Şəhla Aslan: Hərbi bilik

Tarix:8-05-2019, 15:56 Baxış Sayı:563

Şəhla Aslan: Hərbi bilik
Hərbi bilik


(Yazı Azərbaycan Silahlı Qüvvələrinin 100-cü ildönümünə həsr olunmuş “Hər birimiz Vətənə xidmət edirik” mövzusundakı yazı müsabiqəsinə təqdim edilir)

Müasir sivilizasiya dəyərləri bizə daim təbliğ edir ki, ətrafımızdakı insanlarla intizamla rəftar edək, başqaları ilə sülh şəraitində fəaliyyət göstərək. Vuruşmağa, dalaşmağa meyilli adamlara qarşı antipatiya yaradan tərbiyə üsullarında, bu barədə yazılan kitablarda uğura nail olmuş adamlar simpatik, mehriban, üzüyola şəxslər kimi nümunə göstərilir. Lakin reallıqda müharibə, qarşıdurma, təcavüzlə rastlaşdıqda belə vəziyyətlərə qətiyyən hazır olmuruq. Belə müharibələr isə müxtəlif səviyyələrdə daim bizi izləyir. Hər bir adamın düşməni, rəqibi olması faktını inkar etmək mənasızdır. Getdikcə amansızlaşan dünyada rəqabət hissi hökmrandır. Bu rəqabət mühitində strategiya hər şeydən önə çıxır.

Dünyaca məşhur strategiya nəzəriyyəçisi Helmut fon Moltke xüsusilə vurğulayıb ki, strategiya elmdən də artıqdır. Buradan belə məticə çıxarmaq olmaz ki, insanlar sülh ideallarına layiq olmayan mənfur varlıqdır. Nəzərə alaq ki, hər birimiz təcavüzlə rastlaşdıqda hər vasitə ilə dəf etməyə çalışırıq. Çox-çox qədim dövrlərdə müharibələr şəxsi qəhrəmanlıq nümunələri hesabına nəticələnirdisə, indi hətta qalib gəlməyin özü də təhlükəlidir. Azərbaycan ordusunun aprel döyüşlərindəki uğurları buna gözəl sübutdur. Məgər ordumuz Ermənistanı qısa müddətdə darmadağın etməyə qadir deyilmi? Qadirdir. Ancaq dünyadakı real güclərlə hesablaşmaq lazımdır. Azərbaycanın balanslaşdırılmış hərbi siyasəti müasir şəraitdə ən optimal gedişdir. Balanslı siyasət aparılır, eyni zamanda ordu quruculuğu həyata keçirilir, hərbi qüdrətimiz durmadan yüksəlir. Bu, prioritet vəzifə kimi ölkə rəhbərliyi tərəfindən əsas götürülüb.

1991-ci ilin sentyabrın 5-də “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin yaradılması” haqqında Fərman verilib. 29 sentyabr 1991-ci ildə “Azərbaycan Respublikası Müdafiə Şurasının yaradılması”, 12 mart 1992-ci ildə “Azərbaycan Respublikası Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası Qanunları təsbit olunub. Həmin illərdə ordunun pərakəndəliyi, daxili çəkişmələr, torpaqlarımızın xarici qüvvələr hesabına işğal olunması yeni tipli Ordu quruculuğunu bir zərurət kimi gündəmə gətirdi. Sözügdən sahədə vəziyyətin kritik hal almasını müşahidə edən Ulu öndər Heydər Əliyev dünya praktikasını seçdi. O dedi: “Əgər biz dünya təcrübəsindən istifadə etməsək, çox irəli gedə bilmərik”.

Məhz bu səbəbdən Azərbaycan ordusunun modernləşdirilməsi siyasəti əsas götürüldü. Müasir səviyyəli Azərbaycan Ordusu 26 noyabr 1993-cü ildə “Müdafiə haqqında”, 6 yanvar 1994-cü ildə “Hərbi vəziyyət haqqında”, 6 yanvar 1994-cü ildə “Sərhəd qoşunları haqqında”, 8 fevral 1994-cü ildə “Daxili qoşunların statusu haqqında” verilmiş fərmanlarla formalaşdı. Hərbi xərclərə ayrılan vəsaitin hər il artırılması hesabına yeni-yeni döyüş texnikası ilə təmin olunan Azərbaycan Ordusunun qüdrəti artıq dünyaya bəllidir. Prezident İlham Əliyevin sözləri ilə desək, hərbi xərclər bizim büdcə xərcləri arasında birinci yerdədir.

Eramızdan 4 əsr əvvəl Çin klassiki Sun-Tszi “Hərb sənəti barədə traktat” adlı bir əsər yazıb. Bütün dövrlərin ən böyük strateqi kimi tanınan bu müəllif ən az itki ilə qalib gəlmək yollarını göstərib və bu yolu ən uğurlu hesab edib. Qeyri-ənənəvi üsulların tətbiqi, partizan müharibəsinin, terrorun, hiyləgərliyin və s. strategiyaların yolverilən olması faktı zaman keçdikcə dəyişmir. Onun bu fikri sonralar siyasətlə də uzlaşdırılmağa çalışıldı. Belə ki, siyasətdə mövcud olan “pasifizm” termini hər cür, hətta milli-azadlıq müharibəsini də inkar edir. Lakin o, sağlam düşüncə tərzi deyil. Biz qüdrətli güclər qarşısında geri çəkilsək, tarix səhnəsindən yox olmaq ehtimalını sürətləndirə bilərik. Lakin geri çəkilməmək o demək deyil ki, gücünün yetmədiyi düşmənlə vuruşa girib labüd məhvə doğru gedəsən.

Müasir dövrümüzdə rəqabət amili daha da güclənib. Lakin açıq düşmənçilik meyillərinə nadir hallarda rast gəlinir, - onu cürbəcür üsullarla pərdələyir və don geydirilir. Düşmənçilik münasibətlərini maskalamaq naminə dostluq qurulur, altdan-altdan zərbə vurmaq, ağrılı yerləri müəyyənləşdirmək, daha sonra sarsıdıcı, həlledici zərbə endirmək. İngiliscə “enemi” (düşmən) sözü latınca “inimikus” (dost olmayan) sözündən yaranıb. Amma zaman keçdikcə bu söz xeyli siyasiləşərək az qala şeytani çalar qazanıb. Bu mənada bizə əngəllər yaradan, şəraitdən asılı olaraq düşmənə çevrilə biləcək qüvvələrin düşmən yox, rəqib kimi qəbul edilməsi daha məqsədəuyğundur.
Tarix boyu Napoleon qədər hakimiyyət kürsüsündə sürətlə irəliləyən ikinci sərkərdə olmayıb. 1793-cü ildə kapitanlıqdan briqada generalına qədər yüksəlib. 1796-cı ildə dünyanın ən güclü Avstriya ordusunu darmadağın edəndə hamı bu hadisəni taleyin zarafatı, təsadüf kimi qiymətləndirib. Lakin hərb yollarında sürətlə irəliləyən, stereotipləri novatorcasına dağıdan yeni qüvvənin imkanlarını, təcrübəsini öyrənmək əvəzinə Avstriya generalları öz şanlı keçmiş və döyüş təcrübələrinə arxayın olaraq onu saya saymayıblar. Nəticədə Prussiya imperiyası uşaq oyuncağı kimi dağılıb. 1806-cı ildə prussiyalılar reallıqla hesablaşaraq anlayıblar ki, onlar azı əlli il geridə qalıblar. Ordunun əsgərləri döyüş meydanında, paradda öyrəndikləri fəndləri eyniliklə təkrarlamağa qadir idi. Napoleonun novator taktikasını, sürətli və mobil dəstələrinin vuruş fəndlərini öyrənmək üçün prussiyalılara neçə il lazım idi. Həqiqət göz önündə idi. Amma həqiqətə göz yuman Prussiya labüd məhvə məhkum oldu.

Tarixdən bizə məlum olan ən böyük sərkərdə və strateqlər həddən artıq hərbi biliklərinin hesabına yox, yalnız zərurət anlarında hər şeyi bir kənara qoyub ətrafda baş verənlər üzərində fikirlərini cəmləşdirə bildiklərinə görə öz qabiliyyətlərini göstərə biliblər. Yalnız o vaxt yaradıcılıq qığılcımları alışır, qeyri-standart qərarlar, novator ideyalar yaranır. Bilik və təcrübə müəyyən sərhədlərə qədər yararlıdır. Hərbçi əvvəldən nə qədər düşünsə də, bu onu müharibə xaosuna, sonsuz imkanlar kaleydoskopuna hazırlaşdıra bilməz. Yalnız hər şəraitə uyğun qərar verə bilmək bacarığına malik olan sərkərdə ordunu qələbəyə doğru aparmaq iqtidarındadır.

Türk milləti lap qədimdən üzü bəri özünə ciddi rəqib görmədiyi üçün tam arxayın yaşayıb. Yer kürəsinin ən cənnət guşələrində məmləkətlər, xaqanlıqlar quraraq firavan yaşayan türklər, necə oldu ki, zəif, satqın ermənilərin əlində zəlil qaldı? Həmişə özündən güclü düşmənlə yola getmək üçün ən optimal yol kompromisdir. Lakin ermənilərin tarixinə yaxşı bələd olan hər kəs bilir ki, onların iddiaları sonsuzdur və bu yolda qarşılarına çıxa biləcək millətləri zaman-zaman tərksilah etmək yaddaşında yazılıb. Bu xüsusiyyət hamı üçün vacibdir. Onlarla bizim aramızda heç bir ümumi cəhət yoxdur və kompromisə getməyə ümid bağlamağa dəyməz. Dövlətimizin siyasətində də daim vurğulanır ki, işğal olunmuş ərazilər güzəşt edilmədən geri qaytarılmalıdır. Hər bir vətəndaş elə düşünməlidir ki, qarşısındakı zəif düşmən yox, məcazi mənada Napoleon qoşunu dayanıb, silahı yerə qoymaq, bu müqəddəs vəzifəni başqasına həvalə etmək olmaz.

Müharibəyə hazırlaşan xalq düşmən barədə şüurundakı mif və səhv təsəvvürlərdən azad olmalıdır. Strategiya, özlüyündə ideyalar yığını, kulinariya resepti kimi hərbi nəzəriyyəyə ardıcıllıqla əməl edilməsi vacib qaydalar deyil. Qələbə üçün heç bir sehrli düstur yoxdur. Torpağa verilən gübrə kimi, ideyalar da şüurda yeni imkanlar yaradır, lazımi anlarda uyğun hərəkət və reaksiyaya sövq edir. Məğlub olan tərəf döyüşdən sonra harada səhv etdiyini, nəyi düzgün həyata keçirmədiyini düşünür. Elə problem də bundadır: biz həmin vaxt bilik və məlumatımızın azlığı qərarına gəlirik. Nə qədər çox kitabları, nəzəriyyələri, düşüncələri araşdırsaq, vəziyyət bir o qədər qəlizləşər. Avraam Linkolnun sözləri ilə desək, “mənim ən böyük hiyləgərliyim, hiyləgərlik etməməkdən ibarətdir”. Əvvəlcədən hər şeyi düşünmək heç kəsə ekspromtluq sənətini öyrədə bilməz. Ona görə də, dəyişən şəraitə adaptasiya qabiliyyəti nə qədər yüksəkdirsə, uğur ehtimalı bir o qədər çoxdur. Təsəvvür edək ki, taktika bir çaydır. Bu çay nə qədər sürətlə axırsa, enerjisi bir o qədər çoxdur. Keçmişə bağlı düşüncələr isə sualtı qaya parçası, yaxud palçıq kimi maneələr yaradır, sürətli sel axını zəifləyir, bataqlığa çevrilir. Napoleondan soruşanda ki, müharibədə başlıca olaraq hansı prinsipi gözləyirsən, belə cavab verib: “Heç bir prinsip gözləmirəm”. Onun dahiliyi dəyişən hadisələrə həssas reaksiya verə bilmək bacarığından ibarət idi.

İkinci Dünya müharibəsi zamanı Şimali Afrikada almanlara qarşı vuruşan ingilislər tank döyüşləri sahəsində qarşı tərəfdən xeyli üstün imiş. Lakin tez bir zamanda taktiki metodları təkmilləşdirən amerikanlar bu sahədə ingilisləri arxada qoyub. Bunu hətta alman ordusunun baş komandanı, dahi feldmarşal Ervin Rommelin özü də qeyd edib. Amerikalılar ingilislərə sübut ediblər ki, “öyrəndiklərini dəyişməkdənsə, əvvəlcədən düzgün öyrənmək daha asandır”.

Vyetnam müharibəsi zamanı general Vo Nquen Dyap isə hər bir uğurlu əməliyyatdan sonra zabit heyətinə buraxdığı səhvləri başa salır və həmin döyüşü tam gözdən salırdı. Nəticədə öz uğurları ilə öyünməyərək bir dəfə istifadə etdiyi strategiyadan heç vaxt yararlanmaz, hər situasiyaya yeni baxışla nəzər yetirərmiş.

Müdafiənin keçmiş zamanlarda ən geniş yayılmış üsulu qalalar içərisinə sığınmaq olub. Elə indi də sərhədləri güclü şəkildə qorunan ərazilər qalanı xatırladır. Əgər əvvəllər düşməni məhv etmək üçün qala divarlarını dəf etmək tələb olunarmışsa, indi sərhədləri gizli, yaxud aşkar şəkildə yarıb içəri nüfuz etmək qələbəni şərtləndirən başlıca amil olaraq qalır. Qala divarlarını dağıtmaq üçün əsrlərlə yeni-yeni ixtiralar – nərdivanla dırmaşmaq, mancanaqlarla içəriyə daşlar atmaq, lağım qazmaq, mühasirəyə alıb düşməni ac-susuz saxlamaqla müqaviməti qırmaq və s. üsulların yalnız qısa müddət effekti olarmış. Əks tərəf alternativ tədbirləri təkmilləşdirdiyi üçün daha novator üsullar axtarılıb. Onlardan biri ismaililərin Ələmut qalasını qansız-qadasız, dinc şəraitdə ələ keçirməsi üsuludur. Maraqlıdır ki, 1968-ci ildə Şimali Vyetnam döyüşçüləri Amerikanın istehkam kimi qoruduğu Xuye şəhərini həmin üsulla fəth edib. Onların “Lotos çiçəyi” adını verdikləri bu strategiyanın kökləri qədim türklərin hərbi ənənələrinə gedib çıxır. Qorxulu düşmənin dəhşətli görüntülərinə fikir vermədən az bir qüvvə ilə müdafiə olunan əraziyə nüfuz etmək, obrazlı desək, gülün müdafiəsi zəif olan mərkəzini ələ keçirmək kifayət edir. Burada məqsəd, istənilən vasitələrlə mərkəzi hissədə çaşqınlıq yaratmaq, həyəcan toxumu səpməkdir. Bütün hadisələrin mərkəzdən başlanması lotos çiçəyinin açılmasına bənzəyir. Həm də mərkəzdəkilər öz yoldaşlarına qiymətli informasiyalar, düşmənin zəif yerləri barədə məlumatlar göndərirlər və nəticədə bircə zərbə ilə struktur öz daxilində laxlayaraq dağılır.

Troya atı barədə olan əhvalatı yada salaq. Bizim nə qədər igid oğullarımız düşmənə sezdirmədən gedib işğal olunmuş ərazilərdəki evlərinə, ata-anasının qəbirlərinə, doğma yerlərinə baxmış, şəkillərini çəkib gətiriblər. Halbuki, yeri gələndə bu üsuldan sistemli şəkildə istifadə etmək üçün həmişə potensialımız var. Axı ora bizim öz yurdumuzdur!

Bu mənada Azərbaycan hökumətinin uğurlu xarici siyasəti, diplomatik korpusların, diaspor təşkilatlarının, internet resurslarının, mətbuat nümayəndələri və jurnalistlərin gördükləri işləri xüsusilə qeyd etmək lazımdır. İndiki vəziyyətdə heç bir xüsusi strategiya, düşməni içəridən zəiflətmək üçün terror və ya təxribatdan söhbət getmir. Hərçənd ki, müharibə şəraitində bütün üsullardan istifadə edərək rəqibi sarsıtmaq məqbuldur. Amma Azərbaycan həqiqətlərini, erməni təcavüzkarlığını olduğu kimi həm dünyaya, həm öz vətəndaşlarımıza, həm də sadə erməni kütləsinə çatdırmaq kifayət edər. Ordumuzun gözlənilən hərbi uğurlarını haqq işi uğrunda mübarizə kimi anlatmaq çox vacibdir. Müharibə şəraitində sərkərdələrin işlətdiyi hərbi taktikadan biri də “Az-az dişləmək” strategiyası adlanır. Kiçik-kiçik parçalar, ərazilərə və uğurlara nail olmaq strategiyası çox effektlidir.

Müasir dünya hücumu alqışlamır, qəbuledilməz sayır. Əks-hücumda isə belə problem yoxdur. Belə mütəhərriklik və güc verə bilən ikinci strategiya yoxdur. Matodor döyüşləri zamanı nəhəng, itibuynuzlu, qızğın öküzə yalın əllə qalib gələn adam yerindən tərpənmir, hücum edən öküz isə məğlubiyyətə uğrayır. Çünki onun hərəkətlərini izləyən adam hücum edən rəqibi diqqətlə izləyir, səhvlərindən yararlanır, yorulub əldən düşənədək hücum etməsinə şərait yaradır. Lap axırda isə bircə zərbə ilə axırına çıxır.

Geri çəkilmək heç bir halda əməliyyatın sonu hesab olunmur. Nə vaxtsa mütləq dönüb düşmənlə üz-üzə gəlmək və vuruşa girmək lazımdır. Gec-tez həlledici döyüşün olması labüddür. Necə deyərlər, müharibədə qələbə çalmaq naminə, döyüşü uduzmaq da olar. Çoxsaylı havadarlarının köməyi ilə Qarabağda müvəqqəti üstünlüyə nail olmuş erməni qəsbkarları eyforiya vəziyyətindədir. Amma həlledici qələbə, müharibənin taleyini müəyyən edəcək qələbə hələ irəlidədir. O vaxtın uğursuzluqlarını nə ordunun zəifliyi, nə də komandirlərin səriştəsizliyi kimi yozmaq düzgün deyil. Çünki, həmin dövrdə bizim mütəşəkkil ordumuzdan və peşəkar zabit heyətindən bəhs etməyimiz doğru olmaz. Heç əməlli-başlı döyüşlər də aparılmayıb. Sadəcə, Azərbaycanın siyasi həyatındakı xaosdan hiyləgərliklə istifadə edərək şayiələr, qorxutmaq, terror vasitəsi ilə əhalini qovub torpaqlarımızda məskunlaşıblar, vəssalam! Amma bu “vəssalam”ın bir “Bismillah”ı da olacaq tezliklə!

Bütün şanlı qələbələr əslində psixoloji qələbə hesabına başa gəlir. Ona görə də bu amili unutmaq olmaz. Elə son illər idman arenalarında azərbaycanlıların erməni rəqibləri üzərində danılmaz üstünlüyə malik olduqlarını qabartmaq haqq işimizə xeyir verər. Bir qrup saqqallı erməninin uşaq, qoca, qadınlar üzərində üstünlüyü hara, Mübariz İbrahimovun təkbaşına postu qoruyan erməniləri qıra-qıra geri qovması hara? Belə misalların sayını istənilən qədər artıqmaq mümkündür. Bu nümunələr əsgəri hissələrdə indidən siyasi dərslərdə məqsədyönlü şəkildə istifadə edilərsə, psixoloji cəbhədə qələbəmiz təmin olunar. Ondan sonra Ordunun döyüşdə öz qüdrətini göstərə bilməsindən narahat olmağa dəyməz.

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ