Şəhla Aslan: Tanrının imtahan günü

Tarix:10-04-2019, 10:58 Baxış Sayı:189

Şəhla Aslan: Tanrının imtahan günü
Şəhla Aslan

Tanrının imtahan günü


Yaxından tanıdığım bir dükançı var. Həmişə oradan alış-veriş etdiyimə görə imkan düşəndə dayanıb bir az söhbət edirik. Bəzən sirrlərini də mənə etibar edir.

Maraqlı, savadlı, dərin mühakiməsi vardır. Allahla bağlı olduğumu bildiyi üçün bir dəfə ibratamiz bir hekayə danışdı. Dedi ki, mən Sovet dövründə institut qutarmışam, ali təhsilli şərabçı-texnoloqam. Durğunluq dövründə nəzarət bir az zəifləmişdi, biz də bir qrup zavod mütəxəssisi birləşib gizli sex işlədirdik. Qazancımızdan “yuxarıdakı”ların payını verdiyimiz üçün dəyib-dalaşan yox idi. Pul da sel kimi axıb gəlirdi. Hər axşam əsas adamlar maya xərcini, öz paylarını bölüb aparanda üçlük, beşlik və manatlıqları bizim üçün qoyub gedirdilər. Biz dörd nəfər “xırda”lar da hər axşam restoranda bəs qədər yeyib-içəndən sonra qalan pulları öz aramızda bölürdük. Hərə 300-400 manat pul qalırdı hər gün.

Amma bəzən elə olurdu ki, qohum-qardaşın toyuna getməyə pul olmazdı. O qədər qazancın qabağında bədxərclikdən heç 20-30 manatım olmurdu ki, toya gedim. Həyətimdə kirayənişin saxlayırdım. Cavan ər-arvad hər ikisi müəllim idi. Hərəsi 100-200 manat maaş alırdı. Həmişə toy pulunu onlardan borc götürürdüm. İndi başa düşürəm ki, Allah mənim haram qazancımın bərəkətindən kəsib onların halal qazanclarının üstünə qoyurmuş. Ona görə də, özüm ibadət etməsəm də , sizin kimi adamlara rəğbətim böyükdür. Bax, hazırda dükanda spitli içki də satmıram. Spirtdən gələn qazancı istəmirəm.

Həmin dükanın alveri xod gedirdi. Çox keçmədi vitrində içkilər görünməyə başladı, böyür- başına obyeklər əlavə olundu. Qəribədir, yaxınlıqda başqa dükkanlar olduğuna baxmayaraq elə bil hamı tilsimlənmiş kimi yalnız oradan alver edirdi.
Dükanın qazancı aşıb daşırdı. Ürəyimə min cür fikirlər gəlirdi.

Düşünürdüm ki, əsl haqq-hesabın o dünyada olacağını bilirəm, amma bu cah-cəlal xalqı çaşdırır axı!.. Düzlüyə, halallığa meyl azalacaq.
Yenə də dükkançı arada bir söhbətlər edirdi. İnsafən yaxşı adamdı. Hər dəfə dükana yolum düşəndə onun keçmişi yadıma düşür. Açdıqları şərab sexi, həyətlərindəki kirayəşin müəllimdən borc alması və s. İndi də dükan açanda dedikləri ilə indiki əməlinin düz gəlmədiyi halda işlərinin belə “xod” getməsi... Nə bilim vallah!

Dünən yenə ora döndüm. Çox qayğılı görünürdü dükançı. Soruşdum səbəbini. Dedi qızım ağır xəstəliyə tutulub. Daxili orqanlarından bir neçəsi dəyişilməlidir. Aman Allah! Qeyri-ixtiyari soruşdum:

- Xərci nə qədərdir?

- Hardasa 150 min, dollarnan.

- Çox deyil?

- Bu hələ donorun haqqıdır. Həkimin xərci əlavə olacaq.

- Bəs nə eləmək fikrindəsən?

- Əməliyyat etdirəcəyəm. Təki donor tapılsın.

Vəssalam. Heç nə deməyib çölə çıxdım. Qızın xəstəliyinə görə bərk sarsılmışdım. Axşama qədər başı dumanlı halda dolaşdım. Evə qayıdanda bir az fikirlərim ayazımışdı. Daxilimində bir aydınlıq da var idi. Yavaş-yavaş aydınlaşdırırdım ki, məni ən çox sarsıdan İlahi təqdirdir. Başqasının faciəsinə biganə qala bilməsək də, həyat elə budur. Dözməliyik və düşünməliyik. Qarşımızda olan sonsuz yollardan yalnız biri doğrudur.

Onu müəyyənləşdirməyə çətinlik çəkəndə Allaha üz tutmalıyıq. Halal-haram vardır, hərbirinin haqq-hesabı olacaq. Bəzən də elə bu dünya da qarşımıza çıxır. Nənəm demişkən, Allahın min bir iki adı var... Heç indi də başa düşə bilmirəm ki,bu necə saydır?!.. Amma nənəm onu da deyir ki, min dərdin min bir dərmanı var, dərdə düşəndə də dərmanına gücümüz çatan olsun!

Bəli, nə xoş halımıza ki bu nizamlar xaosunda və xaoslar nizamında halal yolu seçə bilək! Məhz bu zaman Tanrının imtahanınından üzü çıxarıq! //525-ci qəzet//

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ