Mixail Bulqakovun gizli vəsiyyəti

Tarix:19-02-2019, 16:07 Baxış Sayı:194

Mixail Bulqakovun gizli vəsiyyəti
Yazıçı Mixail Bulqakov həyatının son günlərini xəstəliklə çarpışmışdır. Hələ danışa bildiyi günlərin birində arvadı Yelena Sergeyevnaya vəsiyyətnamə tərtib etmək istədiyini bildirir.

Vəsiyyətnamədə bu cümlələr yazılmalı idi: “Master və Marqarita” romanı nəşr olunduqdan sonra müəllifə ayrılan qonorarın müəyyən faizi onun məzarı üstünə gəlib çiçək qoyacaq adama verilməlidir.

Bu, Mixail Afanasyeviçin növbəti acı zarafatı idi... Amma Yelena Sergeyevna ərinə onun istəyini həyata keçirəcəyinə dair söz verdi.

Mixail Bulqakov 1940-cı ilin 10 mart tarixində vəfat etmişdir. Ömrünün son illərində üzərində əzabla çalışdığı “Master və Marqarita” romanı 1966-cı ildə “Moskva” jurnalında yarımçıq şəkildə çap olunur. 1969-cu ilin yazında isə Novodeviçye qəbirstanlığında gənc oğlan peyda olur. O, tək idi və kiminsə məzarını axtarırdı. Yeganə bildiyi axtarışı Çexovun məzarının yaxınlığında aparmalı olduğu idi.
Mixail Bulqakovun gizli vəsiyyəti
Və o axtardığını tapdı. Bulqakovun məzarında yaşıla çalan qara rəngli məsaməli daşdan düzələn başdaşı qoyulmuşdu. Bu daş əvvəllər mərhumun çox sevdiyi və yuxuda “Ustad, mənim üstümü çuqun şinellə ört” deyə müraciət etdiyi yazıçının – Qoqolun məzarındakı başdaşı idi.

Gənc oğlan çox kədərləndi: məzar üstündə bircə çiçək belə yox idi. O, darvazalara tərəf gedib çiçək aldı və yenidən məzarın yanına qayıtdı. Bir müddət dayandıqdan sonra geri qayıtmağa hazırlaşarkən bir səs eşitdi: “Cavan oğlan, gözləyin”. Yola yaxın olan skamyada əyləşən yaşlı qadın ayağa durub ona yaxınlaşdı: “Bağışlayın, adınız nədir? Mənə sizin ev ünvanınız və telefon nömrəniz lazımdır”. Gənc adam çaşdı, amma özünü təqdim etdi: “Vladimir Nevelski, jurnalistəm, Leninqraddan”. Qadın gəncin familiyasını, adını, atasının adını, leninqraddakı ünvanını, telefonu yazaraq təşəkkür etdi və çıxışa tərəf yollandı.

Gənc adam isə Leninqrada qayıtdı. İki həftədən sonra onun ev ünvanına Moskvadan poçt göndərişi gəldi. Bu böyük məbləğdə pul bağlaması idi. Gənc adam yenidən çaş-baş qaldı: bunu kim göndərib? Bir ya iki gün sonra Leninqraddakı mənzilin telefonu zəng çaldı: “Sizinlə danışan Yelena Sergeyevna Bulqakovadır... Sizə pul bağlaması gəldimi? ”– Yelena Sergeyevna soruşdu. Və Bulqakovun qeyri-adi vəsiyyəti barədə Nevelskiyə danışdı...

29 il sonra Yelena Sergeyevna Mixail Afanasyeviçin son vəsiyyətinə əməl etmişdi. Bu pula rus admiralı və dənizçisi Gennadi İvanoviç Nevelskinin nəvəsi özünə gəmi aldı və onu “Mixail Buqakov” gəmisi adlandırdı...

Xatirə NURGÜL

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ