Cəngi havaları üstündə bəstələnən marşlara ehtiyacımız var

Tarix:9-11-2018, 14:55 Baxış Sayı:168

Cəngi havaları üstündə bəstələnən marşlara ehtiyacımız var
Bizim "Bayatı-Şiraz" üstündə yox, cəngi havaları üstündə bəstələnən marşlara ehtiyacımız var


Himnin ümumilikdə bir xalqın tarixini, ənənələrini və mübarizələrini özündə əks etdirən vətənpərvərlik musiqisi olduğunu aşağı-yuxarı hamımız bilirik. Gəlin uğrunda ciddi çəkişmələrdən çəkinmədiyimiz bu məfhumun tarixinə bir neçə abzasda göz ataq. Fikrimcə bu bizə dünya xalqlarının himnə olan münasibətlərini anlamaqda və öz yanaşmamıza təkrar baxmaqda müəyyən qədər kömək edəcək.

Tarixdə ilk himnin müəllifləri hollandlar sayılır. "Wilhelmus van Nassouwe", qısaca olaraq "Wilhelmus" adlanan bu himn 1572-ci ildən etibarən Niderland Birləşmiş Krallığına rəsmi tədbirlərdə yoldaşlıq edib. Bu əsəri hollandlar İspaniya İmeriyasından ayrılmalarının şərəfinə yaradıblar.
Adrianus Valerius tərəfindən nota salınan və orijinal müəllifi bəlli olmayan himn, 1932-ci ildə təkrar aranjiman olunur və elə həmin ildən, rəsmiyyətini alır. Hollandiya tarixində “Wilhelmus”un qüvvəsini itirdiyi iki ayrı dövr var. Birinci dəfə Niderland Krallığının güclü dövrlərində 1813-1932 illər arası. Bu dövrdə onu Hendrik Tollensin "Wien Neêrlands bloed door d'aderen vloeit" adlı musiqisi əvəz edir. İkinci dəfə isə Almaniya işğalı zamanı baş verir. Himnin tam versiyası on beş dəqiqədir. Hazırda himnin yalnız birinci və altıncı bəndləri, yaxud elə birinci bəndi oxunur.
İlk himn yaradan xalqlar arasında yaponları, ispanları, ingilisləri, danimarkalıları, filippinliləri də görə bilərik.

Lakin himnin dövlət atributu kimi dəbə düşən dövrü XIX əsrdir. Osmanlı İmperiyasının himn tarixinə baxanda bunu aydın şəkildə görmək mümkündür. Təkcə 1829-1918-ci illər arasında beş Osmanlı Sultanının adına himn yazılmışdır.

Gələk himnlərin müəllifləri mövzusuna. Dünya dövlətləri arasında himn musiqilərinin müəlliflərinin əksəriyyəti məşhurluğu ilə seçilməyən bəstəkarlardır. Məsələn, Böyük Fransa inqilabının və bu günkü Fransanın himni - "Marselyeza"nın sözləri də, musiqisi də 1792-ci ildə mühəndis Klod Jozef Ruje de Lil tərəfindən yazılmışdır.

Yaxud "The Anacreontic Song", bu musiqi XVIII əsrdə Londonlu centlmenlər klubu sayılan və eramızdan əvvəl yaşamış Yunan saray şairi Anacreonun adını daşıyan "Anacreontic Society"nin rəsmi musiqisi idi. Musiqinin müəllifi Biritaniyalı kilisə orqançısı John Stafford Smithdir. Əsasən Johann Sebastian Bachın əlyazmalarını toplamaqla tanınan bu adi musiqiçinin əsəri müxtəlif mərhələləri aşaraq 1931-ci ildə Amerika Birləşmiş Ştatlarının rəsmi himni olur.

Fəqət himnlər içərisində çox məşhur bəstəkarların ruhundan pay alanlar da var. "Das Lied der Deutschen" kimi Jozeph Haydn tərəfindən Alman xalqına verilən ərməğan, yaxud Avstriyalıların Wolfgang Amadeus Mozart tərəfindən bəstələnmiş "Land der Berge, Land am Strome", Aram Xaçaturyan tərəfindən bəstələnmiş "Anthem of the Armenian Soviet Socialist Republic". Himn bəstələyən növbəti məşhur bəstəkar isə 1869-cu ildə IX Papa Piyin qızıl yubleyi münasibəti ilə məşhur fransız bəstəkarı Şarl Qnounun Vatikan üçün bəstələdiyi himndir.

Mətnin məğzindən kənara çıxıb, diqqəti hər yerdə olmağı bacaran qonşularımıza çəkmək istəyirəm. Necə olur ki, "Spartak" və "Ganye" baletləri ilə məşhur olan Aram Xaçaturyan bu gün vikipediyada göstərilən dörd məşur himn müəllifindən biri sırasında ola bilir, ancaq şərqin ən böyük bəstəkarı Üzeyir Hacıbəyov yox!? Fikrimcə himnimizi tənqid edənlərə qarşı müəllifin Üzeyir Hacıbəyov olduğunu əldə qalxan eləmək əvəzinə, o siyahıya Hacıbəyovun adının da salınmasına çalışmaq daha yaxşı olardı. Onsuzda bizim birinci himnin müəllifi də Hacıbəyovdur.

Məlumat üçün onu da qeyd edim ki, ümumiyyətlə dünya dövlətləri himnlərinin böyük əksəriyyəti major şkalasında yazılır. İki qrup istisna vardır. Minorda yazılanlar (Bolqarıstan, Slovakiya, İsrail, Tacikistan, Azərbaycan, İraq, Ruminya, Qazaxıstan, Ukrayna, Nepal, Əfqanıstan, Morokko, Türkiyə, Kenya) və bir də penantonik şkalada (hər oktavasında beş not olan musiqi şkalası) yazılanlar (Yaponya, Efiopiya, Eritreya, Somali, Cibuti, Kenya, Butan, Kamboca) var.
Himnlər tarixinə baxanda, bir ölkənin bəzən dəfələrlə himn dəyişdiyini, eyni vaxtda müstəmləkələri ilə bərabər bir neçə himnə malik olduqlarını, ya da bir himni üç dəfə ayrı-ayrı zamanlarda qüvvədə olduğunu görə bilirik. Bu məsələdə statistikaya başcılığı, min illərdir çoğrafiyasını dəyişməyən Çin (səkkiz dəfə), bir də SSR-i dövündəki iki dəyişikliyi də Çar dövründəki altı dəyişikliyin üstünə gəlsək Şimaldakı qonşumuz edir. Bunlardan başqa atributları ciddi postulaya çevirməyənlər arasında Əfqanıstan (4), Avstriya (6), Bolqarıstan (3), Misir (4), Fransa (6), Almanya (4), Havay (4), İran (5), İraq (4), Niderland (3), Rumıniya (4), Cənubi Afrika (3) da var. Onu da qeyd etmək lazımdır ki, bu ölkələrin son himn dəyişikləri bu sayılarda göstərilməyib.

Gələk bizim himnimizə olan sevgimizə...

Qızlarımızın xoşbəxtliyini, Kraliça Viktoriya ilə başlayan və bu gün bəkarət rəmzimizə çevrilən bəyaz gəlinliksiz təsəvvür eləmədiyimiz kimi, hollandlardan gəlib simvolumuza çevrilmiş himni də postulata çevirmişik. Halbuki onun yaradıcıları üçün bu bir postulat deyil. Nə üçün, hansısa ingilis qızının ağ gəlinliksiz evlənməsi faciə olmur, amma bizim üçün faktın nöqsanlığı faciəyə çevrilir? Yaranma tarixinin belə bizimlə yaxından uzaqdan əlaqəsi olmayan məfhumları mənimsədikdən sonra niyə toxunulmaz elan edirik? Axı biz lap çox mənalarda Qərbi qəbul eləmirik. Hardan gəlir bu təzad? İtirdiyimizin yerinin boş qalacağından bu qədərmi qorxuruq? Problem hansısa xalqın mədəniyyətə gətirdiyi yeniliyi bizim mənimsəməmizdə deyil. Onsuzda mədəni axına qarşı durmağa çox xalqlar kimi bizim də ciddi təməl kültürümüz yoxdur. Problem bizim sahiblənmə keyfiyyətimizdədir. Qorxularımızdadır.

Nədən qoruxuruq? İnsanların zövq ala bilmədiyi istənilən nəsnəyə sövq alırmış kimi davranması, hansısa qorxudan, yaxud çəkincəlikdən ötürü yalan danışmağa məcbur olunması, toplumun içtimai əxlaqına pis təsir göstərmirmi? Niyə biz bir-birimizi səmimiyyətsizliyə vadar edirik? Qorxulası amil bu deyilmi?

Bayraq yaxud himnin estetik tərəfi haqqında istənilən ən kiçik irad nə üçün dərhal cümhuriyyəti təhqirə bərabər gəlir bizə? Niyə bu qədər kompleksliyik? Niyə yiyəsiz uşaq kimi ən xırda hərəkətlər toxunur bizim cümhuriyyət sevgimizə? Təhqir olunan həqiqətən cümhuriyyətdirmi, yoxsa bizim illərdir oxşanmayan qürurumuzdur, təmin olunmamış eqomuzdur, bu gün bir çox mütərəqqi prosesdən geri qalmağımızdır? Bəlkə səbəb bizim uğursuzluğumuzdur, ona görə tutunmağa keçmişdən kök axtarırıq...

Həyatında uğur qazanan insanlar kökləri ilə qürur duymur, buna ehtiyacları da olmur. Elə bu günü ilə uğur qazanan millətlərin də keçmişinə ciddi sarılmağa ehtiyacı yoxdur. Çünki özlərini qəbul etdirə bilirlər ətrafdakılara. Bizim cəmiyyətin orta elitasının problemi buradadır. Şəxsi uğur yoxdur, buna mühit də yoxdur. Toplum olaraq işdəki müdirə əsəbiləşib, gəlib evdəkiləri incidirik. Və "heç kim öz ayranına turş deməz" prinsipi ilə birinci ilə sıfırıncı arasında müqayisə aparmaqdan özünü azad etmiş insanlarıq.

Həyatda istəsək də, istəməsək də qaça bilmədiyimiz estetik davranış deyilən bir məfhum var. Estetik davranış məfhumunu diqqətinizə çatdırmaq üçün Türkiyəli fəlsəfəçi İsmayıl Tunalının diqqətlə işlənmiş bir izah nümunəsini olduğu kimi buraya əlavə edirəm. "Hazırda pəncərədən geniş bir bağça içərisində olan qədim binaya baxıram. Bu baxışımı müxtəlif kateqoriyalara görə müəyyən edə bilərəm. Sözgəlişi bu bina nə zaman və kim tərəfindən tikdirilmişdir? Binanın memarlıq üslubu və sənət dəyəri nədir? Yaxud binanın bugünkü qiyməti nə qədərdir? və.s, Və bu kimi suallar vermədən, yalnız ondan zövq alaraq onu seyr edə də bilərəm. Yuxarıda verdiyim hər bir suala görə müxtəlif məna və məqsəd əldə oluna bilər. Bu fərqliliklər özünü harada göstərir? Əvvəlcə birinci baxış tərzini ələ alaq. Bu baxış tərzi "binanın nə zaman və kim tərəfindən tikdirildiyi?" sualıyla, ya da "üslubun nə olduğu, sənət dəyərinin nə olduğu?" sualları ilə ortaya çıxır. Bu suallar vasitəsilə binaya baxmaq, onun haqqında tarixi və sənət tarixi baxımından məlumat almaq istəyən baxış tərzini yaxud davranışı göstərir. Bu davranış məlumat əldə etmək davranışıdır. Bu davranışın obyektlər haqda doğru bilgi əldə etmək məqsədi vardır. Bu davranışa intellektual davranış da deyirlər. O binanın maddi dəyərini soruşan baxış tərzinə gəlincə bu praktik-ekonomik bir baxış tərzi adlandırıla bilər. Bu baxış tərzindən baxanın praktik, yaxud ekonomik bir məqsədi vardır. Üçüncü davranışa gəlincə isə, bu baxış tərzi binaya, əsərə heç bir sual ünvanlamadan, sırf seyr etmək üçün yönəlir, ondan həzz almaq, xoşlanmaq üçün onu seyr edir. Binanın nə tarixiliyi, nə maddi dəyəri, nə də başqa suallar onu əsla maraqlandırmır, onu ümumiyyətlə binanı seyr etməkdən başqa heç nə maraqlandırmır. Belə bir davranışa estetik davranış deyilir".

Himn onu kimin yazdığından, kimin bəstələdiyindən və nə zaman yarandığından əvvəl musiqidir, sənətdir. Məqsədi həm də estetik zövq verməkdir, yoxsa nə özümüz onu zövqlə oxuyacağıq, nə də əcnəbilər zövq alaraq dinləyəcək. Və biz istəsək də bu aldıqan qaça bilmirik, bilməyəcəyik də. Çünki bu sualların qəbul olunmadığı bir sferaya, hiss, duyğu sferasına aiddir.

Problem nə cümhuriyyətlə, nə Hacıbəyovla, nə də Əhməd Cavadladır. Bu musiqi insanın ruhunu yüksəltmir. Dinlədikcə keçmişə yas saxlamaq istəyirsinizsə, buna deyəcəyim yoxdur. Amma onu deməliyəm ki, zaman-zaman kralın çılpaq olduğunu sizlərə xatırladan uşaq çıxacaq. Bundan inciməyin... Çünki kral çılpaqdır.

Ümid edirəm ki, istər cümhuriyyətlə bağlı, istərsə də öz şəxsiyyəti ilə bağlı problemləri həll etdikdən sonra mənim xalqımın da qırqınlığı, küskünlüyü aradan qalxacaq. Qonşu gürcü xalqı kimi mütərəqqi qərarlar verə biləcək, belə adi reaksiyaları nə cümuriyyətinə, nə də özünə təhqir hesab edəcək.
Digər tərəfdən bizim onsuzda "Bayatı-Şiraz" üstündə yox, cəngi havaları üstündə bəstələnən marşlara ehtiyacımız var.

Gülnar Əhməd,
MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ