Tədbirlərdə niyə yatırıq?.. - Şəhla Aslan yazır |MANERA.AZ

Tarix:29-03-2018, 16:43 Baxış Sayı:223

Tədbirlərdə niyə yatırıq?.. - Şəhla Aslan yazır  |MANERA.AZ
Hər gün 5-6 tədbirə dəvətnamə gəlir. Gedirsən bir dərd, getmirsən başqa dərd. Şahid olduğun ürəkbulandıran məqamlar isə bir deyil, iki deyil. Tədbirə getməyin borc məsələsinə çevrildiyi günümüzdə iştirakçılar da eyni, mahiyyət də eyni! Təəssüf ki, bunu sonradan anlayırsan...

"Ciddi" qurumların ciddi rəhbərlərinin dəvət etdikləri tədbirlərdə iştirakçılar aşağı yuxarı eyni adamlardır; Protokoldan tutmuş siravi insanlara qədər! Təsadüfi qatılanlar az sayda olur. Onlar da dəvətnamədə yazılmış tədbirin adına aldanırlar; Nəsə ciddi tədbirə oxşayır...

Əl-qərəz, 4-5 millət vəkili var, əlçatan. Bir də 6-7 qurum rəhbəri. Təşkil olunan tədbirin mövzusunun fərqi yoxdu, protokola bu insanlar olur; İstər dolma festivalı olsun, istər gözəllik yarışması. Onlar da pencəyinin üst düyməsini səhnədə bağlayıb, mikrafon arxasında özünü suda balıq kimi hiss edirmiş kimi eyni cümlələri, köhnə intonasiyayla tələffüs etməkdən yorulmur, çürük fikirlərini auditoriyaya qışırır (vallahi bu danışmaq deyil, qışqırmaqdı), şəxsi fotoqraflarına 100-150 şəkil çəkdirib özündənrazı ayaq səsləri ilə zalı tərk edirlər (bəziləri sosial şəbəkələrdə canlı yayım etməyə də macal tapırlar).

Bütün bunlara şahidlik etmək məcburiyyətində qalan dinləyici yorulur, bezir, yuxu tutur, kameralardan daldalanıb bir az mürgüləyir, tədbiri yarıda tərk edən insanların ayağına toxunmasından diskinərək yuxudan ayılır, sonra yenə yuxu basır...

"Mən sözü çox uzatmaq istəmirəm" deyən çıxışçının əslində 25 dəqiqədir davam edən məzmunsuz fikirləri azmış kimi, çiviltili səsi də adamın sinirlərinə toxunur. Dindirdir, dur kənarda! Deyəcək mən filan mükafatların laureatıyam, ölkəmi filan dövlətlərdə təmsil edirəm. Necə? Nə cür? Suallarını vermək ixtiyarın da yoxdu.

Əşiii, babalı Sərvərin boynuna, heç olmasa tədbirin mahiyyətinə aid beş cümlə əzbərləyə, çıxışında təkrar eləyə, jurnalist də tədbirdən yazacağı xəbərdə bir abzas stat verə bilə deyərəm dərd yarı!

Di gəl, çıxış edənlər sırasında adı yazılmasa, ya da təltiflərinnin sayı unudularsa "yuxarıdan" xəbərin silinmə əmri gələcək.

Kafa bu kadar çalışıyor; Tədbiri AzTV çəkdimi, tamamdır. Onsuz da səsi verməyəcək, görüntü gedəcək, təşkilatçı qurumun adı söyləniləcək, sonra da tədbirdə "söylənilən" quruculuq-abadlıq işlərinə münasibətdən danışılacaq. Vəssalam, bu oldu aktiv qurum!

Salonun arxa oturacağında dərin fikrə gedən, tədbirə qatılmaqla dəyərli vaxtını boşuna xərclədiyi düşüncəsində olub, ölkəsinin taleyindən ciddi narahat olan Axundov müəllimsə düşünür; Görəsən, mənasız, məzmunsuz tədbirlər keçirilməklə insanları məşğul etməyə təşviq edən səbəbləri iştirakçılar nə zaman anlayacaq?!

MANERA.AZ

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ