Mənim şeirdən başqa heç nəyim yoxdur - Məmməd İsmayıl

Tarix:10-02-2018, 19:21 Baxış Sayı:474

Mənim şeirdən başqa heç nəyim yoxdur - Məmməd İsmayıl

Manera.az ustad şair Məmməd İsmayılı “İsmin halları” layihəsində təqdim edir:

ADLIQ

Şeirimdə yazdığım kimi,o ağacdələn qapısını döyən evi anamla mən dişimizlə-dırnağımızla tikib başa gətirdik.Sonra imkanlar bir az düzələndə yanında təzə ev tikdirdim.Dostlardan biri dedi ki,köhnə evi uçurma,o ev sənin ilhamının yuvasıdır.Doğru deyirdi.Evlərin ruhu və mistikası var.Amma mən o evi uçurdum və inanın,düz on il şeir yaza bilmədim.Bəlkə də,anamın alın təriylə tikilən o evi uçurduğum üçün bu təzə ev də xaraba qaldı.

Mən AYB-yə gələndə indi burda rəhbərlik edənlərin heç biri rəhbərlikdə deyildilər.Qurultayda Vaqif Səmədoğlu deyirdi ki,mən Yazıçılar İttifaqının binasında böyümüşəm.Kənddən gələnlər isə Yazıçılar İttifaqının binasına girmək üçün növbədə gözləyirdilər.

Mən “Gənclik” jurnalını şəxsi cəarətim və özümə bənzəyən sahibsiz,işsiz gənclərin hesabına qurdum və o,Azərbaycan jurnalistikasında yeni bir hava yaratdı,ortaya cəsarətli jurnalistika nümunəsi qoyduq.

Mən ədəbi birliyin o zamankı üzvlərinə cəsarəti,doğruluğu,insanlığı öyrətdim

Mən bunu dəqiq bilirəm ki,Sovet dövrü bizi bədbəxt elədi.

Mən Türkiyədə ruhən azadam.

Mən bəzən Türkiyədən Azərbaycana baxanda gözlərim yaşla dolur.

Mən uşaqlığımın yetimi deyiləm.Bir yetim dünyada,hər insanın təkliyi nədirsə,mənim yetimliyim o yetimlikdir.

Mən bədənimi ruhuma tabe etdirməyi bacaran adamam.

Mən hələ bundan sonra 20 il də beləcə yaşayacam.

Mən bu ədəbi tənhalığımdan məmnunam.

Mən ,bəlkə də,yaşlı ədəbi nəsillər arasında Leninə,movzoleyə,partiyaya,nə bilim daha nəyə şeir yazmamış tək adamam.

YİYƏLİK

Mənim atamın heç şəkli də qalmayıb,nə edə bilərəm ki,bəlkə,müharibə vaxtı gözümü açsaydım,atamın şəklini çəkib yaddaşımda saxlayardım.

Mənim şeirdən başqa heç nəyim yoxdur.

Stalin öləndə ağladım.Mənim o zamankı göz yaşlarım nəyə ağladığını bilməyə-bilməyə axıtdığım göz yaşlarıydı.

Mənim üçün Türkiyə qardaş qürbətdi.

Mənim Azərbaycanda çap olunmağa elə də ehtiyacım yoxdur.

YÖNLÜK

Mənə görə,dünyaya gələrkən mən Yaradana şair olmaq istədiyimi söyləmişəm.

Mənə sanki kimsə pıçıldamışdı ki,”Dardanel boğazı” yaz,onsuz da bir gün orada yaşayacaq və işləyəcəksən

Mənə Türkiyədə inanmırlar ki,70 yaşında belə bir çoşqulu lirik şeirlər yazmaq olar.

Tale özünə oxşadıb mənə də yalquzaq ömrü seçdi.

Hansısa qrupa yamaq olmaq mənə uşaqlıqdan yad olub.

Dünya hamımız üçün qürbətdir,mənə isə qürbətin qürbətində yaşamaq nəsib oldu.

Açığını deyim ki,Quranın özü deyil də,İslam mənə bir az yəhudi projesi kimi gəlir.

TƏSİRLİK

Məni ədəbiyyatda yalnız həqiqət,halallıq maraqlandırıb.

Məni Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldiyi zaman Dövlət Televiziya və Radio Verilişləri Şirkətinə sədr vəzifəsinə dəvət etdilər.Bəlkə
də,o zamanlar bu təklifi qəbul etməməli idim.

Məcbur olub Tovuza-kəndimə qayıdıb kartof,pomidor əkməyə başladım.Nazir səviyyəsində olan adamın işləməkdən əli qabar-qabar olmuşdu.Bu,məni heç zərrəcə də incitmirdi,ən azından atamın-anamın yetim qalmış yurdunu şənləndirdim.

Sovet İttifaqı zamanında SSRİ Yazıçılar İttifaqının xarici komissiyasına hər il Türkiyəyə getmək istəyim barədə ərizə verirdim.Hər dəfə məni geri çevirirdilər.

Rusiyada məni daha yaxşı tanıyırdılar,amma rusların 1990-cı illərdə Azərbaycanda törətdiklərindən sonra o ölkəyə getmək istəməzdim.

Qədər özü məni Türkiyəyə atdı.Həm də ,bəyim,Türkiyənin elə bir yerinə atdı ki,mən o yeri 15 il əvvəl şeirimdə vəsf eləmişəm.
İçimdə bir inam var ki,xəstələnmərəm,heç bir fiziki ağrı məni sındıra bilməz.

YERLİK

Məndə də bu fikir var ki,şairin karyerası yox,qədəri var.

Avropa ədəbiyyatının bizə təsiri Rusiya üzərindən gəlib.Biz Avropanı Rusiyanın təqdim etdiyi kimi qəbul etməyə məcbur olmuşuq-məndə də belə olub.

Məndə olan fikir odur ki,əsl şairin belə aldadıcı adlara ehtiyacı yoxdur.

ÇIXIŞLIQ

Təvazökarlıqdan uzaq olsa da,deyim ki,hələ uşaqlıqdan “mən kimnənəm” yox,”kim məndəndir” düşüncəsiylə yaşamış biriyəm.

İndi rəhmətə getmiş bir şair o vaxt məndən KQB-yə 36 səhifəlik danos yazmışdı ki,Məmməd İsmayıla niyə komsomol mükafatı verirsiniz,o
sovet hökumətinin əleyhinə çıxan birisidir.

Mən Dardanel boğazıyam,hamı məndən keçib gedər.

Məndən qəhrəman yaratmayın,mən qəhrəman deyiləm,səmimi deyirəm.

Məndən soruşurlar ki,”Etiraf elə,indi çap etdirdiyin şeirləri sən çoxdan yazmısan,elədir?”

Məndən soruşsanız deyərəm ki,Tanrı təkliyi hər yoldan ötənə etibar etməz.

TƏNHALIQ

Düşüb aralığa həftələr, aylar,
Qalmısan ömrümün ötən ilində.
Bir həsrət sinəmdən səni haraylar,
Məhəbbət, sədaqət, sevgi dilində.
Bir eşqin uğursuz qədəmi kimi
Demə, aramızı soyudacağam.
Limana qayıdan bir gəmi kimi-
Təzədən mən sənə qayıdacağam.

Şöhrətdən gözümə gur işıq düşüb,
Elə bilmişəm ki, yenilməz dağam.
Bircə xəyalına gətir sən məni,
Fikrim də, yolum da dolaşıq düşüb, -
Həmişə narahat edirsən məni.
Kimi oyatmamış de, həsrət, kimi –
Anadan olduğum doğma kənd kimi,
Təzədən mən sənə qayıdacağam.

Yolundan, qəlbindən, yadından çıxıb,
Haçansa mən səndən buxarlanmışam.
Eşqin alovundan, odundan çıxıb,
Dolan bulud kimi qübarlanmışam.
Bir çılğın şimşəyə bəndəm ki, yağam, -
Quraqlıqda yağan yağışlar kimi,
Nifrəti soyumuş baxışlar kimi,
Təzədən mən sənə qayıdacağam.

Demə ki, ay aydan, il ildən keçib;
Hicranın görüşlə bağrını yarıb,
Döyüb könülləri, ünvan axtarıb,
Neçə gözdən keçib, könüldən keçib,
Hələ xoş duyğular oyadacağam.
Duyub gileyini, duyub ərkini,
Ünvanı səhv düşən bir məktub kimi
Təzədən mən sənə qayıdacağam.

Surətin – gözümdən çəkilən yuxu,
Bulud kirpiklərin yağışla dolu.
Mənim bu gecikmiş peşimanlığım
Həyat yollarımda bələdçim olub.
Bu yeni fərəhlə, fikirlə, hisslə
Elə bilirəm ki, körpə uşağam.
Ayların, illərin uzaqlığından
Sinəmə saldığın cığırla, izlə
Təzədən mən sənə qayıdacağam.
Təzədən mən sənə qayıdacağam!

Layihə rəhbəri: Əsəd Qaraqaplan
kult.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ