Kəpənəyin ruhu - Kənan Hacı yazır

Tarix:17-09-2018, 10:36 Baxış Sayı:230

Kəpənəyin ruhu - Kənan Hacı yazır
Nigarın ruhuna

Uşaqlıqda bizi əhatə edən gerçəklik getdikcə başqa anlamlar qazanır və bir gün o illüziyaya çevrilir. Bax onda həyatın sərt, amansız gerçəyi ilə üz-üzə qalırsan. Yaşamaq getdikcə çətinləşir…

Andrey Tarkovskinin gündəliklərini oxuyarkən ilk olaraq ağlıma bu fikirlər gəldi. Mən hər dəfə uşaqlığıma qayıtmaq istəyəndə “Güzgü” filminə baxıram. Bir də Malerin 5-ci simfoniyasını, xüsusən “Adajietto” hissəsini dinləyirəm. Sanki əbədiyyətlə sonsuz bir dialoqa girirsən, ahəstə-ahəstə, hiss olunmadan yerüstü zamandan uzaqlaşıb başqa bir dalğaya keçirsən. Sanki Tanrı yorğun düşmüş ürəyinə əbədiyyət laylası çalır. Musiqi bitdikdən sonra səni təqib edən səssizlik də onun bir parçasıdır. O müəzzəm simfoniyanın ehtişamından geriyə qalan səssizlikdə baş verir hər şey... Kainatın kiçildilmiş modeli dərs kitabı kimi qarşımızda açılır.

L. Tolstoy yazırdı ki, “insanlardan xilas yolu – öz yaralarını onlardan gizlətməkdir”. Tanrı isə bütün ağrılarımızdan xəbərdardır və bu ağrılardan xilas yollarını da bizə o göstərir. Malerin musiqisi mənim yaralarıma məlhəm çəkir, bütün məhrumiyyətlər unudulur... Keçmişin xəyalları isə adamı qarabaqara izləyir, yaddaşında üz cizgiləri pozulmaqda olan doğmalarını həyatda olduqları kimi xatırlamaq istəyirsən. Adam bəzən özünü “Solyaris”dəki psixoloq Kelvin kimi başqa planetdə hiss edir, ruhun dərinliklərindən sızan naməlum duyğuların əlində girinc-giriftar olub qalır. İçində dəli bir istək yaranır – kaş mən də başqa planetdən qayıdıb kəndimə dönüncə atam qarşıma çıxaydı, onun qarşısında diz çöküb əllərindən öpəydim. Tarkovski insana özgürlük və ilkinliyə qayıdış duyğusu aşılayan rejissordur. Onun bütün filmlərinin mənbəyi yaddaşdır.

Yaddaş insanın ən qiymətli sərvətidir. Yaddaşın yoxdursa, keçmişin də yoxdur, o keçmiş ki, insan məhz onun sayəsində həyatı öyrənir, təcrübə qazanır, kamilləşir. Yaddaş insan ömrünü kompakt şəkildə onun beynində saxlayır, insan istədiyi vaxt onu kino lenti kimi geriyə fırladıb xatırladığı fraqmentlərə yenidən nəzər sala bilir. İnsanın evolyusiyası, təkamül prosesi də keçmişin üzərində inkişaf edir. Yaddaş həm də maddə ilə anlayış arasındakı vəhdətdən doğan həqiqətlər toplusudur. Əslində heç nə bizim yaddaşımızdakı kimi deyil. Keçmişdə baş vermiş hansısa bir hadisənin üzərindən zaman keçdikcə o hadisə də köhnə şəkillər kimi saralır, rəngləri itir, təfərrüatlar seyrəlir, sonda solğun, pozuq bir kadra çevrilir və sən onu yüz il əvvəlin kino lenti kimi bir az maraqla, bir az da həyəcanla izləyirsən. Bu yaxınlarda dünyasını dəyişən Nigar İsmayılqızıyla söhbətlərimizdən birində o dedi ki, insan xatirələri həmişə təzə hiss edir. Amma xatirələrin tərkibində keçmiş zamanın tozu var, dedim. “Tozdakı qüvvəyə baxın!” Bu da onun cavabı.

Biz hər dəfə yazılarımızı bir-birimizə yollayırdıq, o mənə fikirlərini yazırdı, mən ona. Kəpənək ruhu dolaşırdı o yazılarda. Malerin musiqisi kimi... Bu ilahi sədanı təkcə eşitmək yox, görmək gərəkir. Bu harmoniyadakı rəngləri görmək, onun qoxusunu, dadını hiss etmək və bununla da yaddaşı diriltmək! Sanki qulaqlarınız okeanın uğultusu ilə dolub və bu uğultu keçmişi kitab kimi gözləriniz önündə səhifə-səhifə çevirir. İnsan özünü qum üzərindəki böcək kimi kiçik hiss edir. Biz rollarımızı gözəl ifa edirik!

“Solyaris”də Hari necə deyirdi? “Mən insanam, mən sevirəm, mən yaşayıram!”

Solyaris planetində ona heç kim inanmadı və... O, getdi.

Kənan HACIБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ