İkinci Mirzə Cəlili hardan tapaq?!.. | MANERA.AZ

Tarix:27-07-2015, 15:02 Baxış Sayı:1429

İkinci Mirzə Cəlili hardan tapaq?!.. | MANERA.AZ
manera.az
Fuad Cəfərli


Həmişəki kimi biri vardı, biri yox, biri acdı, biri tox. Bir yazıçı vardı adı Cəlil, soyadı Məmmədquluzadə!

Ömrünü xalqının maariflənməsi üçün çıraq eləmişdi. Elə bir çıraq ki, işığı Yaxın və Uzaq Şərqə kimi yayılırdı. Çox tərifləməyəcəm yazıçını, çün onun tərifə, xüsusən də mənim tərifimə heç ehtiyacı yoxdu. Unutmamış onu da qeyd edim ki, özü kimi gözəl təxəllüsü varmış - Mirzə!

Mirzənin yaradıcılığı çoxşaxəliydi və bütün əsərləri layiqi olduğu diqqəti görürdü. Bunlardan “Ölülər” əsəri xüsusi qeyd olunmalıdı. Bu əsəri orta statistik yaşlı nəsil (orta təhsilli) demək olar, bütünlüklə oxuyub və əsərdəki o məşhur “Allah sizə rəhmət eləsin ölülər!” cümləsindən heç olmasa bir dəfə də olsa həyatında istifadə eləyib. Fikir verdinizsə mötərizədə ali təhsilli deyil, məhz orta təhsilli qeyd olundu. Bu o demək deyil ki, bu əsər yalnız orta təhsilli insanlar üçün yazılmışdı və ziyalıların ədəbi tələbatına cavab verməmişdi, bu o deməkdir ki, yazıçının adıçəkilən əsəri nəinki ziyalılarda, həmçinin sadə xalqda belə böyük maraq oyadıb və sevilə-sevilə oxunub. Amma di gəl ki...

Fikir çatdırmaqda və yaxud hər hansı xoşagəlməz halı göstərməkdə heç bir zaman standart üsulları sevməmişəm. Mirzə Cəlil Məmmədquluzadənin küllüyyatını sadalaya bilərdim əvvəldə, lakin bunu eləmədim. Səbəb də üslubumun ziddinə getmək istəməməyimdi. Ona görə “Ölülər” əsərinin adını çəkdim ki, mənim göstərmək istədiyim xoşagəlməz hala yalnız adıçəkilən əsər və adı çəkilən əsərdəki məhz o məşhur cümlə ən yaxşı girişi verə bilər.

Dünyanı dərk eləmədiyim vaxtlardan böyüklərdən yadımda qalan cümlələrdən biri bu idi: biz böyük millətik və dünyaya mədəniyyəti biz paylamışıq. Soyuq nəzərlərdə həddindən artıq pafoslu səslənir. Lakin dünyanı dərk eləməyə başlayandan sonra bu cümlənin pafosdan uzaq, danılmaz həqiqətlərdən biri olduğunu öyrəndim və eyni zamanda onu da öyrəndim ki, qalanlar həqiqətlərdi, gedənlərsə yalanlar. Həqiqqət heç zaman dəyişilmir, dəyişilsəydi əgər, onda o həqiqət olmazdı. Çox gözəl, bu, hər zaman fəxr edəcəyimiz bizə qoyulan miraslardan biridi və bu miras başdan–başa həqiqətlə doludu. Bəs yaxşı bizim sabahlar üçün qoyduğumuz bu günkü miras fəxrlə dolu həqiqətdirmi, yoxsa utancverici yalan?!

İnsanlar tərəfindən insanlar üçün insan hüquqları yazılıb və bir neçə təsnifata bölünüb. Bunlardan ilki təbii insan hüquqlarıdı. Mənə görə təbii insan hüquqları insan hüquqlarının əlifbasıdır. Təbii insan hüququnu hər hansı bir dövlətin tanımasına ehtiyac yoxdu. İnsan doğulduğu andan bu hüquqlarla bərabər doğulur və yaşayır. Bunlar şəxsiyyətin toxunulmazlığı,təhlükəsizliyi, şəxsi həyatın gizliliyi və qorunması hərəkət və yaşayış yerini seçmə azadlığı, din və vicdan azadlığı, fikir və söz azadlığı, birləşmək hüquq və azadlıqları, mülkiyyət hüququ və ədalətli məhkəmə araşdırması kimi hüquqlardı. Biz millət olaraq emosionallıq və bu, əksər hallarda özünü göstərir. Bu emosionallıq xüsusən də dinimizlə bağlı özünü açıq-aşkar göstərib. Dinimizi sadiq əsgər kimi əqlin gözüylə qorumuşduq. Müəyyən vaxtdan sonra isə təbii haqqımız olan dinimizi əqlin gözüylə deyil, mövhumatçılığın gözüylə qoruyuruq. Əgər belə olmasaydı bu gün yas mərasimlərimiz bu halda olmazdı.

Ola bilsin, bu cümlələrdən sonra kəskin etiraz doğacaq bəzilərinin beynində. Lakin o bəziləri onu da bilsinlər ki o doğulan etirazın atası mən deyiləm. O etirazın atası dinimizi kiçildib ölçüsünü bilmədiyi çərçivəyə salmaq istəyənlərdi. Məgər o ata bilmirmi ki yer üzündə dinimizi yerləşdirəcək elə böyük ölçüdə çərçivə yoxdur və yer üzündəki bütün çərçivələr dinimizin ən kiçik çərçivəsinin içində ən yaxşı halda sadəcə bir nöqtə olardı, o da ola bilsəydi. Allahın kitabı Qurani-Kərimdən danışanda hər zaman onu qeyd eləyirik ki, bu kitab heç bir dəyişikliyə məruz qalmayan yeganə səmavi kitabdır. Bu həqiqəti dini savadı olanlar, həmçinin mənim kimi dini savadı olmayanlar da qeyd edir. Mən İslam dininin elminə yiyələnən insanlara dəfələrlə eyni sualı vermişəm və eyni cavabı almışam. Sual sadədir- hüzrlərimizi 3,7,40 il və adna kimi hissələri Allahın kitabında varmı?! Və hər səfərində də eyni cavabı almışam “xeyr”. Bəs yaxşı, bu rəqəmlər, il, adnalar hardan gəlib, axı şəriətdə bunların heç biri yoxdur?! Şəriətdə dünyasını dəyişmiş insanı şəriətin buyurduğu kimi yumaq, cənazə namazı qılıb dəfn eləmək buyrulub. Daha dəfn mərasimi yekunlaşar-yekunlaşmaz dəfndə iştirak edən insanları yüzlərlə manat verib qapısında quraşdırdığı mağarda pendir-çörək yeməyə dəvət eləmək buyrulmayıb. “Ehsan” tam başqa anlayışdır, tam başqa. Hələ o palatkanın dəfndən əvvəl necə tapıldığını,necə təhvil-təslim edildiyini demirəm. Maraqlıdır, insan əzizini torpağa təhvil vermədən özü təhvil alır.

Biz millət olaraq bazlığı sevirik – adaxlıbazlığı, nağılbazlığı, yerlibazlığı, işbazlığı, qohumbazlığı, sözbazlığı. Kaş bu bazlıqların arasında həqiqətbazlıq da(həqiqətpərəstlik) olaydı. Yuxarıda təbii insan hüquqları boş yerə qeyd olunmadı.İnsanın təbii hüquqlarına gələcəkdə insanlar tərəfindən dəyişikliklər və əlavələr olacağını bilmirəm. Ancaq bildiyim odur ki insanın sevinc və kədər hissini yaşama hüququ da var və insan bu hüquqdan istifadə etməkdə azaddır. İnsan sevinc və kədər hissini doyunca yaşamalıdır(müəyyən olunmuş ədəb çərçivəsində və bu istisnasız olmalıdır). Ələlxüsusda sevinc və kədər hissini doğulduğu an yaşamalıdır və keçirdiyi hissdən həzz almalıdır. Xüsusən də dərdini rahat çəkməlidi, daha süfrəyə gələcək çərəzin kiloqramını yox. Gəlin ölümüzün dərdini çəkək, dirimizin yox. Bəli, razıyam həyat paylaşdıqca gözəldir. Sevinc paylaşdıqca çoxalar, dərd isə azalar. Amma bu dərd süfrəyə qoyulan çərəz dərdi deyil, başqa dərddi.

Şifahi xalq ədəbiyyatında mərsiyyənin özünəməxsus yeri olduğunu bilirik və eyni zamanda bu yeri hansısa ədəbiyyat nümunəsi ilə doldura bilməyəcəyimizi də bilirik. Burda hadisənin fəlsəfəsi,dramatizmi ən yükək həddə çatır, hələ yanığlı avazı bura əlavə eləmirik. Bu mərsiyyələr yaxınlarını itirmiş insanlarımızın dərdinin böyüklüyünü və bu dərdə ilahi kamilliklə yanaşdığını göstərir. Əgər zənn eləsəniz ki bu günki mərsiyələr də gələcək şifahi ədəbiyyatımıza düşəcək, yanılmış olacaqsınız. Bir qadın gəlir və ona ev sahibi tərəfindən dünyasını dəyişmiş digər əzizlərinin adı olan siyahı verilir. O isə nadir hallarda ağlayır, daha çox orda oturmuş qadınları ağlatmaqla məşğul olur. Qadınlar daima gözü yaşlı olurlar. Amma dinimizdə dünyasını dəyişmiş şəxsin arxasınca həddindən ziyadə ağlamaq buyrulmayıb. Diqqət yetirin, dini savadımızı qoyaq qırağa və hadisəyə məntiqlə yanaşaq. Axı yad biri ilk dəfə adını eşitdiyi və üzünü belə görmədiyi bir insan və ya insanlar üçün necə ağlaya bilər? Heç olmasa ölümüzə qarşı səmimi olaq. Allaha ağır getməsin, mərsiyyə deyən qadına verilən dəftəri ilk dəfə görəndə toyda toy sahibi tərəfindən tamadaya verilmiş siyahı yadıma düşdü.

Ədəb mədəniyyətin bəhəridir. Mənə toxunan odur ki, dünyaya mədəniyyəti biz paylamışıq, satmamışıq, bu günsə özümüz çarəsiz qalmışıq..

Bəli, bir dəfə Mirzə Cəlil bizə diriykən rəhmət oxudu, sonra özü haqqın rəhmətinə getdi. Ayılın ay camaat, ayılın! Mirzə Cəlil daha yoxdu. Bilirəm, yenə könlümüzə diriykən rəhmət eşitmək düşüb, amma rəhmət oxuyanımız yoxdur. İndi deyin görək, ikinci Mirzə Cəlili hardan tapaq?!..

Manera.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ