Ədəbiyyat tarixinə biganəlik - Şəhla Aslan yazır... » Manera.Az

Ədəbiyyat tarixinə biganəlik - Şəhla Aslan yazır...

Tarix:8-08-2018, 12:49 Baxış Sayı:214

Ədəbiyyat tarixinə biganəlik - Şəhla Aslan yazır...

Şəhla Aslan yazır...

Bu gün Azərbaycanın media məkanında azsaylı ədəbiyyat saytlarından biri olan Kulis.az-ın "APA Holding"in güdazına getməsindən 7 gün keçir... Təəssüf ki, günlər bir-birini əvəzləsə də, hadisəyə aydınlıq gətirməli olan aidiyyati qurumların açıqlamalarını görmürük, bu öz yerində. Məni narahat edən olayın ədəbiyyat tərəfidir ki, bu yazıda diqqətinizi bu vacib məsələyə yönəltmək istəyirəm.

Əvvəlcə ondan başlayaq ki, bir dərgisinin səhifəsinə qəflətən girişin dayandırılması Azərbaycan oxucusuna hörmətsizlikdi. Azı ona görə ki, orada ədəbiyyat adına çox gərəkli yazılar yer almışdı. Dərc olunan yazıların hər cümləsi üçün əziyyət çəkilib; həm müəlliflər tərəfindən, həm də sayt redaktorları tərəfindən. Zaman keçdikcə ədəbiyyat oxucularının bu yazılara şiddətli ehtiyacı olacaq. O ehtiyac ödənmədikdə itirən yenə də ədəbiyyatımız - mədəniyyətimiz olacaq. Elə tarixən də itirən xalq olmuşuq. Sanki itirmək bu xalqın boyuna biçilib, alın yazısına qərar verilib. Tarixinə, ədəbiyyatına - mədəniyyətinə sahib çıxa bilməmək üzrə xalqlar arasında araşdırılma aparılsa, yəqin ki, qabaqcıl yerləri tutacağıq. Bir xalqı məhv etməyin yolunu dəqiq tapıblar; onun mədəniyyətini məhv etmək!..

Toplum olaraq çox zarafatcıl (əslində lağlağı) xalqıq... Ən ciddi məsələləri belə 'hi-hi, ha-ha'yla ötüşdürə, gündəmdən silə bilirik. Bu əyləncəli görüntülərlə də məsələnin əsl mahiyyətinə varmağa macal qalmır, beləliklə də, planlaşdırılmış ssenarini özümüz öz istəyimizlə gerçəkləşdiririk, yəni belə tamaşaların əsl oyunçularına çevrilirik. Unuduruq bu xalqın bir parçası olmaq həm də onun tarixi üçün məsuliyyətimiz deməkdi. Biz o məsuliyyəti hiss edə bilirikmi?! "Kitabi -Dədə Qorqud"a, Nizami Gəncəvi, Məhəmməd Füzuli və s. kimi dəyərlərimizə sahib çıxa bilirikmi? Birmənalı şəkildə yox! Bu gün mədəniyyət nümunələrimizin sədaları qonşu ölkələrdən gəlir. Səbəb? Dedim axı "Bu gün ayın üçüdür de gülüm nanay ay narinay..." əhvalındayıq. Vəssalam!

...Media qurumunun hansı səbəbdən bağlanması məsələsinə münasibət fərqli ola bilər. Olsun, burası bizi o qədər də ilgiləndirməz. Təbii ki, orada çalışan 200-dən artıq əməkdaşın sonrakı taleyinə biganə də qalmaq olmur. Elə bizdə belə olur; rəhbər və ya qurumun bir əməkdaşının səhvi ucbatından orada çalışan digər peşəkarlara zərbə dəyir, işsiz qalırlar və s. Bunlar məsələnin diqqətə çatdırmaq istədiyim əsas tərəfləri deyil! Əsas tərəf bilirsiz nədi? Kulis.az-ın bağlanması ədəbiyyata olan laqeydliyin təntənəsi oldu! Belə addımları təkcə əziz oxucum, sənə, mənə, dərgi əməkdaşlarına deyil, daha çox Azərbaycanın ədəbiyyat tarixinə endirilən zərbələr hesab etmək olar.

Kulis.az-da çağdaş ədəbiyyatda ciddi imzası olan bütün yazarlardan azı bir nümunə var. Ədəbi yaradıcılıqla məşğul olan adamlar yaxşı bilirlər hər cümlənin, abzasın yazılması müəllifə hansı hissləri yaşadır. Hər yazılan hekayəni tamamlayaraq dərcə təqdim etməsi müəllifi necə sevindirir. Bunları biz bilirik-ədəbiyyatla məşğul olanlar bilir. Və bir gün həmin yazılar göndərilir “aidiyyati yer”ə! Bunun ağırlığını hiss etmək yenə də ədəbiyyatçıların alın yazısı!..

Kulis.az kimi saytlar ədəbiyyatın havasını udmaq naminə oxucular üçün açılan nəfəsliklərdi. Bu nəfəslikləri bağlamaq, bazaları məhv etmək mənəvi ehtiyaclarımızdan növbətisinə qarşı atılan amansız addımlardı!

İnsanlar mənəviyyatlarını formalaşdırmaq üçün ədəbiyyat oxuyur, müəllif təxəyyülündən faydalanırlar. Mütaliyə səviyyəsi xalq olmağa böyük təsir göstərir. Cəmiyyətimizi aydınlatmaq amacı ilə yazılan əsərlərin taleyinə biganə qalmaq olmaz! Dəyərlərimizə zamanında sahib çıxa bilsəydik, bu gün bizdən zəngin mədəniyyəti olan xalq yox idi...

Hesab edirəm ki, Kulis.az-ın bazasının bərpa olunması və oxucularının ixtiyarına verilməsində hamımız maraqlı olmalıyıq. Ələlxüsus, yazıçıların bu məsələyə həssas münasibət sərgiləmələrini tövsiyə edirəm. Çünki Kulis.az-da hamımızın mətnlərimiz var.

Oxucularımıza haqsızlıq, ədəbiyyatımıza, mədəniyyətimizə laqeyd münasibət kimi dəyərləndirilməli, mübarizə birlikdə aparılmalıdır. Əks tədqirdə, bənzər hadisələr davamlı olacaq.

Məndən demək!..

MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ