manera.az
manera.az

Məni bağışla, Məmməd əmi.. - Kənan Hacı

Məni bağışla, Məmməd əmi.. - Kənan Hacı

Atamdan sonra anamı da qara torpağa tapşırdıq və mən sonsuz səmanın altında əllərimi göyə uzadıb səsim gəldikcə hayqırdım: “Ey yeri-göyü Yaradan, daha mənim bu dünyada bir doğmam qalmadı, əlimdə-ovcumda qalan tək bircə qiymətli varidatım Sözdür. Onu mənə qıyma, uca Tanrım!” İki dünya arasındakı bu “terminal”da Allahla könül söhbəti sübhəcən çəkdi...

Bir az sonra taleyin üfüqlərində ümidləri qanadlandıran, istilik və işıq gətirən Günəş göründü. Amma o Günəşin doğmasına qədər uzun, upuzun bir qaranlıq tuneldən keçəsi oldum. Əsəd Cahangirin təbirincə desəm, “Allahdan aşağıda heç kimi, sevgidən başqa heç nəyi olmayan” məni-biçarə tale ilə təkbətək döyüşə atıldım. Sonra anladım ki, tale başımız üstə səma kimidir, hey qaçsaq da altından heç hara qaça bilmərik. Amma taleyimə minnətdaram ki, mənim qarşıma xeyirxah insanlar çıxardı. O xeyirxahlardan biri də Məmməd Kazım idi. Onunla tanışlığımız qısa müddət ərzində ata-oğul münasibətlərinə çevrildi. Hələ uşaq ikən Aztv-nin “Hünər” verilişindən tanıdığım dəyərli qələm adamı ilə nə vaxtsa bu qədər yaxın olacağımı ağlımın ucundan da keçirməzdim. Bu tanışlıq mənim o qaranlıq tuneldən çıxmağıma səbəb oldu, özümdə güc, təpər tapa bildim. Çox-çox sonralar biləcəkdim ki, Məmməd əminin (hamımız onu “əmi” deyə çağırırdıq) təmənnasız xeyirxahlığı nə qədər insanın taleyindən keçib. Onun haqqında “Hünər qalası”, “Sözümüzün ağrıyan yeri” yazılarını yazmışam. Sonuncu yazını “Seçilmiş əsərləri”nin ikinci cildinə daxil edib.

Məmməd Kazım yaradıcılığı ilə tanış olduqca onun poeziyası ilə şəxsiyyətinin bir-birini necə tamamladığını gördüm. O, necə yaşayıbsa, elə yazıb, necə yazıbsa, yaşadığı ömür də yazdıqlarının aynasıdır. Onunla bağlı ürəyimdə o qədər sözlər, danışılası o qədər xatirələr var ki!.. İnsan öz doğmasını, əzizini itirəndə bütün sözlər tükənir, sözün ölüm qarşısında acizliyini bir daha gördüm.

Məmməd Kazımın ölüm xəbərini eşidəndə uzun müddət donub qaldım, heç nə düşünə bilmədim, başa dəyən zərbə qulaqları kar etdiyi kimi, bu qəfil zərbə də bütün duyğularımı dondurdu. Mənə tanış zərbə idi; atamı, anamı itirəndə də beləcə içimdən qırılıb tökülmüşdüm... Yetimliyin köz bağlayan yarasını qopartdı bu itki... Yeganə insan idi ki, atam kimi ona ərk edə bilirdim, bəzən hansısa səhvimə görə məni danlamazdı, susardı, üzündəki məyusluq ifadəsi şillə kimi üzümü qızardardı. Və mənimçün bundan ağır cəza ola bilməzdi. Hansısa addımı atanda həmişə düşünürdüm ki, birdən səhv edərəm, sonra Məmməd əminin üzünə necə baxacağam? Axı o, mənə inanırdı, güvənirdi, mənə bağışladığı kitablarının avtoqrafında həmişə belə yazırdı: “Gələcəyinə böyük ümidlər bəslədiyim əziz dostum Kənana”. Arada az qala, qırx il yaş fərqi olsa da o, məni özünün dostu sayırdı. Mənimçün bundan yüksək qiymət ola bilməzdi. Bu dostluğa xələl gətirəcək hansısa hərəkətə yol versəydim, ömrüm boyu özümü bağışlamazdım.

Mən nə vaxtsa yenidən görüşəcəyimizə sidq-ürəkdən inanıram. Ona görə əlvida demirəm, hələlik deyirəm, Məmməd əmi! Bir də... Məni bağışla, deyirəm... Son günlərində yanında ola bilmədim, mənim ən çətin günlərimdə həmişə yanımda olan BÖYÜK XEYİRXAHIM! Bağışla...

Kənan Hacı
12 mart, 2018-ci ilБесплатные шаблоны для 10.5Forex Портал для чайников






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
TRİBUNA
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
TÜRK DÜNYASI
«     2024    »
 123
45678910
11121314151617
18192021222324
25262728293031