Cüt Sabirdən biri - Qulu Ağsəs

Tarix:10-02-2018, 13:42 Baxış Sayı:137

Cüt Sabirdən biri - Qulu Ağsəs
Qulu AĞSƏS

Ötən əsrin əvvəllərində bir şair vardı, klassik şeirin, qəzəliyyatın tək səbir gətirdiyi yerdən başlamışdı onun yaradıcılığı. O, gözünün qabağında inləyən insanı qoyub, dağda gül dərməyə, bülbülün solo-konsertinə qulaq asmağa meyllənmədi, sabununu bişirib , satirasını yazdı Tək Sabir. Sələflərinin ağladığına dodaq büzdü, əruzun damarından aşiq qanı əvəzinə mazut, neft, tiyan kəfi axıtdı. O, Azərbaycan şerində yeni bir məktəbin himnini qoydu, himni oxudu, qəzəlin qolundan darta-darta onu şah sarayından kəndli tövləsinə, fəhlə gecəqondusuna gətirib saldı. Günlərin bir günü özü də sələfə çevrildi ,ona da ağız əydilər, lağ elədilər, amma Tək Sabir olduğunu dana bilmədilər.

Sa-bir
Sa-tira
Sa-bun


Bu üç söz hələ uzun müddət bizi təmizliyə səsləyəcək. Boğazı gəlincə səsləyəcək. Amma biz onları eşitməyəcəyik, inşallah!
Sabirin bir təkiynən qurtardıq.
Keçək ikincisinə.

Hə, zülm indən belədi. Ölüdən yazmağa nə var?! Oğulsan, diridən yaz. Tərs kimi onlar çoxdurlar (səhv etmirəmsə, söhbət Mirzə Ələkbər Sabirin adaş xələflərindən gedir). Amma məni bu dəqiqə onlardan biri, daha doğrusu, cüt Sabirdən ikincisi narahat eləyir.
Yusif kişinin oğlu Sabir. Cəlilabadlı balası. Qaşları həmişə çatılı. Elə bil indicə nəyəsə etiraz edəcəkmiş kimi. Emosional. Çılğın. Əsəbi. Mühəndis. Publisist. Şair.
Operator, mühəndislə publisisti poz, şairi saxla! Sabir Yusifoğlu şairdi. Mirzə Ələkbər Sabirə - böyüük sələfinə ilk baxışdan heç bir dəxli olmayan şair. Xəzəlin altındakı meyvə kimidi Sabirin şerləri. Onu tapıb yesən ağzın, tapdalayıb keçsən ayağın dada gələr. İndi əziz oxucu, özün bax gör neynirsən?! Nümunə üçün sənə Sabirin bağından bir meyvə təklif eləyirəm:

Ya dəli ol, ya dərdli ol,
Biri bilsə, beşi bilməz.
Bu küləkdə hönkürtüylə
Ağlasan da eşidilməz...

Görürəm, qiymətlər qalxandan mer-meyvə üzünə həsrətsən, umsunma, boş qabını ver, doldurum.

Bağışla, gülüm, sənsiz də
Axşam olur, səhər olur,
Sənsiz yaşamaq budusa
Bəs ölüm nə təhər olur?

Səni gəzən fikirlərim
Döngələrdə çaşıb qalır.
Gecələr bir mən oluram,
Bir də küçə işıqları.

Nə varsa dəyişir dadı,
Bu dünya birtəhər olur.
Bağışla, gülüm, sənsiz də
Axşam olur səhər olur.

Sən nuş elə, əziz oxucu, mən də yazımı yekunlaşdırım. Çünki arsenalımda deməyə söz də saxlamalıyam – fevralın 10 – u Sabir Yusifoğlunun 45 yaşı tamam olur axı. Maşın tapıb Sumqayıta getməliyəm. Sumqayıta gedən bütün yollar həm də Sabir Yusifoğluna aparır, Mənim nəzərimdə. Düzü, əvvəl istədim onu Bakıya çağırım, sonra Sabirin bir şeri məni fikrimdən daşındırdı:

Tanrı ucalığıynan,
Ulduzlar uzaqlığıynan
Sevilir.
Sən də uzaq ol...


“ALMA” qəzeti N-021 2007Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ