Elman Tovuzun söz dünyası - Nəsir Əhmədli

Tarix:11-02-2018, 21:40 Baxış Sayı:249

Elman Tovuzun söz dünyası - Nəsir Əhmədli

Nəsir ƏHMƏDLİ
filologiya elmləri doktoru, professor

Bəzən Tanrının elədiklərini düzgün anlamırıq, verdiyi bir neməti geri alanda bunu ədalətsizlik kini dəyərləndirib gileylənirik. Fərqinə varmırıq ki, O, bu gün aldığını sabah başqa bir biçimdə qat-qat artıqlaması ilə qaytarır.

Qönçə açılanda gözləri tutulmasaydı, bülbülün sevdası minillər boyu dillər əzbəri olmazdı. Uzaq minilliklərdə Qeyslə Leyli sağlıqlarında birbirlərinə qovuşsaydılar, dünya ədəbiyyatı və opera sənəti “Leyli və Məcnun”larsız, “Romeo və Cülyetta”sız qalardı. Qədim Yunanıstanın əfsanəvi şairi Homer (e.ə. VIII əsr) kor olmasaydı, “İliada” və “Odisseya” kimi ölməz ədəbi abidələr yaranmazdı. İngiltərənin böyük şairi, publisisti, ictimai xadimi Con Milton (1608-1674) ömrünün təxminən son 20 ilini dünya işığından məhrum olmuş və ən yaxşı əsərlərini (“İtirilmiş cənnət” və “Qaytarılmış cənnət” poemalarını) həmin dövrdə diktə etmişdir.

Tanrının fiziki imkanlarını məhdudlaşdırdığı, əvəzində yüksək intellekt və bədii istedad bəxş etdiyi bəndələrdən biri də çağdaş Azərbaycanın tanınmış şairlərindən olan Elman Tovuzdur.

Elman Tovuz (Elman Şəmşəd oğlu Həsənli) 55 il əvvəl – 1961-ci il aprelin 10-da Tovuz rayo nu - nun Şıxheybət kəndində doğulub. 8 illik təhsilini Şıxheybət, orta təhsilini isə Bozalqanlı kəndində alıb. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki ADİU-nun) Ümumi iqtisad fakültəsini bitirib. Eyni zanamda həmin illərdə Təhsil Nazirliyinin təsis etmiş olduğu İctimai Peşələr fakültəsində jurnalist ixtisasına yiyələnib. 14 il əsas ixtisası üzrə müxtəlif sahələrdə çalışıb. 1998-ci ildə avtomobil qəzasına düşüb, ayaqlarını itirərək 1-ci qrup əlil olub. Bu səbəbdən də heç yerdə işləmir.

Ədəbi yaradıcılığa tələbəlik illərindən başlayıb. “İqtisadçı” qəzetinin redaksiya heyətinin üzvü olub. Şeirləri ölkə mətbuatında müntəzəm olaraq dərc edilir, İnternet portallarında yayımlanır. Bir çox şeirləri dillər əzbəridir.

Aşıqlar və müğənnilər Elmanın şeirlərinə tez-tez müraciət edirlər. 2009-2012-ci illər arasında 4 şeir kitabı nəşr olunub: “Hara gedir bu yol belə?..” (2009), “Dünya, məni mənə qaytar” (2009), “Dəlir ürəyimi demədiklərim”, “Sən məni yuxuda çağır bir axşam”. Bu ilin fevralında isə Elmanın “101 qoşma” adlı 5-ci kitabı işıq üzü görüb.

Qoşma gənc şairlərimizin sınaq yeri, orta yaşlıların püxtələşmə meydanı, ustadların müdriklik zirvəsi, milli şeir sənətimizin məhək daşı, ağız poeziyası ilə kağız poeziyasını birləşdirən körpüdür. Qoşma zəngin poetik təfəkkürdən sızan sözlərin zərgər dəqiqliyi ilə cilalanaraq müəyyən çərçivə daxilində (3-5 bənd, hər bənddə 4 misra, hər misrada 11 heca) ustalıqla yerləşdirilməsidir. Vacib şərtlərdən biri də misradaxili heca bölgüsünün (6+5, yaxud 4+4+3) gözlənilməsidir. Bu cür ahəngdarlığa nail olmağın ən yaxşı yolu qoşmanın müvafiq saz havaları üstündə qurulmasıdır, yəni qoşma yazan şair bu havalara müəyyən dərəcədə bələd olmalıdır. Belə şeirlər tez yadda qalır, əhali arasında daha populyar olur.

Məmməd Araz XX əsr Azərbaycan poeziyasının ən qüdrətli nümayəndələrindən biridir, lakin onun şeirlərini çox az adam əzbər bilir. “İncəgülü” havası üstə oxunan “Salamat qal” qoşması isə saz mühitində yaşayan, demək olar, bütün insanların dilinin əzbəridir: Bəlkə, bu yerlərə bir də gəlmədim, Duman, salamat qal, dağ, salamat qal... Ən başlıca məsələ isə qoşmada məzmunla formanın vəhdətinə nail olmaq, yəni geniş, rəngarəng, zəngin fikirləri təhrif etmədən qoşmanın standart çərçivəsinə sığışdırmağı bacarmaqdır.

Elman Tovuzun “101 qoşma” kitabına üz tutaq. Buradakı şeirlərin mövzu dairəsi müəllifin daxili yaşantıları qədər genişdir: Allah və bəndə, varlıq və yoxluq, Vətən və vətəndaş, xeyir və şər, aşiq və məşuq, təbiət və insan, sənət və sənətkar... Kitab 4 bölmədən ibarətdir. Hər bölmə oraya daxil olan xarakterik bir şeirin bir misrası ilə adlandırılıb: 1. Vara da şükür de, yoxa da şükür (25 şeir); 2. Çıxıb gedəcəyəm özümdən daha (29 şeir); 3. Hara qaçsaq, özümüzdən qaçmayaq (21 şeir); 4. Birimiz gün olaq, birimiz yağış (26 şeir). Məqsədim kitabdakı şeirləri təhlil etmək deyil. Sadəcə, hər bölmədən bir qoşmanı oxuculara təqdim etməklə onların adından və öz adımdan Elman Tovuzu 55 yaşı münasibətilə təbrık etmək və ona möhkəm can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulamaq istəyirəm.../"Ulduz" jurnalı.-2016.-Aprel/

ŞÜKÜR

Aza gileylənmə, çox azdan olur,
Aza da şükür de, çoxa da şükür.
Toxun aclığı var, acın toxluğu,
Aca da şükür de, toxa da şükür.

Bir əl boşalmasa, o biri dolmaz,
Alanı olmasa, qum da satılmaz.
Biri dartılmasa, biri atılmaz,
Yaya da şükür de, oxa da şükür.

Göyün bulududur – yerdə qar olur,
Qar yoxa çıxanda bulaqlar olur.
Ay Elman, nə olur, yoxdan var olur,
Vara da şükür de, yoxa da şükür.

DAHA

Qartal baxışlarım ağırdan ağır,
Hədəflər yayınmır gözümdən daha.
Dinəndə dilimdən yalvarış yağır,
Qan iyi gəlməyir sözümdən daha.

Hay vermir hayıma göylər mələyi,
Ruhum – səksəkəli dağ kəpənəyi.
Neynirəm bəsləyib mən bu ürəyi,
Köz alan yoxdursa közümdən daha.

Arzular açmayır, puçur içimdə,
Qurduğum qalalar uçur içimdə.
Qalmışam günahın, suçun içində,
Əllərim üzülmur üzümdən daha.

Qəmi saman kimi doğrayan vəldim,
Atımı bu yolda yorub dincəldim...
Yoxsa, iraq olsun, gözəmi gəldim?!
Söz aça bilmirəm dözümdən daha.

Elmanam, gurladım, yağa bilmədim,
Əridim, zülməti boğa bilmədim.
Dünyanı özümə yığa bilmədim,
Çıxıb gedəcəyəm özümdən daha

ELƏMİ

Yenə fikrin külüngünü saplayıb,
Ha qazırsan daşa çıxır, eləmi?..
Sevincinin qazanı boş, min hayıf,
Qəm qaşıqda qoşa çıxır, eləmi?..

Oğruya bax, ovcundakı püstədir,
Doğru hələ dünənkinin üstədir…
Ədalət öz yatağında xəstədir, –
Dərman atır, boşa çıxır, eləmi?..

Elman Tovuz, çox yazılıb bu haqda,
Dönən dönüb: nə həqiqət, nə saxta…
İnsan olan ayaqlanır ayaqda,
Nadan olan başa çıxır, eləmi?..

ÜRƏYİMDƏ

Mənə “daşürəkli” deyən bəxtəvər,
Biləydin, nələr var kaş ürəyimdə.
Sənin kəklik eşqin yuva qurubdur
Mənim o dediyin daş ürəyimdə.

Bilmirəm, nədəndir çaş görünməyim,
O bahar gözlərə qış görünməyim...
Mən necə hicrana xoş görünməyim?
Çəkdiyin dağlar da xoş ürəyimdə.

Daşam, ya deyiləm – həmən Elmanam,
Kiməm ki, Tanrıdan gələni danam?!
Sən üzəsən deyə, ay könül sonam,
Axıb gölə dönüb yaş ürəyimdə...Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ