Aprel tezisləri - Əsəd Cahangir

Tarix:30-04-2018, 11:22 Baxış Sayı:290

Aprel tezisləri - Əsəd Cahangir
I hissə

Əzrayılın mirzələri

Sosial şəbəkədəki dostlardan biri, - “Dekadans nə deməkdir?”, - deyə, soruşdu və bu sualı ictimai mesaj kimi qarşılayıb, anlayışın sadə və mümkün qədər qısa çözümünü vermək qərarına gəldik.

Söz-sözü, fikir fikri elə çəkdi, bir də məlum oldu ki, təkcə dekadans yox, həm də və daha çox postinsandan bəhs edirik, özü də sadəcə suala cavab vermir, esse yazırıq. Amma essedən məqsəd bu anlayışlar barədə bütün təfərrüatlarına qədər nəzəri bilik vermək deyil. İstəyirik ki, bədii fikrimizi çulğalayan neqativ axın və ondan qurtulmaq xüsusunda qeydlərimizi bölüşək. Sadəcə, fikrimiz tam aydın olsun deyə bəzi nəzəri məsələlərə toxunmalı olacağıq.

Dekadans (fransızca “eniş”) sənətdə eniş, tənəzzül, dekadent isə bu bunu ifadə edən yazıçıdır.

Sosial məsələlər və vətəndaşlıq mövzularından imtina; normativ əxlaq tələblərinə etinasızlıq; fərdiyyətçilik; ümidsizlik və ölümün tərənnümü; şüuraltı instinktlər, xüsusən də erotizmə meyl; realizmdən imtina; mücərrəd simvollar diliylə danışmaq. Dekadansın əsas özəllikləri bunlardır.

Yəni dekadent gerçəklikdən üz çevirib, özünə qapanan və çıxış yolunu ölümdə görən yazıçıdır. Ölüm onun üçün yeganə və son ali həqiqətdir. Ölümə təslim olmaq ruhun məğlubiyyətidir və dekadans bədii sözün məğlubiyyətidir.

Bəs, onun səbəbi nədir?

Köhnə ictimai düşüncə sistemi dağılır, yenisi hələ tam formalaşmır və böhran başlayır. Bu böhran sənətdə öz əksini dekadans şəklində tapır. Dünya ədəbiyyat və incəsənəti tarixində dekadans həmişə bir dönəmdən digərinə keçid zamanı baş verib:

- antik ədəbiyyat özünün dekadansını bütpərəstlikdən xristianlığa keçid zamanı yaşayıb və Apuley, Petroni, Lukianın əsərlərində üzə çıxıb;

- XIX-XX yüzillərin qovuşağında Verlen, Gyuismans, Uayld, Solloqub, Balmont, Merejkovski, Gippiusun yaradıcılığında üzə çıxan dekadans sənaye kapitalizminə keçid zamanı yaranıb;

- bizdə oxşar proses SSRİ-nin dağılması və yeni topluma keçidlə bağlı ötən yüzilin 90-cı illərindən etibarən özünü göstərməyə başladı.

Yəni dekadans tarixi inkişafın obyektiv gedişindən doğur. Lakin ədəbiyyat tarixin duyğusuz fotosu deyil və bədii fikrin öz daxili inkişaf məntiqi də var. Bu anlamda, dekadans romantizmdən modernizmə keçiddir. Gözəlliyə əski romantik inam dağılır, yeni, modernist fikir hələ formalaşmayıb və bu ikisi arasında dekadans yaşanır.

Antik dekadans Olimp allahlarına inamın məhv olmasıyla bağlıydı. XIX yüzildə dekadans Viktor Hüqo, Jorj Sand və digərlərinə məxsus romantik idealların süqutundan yarandı. Çağdaş bədii fikrimizdəki dekadans 70 il təbliğ olunan vətənpərvərlik, qəhrəmanlıq, əməksevərlik, xalqlar dostluğu, xoşbəxtlik, bir sözlə, sovet “romantika”sının iflasından doğdu. Sovet dövrü gənc yazıçıları ələmdən nəşəyə, özgürlük dönəmi yazarları isə nəşədən ələmə keçdi. Sular tərsinə axdı, süjet öz əksinə çevrildi.

Xalq yazıçısı Elçin gənc şairlərdən bəhs edən “Payız ovqatının dedikləri” məqaləsində bədii fikrimizdəki bu hava dəyişkənliyi haqda yazır: “...son illərin poeziyasında ümummili poetik mənzərəni dəyişdirən... bədii-estetik hadisə baş verir: elə bil... poeziya materikimizdən kənarda... poetik ada yaranır və o poetik ada üçün fəsillər yalnız payızdan ibarətdir”.

Yazıçının müşahidəsi dəqiq, metaforası yerindədir - payız təbiətin dekadansıdır. Və doğrudan da, bu gün:

- solğun misralar şairlərin, ümidsiz cümlələr yazıçıların qələmindən saralmış xəzan yarpaqları kimi tökülür; hətta “Xəzan” adlı xüsusi jurnal dərc olunur;

- əksər əsərlərin finalında qəhrəmanlar ya vəlvələ, ya zəlzələdən hökmən ölür, yazarlar ölüm mələyinə mirzəlik edir;

- ictimai-siyasi mövzulardan üz çevirən bədii söz vətəndaşlıq qeyrətini itirir, “sənət sənət üçündür” səfsəfəsinə yuvarlanır; forma məzmunun fövqünə qaldırılır;

- gerçəkliyə nifrət və etinasızlıq ifrat fərdiyyətçiliyə, əxlaqa etiraz immoralizmə aparır;

- şairlər bülbül yox, qarğa, mələk yox, şeytanla dərdləşir, bədii fikirdə qara magiya, satanizm əlamətləri görünür.

Bütün zahiri dovtələbliyinə baxmayaraq, S.Baycan, A.Yenisey, G.Mövlud və digərlərinin trafaret məzmunlu, antidini, antimilli, antiinsani səciyyəli köşə yazılarında da eyni bədbin ruh hökm sürür. Öz uğursuzluqlarının günahını zavallı milli mentalitetin üstünə yıxan bu nihilistlərin bir qismi şöhrət ardınca qərbə üz tutsa da, arzuladıqlarını orda da tapmayıb, apatik duruma düşürlər. Sığırçın və onun çirkli yuvanı yenisinə dəyişmək istəyən balası haqda məşhur lətifə yada düşür. Əgər ölüm ruhu sənin içindədirsə, hara getsən, onu da aparacaqsan. Ya düşüncəni, ya dünyanı dəyişməlisən. Üçüncü yol yoxdur.

Bəs, bu proses qərbdən fərqli olaraq bizdə niyə yüz il ləngidi? Çünki biz qərb düşüncəsi müstəvisinə vur-tut iki yüz ildir - Axundovdan sonra keçmişik və bu yöndən Avropadan geri qalmağımız məntiqidir.

Fərdiyyətçilik və pessimizmi rədd edən, yazıçıdan ictimai məzmunlu, gələcəyə inam dolu əsərlər tələb edən sovet ideologiyası bu prosesi daha 70 il geri atdı. Sovetlər olmasaydı, o dövrün S.Vurğun, S.Rüstəm kimi ən tribun şairləri də M.Hadi kimi dekadansa yuvarlanacaq, “ölüm, eyvah, o, nemətdir, o, bir şanlı səadətdir” ruhunda şeirlər yazmaqda davam edəcək, “ələmdən nəşəyə” keçə bilməyəcəkdirlər.

Milyonlarla insanı repressiya ətçəkənindən keçirən Stalin rejimi “ölüm” sözünü işlətməyi yazıçılara qadağan etmiş, bu anlayışı öz monopoliyasına almışdı. Təsəvvür edin ki, “Qarabağ şikəstəsi” oxuyan xanəndələrə ifa zamanı “ölürəm” demək yasaq edildiyindən, X.Şuşinski onu “sevirəm”lə əvəzləmək zorunda qalmışdı. Əksər xanəndələr indinin özündə də sovet ənənəsi üzrə “sevirlər”.

Altmışıncılar arasında ölüm mövzusuna ardıcıl müraciətləri ilə seçilən V.Səmədoğlu, R.Rövşən və V.B.Odər kimi şairlərin sosrealist tənqidin hədəfinə çevrilməsi də eyni məntiqdən doğurdu. Ölümdən yazmağı ideoloji yasaqlara qarşı etirazın, mənəvi azadlığın ifadə formasına çevirən bu şairlər “ölürəm”i “sevirəm”ə belə asanlıqla dəyişmək istəmirdilər.

Bütün bunlardan sonra ədəbiyyatımız öz payızını sovet rejiminin süqutundan dərhal sonra yaşamalı deyildimi? Bəs, onun soyuğunu niyə indi daha kəskin hiss edirik?

Çünki 90-cı illərin başlanğıcında meydan hərəkatından doğan və ictimai şüuru bürüyən inqilabi eyforiya, romantik qəhrəmanlıq eşqi, qəfil siyasi müstəqilliyin gətirdiyi ümummilli sərbəstlik dekadans əjdəhasının başını kəsdi. Amma bir azdan ictimai şüur oyanacaq, gerçəkliklə göz-gözə duracaqdı. Əjdəhanın kəsilmiş başının yerindən yenisi çıxırdı.

2000-ci illərin başlanğıcında milli bədii fikirdə baş verən unikal, bir az da gözlənilməz hadisə - səciyyəvi ifadəsini Elçin, K.Abdulla, H.Herisçi, M.Köhnəqala, İ.Fəhminin yaradıcılığında tapan və sürətlə genişlənərək ədəbi-bədii prosesə ton verən postmodernizm bu dekadansı daha on il ləngitdi. Əjdəhanın başı ikinci dəfə kəsildi.

Amma bu da hələ final deyildi. Son bir neçə ildə postmodernist dalğanın səngiməsi ədəbiyyatı yenidən dekadansa sürüklədi. Maraqlıdır ki, bu hüznlü ovqat postmodernist meylin təmsilçilərində də müşahidə olundu. Postmodernist romanın ən tipik örnəyini (“Yarımçıq əlyazma”) yazan və bununla da milli ədəbiyyat tarixində ilk dəfə Nobelin qapısını döyən K.Abdulla, bədii cəhətdən bütün uğuru ilə yanaşı, həm də dekadans ruhlu romana (“Unutmağa kimsə yox”) imza atdı.

Bəs, bu labirintdən çıxış yolu nədədir? Aydındır ki, gediləsi ünvan olanda yol gedə bilərsən. Dekadansdan çıxmaq üçün də ünvan lazımdır. Geniş zaman müstəvisində baxsaq, son üç min il ərzində insan düşüncəsinin üç əsas ünvanı olub:

- kosmos;

- Allah;

- insan.

Antik düşüncənin əsas ünvanı kosmos idi. Antik insanın pərəstiş etdiyi Olimp allahlarının əksəri bu və ya digər planeti (Zevs - Yupiteri, Afrodita - Veneranı, Hermes - Merkurini, Ares - Marsı və s.) simvolizə edirdi. İsanın zühurundan sonra bu düşüncə dekadansa uğradı.

Orta çağda etiqadın ünvanı kosmik obyektlərdən metafizik subyektə yönəldi. İndi düşüncənin əsas ünvanı bütün kosmik aksessuarları ilə birgə kainatı yaradan Allahın özü idi. Xristian dünyası min il Allaha can atdı və bu ali ünvana Dantenin “İlahi komediya”sında çatdı. Dante öz “komediya”sında sevgi himnləri oxuyan doqquz qat mələklər orbitinin tən ortasında işıq saçan Tanrını seyr etdi.

Amma düşüncə nəinki bundan o yana gedə bildi, hətta seyr məqamında belə dayanmayıb, aşağı endi. Dantedən dərhal sonra başlayan İntibah düşüncəsinin (Petrarka, Bokkaçço, Çoser, Rable, Şekspir, Servantes) ünvanı nə kosmos, nə də Allah yox, daha çox insanın özü idi. İnsanmərkəzçi era başlayırdı.

İntibahı əvəzləyən Yeni dövr ədəbiyyatı məsələyə mahiyyətcə yeni bir şey əlavə etmədi. Düşüncənin əsas predmeti əsrlər boyu yenə də insan olaraq qaldı, sadəcə, bədii idrak insanpərvərliyin konkret sahələri üzrə “ixtisaslaşdı”:

- klassisizm (Kornel) insanın ağlını;

- maarifçilik (Didro) elmini;

- sentimentalizm (Stern) duyğusunu;

- romantizm (Höte) xəyallarını;

- realizm (Balzak) güzəranını;

- naturalizm (Zolya) ehtiraslarını -

ünvan seçdi.

Ədəbiyyatı yüzillər boyu dekadansa yuvarlanmaqdan qoruyan bu ünvanlar oldu. Insanın daha elə bir yeri qalmamışdı ki, ədəbiyyat ora ünvanlansın.

İnsanmərkəzçi düşüncənin bir neçə yüzildə aldığı üç sarsıdıcı zərbə anoloji prosesin elmdə də getdiyini göstərirdi:

- Kopernik göstərdi ki, Yer qalaktikanın mərkəzi yox, bu mərkəz ətrafında fırlanan planetlərdən sadəcə biridir və demək, insan kosmik mərkəz yox, əyalətdə yaşayır. Bu, astronomik zərbədir;

- Darvin “göstərdi” ki, insan Tanrı tərəfindən kamil yaradılmayıb, uzun sürən təkamül nəticəsində meymundan əmələ gəlib. Bu, bioloji zərbədir;

- Freyd göstərdi ki, insan nəinki heyvandan yaranıb, indinin özündə də şüuraltı heyvani instinktlərlə idarə olunur. Nəhayət, bu da psixoloji zərbədir;

Bütün bu zərbələrdən homo sapiens özü öz gözündə bitmiş, tükənmişdi. XIX yüzilin sonu, XX yüzilin başlanğıcındakı dekadans bu proseslərin sonucu, milli bədii sözümüzün “payızı” isə onun yüz il sonrakı analoqu kimi meydana çıxdı. Insan artıq özü özünə ünvan ola bilməzdi.

Bəs, onda yolumuz hayanadır?

II hissə

Poçt insandan postinsana

İndi hansı ünvana üz tutaq? Bu suala cavab baxımından qərb düşüncəsinin iki zidd tipi var:

- Platon tipi;

- Aristotel tipi.

Platon ünvanı dünyadan kənarda, Aristotel dünyada axtarır. Yəni Platona görə, bədii fikrin ünvanı ondan kənarda, Aristotelə görə isə onun özündədir.

Söz özü özünün ünvanına, şair özü özünün predmetinə çevriləndə dalana girir və “sənət sənət üçündür” səfsəfəsinə yuvarlanır - dekadans başlayır. Gerçəklikdən üz çevirən və özündən yazan şairin təklik əzabları, ölüm əndişəsi, ətrafdan narazılığı, öz içini yeməsi, yəni dekadentə çevrilməsi burdan doğur. Məhz realizmə gələ bilməməsi, ictimai hədəflərinin olmaması 90-cı illər şeirində hadisə kimi meydana çıxmasına baxmayaraq, Salamın ikinci nəfəsinin açılmasına imkan vermədi. Dekadans olan yerdə yeni nəfəs açılmır, ikinci doğuluş olmur. Nəticədə orijinal bir istedad öz fərdi eqosunun təminatından başqa heç nəyi görmək istəməyən, hamıdan küskün, hər şeydən narazı, bir sözlə, 90-cı illərin ərköyün şairi olaraq qaldı. Çünki zərrəsi varıydı, küllü yoxuydu.

Dekadansın kökündə Aristotel məntiqi durur. Ömrünü tənha bir adada zəhər içməklə başa vuran filosofun məntiqi 2000 ildən sonra insanlığı da düşüncə adasına saldı, mənəvi-intellektual zəhər badəsi qaldırmaq qorxusuyla üz-üzə qoydu. XIX yüzilin sonu humanitar tarixə Aristotel məntiqi və bu məntiqə söykənən bədii fikrin tənəzzülü kimi daxil oldu. Aydın oldu ki, dahi stagiritin məntiqi öz ömrünü başa vurub və gediləsi ünvanı özümüzdə yox, başqa yerdə axtarmalıyıq.

Ay batanda Gün çıxır və Aristotel məntiqinin süqutu ilə Platon yenidən doğuldu. Platonun fikrincə, gediləcək ünvan dünyanı yaradan və onun fövqündə duran ideyalar aləmidir. Filosofa görə, ideyalar dünyanı sadəcə yaratmır, həm də yaşadır və ideyalar aləmiylə əlaqə kəsilsə, maddi dünya badi-fənaya gedər, yəni planetar dekadans baş verər.

Üçüncü mövqe - irfan düşüncəsi isə nə ideyaları əsas götürüb, dünyanın üstündən xətt çəkir, nə də dünyanı əsas götürüb, ideyalar aləmini rədd edir. O, orta yolu seçir, zərrə ilə küllü vəhdətdə qavrayır. Uzağa gedib, orta çağ ariflərindən danışmayacağıq. XX yüzil Azərbaycan ədəbiyyatının zirvəsi - “İdeal” (İsa Muğanna) romanı bu düşüncəylə yazılıb.

Qazaxın ucqar bir kəndində əmi öz qardaşı oğlunun sevdiyi qızla evlənir... Adi ailə-məişət intriqası dalğa-dalğa böyüyərək milli, bəşəri, kosmik, metafizik miqyaslara çıxır, tarix və kainatla bir olur, damla dəryaya, zərrə küllə qovuşur. Elə bir yerə ki, orda ölüm yox, ölümsüzlük var.

“İdeal”ın birinci hissəsi - “Qapalı dünya” fənanı (ölüm), ikinci hissəsi - “Əbədiyyət” isə bəqanı (ölməzlik) işarələyir. Ölməzliyə inam dekadans üzərində qələbədir və bu üzdən “İdeal” təkcə Muğannanın yaradıcılığı yox, ümumən bədii, ictimai və fəlsəfi fikir tariximizə hadisə kimi daxil oldu.

Şərq dünyanın gündoğanı, qərb günbatanıdır. Şərqdən doğan hər hansı bir təzahürün qərbdə qürubu qanunauyğundur. Şpenqlerin dediyi kimi, “Avropanın qürubu” və onun bədii əksi olan dekadentizm bu ümumi geokulturoloji səbəbdən doğur. Demək, dekadansdan çıxış yolu şərqə - gündoğana qayıtmaqdır. Təsadüfi deyil ki, Nitsşe fövqəlinsana dair fikirlərini şərq müdriki Zərdüştün diliylə deyir. Rene Genon və Cəmil Meric qərb dünyasını bürüyən mənəvi-intellektual böhrandan çıxış yolunu ilkin şərq ənənəsinin bərpasında görürlər.

Sual oluna bilər ki, axı, şərqin yetirməsi olan ariflər də gerçəklikdən üz çevirib, inzivaya çəkilir, ölümü böyük səadət bilirdilər. Onda arifin dekadentdən, şərqin qərbdən fərqi nədədir?

Dekadent üçün ölüm sadəcə yox olmaq, arif üçün isə ölməzliyə qovuşaraq yox olmaqdır. Dekadentin düşüncəsi ancaq fənaya, yəni ölümə qədər getdiyi halda, arifin düşüncəsi fənadan keçərək bəqaya, yəni ölməzliyə çatır. Dekadent üçün ölüm son dayanacaq, arif üçün sonsuzluğa gedən yolda dayanacaqlardan sadəcə biridir. Buna görə irfani düşüncənin şah əsəri “Cavidannamə” (Nəimi), yəni “Ölməzlik kitabı” adlanır.

Lakin bu o demək deyil ki, çağdaş yazıçı Nəiminin fikirlərinə bədii illüstrasiya çəkməli, yaxud Nəsimiyə nəzirə eləməli, bir sözlə, hürufiliyə meynstrim yazmalıdır. Muğanna, “İdeal”da, şübhəsiz ki, Nəiminin Allah insan ideyasına əsaslanır, amma onu kserokopiya etmir, çağdaş düşüncəyə uyğun İdeal insan formatına salır. Bu əsərlə ədəbi-bədii fikrimizə daxil olan muğanna anlayışı yüzillərlə mövcud olub, sonralar qadağan edilən və tədricən unudulan fövqəlinsanın qayıdışı idi. Təsadüfi deyil ki, yazıçının “İdeal”dan sonrakı əsərlərinin qəhrəmanları telepatiya, teleportasiya, telekinez, levitasiya və sair kimi fenomenal qabiliyyətlərə malikdir. Bunlar homo sapiens yox, xüsusi insan tipinin təmsilçiləri - muğannalardır.

Amma zamanın sürəti günbəgün elə artır ki, sözü nəinki Nəimi, hətta Muğanna kimi demək özü də artıq tarixi fakta çevrilib. Son bir neçə on ildə baş verən elmi-texniki sıçrayış insanlıq tarixini bir-birindən radikal fərqlənən iki dövrə bölüb:

- homo sapiensdən bu günə qədərki olaylar birinci erada qaldı;

- yeni minillikdən yeni era başlayır.

İndiyə qədər insan təfəkküründə kəmiyyət dəyişmələri gedirdi, indi keyfiyyət çevrilməsi baş verir. İnsanlığın neçə minillər latent qalmış potensialı bütün mənəvi-intellektual miqyasları ilə açılır. İnsan postinsanla (posthuman) əvəzlənir. Elə bir postinsan ki, dönüb geri baxanda özü özünə poçt qutusunun yanında keşik çəkən avam Novruzəlini xatırladır. Nitsşenin sərt üslubunda desək, meymun homo sapienslə müqayisədə necə gülüncdürsə, insan da postinsana nəzərən elə gülməlidir.

Postinsan Aristotel deyən kimi “mən” deyil, amma Platon deyən kimi “başqa”sı da deyil. O, bu ikisinin cəmidir, ariflər deyən kimi, “başqa mən”dir. Yəni insan nə qədər texnolojiləşsə, öz bioloji varlığından nə qədər uzaqlaşsa da, insan olaraq qalır. Termində “post”la “insan”ın qoşalaşdırılması özü bunu göstərir.

Postinsan ölüm məsələsində dekadans, ölməzlik məsələsində irfanla ortaq məxrəcə gəlir. Lakin o, ölümə münasibətdə dekadansdan, ölməzliyə yanaşmada isə irfandan ayrılır:

- postinsan ölməzliyi fiziki, irfan metafiziki anlamda qavrayır;

- postinsan bədənin, irfan ruhun ölməzliyindən danışır;

- postinsan ölməzliyi bu dünya, irfan o dünyada vəd edir;

- postinsan ölməzliyin yolunu elm, irfan eşqdə görür;

- postinsan ölməzliyin qapısını birbaşa, irfan döyərək açır.

Bütün dinlər insana cənnət, yəni ölümsüzlük vəd edib və antik dövrdən üzü bəri rəsmi elm həmişə buna qarşı çıxıb. Metafizik paradiqma ortodoksal elm üçün heç vaxt səciyyəvi olmayıb. Postinsanın meydana çıxmasıyla elm artıq özü insana cənnət vəd edir, amma axirət yox, bu dünyada.

Necə, nə dediniz, düzmü eşitdik, insan bu dünyada sonsuzacan yaşayacaq?! Postinsan anlayışının düşüncəmizdə yaratdığı bir az sevinc, bir az vahimə qarışıq radikal inqilabi çevriliş məhz ölməzliyin bu dünyada mümkünlüyü ideyası ilə bağlıdır. Təsəvvür edin ki, bir səhər yuxudan ayılıb, Kafkanın qəhrəmanları kimi özünüzü qeyri-adi durumda görürsünüz. Yox, siz elm aləminə məlum olmayan nəsə əcayib, adam boyda, düşünən həşərata “Çevrilmə”misiniz. Heç vaxt eləmədiyiniz, hansısa metafizik günahlara görə sizi “Məhkəmə”yə də çağırmırlar. Əksinə, sizə deyirlər ki, bu gündən etibarən Adəmdən gələn günahın irsi daşıyıcısı deyilsiniz və ulu babanızın əməli üzündən min illərdir çəkdiyiniz cəzadan - ölüm hökmündən azad edilirsiniz. Çünki siz artıq adam yox, postadamsınız. Bundan sonra cənnətdə yaşayacaq, ölümün nə olduğunu bilməyəcəksiniz!

Yeri gəlmişkən, cənnətin bu dünyadakı mövcudluğu ideyasının kökü xristianlığın Yer cənnəti anlayışından gəlir və özünün ilk realizə cəhdini SSRİ-dəki “kommunizm quruculuğu”nda tapıb. Cəmiyyətin şüur səviyyəsini nəzərə almadan zor gücünə həyata keçirilən bu qırmızı layihə uğursuz oldu və əbədi səadət vəd etdiyi insanları tankların altında qoydu. Çünki ciddi elmi bazası yox idi, ideoloji təzyiq, siyasi diktatura, ən yaxşı halda sosial arzuya söykənirdi.

Postinsan isə elmə əsaslanır və inqilabı insanın özündə eləyir. O, xəyalpərvər Marks və avantürist Lenin kimi öz ideyalarını cəmiyyətə yuxarıdan diktə etmir, inqilaba ayrı-ayrı fərdlərin öz içindən, onun gen hüceyrələrini cavanlaşdırmaqdan, intellektini dərinləşdirməkdən, yaddaşının tutumunu artırmaqdan, bir sözlə, şüur səviyyəsinin yüksəldilməsindən başlayır. Onun əsas silahı avtomat yox, cərrah bıçağıdır.

Bu gün dünya siyasi, fəlsəfi və bədii-estetik fikrinin tanınmış isimləri postinsandan yazır, onun ən yaxın gələcəkdə reallaşacağından bəhs edir, mərhələlərini təyin edir, müxtəlif yönlərini müzakirə edirlər. Bu problemi özünün başlıca araşdırma predmetinə çevirən transformativ antropologiya sürətlə inkişaf edir, nanotexnologiya qocalmış insan hüceyrələrini regenerasiya etməklə ölməzliyə çatmağın mümkünlüyünü nəzəri yöndən sübut edir. Dünyanın müxtəlif ölkələrində postinsanla bağlı monoqrafiya və romanlar yazılır, filmlər çəkilir. İsfəndiyarinin “Sən posthumansanmı?”, Kurtsveylin “Fantastik səyahət”, Fukuyamanın “Bizim postinsan gələcəyimiz” monoqrafiyaları, Sterlinqin “Sxizmatritsa” romanı, Vaçovskinin “Matritsa” filmi bu sahənin kult əsərləri kimi artıq klassika sayılır.

Bütün bunlar nə qədər gerçək, nə qədər fantastika, nə qədər pozitiv, nə qədər neqativdir? Bu barədə yəqin ki, ikinci esseni yazmaq lazım gələcək. Amma bir məsələni məhz indi vurğulamağa ehtiyac var. Biz postinsan deyəndə sadəcə qərbdən idxal olunmuş bir termini yox, həm də şərqdə minillərlə mövcud olan köklü və ardıcıl qnostik ənənəni nəzərdə tuturuq. Bu məsələdə şərqin özü də nəsə mücərrəd, ekzotik məkan yox, ilk öncə Azərbaycan deməkdir. Çünki -

- Azərbaycan islamaqədərki Yaxın Şərqin mənəvi mərkəzi, Bakı isə onun Kəbəsi olub; “Bakı” və ya onun ilk variantı olan “Bəkə” sözü “Kəbə” ilə eyni kökdəndir, sadəcə hecaların yeri dəyişib”;

- fövqəlinsan məsələsində Nitsşeyə ilham verən Zərdüşt Azərbaycanda doğulub və fəaliyyət göstərib; Zərdüştün adı, əslində, Azərbaycanla eyni kökdən olan Azərdüşt olub;

- ölməzlik alması axtarışına həsr olunan qədim xalq nağılımız “Məlikməmməd”in əsasında entropik məsələ - insandan (ağ qoç-qara qoç) postinsana (simurq) çevrilmə prosesi durur;

- dünya ədəbiyyatında ölməzlik probleminə həsr olunan ilk əsər - “Bilqamıs” (“Hamısını bilən”, “Hər şeyi bilən”, yəni Allah insan) azərbaycanlıların ulu əcdadları olan şumerlər (şum ərləri, əkinçilər) tərəfindən yaradılıb;

- insanın ölümü və ölməzliyi probleminə dair ən fundamental əsərlərdən birini - “İskəndərnamə”ni Azərbaycan şairi Nizami yazıb;

- Allah insan konsepsiyası, xüsusən də insanın ölməzliyi ideyası dünya fəlsəfi fikrində özünün ən mükəmməl ifadəsini Azərbaycan mütəfəkkiri Nəiminin Bakıda qələmə aldığı “Cavidannamə” əsərində tapıb;

- Azərbaycan şairi Nəsimi insanın ölməzliyi ideyası uğrunda dabanından soyulub;

- Azərbaycanın hökmdar şairi Xətai fövqəlinsanın canlı təcəssümü sayılıb;

- və nəhayət, Azərbaycan yazıçısı Muğannanın “İdeal” romanı insanın ölməzliyi ilə bağlı intellektual ənənələrin nəinki kəsilmədiyini, hətta insan həyatının 72 qəpik olduğu sovet rejimində belə üzə çıxmaq potensialını göstərib;

Bəzilərinizin bunları oxuyub nə düşündüyünü təxmin edirəm. Düşünürsünüz ki, “Bu yazdıqların hamısı sənin bir azərbaycanlı kimi milli təəssübkeşliyindən irəli gəlir. Sən fəxr edirsən ki, azərbaycanlısan!” Razıyam, doğrudan da, fəxr edirəm. Amma ezoterik bilgilərə yaxşı bələd olan Salvador Dali 1943-cü ildə çəkdiyi “Geopolitik körpə...” əsərində doğulmaq üzrə olan Yeni İnsanın vətəni kimi niyə, görəsən, məhz Bakını göstərir?

Bu o demək deyilmi, azərbaycançılıq sadəcə ictimai-siyasi yox, həm də ciddi ezoterik şərh tələb edən məsələdir?

Azərbaycançılıq ideologiyasının banisi Heydər Əliyev cənabları ilə Muğanna arasında on illərlə sürən və qarşılıqlı hörmətə əsaslanan münasibət, ulu öndərin “Nəsimi” filminin ssenarisini məhz ona sifariş verməsi, “Nizami” filmiylə bağlı Elmlər Akademiyasında baş verən qalmaqalda dövlət başçısının cahil alimləri yox, müdrik yazıçını dəstəkləməsi, qələm adamları arasında ilk dəfə məhz onu ən yüksək orden - “İstiqlal”la təltif etməsi, görəsən, təsadüf idimi? Bəs, Muğannanın ulu öndəri fenomenal qabiliyyətə malik lider kimi səciyyələndirməsi necə?

Görünür, biri qılınc, digəri qələm sahibi olmaqla eyni amala - azərbaycançılığa xidmət edən bu iki muğanna, iki fövqəlinsan istər Azərbaycanın tarixi missiyasını, istərsə də bir-birinin böyüklüyünü gözəl başa düşürdü.

Nəhayət, bunlar o demək deyilmi ki, dekadans bataqlığında çabalayan çağdaş milli bədii düşüncənin qurtuluş yolu azərbaycançılıqdan, o da öz növbəsində postinsandan keçir?

Əlbəttə, bütün bu yazdıqlarımız hamını hökmən elmi-fantastik mövzuda yazmağa, insandan daha çox robotu xatırladan, müayinədən daha çox “texsmotra” ehtiyacı olan qəhrəmanlar yaratmağa, milli sterlinqlər, kurtsveyllər, vaçovskilər olmağa çağırış deyil. Söhbət ölüm ruhu üzərində qələbədən, dekadansın dəfindən gedir. Bizcə, bu olduqca ciddi problemin çözümü haqda düşünməyə dəyər../525.az/

Əsəd CAHANGİRБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ