydı, yaşamaq mənim üçün çətin olardı.

- Hansı xarici dildə nəşr olunan nəzəriyyə kitabının mütləq Azərbaycan dilinə tərcümə olunmasını arzulayardı? (Günel Eminli)

-Günel xanım, sənin sualını cavalandırarkən “Tərcümə Mərkəzi”nin yaxınlığında, qış bulvarındakı “Palıd” kafesində çay içir, gəlib keçənlərə baxa-baxa xırda-para qeydlər edir, yenidən sənin sualına qayıdıram. Azərbaycan dilində olmasını arzuladığım kitabların sayı çoxdur, birini elə özüm tərcümə etmişəm, yəqin yaxın aylarda çap olunar – Vladimir Nabokovun “Rus ədəbiyyatı haqqında mühazirələri”. Mənim tərcümə siyahımda təkcə ədəbiyyatşünaslıqla bağlı kitablar yoxdur, bu siyahıda fəlsəfədən də, antropologiyadan da, psixologiyadan da əsərlər var. Bir neçəsini sadalayım: Jan Fransua Liotar “Postmodern vəziyyət”, Umberto Eko “Ədəbiyyat meşəsində altı gəzinti”, Harold Blum “Təsirlənmə qorxusu”, Huizinqa “Homo Ludens”, Teodor Adorno “Minima Moralia”, Mişel Fuko “Kəlmələr və şeylər”, Terri İqlton “Ədəbiyyat nəzəriyyəsi” və s.

- Sizin üçün həyatın eynəkli ve eynəksiz halı arasında nə fərq var? (Arzu Murad)

-Sizin sualınızı cavablandırmamışdan 15 dəqiqə öncə şəhərin mərkəzindəki optika dükanlarından birinin vitrinindəki endirimlərə aldanıb içəri girdim, içəridəki qiymətləri görəndə gözüm kəlləmə çıxdı. Sualınıza gəlincə, eynəksiz olanda elə bilirəm ki, günlər bir-birinə bənzəmir, eynəyi taxan kimi günlər əkiz olurlar.
Qismət: "Heca məni sərbəstlə gəzən görüb, üzümə baxmır..."
- Elm və din. Ədəbiyyat və ədəbiyyatçı bu iki məhfumu necə istifadə edir və ya necə etməlidir? (İbrahim Bağırov)

- Sizin sualınızın cavabını “Bakı kitab klubu” ilə “Təzəpir məscid”inin yerləşdiyi “Mustafa Subhi” küçəsindəki köhnə bir dostumun evindən yazıram. Maarifçilik dövründən, yəni modernite deyilən zamandan başlayaraq elə bil ki, dünya öz sehrini itirdi. Allah öldü (Nitsşe) və mərkəzə insan keçdi. Artıq dünyanın işləri dünyada həll olunmağa başlandı. Sekulyarizm yeganə dünya görüşü oldu. Balaca bir haşiyə çıxmalıyam: zaman-zaman, məsələn ötən əsrdə iki dünya müharibəsi törənəndən sonra insalar öz ümidsizliklərinə, çıxılmazlıqlarına çarə tapmaq üçün “New Age” və başqa adlar altında təzədən dirilən arxaik inanclara, dini-mistik rituallara geri qayıtsalar da, bugün də dünyada artıq din politik propoqandaları, kimlik siyəsətlərini yönləndirmək üçün kütlələri idarəetmədə yararlı alət rolundadır. Çağdaş dövrdə sekulyar insanın mənəvi tələbatını ödəmək üçün üz tutduğu yer sənət qalareyaları, muzeylər, kitabxanalar, kinoteatrlardır. Sekulyar insanın dini – incəsənət, peyğəmbəri, kahini, şamanı isə sənətçilərdir. Başdan-başa dünyəviləşən həyatın içində metafizik atmosfer, mistik-ezoterik rahatlıq ancaq incəsənətdə mümkündür. Sözün düzü, sənətçini bu cür dünyəvilikdən uzaq, irrasional yerə otuzdurmaq, xüsusilə bizimki kimi cəmiyyətlərdə sənət adamlarına sərf eləyir. Ağacla danışdığını iddia edən adamlar var. Yeri gəlmişkən, “kitab niyə alınmır?” – sualının bir cavabını da sekulyar düşüncənin yarımçıqlığı kontekstində yozmaq olar. Mən bu məsələdə nə həddən artıq rasional olmağı, nə hədsiz irrasionalizmi qəbul edirəm. Bu məsələdə ölçü, fikrimcə, öz təbii axarı ilə, inersiyası ilə baş verməlidir. Zəhmətin gücünə inanıram.

- Xoşbəxt olanda yazmaq olmur. Bu zaman yazmaq üçün nə etmək lazımdır? (Nur Persona Non Grata)

- Sualınızın cavabını yazmamışdan bir az əvvəl ayağımı ayağımın üstünə aşırıb kitab oxuyurdum və çox xoşbəxt idim. Keçək suala: Yazmağın mənə görə xoşbəxtliyə, bədbəxtliyə çox da dəxli yoxdur. Bütün klişeləşmiş fikirlər kimi, bu fikrin də necə yaranmasına, kökünə getsək, görərik bədbəxt olmaqla, yazmağın arasındakı əlaqə yalnız ayrı-ayrı personaların timsalında doğrudur. Bu barədə nə vaxtsa yazmışdım, həmin yazıdan kiçik bir parçanı bura kopyalayıram: “Geridəqalmış, köhnə ənənələrdən tamam qurtulmamış cəmiyyətlərdə çox vaxt müəlliflərin təkcə yazdıqları yox, həyatları haqqındakı əfsanələr də populyarlaşır. Gəlişigözəl deyilmiş ifadələr, hazırcavablıq nümunələri adətən müəllifin obrazının əsas hissəsinə çevilir. Onun nəyi yazması, yazdığının nə qədər lazımlı, yeni olması isə həmişə ikinci plana keçir.Qərb ədəbiyyatında orta əsrlərdə özünü əzabkeş İsa obrazı ilə eyniləşdirən minlərlə sənətçi olub. Bunun nəticəsində əsrlər boyu xeyli müəllif, təkcə bədii mətnləri ilə yox, həm də özlərindən uydurduqları əzabkeş rolunu oynamaqla “gündəmdə” olublar: əzabkeş, nə yazdığını özü də bilməyən müqəddəs, iti qələmiylə həqiqəti varlılardan alıb kasıblara verən ədəbi Robin Qud və s. Özünü zəncirlənmiş, məhkum, yarımçıq, ümidsiz hiss edən əksər cəmiyyətlərdə oxucular sənətçini əsasən sənətçi kimi görmək əvəzinə, ilk növbədə qəhrəman kimi görmək istəyir. Buna görə də, tutalım, bizim kimi cəmiyyətlərdə könüllü bəxtsizlər ordusu yaranır, dünyadan vaxtsız köçən istedadlı adamlar haqqında qəribə miflər meydana çıxır; yox, o binəvalar, o bəxtikəmlər, qətiyyən əyyaş deyildilər, sadəcə onları başa düşmədilər, onlar da bir növ intihar etdilər. Bu düşüncənin o biri başında latent bir təhdid də sezilir: Onları, o talesizləri dərindən başa düşən bizlərə sayğı göstərin, dünyamızı dəyişərik ha!”

- Əgər ədəbiyyat meydanına monitor qoyulsaydı, ədəbiyyatımız neçə bal toplayardı? (Nəcibə İlkin)

-Sizin sualınızı düşünərkən gözüm tele-kanallardan birindəki meyxana yarışmasına sataşdı. Bütün mümkün variantlarla qarşısındakı təhqir etməyə, qafiyə bitən kimi qardaş olmağa, ardınca da uzaqda-yaxında yaşayan tanış-bilişdən, qonum-qonşudan, qohum-əqrəbadan sms gözləyən nazik bığlı, xırıltılı səsli qardaşların nevrotik intonasiyasında hələ işlənməmiş cinayət hadisələri böyüyürdü. Sualınızın cavabı sükutdur.

- Ədəbiyyat həyatın hansı hissəsidir? (Emil Rasimoğlu)

- Mənim üçün hamısı.

-Uilyam Qoldinq, yoxsa Qrem Qrin? (Asiman Eyniyev)

- Qoldinq.

- Yazdığınız şeirlərdə hecaya, bölgüyə, qafiyəyə xəyanət etdiyinizi düşünürsünüzmü? (Azər Xanlarov)

- Hecaya, bölgüyə xəyanət necə olur ki? Məsələn, heca məni sərbəstlə gəzən görüb, üzümə baxmır, yoxsa deyir ki, o gün gördüm verlibrə “padxod” eləyirdin?..

- Həyatda qarşılaşdığınız və hələ də cavablandıra bilmədiyiniz sual hansıdır? (İntiqam İsmayıl Hikmətoğlu)

-Məsələn, sizin verdiyiniz bu sual qarşısında acizəm. Bu sualın sizin üçün əhəmiyyətini anlamaqda doğurdan acizəm.

- İndiyədək sırf fərqli görünmək xatirinə nəsə etmisinizmi? (Sahib Əsədbəyli)

- Sizin sualınıza cavab yazmamışdan öncə köhnə foto-albomlara baxası oldum. Məktəb vaxtı, 9-11 siniflər arasında bir qız sevirdim, o qıza maraqlı görünmək üçün indi mənə heç gülməli də gəlməyən şeylər eləmişəm. Mən belə şeylər əhəmiyyətsizliyi çox tez başa düşmüşəm deyə, sonralar demək olar ki, bu cür işlər olmayıb.

- Canınızın sözü sözünüzün canıdırmı? (Çinarə Ömray)

- Sualınızın cavabı, cavabımın sualıdırsa, onda ola bilsin ki, Füzuliləşə-füzuliləşə hegelləşdik...

- «Bizimki» elektron jurnalında xeyli müzakirələrə səbəb olan şeirin çap olunandan indiyədək həyatınızda və yaradıcılığınızda nələr dəyişib? O şeirdəki səmimiliyi, təbiiliyi yazılarınızda qoruyub saxlaya bildinizmi? Ümumiyyətlə bunu istərdinizmi? İndi hara gedirsiz, it hürən, ya işıq gələn tərəfə? Ədəbiyatın sizə nəsə verəcəyi haqda daha çox düşünürsüz, ya ədəbiyyata nəsə vermək haqda? Ədəbiyyatımızda ədəbi vicdan bir dəfəlikmi susub? (Aslan Quliyev)

- Aslan bəy, sualınıza eyni anda 15 min elektron kitab yüklədiyim gecələrdən birində cavab yazıram. İki məşhur ifadənin – “dəyişməyən yeganə şey ölülərdir” və “dəyişməyən yeganə şey dəyişimin özüdür” – işığında deməliyəm ki, həyatımda da, yaradıcılığımda da çox şey dəyişib. Hərçənd ki, Oğuz Atayın sözü olmasın, bu “həyatı və yaradıcılığı” sözü məndə nəsə istehza doğurur. Səmimiyyət, təbiilik kimi sərhədləri, meyarı bəlli olmayan sözlər haqqında düşüncəmi isə Oskar Uayldan borc götürmək istəyirəm. O yazır: “Bütün pis şeirlər səmimidir”. Və təkcə şeirlər yox... İndi ilboyu təyyarələrin uçduğu yerlərə getməyə başlamışam. Ədəbiyyatın mənə verəcəklərini də düşünürəm (məsələn, yeni dünyalar, ölənə qədər cilalan zövq, başqasını anlamaq mədəniyyəti və s.), ədəbiyyata verəcəklərimi də (məsələn, tərcümələr, esselər, şeirlər, romanlar, kino-ssenarilər).

- Şeirimizdəki ritm, intonasiya, üstəgəl fikir eyniliklərini nə ilə əlaqələndirmək olar? Bu, sırf təsadüfi oxşarlıqlardımı, yoxsa ...? (Mehman Qaraxanoğlu)

- Sizin sualınızı oxumamışdan əvvəl Harold Blumun kitabını vərəqləyirdim – “Təsirlənmə əndişəsi”ni. Poeziyamızdakı intonasiya, fikir bənzərliklərinin mənə görə bir neçə səbəbi var. Səbəblərdən biri yaxşı nümunələrə zamanında adekvat reaksiyanın olmaması, yeniliklərin ya görməzdən gəlinməsi, ya da “eksperiment” adı ilə damğalanmasıdır. İkincisi, imitasiya yolu ilə özünə yaradıcılıq düzəltmək istəyən şairlərin özündən daha çox oxuyan, araşdıran, ən müxtəlif ölçülərdə, formalarda yazan həmkarlarını kortəbii yamsılamalarıdır. Bu misra səviyyəsində də olur, bir bənd səviyyəsində də, bütöv şeir səviyyəsində də. Kortəbii deyirəm, çünki götürdüyün şeyin məntiqi, iç mexanizmi sənə aydın olmadıqca, o sənin qazancın, bəhrələnməyin olmur, epiqon olur.Təsadüfi bənzərliklər də əlbəttə ki, istisna deyil. Mən plagiat səviyyəsində nümunələr göstərə bilərəm, amma fikrimcə, çox da vaxt sərf etməyə dəyməz. Belə şeylər ədəbiyyat tarixində həmişə olub və nəticə həmişə eyni olub: sürətlə unudulmaq!

- Bədii əsərin yaranmasında elmi-fəlsəfi təfəkkürün rolunu nə dərəcədə əhəmiyyətli hesab edirsiniz? (Əlişirin Şükürlü)

- Elmi-fəlsəfi təfəkkürün bədii əsərin yaranmasında rolunu mən birbaşa yox, bir az dolayı hesab edirəm. O mənada ki, elmi-fəlsəfi irs müəllifin formalaşmasında rol oynayır və sonradan artıq müəllif yaddaşının, düşüncəsinin bir hissəsinə çevriləndən sonra istər-istəməz bədii mətnin yaranmasında iştirak edir. Bədii düşüncə ilə elmi düşüncənin arasındakı incə bir məqam var ki, çox vaxt onu gözdən qaçırırlar: elm dəfələrlə təcrübədən keçiriləndən sonra doğruluğu təsdiqlənən, ya da inkar olunan məsələlərdi. Yəni birincisi təcrübədən keçirilmə qabiliyyəti olmalıdır, ikincisi isə dəfələrlə təkrarlansa da eyni nəticə əldə olunmalıdır. Belə olanda artıq elmi formullar yaranır. Dünyanın hər yerində iki vur iki dörd eləyir, amma bədii ədəbiyyatda nəticə həmişə eyni olmaya bilər. Təsdiqlənmiş bir formul üzrə dünyanın hər yerində kimyəvi təcrübəni həyata keçirib eyni nəticəni almaq olar, amma eyni mövzuda bir şeiri iki dəfə başlasan, artıq ayrı nəticələr alınacaq. Ona görə də ədəbiyyatın, ədəbiyyatşünaslığın, narratalogiyanın və şairin elmiliyi bütün başqa sahələrdən fərqlidir.

- Şeir şairin öz içinə qapanıb daxili səsinə qulaq asmaq ehtiyacından yaranmalıdır, yoxsa başqa təkanlar da ola bilər?... İstedadsız oxucu şeiri yoxa çıxara bilərmi? (Şakir Paşayev)

- Sizin sualınıza cavab yazmamışdan qabaq “Enuma Eliş”dən mərhum Tranströmerin şeirlərinə qədər olan dünya poeziyasının incilərini fikrimdən sürətlə keçirməli oldum. Şeir ancaq qapalı daxili səsə köklənə də bilər, fokusunu dəyişib dış gerçəklikdən ətraf aləmə də boylana bilər. Poeziya tarixini hər şairi öz ustalaşdığı müstəvidə yadda saxlayır. Bu Bodler kimi simvolik ola bilər, Unqaretti, Montale kimi hermetik poeziya da, Nazim kimi, Brext kimi epik də. Mən şairin həmişə başqa təkanlara, fərqli mövzulara və formata açıq olmasının tərəfdarıyam. Dünyada bir misra şeir bilən sonuncu adama qədər poeziyaya heç nə ola bilməz.

- Necə oldu ki, oyanmaq qərarına gəldiniz? (Yafəs Türksəs)

- Yafəs bəy, sənin sualına divandaca yuxuya gedib ayılandan sonra yaşıl çay içə-içə cavab verirəm. Əski bir pritçanın məntiqinə təslim oldum: Yuxularının çin çıxmağını istəyirsənsə, əvvəlcə yuxudan oyanmalısan.

- Mayın 8-də ŞUŞA haqqında nə düşündünüz? (Elçin İsgəndərzadə)

- Bu yazımdakı gecə yadıma düşdü: “Şuşaya və babam Tələt Qəmbərovun əziz xatirəsinə...”

- Sizcə ilk kitabınızı yandırmaqla düz etdiniz? O kitabdan qalıbmı? (Elşad Barat)

- Hələ mən çox optimist davranmışam, külünü belə bu planetin orbitindən çıxarmaq lazım idi.

- Hansımız yaxşı şairdi: mən yoxsa Tranströmer? (Şəhriyar del Gerani)

-Məhləmizdə bir uşaq vardı, deyirdi ki, Vandamlardan ən güclüsü Çeki Çandı.

-Şeirləriniz çox aktualdır. Şeirlərin mövzuları çoxlarının görmədiyi, yaxud görüb dinləmədiyi dərdlərimizdir. Lakin onları oxuyub qurtardıqdan sonra oxucunun qəlbində iki hiss baş qaldırır: ya sonsuz nifrət, ya da ağlamaq. Bunlar çıxış yoludurmu? (Aynur Sarıyeva)

- Çıxış yolu müəllifi dəyişib başqa adamın kitablarını oxumaqdır.

-Bazar iqtisadiyyatının mənəviyyatımıza vurduğu zərbəni bir şeirinizdə ustalıqla verə bilmisiniz. Vitrinlərə, marketlərə qarşı üsyana qalxan müəllif onları “şeirlə güllələyib cəhənnəmı göndərəcəyini” deyir. Hiss olunur ki, köhnə vaxtlardakı sakitliyin, təmizliyin yoxluğu sıxır sizi. Bəs həmin vaxtın ədəbi mühiti necə? İndiki ədəbi xaosdan yaşlı nəslin yaratdığı klassik irsə boylanmaq istəyərsinizmi? (Aygün Kamal)

- Keçmiş zaman hissi ədəbiyyatçını qidalandıran hissdir. Amma mənim nostaljim keçmiş ədəbi əyyamlara yox, uşaqlığımın bəzi anlarınadır. Mən insanın üzünü keçmişə tərəf çox çevirməsinin tərəfdarı deyiləm, çünki onda arxamızı gələcəyə çevirmiş oluruq.

- Alternativ ədəbiyyat və konturkultura haqqında fikirlərinizi bilmək istəyərdim. (Dəniz Pənah)

- Bu suala cavab vermək üçün yəqin ki, ayrıca esse yazmağa ehtiyac var. Ən sadə şəkildə deyim ki, alternativ ədəbiyyat, konturkultura, subkulturalar məni həmişə maraqlandırıb. Bütün kontur hərəkatlar, alternativ yollar, andəqraund tonlar daha çox özünü II Dünya Müharibəsindən sonra göstərsə də, əslində, ilkin təşəkkül tapmağa başladığı dövrə görə yəqin ki, buddizmi də, xristianlığı da, islamı da, eləcə məsələn, Qalileyin fikirlərini də öz çağı kontekstində alternativ saymaq olardı. Amerikada Beat nəslinin, avropada tələbə hərəkatının bütün dünyaya səs salmasından sonra mədəni diskriminasiyaya məruz qalanlara, Sartr dediyi kimi “cəhənnəm sayılan başqalarına”, Bodriyarın dediyi kimi “səssiz yığınlara” çevrilənlərə, etnik, cinsi və siyasi fərqlilikləri olanlara maraq, diqqət, qayğı aktuallaşdı. Artıq ənənəvi düşüncə tərzinin dominantlığı sarsıldı, mültikultural, yəni çoxkültürlü, fərqlilikləri qəbul etməyə başlayan hərəkatlar aktivləşdi. Hələlik bu qədəri bəs edər, məncə, sonrası da qalsın esseyə.

- Nə vaxtsa ölkəmizdə şairlik, yazıçılıqla ailə dolandırmağın mümkün olacağına inanırsınızmı? (Rəşid Bərgüşadlı)

-İnanıram!

-Necə oldu ki, II Qismət oldunuz, sonra-Qismətə qayıtdınız? (Tehran Əlişanoğlu)

-Tehran bəy, “İkinci” təxəllüsü görünür axtarış dövrünün təzahürü idi, çox çəkmədi ki, bu mənim gözümdə anlamını itirdi. Zarafatla həmişə deyirəm ki, bu anlamsızlıqla toqqquşandan sonra post-ikinci Qismət dövrü başladı. İndi düşünürəm ki, mən sakitcə öz taleyimi reallaşdırmalıyam, yazmalıyam, vəssalam.

P.S. Layihənin şərtlərinə uyğun olaraq qonağ "ən yaxşı sual"ı seçir:
"Alternativ ədəbiyyat və konturkultura haqqında fikirlərinizi bilmək istəyərdim..." (Dəniz Pənah)


Safura Həsənzadə
Manera.az

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
1234567
891011121314
15161718192021
22232425262728
2930