Niyə intihar edirik?

Tarix:16-02-2019, 15:25 Baxış Sayı:258

Niyə intihar edirik?

Manera.az Şəhla Aslanın "Əbədi paradoks: İntihar" yazısını təqdim edir:

Həyatın şirinliyi mübahisə doğurmayan bir həqiqətdir. Həyat - onun mənası da sonadək anlaşılmayan məsələdir. İnsan yaranandan bəri daim yaradılışın məqsədi, arzu, tale, qismət, dünya və ölüm barədə fikirləşir. Lakin bir-birini təkzib edən, zahirən bir-biri ilə uyuşmayan bu anlayışları sonadək dərk etmək mümkün deyil. Hardasa idrak məhdudluğu ucbatından insan bu işdə öz acizliyini etiraf etməli olur. Amma nə olursa-olsun, əksəriyyət yaşamaq uğrunda tam qüvvəsi ilə çalışır...Bəzən çalışılmır...çünki bəzən insan niyə yaşadığını anlamadığından vaveyla həyat sürür...

Yerin fırlandığını iddia edən Qaliley həyatına təhlükə yaranan kimi öz fikrindən əl çəkir. Elmi həqiqətin sübutu həyatdan dəyərli ola bilərdimi? Bununla yanaşı, yaşamaq çətinliyi, xəstəlik ağrıları, yaxının itirmək əzabı bəzən intiharla nəticələnir. Hətta kifayət qədər ağıllı hesab olunan adam da günlərin birində bu yolu seçir. Sonu seçənlər “onu yaşamağa davam etməyə dəyərmi?” sualına “yox” cavabı verərək ölürlər. Bu sual-cavab isə insan qəlbinin ən dərin qatlarında cərəyan etdiyi üçün ən yaxınlarının belə xəbəri olmur. Ən adi söz, yaxud hərəkət bu daxili iztirabın üzə çıxmasına səbəb ola bilər. Xiffət, ziddiyyət isə üzə çıxdıqda adiləşir, dünyanın sonsuz problemlərindən birinə çevrilir. Əsas məsələ öz gözləntilərinin əksi ilə qarşılaşan insanın “həyat-ölüm” püşkatması anıdır, çünki intihar edən adam bu anda “həyat - onu yaşamağa dəyməz” qərarını etiraf edir. Təbii ki, həyat həmişə çətin olmuşdur, insanlar müxtəlif səbəblərə görə, əsasən də vərdiş sayəsində fəaliyyətini davam etdirir.

İntihar – bu zərurətin faydasızlığını etiraf etməkdir.

Əslində, lap axmaq izahat verilsə də, izah oluna bilən ziddiyyətlər, bizə tanış dünyadır. Amma insan idrakı ətraf aləmi qəbul edə bilmirsə, qəfil hadisələrin gözləntiləri və ya illüziyası ilə uyuşmursa, hər şey ona yadlaşır, absurd qərarlar formalaşır. Elə intihar da absurddan törənir. İnsanın fəaliyyətinə, onun həqiqət bildiyi nəsnələr rəhbərlik edir. Bunlar absurda çevriləndə çaşqınlıq içində çabalayır, tələsik sarsıntıdan çıxmaq istəyir. Lakin mövcudluğun absurd olduğunu başa düşənlər “hə” cavabı ilə məsələni tündləşdirmirlər. “Yox” cavabı verənlərin əksəriyyəti də həyatın davamına qərar verirlər. Axı düşüncələrimiz yaşamaq təcrübəsindən xeyli geri qalır. Bədənimiz başqa materiallar kimi öz mövcüdluğunu davam etdirməyə çalışır. Bu işdə ağıldan daha “ağıllı” olan təhtəlşüur da onun tərəfindədir. Şüur absurdla rastlaşdıqda düzgün həll yolunu seçə bilmir.

İntihar qərarı sahibi və başqaları üçün də həqiqətdir. Lakin bütün həqiqətlərin fövqündə vahid bir həqiqət var: yaşamaq daha vacibdir.

Fəlsəfədə “tryuizm” anlayışı mövcuddur. Həqiqət olsa da, nəzərə alınması daha məqsədəuyğundur. İntihar qərarı ötəri həqiqət kimi yerini daha ciddi həqiqətə güzəştə gedir. Bu hal hamıya yaxşı tanışdır. Təfəkkür intiharı öncə gəldiyi üçün həmin vəziyyətdən bacarıqla çıxmaq lazımdır. Çünki təfəkkür intiharı baş verir. Sadəcə onu zahirə çıxarmaq, dünyaya tətbiq etmək, adiləşdirmək zəruridir.

Saat mexanizmi kimi işləmək, sadəcə mövcudluq xatirinə yaşamaq, xəyallarda dekorasiyalar qurmaq bir gün absurdla toqquşanda qəfil sual yaranır: “Nəyin naminə?” Və o qüssə ağuşuna alır insanı. Qüssə - mexaniki həyatın nəticəsidir. Qüssə əvvəlki həyatın davamı, ya da oyanışla sonuclanır. Oyanışın arxasınca isə nəticə gəlir: Qüssə öldürücü də olsa, bəzən rifah gətirir. Ancaq idrakın özü məhduddursa, heç bir amili sonadək anlamağa qadir deyilsə, ona etibar etmək nə qədər məntiqlidir? Bu gün bizə həqiqət kimi görünən nəsnələr sabah puç olur, ya əskinə. Ani bir ziddiyyət, çaşqınlıq belə bir suala arqument olmağa layiqdirmi?..

Qalliani abbatının xanım de Epinneyə dediyi məşhur söz belə idi: “Əsas məsələ sağalmaq yox, öz xəstəliyinlə yaşamağı öyrənməkdir”. Bax, bu sıçrayışdır – irrasionallıqdan qurtulub həyata doğru sıçrayış!

"525-ci qəzet"


Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ