Bu roman sizə faciə gətirəcək...

Tarix:21-11-2018, 11:49 Baxış Sayı:68

Bu roman sizə faciə gətirəcək...
"Master və Marqarita” əsəri Mixail Bulqakov tərəfindən qələmə alınmış, rus ədəbiyyatının dəyərli romanlarındandır. İblisin ateist Sovetlər birliyinə səfərindən bəhs edən roman bu günümüzdə belə dartışılan, müzakirə olunan mistik əsərlərdən biri hesab olunur.

Siz oxucular "Master və Marqarita” əsərinin tarixi, sirli, qorxunc taleyilə yaxından tanış olacaqsınız. Çalışın qorxmayın...


Sirli əsərin başlanğıcı

Bir çox tədqiqatçılar əsəri XX əsrin ən böyük romanlarından biri kimi dəyərləndirir və SSRİ-də azadlıqların boğulmasına qarşı yazılmış ən güclü satiralardan olduğunu qeyd edirlər. Bulqakov XX əsrin əvvəllərində "Caynaqlı mühəndis" adlı roman yazmağı düşünsə də, həmin əsəri az sonra "Master və Marqarita" adlandırır. Bu roman Bulqakovun sonuncu kitabı olur.

"Master və Marqarita" əsərinin sanki özünün sonuncu əsəri olacağını duyan yazıçı onun hər səhifəsinə tükənməz fantaziyasını, başlıca fikir və ideyalarını, bir sözlə, bütün varlığını hopdurmağa çalışmışdır. Əsas məna daşıyıcısı mif olan və "roman içində roman" prinsipinin gözlənildiyi bu əsərdə mif (əslində, din tarixindən götürülmüş hadisə) süjeti müasir zaman fəsilləri ilə paralel inkişaf edir. "Master və Marqarita"da simvolik obrazlardan olan fırtına motivi bütünlüklə romanı əhatə edir və getdikcə artaraq qarşıdakı dünya dəhşətindən xəbər verir.

Bulqakov romanı 1928-ci ildə yazmağa başlamışdır. Belə bir mövzuda əsərin SSRİ-də uğur qazanmasının mümkünsüzlüyünü anlayan və uğurlu gələcəyə ümid etməyən yazıçı romanın ilk əlyazmasını 1930-cu ildə yandırmışdır. 1931-ci ildə isə yenidən həmin mövzu üzərində işləməyə başlamışdır. 1935-ci ildə Bulqakov ABŞ-ın SSRİ-dəki səfirinin iqamətgahı olan "Spaso Evi"nə getmiş və səfir Uilyam Byulit yazıçını roman üzərində işlərini tamamlamağa həvəsləndirmişdir. Əsərin son versiyasının bütün xəttlərini özündə birləşdirən ikinci layihə 1936-cı ildə tamamlanmışdır. Üçüncü layihə isə 1937-ci ildə yekunlaşdırılmışdır. Əsərin senzuradan keçmiş ilk versiyası (senzura romanın tam mətninin 12%-ni silmiş, həmçinin əsərdə çoxlu mətn dəyişiklikləri etmişdir) Moskva jurnalında nəşr edilmişdir. Mətnin silinmiş və dəyişdirilmiş hissələri samizdatın bazasında nəşr edilmişdir. Əsərin 1967-ci ildə Frankfurtda Posev tərəfindən nəşri zamanı senzuranın redaktələrinin geri qaytarılması isə bu nəşrə əsaslanmışdır. Əsərin tam versiyası SSRİ-də 1973-cü ildə Anna Saakyants tərəfindən "Xudojstvennaya Literatura" jurnalında nəşr edilmiş və bu nəşr əsərin 1940–cı il nəşri əsasında hazırlanmışdır. Bu versiya 1989-cu ildə ədəbiyyatçı Lidiya Yanovskaya tərəfindən əlyazmalar əsasında romanın son versiyası nəşrə hazırlanana qədər dəfələrlə nəşr edilmişdir. XX əsr dünya ədəbiyyatının təqdirəlayiq hadisəsi olan "Master və Marqarita" rus ədəbiyyatında o zamana kimi görünməmiş misilsiz, qeyri-adi bir hadisəsi, Qoqol satirası ilə Dante poeziyasının, gülüşlə lirikanın mükəmməl qatışığıdır.

Bulqakov "Master və Marqarita"nı yaşadığı dövr və insanlar haqqında tarixi və psixoloji həqiqət kimi qələmə almış, məhz ona görə də roman dövrün bir növ unikal bədii sənədinə çevirilmişdir. Eyni zamanda gələcəyə xitabla yaradılmış bu dərin fəlsəfi hekayət öz yüksək bədiiliyi ilə bütün dövrlərin kitabı ola bilmək səviyyəsinə yüksəlmişdir.

Mistik faciələr...

Mixail Bulqakovun "Master və Marqarita” romanı ətrafında gəzən söz-söhbət bitmir. Zarafat deyil, bu əsəri ekranlaşdıran, səhnələşdirən, yaxud orada rol alan aktyorların həyatında mütləq faciəli hadisələr baş verir. Əsərin baş qəhrəmanı Volandın bir sitatını xatırlamamaq olmur: "Bu roman hələ sizə çox sürprizlər gətirəcək”. Volandın xəbərdarlıq etdiyi "sürprizlər”lə üzləşənlərin halına acımamaq olmur. Əvvəla onu qeyd edim ki, kifayət qədər populyar olan bu roman Rusiyada dəfələrlə səhnəyə qoyulub və ekranlaşdırılıb. 1972-ci ildə Andrey Vayda "Pilat və başqaları” adlı film çəkir. Ad başqa olsa da, süjet xətti "Master və Marqarita”nı xatırladırdı. Filmin çəkilişləri bitən kimi Yeşua obrazını canlandıran aktyor sirli şəraitdə öldü. Elə həmin il bu mövzuda Yuqoslaviya və İtaliya kinematoqrafçıları da film çəkdilər. Lakin filmin nümayişı İtaliyada qadağan olundu, rejissor isə ölkədən qovuldu. O, sonradan yad ölkədə kasıbçılıq içində öldü. 1990-cı illərdə Moskvanın "Cənub-Qərb Teatrı”nda "Master və Marqarita” səhnələşdirildi. Voland obrazını canlandıran Viktor Avilov özünü pis hiss etməyə başladı. Aktyor pis ruhlardan qorunmaq üçün üzərində xaç gəzdirirdi. Amma bu kömək etmədi. Tamaşanın premyerasından sonra həkim müayinəsindən keçən Avilovda xərcəng xəstəliyi aşkarlandı.

Lənətli roman

Aktyor Dmitri Düjev də bu romanı lənətlənmiş hesab edir. O, hələ institutda oxuyarkən "Master və Marqarita” əsərindən diplom işi kimi hansısa rolu məşq edirmiş. Qəfildən onun kiçik bacısı dünyasını dəyişdi. Üstündən bir neçə il keçəndən sonra Düjev teatrların birində yenə də "Master və Marqarita”da rollardan birini oynamaq üçün təklif alır. Təklifi qəbul edir və tezliklə buna peşman olur. Az vaxt ərzində aktyorun atası və anası dünyasını dəyişir. Maraqlıdır ki, rejissor Vladimir Botko bu lənətlənmiş romanı ekranlaşdırarkən heç bir qeyri-adi hadisə baş vermədi. Lakin film ekranlara çıxandan sonra serialda rol almış, Rusiyanın ulduz aktyorları – Kiril Lavrov, Aleksandr Abdulov, İlya Oleynikov, Vladislav Qalkin, Valeri Zalatuxin dünyalarını dəyişdilər. Qərbdə də belə lənətlənmiş əsərlər var. Xarici aktyorlardan heç kim Şekspirin "Maqbet” əsərində rol almaq istəmir. Axı bu əsəri ekranlaşdırmış, səhnəyə qoymuş, yaxud orada rol almış adamların hamısının həyatında faciəli hadisələr baş verib.

Bitməyən festival

Bulqakovun özünün də iştirak etdiyi bir tarixi hadisə - 1935-ci il 24 aprel tarixində ABŞ-ın SSRİ-dəki səfiri Vilyam Bulit tərəfindən Spaso Evində (ABŞ səfirinin Moskvadakı qərargahı) təşkil edilmiş Yaz Festivalı – "Master və Marqarita” romanının yazılmasına böyük təsir göstərmişdir. Bulit Moskva tarixində o zamana qədər səfirlər tərəfindən keçirilmiş bütün qəbul mərasimlərindən fərqlənən bir mərasimin təşkil olunmasını tapşırmışdı. Dekorasiyaya "on brich” ağacı daxil edilmiş, otaqlar şamdanlarla bəzədilmiş, yemək masasına fin zanbaqları qoyulmuş, döşəmə nəm ot effekti yaradan xüsusi şəkildə hazırlanmışdı. Festivalın keçirildiyi yerə Moskva zooparkından müxtəlif heyvanlar da gətirilmişdi. Lakin İosif Stalin aralarında Xarici İşlər Naziri Maksim Litvinov, Müdafiə Naziri Kliment Voroşilov, Kommunist Partiyasının yüksək vəzifəli şəxsləri Nikolay Buxarin, Lazar Kaqanoviç, Karl Radek, Sovet marşalları Aleksandr Yeqorov, Mixail Tuxaçevski, Semyon Budonniy və yazıçı Mixail Bulqakovun da olduğu dörd yüz nəfərin mərasimə qatılmasına icazə verməmişdi. Mərasim səhər açılana qədər davam etmişdi. Festivala gətirilmiş ayı balalarından birinə Karl Radek tərəfindən şampan şərabı içirilmiş, səhərə yaxın isə zebralardan biri qaçmışdı. Mixail Bulqakov Yaz festivalını romanın əsas yaddaqalan hissələrindən biri - Bütöv Ayın Yaz Balı kimi təsvir etmişdi. 2010-cu ilin 29 oktyabrında orijinal balın keçirilməsinin yetmiş beş illiyi və Master və Marqarita romanının şərəfinə ABŞ-ın Rusiyadakı səfiri Con Beyrle tərəfindən yenidən mərasim təşkil edilmişdi.

Sevgi və məsumiyyət

Ümumilikdə romanın mövzusu xeyir və şərin qarşılıqlı təsirləri, məsumiyyət və günahkarlıq, cəsarət və qorxaqlıq, avtoritar hakimiyyətin məhv etməyə çalışdığı həqiqəti söyləmək məsuliyyəti və azad olmayan dünyada azad ruha sahib olmaq haqqındadır. Sevgi və məsumiyyət romanın dominant mövzularıdır. Marqaritanın Masterə olan məhəbbəti onu öz ərini tərk etməyə məcbur edir və sonda bu məhəbbət qalib gəlir. Onların arasındakı cinsi birliklə yanaşı ruhi birlik də mühüm əhəmiyyət daşıyır. Roman qarışıq hissi təsir yaradır, lakin, sevgisiz sevinc hissinin yaşanması romanda qəti satirik keçidlərlə təsvir edilir. Od, su, dağılam və digər təbii vasitələr romanda ictimai sabitlik yaratmaq üçün vasitələr, işıq və qaranlıq, səs və sakitlik, gün və ay isə müxtəlif güclü qütblər kimi təqdim edilir. Romanın əvvəlindən axırına kimi, Moskva və Yerusəlim arasında əlaqə izlənilir.

Narkoman yazıçı

Bulqakov əyalət həkimi işləyəndə o, morfi aludəçisinə çevrilir. Ara-sıra bu bəladan uzaqlaşsa da, az keçməmiş əli yenə morfi ampulasına uzanır. Onun "Morfi” hekayəsini xatırlayırsınızmı? Hekayənin qəhrəmanı elə Bulqakovun özüdür. O, nəhayət morfidən canını qurtara bilir, damarlarını dəlmə-deşik etmir, ancaq uzun müddət kokain iyləməklə kifayətlənir.

Müasirləri kimi Bulqakov da elə sanırdı ki, narkotikanın qəbulundan sonra qarabasmalar şüurun sərhədlərinin genişlənməsi nəticəsində baş verir.Amma ömrünün ikinci yarısında bütün zərərli vərdişlərdən əl çəkmişdi və bütün varlığıyla Tanrıya iman gətirmişdi. Elə bu inamı onun qəlbindən heç kəs silmək iqtidarında deyildi.

Sözarası deyim ki, Bulqakov cəmi 49 il yaşayıb və onun ömrünün birinci yarısı sən demə, 25 yaşında artıq tamamlanıbmış.

O, gündəliyində həmin ərəfədə yazırdı:"Bəlkə də güclü və özünə hədsiz inamı olan adamlara Allah lazım deyil. Ancaq şəxsən mən böyük yaradana inamsız qətiyyən keçinə bilmərəm.”

Mən nə cadugər, nə də peyğəmbər...

Bulqakovun adamları heyrətə gətirən yaradıcılıq istedadını onun qeyri-adi şəkildə təzahür edən duyma, hissetmə, görmə qabiliyyətindən ayırmaq mümkünsüzdür. Xeyr, o cadugər zad deyildi, amma başqaları kimi əlini əlinin üstünə qoyub oturmurdu, inadla göy üzünün sirli-sehrli qapılarını döyməyi davam edirdi.
Ona peyğəmbərlik iddiasına düşmüş dəli kimi baxanlar da olmuşdu. Amma olacaqları qabaqcadan duyub xəbər verməsini də sükutla qarşılamaq olmur. Bəzən elə olurdu ki, gələcəkdə başlarına nə gələcəklərini bilmək üçün ona üz tutanlara əsəbi şəkildə "mən nə cadugər, nə də peyğəmbər deyiləm” deməklə qapını göstərirdi.

"Əlyazmalar yanmır”

Romanın ən unudulmaz və tez-tez sitat gətirilən ifadəsi "Əlyazmalar yanmır” ifadəsidir.

Master həm şəxsi problemləri həm də XX əsrin 30-cu illərində Stalin rejiminin Moskvada yaratdığı problemlərdən əziyyət çəkən bir yazıçıdır. O, SSRİ hakimiyyətinin təzyiqlərinə tab gətirməyərək yazdığı romanın əlyazmasını yandırır və romanda təsvir etdiyi hər şeyi yadından çıxararaq unutmağa çalışır. Daha sonra Voland (İblis) yandırdığını sandığı əlyazmanı ona qaytararaq deyir: "Sən bilmirsənmi ki, əlyazmalar yanmır?” Romanın bu hissəsi müəyyən qədər avtobioqrafik xarakter daşıyır. Belə ki, Bulqakov da "Master və Marqarita” romanının ilkin əlyazma nüsxəsini Sovet hakimiyyətinin mənfi münasibəti səbəbiylə yandırmışdı.

Son

"Master və Marqarita”nın yazıldığı, Bulqakovun Moskvadakı köhnə evi 1980-ci illərdən əsasını Moskva satanistləri təşkil edən Bulqakov fanatlarının görüş yerinə çevirildi və qonaqlar evin divarlarını müxtəlif məzmunlu qraffitlərlə bəzədilər. Bütün bu qraffitlər isə 2003-cü ildə evin divarlarından silindi. Lakin silinməzdən əvvəl onların ən gözəlləri, sonradan divarda bərpa olunması üçün köçürülmüşdü. Tezliklə binanın bütün sakinləri onu tərk etdilər və binada Bulqakovun ev muzeyi yaradıldı. Muzeydə Bulqakovun şəxsi əyaları, fotoları saxlanılır və onun həyatı, yaradıcılığı və müxtəlif əsərləri haqqında sərgilər təşkil olunur. Həmçinin muzey müxtəlif ədəbi və poetik məclislərin keçirildiyi məkan kimi də tanınıb.

Deyilənə görə əsəri üç dəfə oxuduqdan sonra oxucunun yaxud onun yaxınların başına fəlakətlər gəlir. Ancaq mənim fikrimcə bu da əsərin piarı üçün nəzərdə tutlan metodlardan biridir.
Qardaşım bu əsəri oxuyanda bacım dəhşətli qorxu yaşamış, sarsılmışdı. Bəndəniz isə psixoloji dispanserə düşmüş 2 ay müddətində müalicə olmuşdum. Anam, atam yaman narahat olmuşdular, bütün günü qızlarına baxıb təəssüflə başlarını yırğalayırdılar. Mənə görə də çox əzab çəkirdilər. Hər dəfə bacımın sayıqlamalarına baxan anam üz-gözünü cırıb "Mənə ölüm ver” deyirdi.

Qardaşım ikinci dəfə "Master və Marqarita”nı oxuyandan sonra ata və anamı itirdik. Bacım da bütün bunların səbəbini o lənətli romanda görür. Ona görə də nə məni, nə də qardaşımı bu əsərə yaxın buraxmır. Onun kövrək ürəyi buna imkan vermir../Oğuz Ayvaz, adalet.az/

MANERA.AZБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ