İki cahana sığmayan şair - Şəhla Aslan yazır...

Tarix:3-05-2019, 19:27 Baxış Sayı:189

İki cahana sığmayan şair - Şəhla Aslan yazır...
Səhər saat 05:00-da yuxudan ayılmağa adət eləmişəm. Həyətimizdə durub şəhərin müxtəlif səmtlərindən gələn azan səsi həmişə qəlbimdə həzin, xəfif və anlaşılmaz duyğular oyadır bu vədə.

Cənuba tərəf baxıram - Xəzərə. Hələ qaranlıqdır. Yalnız yaxınlığımızdakı təpələrin şiş ucları seçilir. Səhərin nəmimi, yoxsa dağların zəhmi məni bu gün belə üşütdü? Evə qayıdıram... Namazdan sonra həmişəki dualarımın sırasına biri də əlavə olunur: "İlahi, zehnimə aydınlıq ver!" Yenidən həyətə çıxanda qarşıdakı təpələr artıq seçilirdi. Neçə vaxtdan bəri beynimdə dolaşan Nəsimi haqqındakı düşüncələrim yenidən canlandı. Seyrinə daldığım zirvələr ağlımdakı Nizami, Füzuli, Nəsimi zirvələri ilə assosiasiya olundu...

Bu ilin “Nəsimi ili” elan olunması ürəyimdən xəbər verdi. Qərar Nəsimi haqda düşüncələrimi yazmağa da stimul oldu. İndi bu dahi insan haqqında əli dəstəmazlı halda yazacağam. Bu da bir zərurətdir.

Professor Əkrəm Cəfər yazırdı ki, mən Füzulini oxuyanda hey salavat çəkirəm. Ədəbiyyatşünaslığımızın korifeylərindən olan ustadın sözləri klassiklər haqqında yazanlar üçün bir nəsihət olmalıdır. Nəsimiyə hürufi, sufi, kafir və s. kimi adlar yapışdırmışlar. Unudulur ki, o, mütəfəkkir idi, dindar idi, hər şeydən əvvəl müsəlman idi. Həm də Nəsimi fanatik dindar yox, dövrünün ən böyük alimi idi, Qurana təfsir yazmışdı. Ustadı və mürşidi Fəzlullah Nəimi çox qiymətli olan iki kitabında fikirlərinin məğzini vermişdi. Nəimi öldürüləndə tərəfdarlarına vəsiyyət eləmişdi ki, bütün ruhum müridim Nəsimidədir.

Nəsimini edam etdilər. Bizi çaşdıran da elə budur! Çoxları elə düşündü ki, onu müsəlmanlar cəzalandırıbsa, deməli, doğrudan da kafir imiş. Bəs onu cəzalandıranlar kimlər idi? Peyğəmbər nəsihətlərini qulaqardına vuran, İslama qatı zərbə vuran, adı müsəlman olsa da, İslam yolundan sapanlar!

Şairə dürüst qiymət vermək üçün onun əsərlərini oxuyub nəticə çıxarmaq lazımdır. Oxundumu Nəsiminin şeirləri? Xeyr! Xəlifə göstəriş verdi ki, bütün yazıları yandırılsın. Adda-budda dövrümüzə qədər gəlib çatanları da oxuyanda insan zehnində böyük təbəddülat yaratdığından, Sovet vaxtı "ədəbiyyatşünaslar" yeni üsula əl atdılar, - yazdıqlarını təhrif etməyə başladılar. Şairin ən məşhur qəzəllərindən biri olan "Sığmazam" rədifli qəzəlində "Məndə sığar iki cahan, mən bu cahana sığmazam. Gövhəri-laməkan mənəm, kövni-məkana sığmazam" beytində məna üzdədir. O dövrün hakim ənənəsinə görə bütün böyük mütəfəkkirləri ateist olmağa məhkum idilər.

Onu İslam dininə qarşı çıxdığına görə edam etdiklərini demək kommunist alimlərə sərf eləyirdi. Bu "iki cahan" ifadəsi bu ideyanı alt-üst edirdi. Odur ki, bir nəfər fərasətli çıxdı və "iki cahan" ifadəsini "ikən cahan" kimi yazıldığını "kəşf etdi". Vəssalam. Hamı rahatlandı ki, Nəsimi o dünyanın mövcudluğuna inana bilməzdi. Elə ona görə də "Məndə sığar ikən cahan..." demişdi.

Başımız nələr çəkməyib?! "Daloy tar!" deyib milli musiqimizi az qala unutdururdular bir ara. Klassikləri oxuya bilməyək deyə, əlifbamızı dəyişdirdilər, dünyaya görk olası alim, sənətkarlardan ağıllı söz öyrənməyək deyə bir-bir tutub repressiya etdilər, "əl-qol açmayaq" deyə geniş ərazilərimizin sərhədlərini qapa-qapa indiki çərçivəyə salıblar... Dahilərimizin yazdıqlarını da beləcə təhrif eləyiblər. Dünyada əksər xalqların heç Nəsimiyə tay ola biləcək filosofları ya yoxdur, ya da bir-iki nəfərdir. Azərbaycanda isə bütün dünyaya dərs vermək iqtidarında ola biləcək dahiləri saysaq, nəfəsimiz tükənər.

Yenə də təkrar edirəm, şairin fikirlərini başa düşməyin ən səhih mənbəyi onun şeirləridir. Həm də ayrıca bir şeirini, beytini, misrasını başqalarından təcrid edərək məna vermək doğru olmazdı. Nəsimi kimi şairlər şeir yazmaq xətrinə qələmə əl atmayıblar. Onlar bəşəriyyəti düşündürən, ağılları çaşdıran, ziddiyyətli məqamları izah etmək üçün, fəlsəfi sualları aydınlaşdırmaq üçün fikirlərini bildirmək istəyiblər. Lap dahi filosoflar isə öz tapıntılarını nəzmlə də deyə biliblər.

Çünki fikir nəzmlə deyildikdə beyinlərə daha güclü təsir edir. Onların hər bir əsəri bir, yaxud bir neçə fəlsəfi problemin izahına həsr olunub. Bu gün bizim fəxrlə yad etdiyimiz və gələcək nəsillərin də fəxr edəcəyi həmin mütəfəkkirlər saz çalıb ilahi həqiqətləri musiqi ilə camaata çatdıran haqq aşıqlarının, muğam oxuyub incə mətləbləri muğamın sehri ilə beyinlərə yeridən xanəndələrin varisləridir. Məqsəd həmişə bir şey olmuşdur: ilahi həqiqətləri oxuculara çatdırmaq!

"Məndə sığar iki cahan..." Allah insanı yaratma səbəbini belə bildirir: "Mən gizli bir xəzinə idim. İstədim ki, məni bilsinlər". İnsan yeganə şüurlu varlıqdır və öz şüuru ilə Allahı başqa canlılardan daha yaxşı dərk edir. "İnsan yer üzünün əşrəfidir" deyimi də bunu sübut edir. Hər iki dünyanın sirlərini öyrənə bilər insan. İnsan bildiyinin sahibidir. Nəsimi kimi dahilər bu sirlərə bizlərdən daha çox vaqif olublar. Bizə məlum olmayan şeyləri də ehtiva edib Nəsimi. İnsan sifətindəki əzaları hərflərə bənzətmək, bu hərflərin kombinasiyasından ayələri oxumaq kiçik hünərdimi? Bəs bu hünərə müyəssər olduğuna görə səbəbkar Allaha şükür etmirdimi Nəsimi?

Sanki yarandığına, yaradanı dərk etməyə cəhd etdiyinə, çox elmlərə vaqif olduğuna, xilqət məqsədinə nail olduğuna görə bir növ fəxr edirdi, şükür edirdi. O biri dünyada mükafatlanacağı, ya da cəzalanacağı, əbədi yaşayacağı dünyanı da imkan daxilində dərk edirdi belə insanlar. Deməli, hər iki dünya təkcə insanın bətnindədir, dünyanın şövqündə duran insan o biri dünyanı da ehtiva edir.

Son istinadgah Allahdır. Bu dünyada sığmadığını insan bildikcə həqiqi məşuquna yetişməyə can atır. Əgər vüsal çatmağa dünya, maddiyyat mane olursa, onda ondan vaz keçmək lazım gəlir. Bunu ancaq kamil insan dərk edə bilər. Nəsimi qəzəllərinin birində deyir ki, "Dünya duracaq yer deyil, ey can, səfər eylə, Aldanma anın felinə, andan həzər eylə!" Dünya ləzzətlərinin ani, keçici təsirinə aldanmayıb, həqiqi dünyaya səsləyir ruhunu Nəsimi.

Bu dünyaya sığmadığını dərk edəndə də, yenə vüsal süzülür misralarından. İnsan məkansız gövhərdir, bir məkanda dayanıb sakin ola bilməz. Hər iki dünyaya sığmayan insan bu dünyaya necə sığa bilər? Xilqət səbəbinin əbədi həyat olduğunu dərk edən şəxs bu müvəqqəti həyatdan necə zövq ala bilər? Hələ toxunmadığım neçə-neçə mətləblərin gizləndiyi beytin təhrifi kommunist ədəbiyyatşünaslar tərəfindən icra olunursa, yenə göz yummaq olar.

Həmin günlərdə Nəsiminin ateist olduğunu deyənləri də, "Məndə sığar ikən cahan..." dediyinə hökm edənləri də bağışlamaq olar. Bəs indi bizə nə olub? İndi ki, milli-mənəvi dəyərlərimizə sahib çıxırıq, din, vicdan, azadlıq, hər kəsin haqqının özünə qaytarılması imkanı vardır.

Yaşa Ulu babamız! Sən nə iki dünyaya, nə təqdirə, nə tərifə, nə tənqidə sığırsan! Sən insanlığa nümunəsən! Sən qətiyyən mürtəd yox, pakdan paksan! Sən kafir yox, əsl müsəlmansan! Bu yolda canından keçməyə razı oldun, amma dinin, imanın təhrif olunmağına dözmədin!

Yenə namaz vaxtıdır... Hələ də dəstəmazlıyam. Belə müqəddəslər haqqında düşünəndə qəlb paklaşdığı kimi, cismimiz də pak qalırmış. Bu da bir rəmzdir. Nəsiminin yazdıqları rəmz olduğu kimi. Amma rəmzləri də düzgün yozmaq gərəkdir!

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ