Mənim bir yazı günüm - Aslan Quliyev

Tarix:1-04-2018, 15:44 Baxış Sayı:273

Mənim bir yazı günüm - Aslan Quliyev
Günəş doğur.
Hava ətirli və sərindir.
Bağda bülbül oxuyur.
Günəş şüaları ardıc, akasiya ağaclarının budaqları arasından süzülüb klaviaturanın hərflərini işıqlandırır. Pəncərəni açıram, gur hava dolur içəri. Mənim yeni iş günüm başlayır.


Masa arxasına keçirəm, ilk işim Joze Saramaqodan tərcümə eləmək oldu."Görmə” romanını. Başlayanda mənə çox cansıxıcı gəlmişdi. Hətta heyrətlənmişdim. Adam, sənin nəyinə Nobel mükafatı veriblər? Sən ki, düz-əməlli yazmağı bilmirsən. Amma iki-üç səhifədən sonra yanıldığımı başa düşdüm. Adama haqsızlıq eləmişəm, Nobelə haqq eləyən iki-üç yazıçıdan biridir. Hadisəni necə ustalıqla, məharətlə təsvir eləyir, nə qədər güclü, incə, dərin müşahidəçilik qabiliyyəti var! Modern yazı tərziylə,hadisələrə baxışı və təsviri ilə adamı sehrləyir. Əvvəl tərcüməyə özümü zorla məcbur eləyirdim. İndisə ayrıla bilmirəm.

Əvvəllər banda quruldayan göyərçinlər mane olurdu. İndi buna quruldamaq demək də düz deyil, nərildəyən göyərçinlər. Bapbalaca quşdular, amma cöngə kimi səs çıxarırlar. Bu il damı təmir elətdirdim, daha göyərçinlər bana girə bilmirlər. Gəldilər, damın üzərində beş-altı dəfə dövrə vurub, birdəfəlik uçub getdilər. Heç vidalaşmadılar da. Onlara görə üzüldüm, amma bundan sonra quş olduqlarını unutmaz, quş kimi səs çıxararlar. Yoxsa sən adı quş olasan, əslini-nəslini unudasan,cöngə kimi böyürəsən! Quşsan, zəhmət çək, quşluğunu elə.

Üç səhifə tərcümə eləyəndən sonra yoruluram. Həyətə düşürəm. Həyətdəki cığırlara dağlardan gətirdiyim daşları döşəmişəm. Ərdəbildə Şah İsmayıl Xətainin bağında cığırlara döşənən boz-qara rəngli daşları görəndə birdən bizim dağlarda bu daşlardan olduğunu xatırladım. Bu da nəticəsi. Yağış yağanda, ya da özüm şlanqla yuyanda daşlar çox gözəl görünürlər. Daş cığırlarla gəzməyi çox xoşlayıram.

Gəzirəm. Böyürtkən köynəyimə ilişir. Cığırın qırağı ilə kəndimizdən gətirdiyim itburnu və böyürtkən kolu əkmişəm. İtburnu koldu, kolluğunu eləyir. Çiçəyini açır, meyvəsini gətirir, meyvələr də payız günəşinin qızılı şüalarının altında qıpqırmızı qızarır. Əsl payız mənzərəsi! Hələ bir meyvələri qonşunun qazları oğurlamasa, bizə də çatır. Yığıb qış uzunu çay dəmləyirəm. Böyürtkən isə başqadır. Sağa da keçəndə əlini-qolunu uzadıb tikanını bir yerimə batırmalıdır, sola da keçəndə. Deyirəm, sən göyərçinlərdən nümunə götür. Dedim, böyürməyin, mənim böyürənlərdən xoşum gəlmir. Quşundan da, insanından da. Qulaq asmadılar, bildiklərini elədilər. Sonu nə oldu?Hanı, bax, gör ətrafda göyərçin görürsənmi? Yoxdular. Sənin üçün də bir şey fikirləşə bilərəm.

Özünü pərt olan kimi göstərir. Amma əməlindən qalmır. Neyləməli, özündən küs. Səni nə qədər çox sevsəm də, yolumu kəsməyinlə barışa bilmərəm. Həm də öz həyətimdə! Bağ qayçısını gətirir, böyürtkəni budayıram. Ora-bura çox qol-qanad atmasın deyə aşağıdan bir yerə yığıb məftillə bağlayıram. İndi necə də gözəl görünür. Top kimi girdə, çiçəkləri də gözəldir! Girdə top ağappaq çiçəklər açıb!

Samovarı yandırıb fıstıq ağacının dibindəki dəmir çarpayıya uzanıram. Tüstü burula-burula qalxır, ardıc kollarının üstündə cənuba doğru əyilir, oralarda itib yoxa çıxır. Samovar qaynayandan sonra kəkotu çayı dəmləyirəm. İki stəkan çay içib, yenidən yazı masasına qayıdıram.

Tərcümə artıq cəzb eləmir. Sentyabra yeni kitabımı çapa vermək istəyirəm. Kitab halında çap olunmamış yazılarım olacaq. Mənim üçün yazmaq problem deyil, problem yazılara ad tapmaqdır. Di gəl, adı tapanda da dostlarımın təkidiylə əziyyətlə tapdığım adı dəyişməli oluram, amma sonradan yanıldığımı başa düşürəm. Gərək dəyişməyəydim. İndi də "Yazı” jurnalında jurnal variantı çap olunan, ilk adı "Quş və mən” olan "Ayı və kazyol” üzərində işləyirəm.Bilmirəm, amma mənə maraqlı roman kimi gəlir. Ümumiyyətlə, yazıçı hansı əsərlərini sürətlə, birnəfəsə yazırsa, oxucu da o əsərləri birnəfəsə oxuyur. Hansılarda ilişirsə, oxucu da orda ilişir.

Həyətdə səs-küydür, nəsə olub. Könülsüz halda ayağa qalxıb həyətə düşürəm. Tülkü qonşunun cücələrini aparıb. Həm oğurluq eləyib, həm əclaflıq, birini aparıb, yeddi-səkkizini də boğub öldürüb.

Bizim vaxtlarda tülkülər belə alçaqlıq eləməzdilər. Təcrübəmdən bilirəm. Bura ilk köçəndə xeyli toyuq-cücə saxlayırdıq. Toyuqlar döşə yayılar, çöl otlarının toxumlarını, çəyirtkələri, qurd-quşları yeyərdilər. Dən tələb eləmir,çölə daraşırdılar, yaxşıydı,amma pis olan buydu ki, tülkülər də toyuqlara daraşırdılar. Xatırlatdığım kimi, bizim zamanların tülküləri vicdanlıydılar. Belə ki, vicdanlı tülkü gələr,özünə lazım olan qədər toyuq boğazlayıb aparardı. Nə qədər vicdanlı olmuş olsa da, mən öz sahəmdə çölün tülküsünün özbaşınalıq eləməsinə yol verə bilməzdim. Ən başlıcası isə toyuqların gözündə nüfuzdan düşmək istəmirdim. Toyuğu boğazlayıb aparan tülkünün arxasınca baxmaqdan başqa əlindən bir iş gəlməyən sahiblərinin toyuqların yanında nə nüfuzları ola bilərdi? Tülküyə xəbərdarlıq elədim, bax, dostum, mən bu toyuqları sənin üçün saxlamıram.

Səni yedizdirmək üçün də bir kimsə qarşısında öhdəçilik götürməmişəm. Toyuqlara toxunma.Kimə deyirsən? Nəticə çıxartmaq əvəzinə qohum-əqrəbalarını da yığıb gətirdi. Təcili olaraq həm toyuqları, həm də nüfuzumu xilas eləməliydim! Tüfəngi götürüb, tülkünün axtarışına çıxdım. Birini vurdum, qohumlarından da bir-ikisini qorxudandan sonra daha bu ətrafa yaxın düşməyə cürət eləmədilər. Amma bu, heç nəyi dəyişmədi. Toyuq saxlamağa son verdim. Mənim toyuqlarıma gözlərini dikmiş çölün bütün yırtıcılarını, ilanları, qırğıları, çalağanları, porsuqları öldürə bilməzdim. Ya çölün bütün yırtıcılarına müharibə eləyib nəsillərini kəsməliydim, ya da toyuq-cücə saxlamamalıydım. Saxlamamağa qərar verdim.

Qonşu isə mənim kimi düşünmürdü. Toyuqlarını qoruya biləcəyini düşünmüşdü. Amma göründüyü kimi qoruya bilməmişdi. Oğurluq faktıyla üz-üzəydik. Qonşunun qazları gəlib həyətimizin itburnularını oğurlayırdılar, çölün əclaf tülküsü də gəlib qonşunun toyuqlarını oğurlayırdı. Əli başına çatan oğurlayırdı.

Qonşuya təskinik verirəm, sakitləşmir.Əksinə mənim sakitləşdirmək təşəbbüsümə anlaşılmaz reaksiya verir.Sanki əclaf tülküyə mən demişəm,gəl, qonşunun toyuqlarını apar. Daha doğrusu, apardığını apar, aparmadıqlarını da boğ. Bu əhvalla yazı masasının arxasına keçə bilmərəm. Dəmir çarpayıda uzanıb çiçəklərə daraşmış bal arılarının aramsız vızıltılarına, çölün,quşların, böcəklərin səsinə qulaq asıram. Əvvəllər çöldə səslər daha çox idi, indi çöl səssizləşir.

Bir də nahardan sonra keçirəm yazı masasının arxasına. Tərcümə, roman üzərində işləmək, cavan bir yazıçının hekayəsini redaktə eləmək, facebook-da yeni açılmış səhifəmə baxmaq.

Ədəbiyyata istedadlı, işıqlı, obyektiv gənclər gəlir. Səmimidirlər. Amma nə yazıq ki, əksəriyyəti dahilik xəstəliyinə yoluxublar. İki-üç bəsit, hələ bişməmiş yazı yazır və özünü dahi elan eləyir. Olurmu? Bizim gəncliyimiz imperiya vaxtına düşdü, sovet senzoru əli qılınclı başımızın üzərində dayanmışdı. Az qala hər sözü lupa ilə oxuyurdular. Mən yazırdım: "Şəhərin üzərinə qaranlıq çökürdü”. Dəhşətdən senzorun rəngi ağarırdı, necə yəni, sosialist şəhərinin üzərinə qaranlıq necə çökə bilər? Sən nəyə görə qaranlığı heç yerə yox,sosialist şəhərinin üzərinə çökdürürsən? Mənim də rəngim ağarırdı, mən onu başqa hara çökürdə bilərəm? Onda bəlkə meşənin üzərinə çökürdüm? Axı qaranlıq harasa çökməlidir də. Senzor qəzəblənirdi, axı sən nəyə görə qaranlıqdan yapışıbsan? Hökməndir şəhərlərimizin, ya da meşələrimizin üzərinə qaranlığı çökdürəsən? Günəş şüaları səpələnsin, ilıq yaz yağışları yağsın! Sən qaranlığını belə nümayişkaranə tərzdə yaza,gözümüzə soxa bilməzsən!

Elə bilirsən bununla nə demək istədiyini başa düşmürük?! İşlər dolaşırdı, mənim belə yazmaqda başqa heç bir məqsədim yox idi,qaranlığı da bir kimsənin, xüsusi ilə də senzorun gözünə soxmaq istəmirdim. Heç ağlı başında olan da senzorun gözünə nəsə soxar? Sadəcə təbiət hadisəsini, faktı qələmə almışdım. Beləcə düşünür və iki qat heyrətlənirdim, Allah, Allah, görəsən, belə yazmaqla nə demək istəmişəm? "Sərxoş” adlı hekayəmin qəhrəmanı sərxoş pilləkəni düşüb sonuncu pillədə oturur və deyirdi: "Lənətə gələsən belə həyat!” Senzor qəzəblənmişdi, sərxoşdan, sovet cəmiyyətinin tör-töküntüsündən hekayə yazmağın azlıq eləyir, sənin bu sərxoşun hələ bir sosializm cəmiyyətini, işıqlı, gözəl, fərəhli həyatımızı da lənətləyir? Keçməz! Keçmirdi də. Ən qəribəsi isə imperiya dağılandan sonra şəxsən bu senzor, redaktor, az qala özünü dissident elan elədi. Onu incidirmişlər, yazılarına görə təqib eləyirmişlər, qarşısını kəsirmişlər. Amma həqiqət budur ki, özü sovet senzurasının vuran əliydi, özü başqalarını incidir, təqib eləyirdi!

Gənclərimiz isə müstəqil ölkədə yaşayırlar. Xaricdə oxuyur, təhsil alırlar. Dünyaya çıxışları var, yazılarını yaymaq, təbliğ eləmək üçün, dil öyrənmək, oxumaq üçün istədikləri ədəbiyyatı əldə eləmək imkanları var. Yəni vəziyyət, şərait tamamilə onların xeyrinədir. Niyə də daha yaxşı yazmasınlar? Niyə də dahi olmasınlar? Məncə, özlərini ədəbiyyatımızın qocaları ilə müqayisə eləməsinlər, bu onlara heç nə verməyəcək. Qonşu Gürcüstanın, Rusiyanın, qardaş Türkiyənin yazarları ilə müqayisə eləsinlər. Bu yaxınlarda ölkəmizdə o qədər də tanınmayan iki türk yazıçısının, Nərmin Yıldırımın və Həmdi Koçun romanlarını dilimizə uyğunlaşdırmışam. Hər iki müəllif məni heyrətləndirib. Necə gözəl yazırlar! İlk öncə belə yazılarla ortalığa çıxmaq, sonra dahilikdən dəm vurmaq lazımdır.

Gənc həmkarımın hekayəsini redaktə eləyib, yenidən həyətə düşürəm. Tut, gilas yetişib, alça da yemək olar. Ağ tuta üstünlük verirəm. Doyunca tut yeyib,yerli daşlardan tikdiyim bulağın yanındakı kötüyün üstündə otururam. Bir az aralıda koramal böyürtkən kolunun üstündə qıvrılıb yatıb, günəş vannası qəbul eləyir. Əvvəllər məni görəndə bir göz qırpımında kolların arasında yoxa çıxardı, amma ona qarşı pislik eləmək niyyətində olmadığımı başa düşüb,daha məndən qaçmır. Çöldə ancaq şüursuz heyvanların dolaşmadıqlarını sübut eləyən real nümunə.İki-üç dost-tanışını, qohum-əqrəbasını da dəvət edib, həyətdəki, bağdakı ilanların, siçanların kökünü kəsirlər. Deyirəm işini gör, yeyəcək sarıdan narahat olma, yeməyə bir şey tapa bilməsən, sənin üçün hardan olsa ölü siçan, ilan taparam. Nuşi-canlıqla aşırarsan. Razı qaldığını bildirmək üçün quyruğunu tərpədir. Şüurludur, amma ağlı yoxdur. İnsanın lazım gəldimi, yalan danışacağını bilmir. Sürünən "dostum”, mən sənin üçün ölü siçanı, ilanı harda tapacağam? Sözdü dedim, sənsə artıq xəyallar qurursan.

Yenidən samovarı yandırıram.
Tüstü havaya millənir.
Hava bürkü və qüssə içində ilğımlanır.
Yenidən tərcümə eləyirəm. Roman üzərində işləyirəm. Rus yazıçılarının hekayələrini oxuyuram.
Həyətdə səs-küy düşür. Tülkü yenə də qonşunun qazınımı,ördəyinimi oğurlamağa cəhd eləyib.

Kənddən qardaşım zəng eləyir. Beş dənə toyuq göndərim, heç olmaya yumurta problemin həll olsun. Qəti etiraz eləyirəm. Göndərib eləmə. Əlbəttə, hansısa bir problemimin, – bu yumurtaya aid olsa belə, – həll olunması gözəldir, adamı sevindirir. Amma mən uzun illərdən sonra yenidən tülkülərə müharibə elan eləmək istəmirəm. Mən yazıçıyam. Sülh adamıyam. Müharibənin gəlib evimin astanasına dirənməsini istəmirəm. Xüsusi ilə də hansısa toyuqdan, yumurtadan ötrü.

Masa arxasına keçir, işləyirəm. Facebook səhifəmə baxıram. Bir oxucumun şərhi məni əməlli-başlı kövrəldir.
Günəş dağların arxasına əyilir.
Qaranlıq düşür.
Mənim bir yazı günüm sona çatır./artkaspi.az/

Aslan QULİYEVБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ