Tənqidçi ürəyinin miqyası... - MANERA.AZ

Tarix:30-05-2018, 11:27 Baxış Sayı:134

Tənqidçi ürəyinin miqyası... - MANERA.AZ
Qurban Bayramov ədəbiyyata məktəbdən gəlib, öz kəndində müəllim, dərs hissə müdiri və direktor olduğu bir ocaqdan gəlib.

Kəndlərdə məktəb adi bir məktəb olmaqdan daha artıq bir yerdi. Hələ mədəni inqilab vaxtından məktəblər inqilabi təzələnmə mərkəzi idi. İnsanlar feodalizmdən sosializmə keçəndə dayaq və güc yerləri bura idi. Bu, müəllim sözünün ən ağır sosial çəki daşıdığı bir zaman idi.

Amma Qurban Bayramov Bakıya gələndə 60-cı illərin sonu idi və mədəni inqilab da çoxdan arxada qalmışdı. Amma maarif, ədəbiyyat və söz kultu nəinki arxada qalmamışdı, əksinə bir az da ağır çəki qazanmışdı. Qurbanın Ağdam kənd məktəbindən gətirdiyi əsas şey-maarifə, məktəbə pərəstiş prinsipi öz qüvvəsində idi. Bu dünənki kənd müəllimi olan Qurbanın əsas prinsipi və səcdə yeri idi. Qurban Bayramovun Nizami adına Ədəbiyyat İnstitutunda indiyə qədərki fəaliyyəti, demək olar ki, əlli illik elmi və ədəbi fəaliyyəti elə bu prinsipin üzərində keçdi. Bu onun taleyi və Azərbaycan ədəbiyyatşünaslığının qazancı idi.

Qurban Bayramov bir kənd müəllimi dəyərlərini qoruya-qoruya uzun bir yol gəlib və bu gün o, Azərbaycan ədəbiyyatının kürəsinin lap mərkəzindədir. Bəs bunun sirri nədədir? Axı Qurbanın passiv, az yazan vaxtları da olub. Amma bu heç vaxt prinsiplərdən, ədəbi dəyərlərdən imtina olmayıb. Bütün hallarda, həyat deyilən uzun və ağır yolun yoxuşlarını aşmaq məcburiyyətindən olub. Qurban bunların hamısını aşıb. Hər dəfə təzədən ədəbiyyata, tənqidə və onun dəyərlərinə qayıdıb. Amma burda da Qurbanın özünə xas yolu var. Bəziləri ədəbiyyata gəlib tez də yox olurlar. Bu, adətən köklü dəyərlərə yadlıqdan gəlir. Qurban isə illər keçdikcə Azərbaycan ədəbiyyatına, onun dəyərlərinə və taleyinə daha çox bağlandı.

Qurban Bayramovun yolu budur.

Qurbanın yaşı artdıqca o, ədəbiyyata və ədəbi prosesə, ədəbi gəncliyə daha çox bağlıdır. Ömrü boyu Akademiyada çalışan bir adam üçün bu, misilsiz bir fenomendir. Akademiya alimliyi ondan doqquz halda ədəbi prosesdən akademizmə, xalis elmə, kitab elminə tərəf gedir. Amma Qurban Bayramovu təbiət başqa cür yaradıb. O akademizmdən ədəbi prosesə, kitab ədəbiyyatşünaslığından diri ədəbiyyatşünaslığa tərəf gedir. Bu şanlı 70 illiyində qələm dostumuz Azərbaycan ədəbiyyatının kürəsinə hamımızdan daha yaxındır. Bu onun ədəbi taleyidir və ədəbiyyata verdiyi töhfə və nümunədi. Bu cür olmaq çətindir, çox çətindir. Amma Qurban belədir.

Deyirlər, həyat sadəlövhlükdən, uşaqlıqdan müdrik eqoizminə tərəfdi. Amma Qurbanda bu da əksinədi. Tənqidçi olmaq çətin di. Bunun çoxlu səbəbləri var. Bu səbəblərdən biri də tənqidin böyük və səxavətli ürək istəməsidir. Başqaları haqqında ömrü boyu yazmaq çətindir. Bunun bir səbəbi də təriflədiyin adamların bir gün sənə rəqib kimi baxmasıdır, aşağılamasıdır, çaşmasıdır. Amma əsl tənqidçilərdə Allahdan pay var: bu pay onları ömrü boyu özü bəs olmağa, səxavətli olmağa, Azərbaycan ədəbiyyatının xırda uğurlarına belə sevinmək qabiliyyətini saxlamağa imkan verir...

Qurban Bayramov müdrik bir tənqidçidir. O bilir ki, ədəbiyyatın dəyərləri kənd qocalarının düşüncəsi kimi konkretdir. Bu dəyərlərdə əbədilik və ölməzlik potensialı və şansı var. Bu şans bu gidi dünyanın maddi tərəfləri ilə bir gilə də bağlı deyil. Qurban müəllim onları maddi bir şey kimi duyur, hiss edir, onlara söykənir və qabağa baxır. Biz də ondan öyrənirik, nümunə götürürük.

Qurban həm də tayfa başçısıdır, ağsaqqaldır. Süfrə başında əsil-nəcabət söhbətləri olanda zarafatla deyir: mən bir şeyi dəqiq bilirəm ki, kolannıyam, qalanın siz dəqiqləşdirin. Kolannı-Tərtər çayı ətrafında məxsusi torpaqları olan qədim bir tayfadır.

Bu yazının ikinci hissəsində mən Qurbanın əsərlərindən danışmaq istəyirdim. Amma vaz keçirəm bu istəkdən, onları yəqin onun oxucuları bilir. İnşallah səksən illiyində onları da yazaram. Ona görə qalır ustadın qələminə pərəstişimizi bildirmək. Qələminə və canına qüvvət, Qurban müəllim!

Rəhim ƏLİYEV,
filologiya elmləri doktoru
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ