Bomba qədər təhlükəli müəllimlər

Tarix:26-04-2018, 10:59 Baxış Sayı:178


Bomba qədər təhlükəli müəllimlər
Türkiyə Cumhuriyyətinin banisi Atatürk deyirdi: “Müəllim bir şama bənzər,özünü əridərək başqalarına işıq verər”.

Həqiqətən müəllimlik müqəddəs peşədir. Bir nəfər bilgilərini, düşüncələrini və enerjisini onlarla və yüzlərlə insanlarla bölüşərək, həmin şəxslərin formalaşmasına, yetişməsinə nail olur. Nəticədə o şəxslər, bir müəllimin və ya müəllimlərin yaratdığı təsir gücü ilə sabah cəmiyyətdə, ailə içində və hətta ictimaiyyət daxilində belə mühüm, sanballı, öz müsbət keyfiyyətləri və bilgiləri ilə xeyirli insan olub, müsbət imic yarada bilərlər.

Bəli, əgər cəmiyyəti təşkil edən insanların çoxu ağıllı və savadlıdırsa, o, ölkə inkişaf etmiş ölkə sayılır. İnkişaf etmiş ölkələrdəki insanlar daha mədəni, daha çox imkan və resursa malik olmaqla yanaşı, həm də uzunömürlü, sağlam olurlar. Söhbət təbii ki, böyük çoxluqdan gedir.

İndi bir də bunun əksini düşünün! Bir ölkədəki müəllimlərin əksəriyyətinin özü az bilgili və savad sarıdan kasıbdılarsa, o zaman, həmin müəllimlərin “yetişdirdiyi” şagirdlərdən ibarət yüzminlər, sabah nə qədər geridəqalmış, mədəniyyətsiz və ən əsas savadsız insanların çoxluq təşkil etdiyi cəmiyyətin bir hissəsi olacaqlar. Həmin eybəcər mənzərəni təsəvvür etmək heç də çətin deyil.

Cəmiyyətin siması mənfi obrazla göz önünə gətirilirsə və mədəniyyətsiz, şəxsiyyətsiz insanlar cəmiyyətdə çoxdursa, demək ki, o ölkənin adının yanına, ümumiyyətlə, “inkişaf” sözünü yazmaq olduqca gülməli və bir o qədər də absurddur. Bu yerdə müqəddəslik yerini cahilliyə ötürür. Belə hal isə insanlıq üçün təhlükə mənbəyi hesab olunur. Burda da təbii ki, söhbət böyük çoxluqdan gedir.

Bu yaxında yaxın bir tanışım mənə universitetdəki qrup yoldaşının qarşılaşdığı dəhşətli bir hadisədən danışdı. Deməli, tələbə olmaqla yanaşı həm də repetitor müəllimə kimi fəaliyyət göstərən həmin qız, evinə gələn ibtidai sinif şagirdinin alnının ortasında gözəçarpan şəkildə qırmızı qələmlə yazılmış “2” rəqəmini görür. Dəhşətə gələn qız uşaqdan bunu kimin etdiyini öyrənir. Sən demə, bu iyrənc hərəkəti həmin azyaşlı uşağın ibtidai sinif müəlliməsi dərsi bilmədiyinə görə edibmiş.

Hadisəni eşidəndə şoka düşdüm. Həmin səhnə göz önümdə canlandı və sanki başımdan qaynar su tökdülər. Bu sətirləri yazarkən belə hadisənin ağırlığı və mənfi təsiri məni çox məyus edir. İkrah hissi yaradan bu tükürpərdici olayın səbəbkarına şiddətli cəza verilərkən o anı qürur və məmnun baxışlarla izləmək keçir ürəyimdən.

Hadisənin ardını yazım. Repetitor müəllimə, ilk olaraq bu barədə şagirdinin anası ilə söhbət edir. Valideyn isə bilgisiz və düşüncəsiz fağırın biri çıxır. Öz övladını müdafiə belə edə bilməyən — cahil! Gənc müəllimə vaxt itirmədən şagirdinin başına oyun gətirilmiş məktəbə gedir və birbaşa direktorla görüşür. Hadisəni nəql etdikdən sonra elə həmin şagirdin iştirakı ilə müəllimə ora çağırılır və töhmət alır. Həmin müəllimənin cəzası sadəcə ictimai şəkildə “üzr istəməklə” yekunlaşır. Bu da bunların “ədaləti”… Təbii ki, başqa ölkə olsaydı həmin müəlliməni peşəsindən birdəfəlik uzaqlaşdırmaqla bərabər, ən azı müəyyən pul və ya həbs cəzası ilə də “qiymətləndirərdilər”.

Başqa bir tanışım məktəblərdən birindəki iş təcrübəsində danışır. Ordakı hadisələrdən də qısaca yazım. Deməli, təcrübəsini zənginləşdirməyə gələn gələcəyin müəlliməsi dərs deyən müəllimənin birinci sinif şagirdlərilə kobud və qeyri-etik davrandığını görür. Müəllimə, azyaşlı uşaqlara heyvan adları ilə xitab etməklə yanaşı, hələ uşaqları vururmuş da. Bu hal digər aşağı yaş qrupuna daxil olan siniflərdə də yaşanır. Yəni digər siniflərdəki müəllimlər də o gündədilər..

O cür idbar hadisələrə və haqsızlıqlar qarşısında niyə susduğunu və təpki vermədiyini soruşanda, həmin qız mənə belə cavab verdi: “Səsimi çıxarsaydım, müəllimə ilə aram pozulacaq və yekunda mənim iş təcrübəmi qiymətləndirəndə balımı kəsəcəkdi”.

Cavabdakı laqeydliyə, köləliyə dözə bilməyib, o adama sərt şəkildə “sən vicdansızsan və bil ki, nə vaxtsa sənin də uşağın olacaq və məktəbə gedəndə müəlliməsi onunla o şəkildə davranacaq” — dedim.

Əslində belə laqeydsizliyin kökü ailəyə gedib çıxır. Despotik və qapalı ailədə böyüyən o qızın heç vaxt evin içində söz haqqı olmayıb. Bir çox dəyər qorxu və qeyri-müəyyən şəkildə aşılanıb və gəlib bu formaya çıxıb. Əlbəttə, elə şəxslərin cəsarəti olmayacaq. Elələri nəinki başqaları əziləndə və haqqı tapdananda reaksiya verməyə çəkinəcək, həmçinin doğru şəkildə özünü müdafiə etməyi belə bacarmayacaqlar.

Müəllimlərimiz uşaqları, yəni bizim gələcəyimizi belə şəkildə yetişdirirsə, sabahlarımız necə olacaq? O uşaqların çoxu sabah psixopat olacaq. Bədbin proqnoz verməyi və ya pessimist düşüncədə olmağı xoşlamasam da, belə təşəkkül tapan cəmiyyət bomba qədər təhlükəli görünür mənə. Allah axırımızı xeyir eləsin!

Orxan Adıgözəl
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ