Bakıda ilk qar: qalxanlar və düşənlər...

Tarix:21-02-2019, 16:10 Baxış Sayı:275

Bakıda ilk qar: qalxanlar və düşənlər...Bu il Bakıya ilk qar fevralın ikinci ongünlüyündə yağdı. Körpələri qundaqlarda dondurmaq inadkarlığı ilə yaşayan Kiçik çillənin sonlarında. “İlk qar” deyəndə adamı sanki qıdıqlayırlar. İlk qar olar noyabrda, dekabrda. Day neyləyək, biz şərqliyik də... İlk qarı fevralda görməyimizə şükür etməliyik. İlhahi, sənə min şükür ki, bu şəhərə də qar yağdırdın!

Bakıya ilk qar düşdü... Əlimi uzadıb uçuşan qar dənəciklərindən birini tutmaq istədim. Yəqin ki, niyyətimi başa düşdü, əriyib aradan çıxdı. Qalsaydı, deyəcəkdim ki, “ay sənin kristal qruluşuna quzu kəsim, indi gələrlər? Qrip qırdı ki, bizi!”

Bu nə virusdursa, 3 aydır ki, hamı öskürür. Bu şaxtadan sonra lap boğulayacağıq ki... Vaxtında gəlsəydin, sənin qorxundan Donuz qripi nədi, lap Dinozavr qripi də olsaydı, bizə bu qədər zülüm etməzdi. Xəcalətdən qar dənəciyinin üzünün suyu töküldü, ürəyimin başı ağrıdı. Bəlkə də tutmaq istədiyim dənəcik bizim həyət üçün nəzərdə tutulmamışdı heç. Çünki Bakının dəli küləyi Binənin qarını Xırdalana süpürür, Buzovnaya düşəsi qar Yasamalda bənd alır. Ona görə də özlərini qərib sanırlar, heç yerdə yurd salmırlar.

Bəli, ilk qar düşdü... Qarın düşməyi ilə çox şey düşdü, çox şey qalxdı. Bir az dərinə getsək, deyə bilərik ki, çox şey düşmədi, çox şey də qalxmadı. O şey ki, düşməliyldi, düşdü. Amma yaxşı fikir verəndə görürsən ki, bir şey düşmüş kimi görünsə də, əslində qalxıb. Gərək dərindən fikir verəsən...

Vallahi-billahi, heç nəyə işarə etmirəm. Nə temperatur, nə camaatın əhval-ruhiyyəsi, nə qiymətlər, nə razılıq, nə də narazılıq barədə gül vurmuram. Bilirəm də, ağlınıza bunlar gəldi. Heç qazın təzyiqi, yaxud elektrik gərginliyi də ağlımdan keçmədi, elə-belə söz oynatmaq istədim, indi vaz keçirəm. Yenə hərənin ağlına bir şey gələcək, yaxşısı budur, bu üsuldan vaz keçim.

O gün marşrutda sürücü dodaqaltı deyinirdi ki, “qar düşdü, siqaret qalxdı”. Nəyimə lazımdır siqaretin qiyməti? Kaş, bir də qar düşəydi, siqaretin qiyməti bir dəfə də qalxaydı! Sürücü də sükan arxasında siqaret tüstülədər? Yaxşı ki, təzə qərar da... Qalxdı? Yox. Düşdü? Yenə yox. Bəs nə oldu? Təzə qərar nəzərdən düşdü... Çəkirlər, qardaş, yenə çəkirlər! Yanımdakı xala da deyindi ki, “kaş, Allah başını qoyub ayağına daş düşürtməsin”.

Daha nələr qalxdı, nələr düşdü?.. Hidrometeoroloqların nüfuzu da qalxdı. Zalım uşağı, dəqiqəsinə qədər bilirlər də, nə düşəcək, nə qalxacaq.

Dünən səlahiyyətli yoldaş da deyirdi ki, çörəyin qiyməti qalxmayacaq. Lap un bahalaşsa da, çörəyimiz bol olacaq. Düzdür, nənəm belə vədlərə inanmır, ancaq yenə də sözünü deyir ki, “əgər “qalxmayacaq” deyirlərsə, deməli qalxacaq. Mən ölü, siz diri, indi baxarsınız”. Ağbirçəkdir də, yola verək. O boyda kişilər söz verən yerdə, nənəmin politoloji mülahizələri və yaxın gələcək ehtimalları inandırıcı görünmür. Mən Yekə, lap Yekə insanlara inanıram.

Demişdilər ki, pensiya qalxacaq. Söz verdilər, etdilər. Nə olsun az qalxdı, adam xırdaçı olmaz, qalxdı da! Heç dövlət qulluqçularının pensiyalarının qalxmasını heç deməmişdilər, amma onlarınkı da qalxdı. Qalxdı yox eee, göyə milləndi. 40 faizə doğru yüyürdü. Elə olmalıdır da. Axı, onlar dövlət quluqçusudur. Adam gərək dövlətə qulluq eləsin. Bəs, necə düşünürsüz, dövlət müxalifətdəkilərin də əmək haqlarınıı, yaxud pensiyalarını qaldırmalıdır? Onlar ki, gəmidə oturub gəmiçi ilə dava eləmək istəyirlər. Ehh, qar dənələri yerdə necə əriyirsə, bəzi “siyasətçi”lər də eləcə nüfuzdan düşdü...

Təqvimin bundan sonrakı günlərinə boz ay, ağlar-güləyən ay deyirlər. Deyiblər də babalar, o vaxt təqvim yox idi, kim nə istəyirdi elə də toqquşdurudu. Bir də gördün yenə gün çıxdı, boz ay oldu güllü-çiçəkli, bər-bərəkətli bir dövran. Göylər yerə yağış tökmədi, buludlar da ağlamadı, Günəş də gülümsər çöhrəsi ilə nurlu şəfəqlərini yerə ələdi. Mahnıda necə deyir: “Yenə bu səhər, günəş nur yerə ələr”. Onda nə deyəcəyik bu aya? Nur dedim, yadıma neft düşdü. Daha doğrusu, neftin qiyməti, lap dəqiq desəm, qiymətinin qalxması. Qoy qalxsın da! Gəlirimiz artır, xəzinəmiz dolur, dost sevinir, düşmənin gözü çıxır! Gözü çıxır deyəndə avtobusda yanımda qarğış tökən xala yadıma düşür; birdən sözü yerə düşmədi?!...

Deyirəm Allah paxıla vermir də! Versəydi, Ermənistanda da neft olardı. Yoxsa, onların murdar əlləri qızıldan qiymətli neftə dəysəydi, onun da bərəkəti qaçardı, qiyməti hey düşər, düşərdi. Şükür ki, bu ilk qarın düşməsi ilə neft də qalxır, qalxır!..

P.S. Bu gecikmiş qar mənə qoca kişini xatırlatdı. Ömrü boyu oynamayan qoca nəvəsinin toyunda əllərini qaldırıb yöndəmsiz şəkildə yırğalanır və öz hərəkətlərindən özü də utanır. Bacardıqca oyundan tez çıxmağa çalışır. Səhər duranda çölə baxdım: qar-zad yoxdur. Qalxıb gəldiyi yerə. Bu “modnı” qriplər də qarın təpərsizliyini bilib təzədən yapışdılar canımıza. Qızdırma gah qalxır, gah düşür. Kaş, hər işimiz belə olsun: qalxsın və ensin. Enişli-yoxuşlu həyatın fəlsəfəsi budur da! Daim tərəqqi, yaxud tənəzzül olmaz ki. Təki sağlıq olsun!

Şəhla Aslan,
MANERA.AZ


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ