Eşq haqqında ölümsüz əsər - Məlahət Babayeva » Manera.Az

Eşq haqqında ölümsüz əsər - Məlahət Babayeva

Tarix:31-07-2018, 14:51 Baxış Sayı:179

Eşq haqqında ölümsüz əsər - Məlahət Babayeva
Nobel mükafatlı Türk yazıçı Orxan Pamukun ən çox oxunan əsərlərindən biri də "Məsumiyyət muzeyi" romanıdır.

Əsərdə hadisələr 1975-ci ildən başlayaraq dinamik şəkildə inkişaf edir və daha bir neçə onillik burada əks olunur. Əsərdə Basmacı ailəsinin varisi, xaricdə təhsil almış 30 yaşlı Tekstil fabrikasının müdiri Kamal ilə onların uzaq qohumları, yoxsul Kəskin ailəsinin 18 yaşlı gözəl qızı, satıcı Füsun arasındakı qəmli sevgi hekayəsi təsvir edilib. Kamal kübar bir ailənin qızı olan xaricdə təhsil almış Sibellə nişanlanmaq ərəfəsindədir. Sibelə çanta almaq üçün getdiyi dükanda illərdir görmədiyi Füsun ilə rastlaşır. Füsuna məftun olan Kamal tez bir zamanda onunla görüşməyə başlayır. Universitet imtahanlarına hazırlaşan Füsuna Kamal riyaziyyat fənnindən köməklik edir.

Lakin bu görüşlər Kamalın Sibel ilə nişanlanmasından sonra bitir. Kamal əvvəllər olduğu kimi hər gün eyni saatda Füsunu Mərhəmət binasındakı mənzilində gözləyir; Füsun isə bir daha görüşə gəlmir. Füsunu tapa bilməyən Kamalın bədbəxt günləri başlayır. Nəticədə o, nişanlısı Sibeldən də ayrılır və Füsun ilə görüşdüyü mənzildə onun (Füsunun) əşyaları ilə birlikdə zaman keçirir.

Kamalın başı bir müddət atasının vəfatı ilə bağlı təziyə işlərinə qarışsa da o, daha sonra Füsunun yaşadığı evi tapır. Lakin öyrənir ki, Füsun Feridun adlı işsiz gənc bir rejissorla (öz adını qorumaq üçün) ailə qurmuşdur. Hadisələr inkişaf etdikcə biz Kamalın hər gün Füsungilə qonaq getdiyini görürük. Sevdiyi qadını hər gün görmək məqsədilə o, Füsunun baş rolda oynayacağı, Feridunun çəkəcəyi bir filmin maliyyəçisi olmağa qərar verir. Səbrlə Füsunu gözləmək Kamala daha bir şövq verir. Kamal Füsunu yenidən nə vaxtsa itirəcəyi qorxusuyla ona aid əşyaları gizlicə oğurlayır və toplamağa başlayır.

Kamal, Füsunun baş rolda oynayacağı film üçün "Limon Filmcilik" adlı şirkət qurur. Lakin nə Kəmal, nə Feridun Füsunun filmdə oynamasını istəyir. Onun yerinə daha sonralar Feridunun sevgilisi olacaq aktrisa Papatyanı seçirlər. Film uğur gətirir, lakin Füsun ilə Feridunun evliliyi pozulur və Kamal da bu nəticədən məmnun olur.

Füsunun atasının vəfatından sonra Kamal ilə Füsun evlənmək qərarına gəlirlər. Füsun, Kamal və Füsunun anası Nəsibə xanım Parisə getmək üçün avtomobillə səyahətə çıxırlar. Babaeski şəhərində Ədirnə yoluna baxan bir oteldə dincəlməyə qərar verirlər. Sübh vaxtı Füsun maşın sürmək arzusunda olduğunu dilə gətirir və Kamal razı olur. Nəticədə Füsün idarə etdiyi avtomobillə qəza törədir və ölür, Kamal isə ağır yaralanır. Kamal sağaldıqdan sonra, illər uzunu yığdığı əşyaları sərgiləcəyi bir muzey açmağa qərar verir. Fusüngilin Çukurcumadaki evini muzey edən Kamal muzeyin kataloqunu roman formasında yazılması üçün yazıçı Orxan Pamuka verir. Orxan Pamuk Kamalın da ölümü ilə sonlanan romanı yazır və nəşr etdirir.

Pamuk öz əsərindən ilhamlanaraq 28 aprel 2012-ci ildə Çukurcumada "Masumiyyət muzeyi" adlı (binanın özü də tarixi abidə sayılır - 1897-ci ildə tikilib) üçmərtəbəli muzey binasını da ziyarətçilərin üzünə açıb.

Tənqidçi Pakizə Barış "Məsumiyyət muzeyi" haqqında yazarkən romanda bəzən hisslərin çox geniş, hadisələrin isə şişirdilmiş şəkildə göstərildiyini qeyd edir. Belə ki, müəllif, Kamalın Füsuna olan sevgisini də süni sayır. Tənqidçi: "Məsumiyyət muzeyi"ndə dəli kimi aşiq olmaqmı var, ya dəli bir ehtiras halımı var?"- deyə məqaləsində suallar qoyur. P.Barışa görə Füsunun yalnız zahiri gözəlliyi oxuculara təqdim edildiyindən Kamalın Füsuna nə səbəbdən bu qədər sevdalandığını anlamaqda çətinlik yaradır.

A. Ömər Türkeş isə varlı-kasıb məhəbbəti kimi ünsürləri özündə ehtiva edən bu romanda tipik Yeşilçam qəlibindən istifadə olunduğunu yazır. O, Pamukun təsvir etdiyi məhəbbətin "Cümhuriyyət Türkiyəsinin müasir mühafizəkar xarakterindən qaynaqlanan bir eşq növü" olduğunu, yazıçının 592 səhifəlik romanının hər parçasını bir-birinə bağlayan qüsursuz quramaları ilə "melodramları təqlid etdiyini" söyləyir.

Maraqlı fakt odur ki, əsərin adı sevdiyi qıza aid hər əşyanı yığaraq muzey yaradan bir adamın eşq hekayəsindən gəlir. Ancaq kitabın adında yer alan məsumluq sözünə romanda rast gəlmək mümkün deyil. Çünki kitabda eşq də daxil olmaqla günahsız olan heç bir şey yoxdur. Yəni burda saf, təmiz eşqdən söhbət getmir. Amma bütün bunlara baxmayaraq kitabdakı eşq hekayəsi çox təsirlidir. Bu elə bir eşqdir ki, oxucu illər sonra belə onu yadından çıxarmır və bir çox hadisələrdə də kitabı xatırlayır. Kitab "Həyatımın ən xoşbəxt anıymış, bilmirdim" sözləri ilə başlayır və biz burada öz həqiqi sevgisinin dəyərini vaxtında bilməyən Kamalın həyatı ilə tanış oluruq. Əsər Kamalın yoxsul Füsuna aşiq olması, ona dəli kimi bağlanmasıyla başlasa da, daha sonra biz, baş qəhrəmanı həyatın mənasını öz sevgilisinə qovuşmaq xəyalları ilə yaşamaqda tapdığını görürük. Romana fərqli bir hava qatan da məhz Kamalın Füsuna olan bu dəli eşqidir. Elə bu müvəffəqiyyətli süjet xətti də romanı zövqlə oxunacaq bir hala gətirib. "Məsumiyyət muzeyi"ndəki bu eşq Əhməd Hamdi Tanpınarın "Hüzur" romanındakı Mümtaz ilə Nuran arasındakı sevgi macərasını da xatırladır. "Hüzur" romanında da ehtiraslı bir eşq təsvir olunur, Mümtaz ilə Nuran illərlə bir-birlərindən ayrı yaşamaq məcburiyyətində qalırlar, roman kədərli sonluqla bitir.

"Məsumiyyət muzeyi"nin faciəli sonluqla bitməsi bizə həm də Cek Londonun "Martin İden" əsərini xatırladır. Çünki burada da öz idealına tam qovuşmaq mərhələsində olan baş qəhrəman mənəvi böhran keçirir, öz məqsədinin puç bir amala yönəldiyini dərk edir. Düzdür, "Məsumiyyət muzeyi"ndə əsərin baş qəhrəmanı Kamaldır və o həyatda Füsuna qovuşmaq arzusu ilə yaşayır. Kamal nə işindən, nə zənginlikdən zövq alır, onu yaşadan, xoşbəxt edən yalnız Füsunun xəyallarıdır, ona olan eşqidir. Lakin əsərin digər əsas qəhrəmanı olan Füsun sanki öz məqsədinə çatarkən onun puç olduğunu, həyatın mənasını itirən Martin İdendir.

Klassik Türk filmlərindəki məhəbbət hekayələrinə də bənzəyən bu romanda yazıçının üslubu o qədər səmimi, həqiqidir, oxucu bu böyük eşqə o qədər heyran qalır ki, onun klassik eşq macəralarından nə qədər fərqli olduğunu anlayır.

Romanda Kamal ilə Füsunun eşqi ön planda verilsə də, həmin dövrdəki İstanbulun sosial-ictimai həyatı, mənəvi-əxlaqi dəyərləri, həyat tərzi haqqında məlumatlar da əhəmiyyətli yer tutur. Hətta biz romanın ortasında və sonunda Orhan Pamukun özünə də rast gəlirik. Xüsusilə romanın ortalarında nişan mərasimində Füsun ilə rəqs etməsi və ondan təsirlənməsi, özünün və ailəsinin həyatı haqqında bəzi məlumatlar verməsi romanın diqqət çəkən məqamlarındandır.../525-ci qəzet.- 2015.- 5 fevral.- S.8./

Məlahət Babayeva,
filologiya üzrə fəlsəfə doktoru
ADPU-nun müəllimi

Eşq haqqında ölümsüz əsər - Məlahət BabayevaБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ