Niyə uzanmadı ömrün bir qarış?

Tarix:10-02-2018, 17:10 Baxış Sayı:78

Niyə uzanmadı ömrün bir qarış?
Fərqanə Mehdiyeva

Az yaşadı, amma şərəfli ömür yolu keçdi... Ömrün uzun olması şərt deyil, əsas odur ki, xatirələrdə yaşayasan. Mətləb Nağı bu qısa ömründə yalnız yaxşılıq etməyi bacardı. Ardınca işıqlı bir yol qoyub getdi. Öz misraları ilə desək: "Gücüm çatdığını elədim ancaq". 9 fevral Mətləb Nağının anım günüdür. Onun kitabları ilə baş-başa qaldım.
Mətləb Nağı ədəbiyyata 80-cı illərin əvvəllərində qədəm qoyub. Onu müəyyən mənada 70-ci illər poetik nəslinin nümayəndəsi saymaq olar. Amma tanınıb və sevilib, M.Nağı kifayət qədər təbliğ olunmayıb. Müəllifin "Yüz il yaşamaq olmur", "Ə.Qardaşbəylinamə" şeirlər toplusu həmişə stolüstü kitablarım olub. M.Nağı yaşaya-yaşaya nakam ömrünün şeirlərini yazırdı:

Taledən yoxdur gileyim
Doğuldum, yaşadım, öldüm.
Çin oldu yuxum, diləyim,
Doğuldum, yaşadım, öldüm.
Çıxıb getdi əcəl gəlcək,
Nə peşmanam, nə sevincək
Min il əvvəl olanlar tək
Doğuldum, yaşadım, öldüm.

Mətləb Nağının bu qısa ömründə keçdiyi poeziya yolunu ildən-ilə, hətta şeirdən-şeirə uğurlarını izləmək üçün yuxarıda adını çəkdiyim kitablar ən dəqiq, ən vəfalı mənbədir.

O, bir çox şeirlərində yaşdan, ömürdən yazır. Elə bil ürəyinə damıbmış kimi:

Gedir əldən el-oba,
Qalıb düşmənə torpaq
Baxıram - ürəyimi
Kədər üzür, dərd sıxır
Yüz il yaşamaq olmur
İçindən min iş çıxır.

Onun mövzu dairəsi geniş idi, həm lirik, həm də satirik şeirləri oxucular tərəfindən sevilirdi:

Pəncərəmin önündə
Bir ağac çiçəkləyib.
Ətrindən yatmaq olmur.
O qədər gözəldir ki,
Çiçəklərinin ətri,
Ayrı söz, ayrı ahəng
Ayrı rəng qatmaq olmur.

Pəncərəmin önündə
Bir ağac çiçəkləyib.
Başqa nə deyim sizə,
Ruhun dindiyi yerdə
Sözü unutmaq olmur.

Vaxtilə şairləri mənsub olduqları xalqın dili, tərcümanı adlandırırdılar. Bu fikir hər zaman gündəmdədir. Mətləb Nağının da şeirləri bu baxımdan təqdirəlayiqdir. Şair gəncliyindən ömrünün sonuna kimi keçdiyi ömür yolunu, sevgisini, ağrısını, Vətən kənd-kəsək təəssübünü, dosta sədaqətini hər bir şeirində işıqlandırır. Qardaşı Yaşara həsr etdiyi şeirdə yazır:

Yenə gözə nur ələyir
Daşı, divarı bu evin,
Ürəyimdə qönçələyir
Gülü-gülzarı bu evin.

Sözümdür, söz qardaşıdır
Gözümdə sevinc yaşıdır,
Keçən ömrün yaddaşıdır
Dövləti, varı bu evin.
Dünyadır-sevin, sevinin
Tərsin üzünü çevirin,
Ölsəm, üzümü çevirin
Səmtinə sarı bu evin.

Mətləb Nağının şeirləri də yaşadığı mühitdən gələn təsirləri əks etdirir. Onun poeziyasında özünəməxsus bədii təsvir və ifadə vasitələri öz əksini tapır:

Payız günü bu nə yazdı?
Kim bu bəxti mənə yazdı?
Haqq desəydim, ağ olmazdı,
Nahaq dedim bəşər sənə.

O, hər anın həqiqətləri ilə yaşayan şairdir. Elə yazıb-yaratdı ki, bu gün də şeirləri aktualdır. Ata-ana sevgisi, qardaş məhəbbəti-bacı sədaqəti, doğma yurd-yuvasına bağlılığı onun misralarında özünü göstərir. Böyük şair Xəlilrza Ulutürkə həsr etdiyi şeirə nəzər salaq:

Yetən qaranı oxşayır.
Ağlayan ağı ağlamır,
Dağın qarını oxşayır,
Sovulan bağı ağlamır.

Ömür gedir, bag üzülür,
Ətəyin tutan üzülür,
Yarasından qan süzülür,
Yarı-yarağı ağlamır.

Mətləb Nağının şeirlərində ilahi səs var. Həzinliyini, kövrəkliyi, ağrı-acısını bizlərlə bölüşməyi onun şeirlərindən səda kimi yayılırdı. Ürəklərə hopurdu. Hər kəs özünü bu misralarda tapmağa çalışırdı. Mətləb Nağının ürəyi sevgi sarıdan zəngin idi:

Dağlarım qaldı çəndə,
Ağrı-acısı məndə,
Bu sevgini az bilib
Çoxu özün sevəndə
Mən hamını sevirdim.
Dərdimə yanmadılar

Ölümü anmadılar,
Məni yalan bildilər,
Mənə inanmadılar.
Mən hamını sevirdim.

Şair evinə, ailəsinə, övladlarına çox sədaqətli idi: Ömür-gün yoldaşı İradəyə yazırdı:

Bu təzə il gecəsi
Arzum yenə köhnədi:
Qızlarım bilməsinlər,
Kədər nədi, qəm nədi?

Həyatının ən ağır günlərində də övladlarını düşünürdü:

Məni sevən qadın, sevdiyim qadın
Qızlarını al yanına,
Qoyma onlara kədər toxunsun,
Axşamlar ürəyimdən şeiri Aygülə de,
Sənin üçün oxusun.

Onun o peziyasında həm qəribə bir nisgil, həm də uzaqgörənlik var:

Yoldu aldanıb keçilən,
Suyu bir qurtum içilən,
Beş günlük ömrə biçilən
Beş arşın bezdimi dünya?

Poeziya o vaxt qiymətini alır ki, orada yeni deyim tərzi olsun. Mətləb Nağı da özünü şeirlərində tapdı. Şeirləri ilə düz-dünyanı gəzdi, dolandı:

Ömürdən nə qalıb...
Az, ya çox, Allaha pənah.
Götür başını əlinə,
Yola çıx, Allaha pənah.

Bayaq vurğuladığım kimi, çox şeirlərindən doğmaları boylanır. Qardaşı Ədaləti "anamın sonbeşik oğlu" deyə çağırır:

Yıgnaq ötdü, yurd tək oldu,
Ürəyində bir yük oldu,
Hamımızdan uşaq ikən
Hamımızdan böyük oldu
Anamın sonbeşik oğlu.

Mən Mətləb Nağını uşaq yaşlarından tanıyıram. Bir kənddə doğulub boyümüşük. Salyanda tez-tez "Kürün töhfə"sinə gələrdi. Bakıda rastlaşanda bir-birimizdən kəndi kəsəyi soruşardıq. Mətləb Nağı adlı-sanlı Mirağa kişinin oğlu idi. Gülcahan xala anamın uşaqlıq dostu olmuşdu. Bütün bunlarla yanaşı Mətləb Nağı qələm əhli olduğu üçün mənə çox doğma idi. Şeirlərini sevə-sevə oxuyardım.

Çox tez getdi Mətləb Nağı. Getdi gəlməməyə. İnana bilmirəm. Elə bilirəm ki, bir gün bir bağlama şeirlə qayıdacaq. Söz adamları ölmür. "Doğul, yaşadım, öldüm..." şeiri düşdü yadıma. Mətləb Nağı bu şeiri yazanda hardan biləydi ki, o öləndən sonra sağ qalacaq. O dünyasını dəyişən gün anamın rəhmətə getməsinin qırxıncı günü idi. Onu yola salmağa çata bilmədim. Duyğularım bu misralara çevrildi.../adalet.az/

NİYƏ UZANMADI ÖMRÜM BİR QARIŞ

Səni ötürməyə gəlmədim, qardaş
Yolladım dalınca gözümün yaşın
Yuyub suya çəkdi günahlarımı
Anamın yasına qarışan başım.

Bir gün də qardaşım beləcə getdi,
Bir əlim gözümdü, silirəm daha
O yolun yolunu əzbər bilirəm,
O yolun dilini bilirəm daha.

Üzünə gülmədi bu gələn bahar,
Əllərin dərmədi açan çiçəyi.
Sənin oralarda nə ölümün var?
Qayıt, yetim qoyma kəndi, kəsəyi.

Mən daha o kəndə dönə bilmirəm,
Gəzişə bilmirəm Kür qırağını,
Böyüklər bir yana, deyə bilmirəm,
Uşaqlar soruşur Mətləb Nağını.

Əvvəl yay gələcək, sonra payız, qış
Məzarın üstünə ələnəcək qar.
Niyə uzanmadı ömrüm bir qarış,
Qayıt, oralarda nə ölümün var.

Mənə elə gəlir qayıdacaqsan,
Dost-tanış inanmır ölən gününə
Səni ötürməyə gələ bilmədim,
Gələcəm qayıdıb gələn gününə.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ