Sarsılmışdım... - Taleh Mansur yazır

Tarix:10-02-2018, 12:08 Baxış Sayı:46

Sarsılmışdım... - Taleh Mansur yazır
Üç il öncə baş verib sizə danışacağım bu kədərli əhvalat. Nə danım, başıma gəlməsəydi, heç özüm də inanmazdım danışdıqlarıma.

Soyuq qış günlərinin biri idi, dəqiq xatırlamıram harasa tələsirdim, avtobusla getsəm gecikəcədim. Ən salamatı metro idi. Bir az soyuq, bir az da tələskənlik məni qovub metroya saldı. Tələsik kartıma gediş haqqı yükləyirdimki, arıq bir kişi mənə yaxınlaşdı. Titrəyən əlini mənə sarı uzatdı. İlk əvvəl elə bildim, dilənçidi. Sonra gördüm ki, yox, adamın ovcunda siması rəngdə nimdaş bir iyirmi qəpik var. "Olarmı mən də keçim?", dedi pıçıltı ilə. Əlimlə işarə eləyib qəpiyi aparata atmasını istədim. Əlləri əsə-əsə qəpiyi aparata atdı. Düz iki dəfə aparat qəpiyi götürmədi. Qəpiyi özünə qaytarıb, "Eybi yoxdu, qoy qalsın, keçərsən" dedim, etiraz elədi.

Üçüncü dəfə qəpiyi aparata daxil etdi, bu dəfə aparat qəpikdən imtina etmədi. Keçidə yaxınlaşdıq, kartı keçiddəki aparata yaxinlaşdırdım, yenə düz iki dəfə aparat kartı götürmədi. Əsəbiləşdim, kartı o biri üzünə çevirdim, bu dəfə keçidin yaşıl işığı könlsüz bərq vurdu. Bu işıq yaşıldan çox qırmızı işığa oxşayırdı. Adam ayaqları sürüyə-sürüyə keçib getdi, çevirilib dodaqları əsə-əsə mənə təşəkkür etdi. Ona "Dəyməz", deməyə dilim gəlmədi. Açığı vicdanım yol vermədi buna. Bilmirəm, niyəsə mənə elə gəldi ki, adam son qəpiyini yükləmişdi mənim kartıma. Xülasə, biz dirilər ekskalatorla üzü aşığı ölülərin qəbirlərindən aşağı düşürdük ki, gedəcəyimiz ünvalara vaxtinda çatıb könlümüzü şadlandıraq.

Günorta olsa da adam çox idi, o üzdən adami bir anlıq gözdən itirdim. Çox keçmədən ala qaranlıq işıqlar altında təkrar gözüm həmin adamı aldı. Qəribə də olsa, vücudunu kədər basmış bu adam ətrafdakı deyib-gülən qaramat adamların arasında köz kimi işıldayırdı.

Ekskalatorun ayağında o adamı sonuncu dəfə gözdən itirdim. Qaramat insan kütləsi var gücünü toplayib bir andaca közərən adamı öz zülmətində dəfn elədi. Gördüklərimi yuxu bilib, unutmağa çalışırdımki, camaatın arasına çanxaşma düşdü. Kimsə "Aman Allah, kişi özünü qatarın altına atdı!", dedi. Allahı düçar olduğu bəladan bəlaya yada salan insan oğlu sanki bununla Allahı əzəldən bildiyi hadisədən xəbərdar eləmək istəyirdi.

Qaramat kütləyə qoşulub platformaya tərəf qaçdım. Yaddaşım balıq yaddaşına dönmüşdü-səkkiz saniyəyə bayaqkı "yuxunu" unutmuşdum, başqa bir "yuxu" görməkdəydim. Adamları aralayıb qatarın altına düşən adamı görməyə can atdım, qaramat kütlə məni yer üzündə nəfəs almaqdan başqa heç nəyə haqqı çatmayan yetim uşaq kimi sinəmdən geri itələdi. Adamlara bərk qəzəbləndim, özümü yuxu gördüyümə inandırmışdım, axı heç kim mənə öz "halal yuxumu"aydın görməyə mane ola bilməzdi. Var gücümü toplayıb yenidən irəli şuğudum.

Mən qaramat kütləni yarıb önə çıxanda qatar geri çəkilirdi... Maşinistin göz yaşında bərk vuran işıq indiyəcən gözümün önündədir. Nəhayət, dəmir təkərlərin səhnəsi dəbdəbəli təqdimatlarda bahalı maşınlarınların üzərindən götürülən ipək parça kimi götürüldü. Qatarın altında düşən adam "gün üzünə" çıxdı. Həmin adamıydı, bayaqkı közərən adam. İndi nə dodaqları əsirdi nə də, əlləri. Bu boyda müsibətin içində üzünə hardansa bir udum təbəssüm sızmışdı. Onu böyük qaramat insan kütləsindən fərqləndirən közərən işıq indi axan qanına qarışıb relslərin üstünə sərilmişdi. Bu getməkdə olan işıq bir az da qaranlıq tuneldən gəlməkdə olan metronun relslərin üzərinə düşən işığına bənzəyirdi. Dünya məhvərindən çıxıb başıma yıxıldı. Daha doğurusu, başıma dünya boyda bir qapaz dəydi. Dal-dalı çəkildim, elə bil adamı mən öldürmüşdüm. Qandal vurulmağa etiraz edən canilər kimi qollarımı bərk-bərk yanıma sıxdım.

Ayaqlarım qatlandı, özümü taxta skamyada oturan gördüm. Sonra nə baş verdi, bilmədim. Onda özümə gəldim ki, metroda qatarların hərəkət təmin edilib.

Qatarlar dəmir təkərləri heç nə olmamış kimi qana qarışmış közərən işığı qaranlıq tünellərə daşıyır. Adamın özünü qatarın atdığı yerdə indi bir oğlanla qız qol-boyun qatar gözləyir. Oğlan ömrünün ən bəxtəvər çağını yaşayır. Qızın əlinə tutduğu gül dəstəsində qopan ətir relsdən qalxan qan iyisini boğub ölümə məhkum etməkdədir.

Əlimi cibimə atdım, kartım abort ediləcəyini hiss edib ana bətninin divarlarına qısılan döl kimi cibimin bir küncünə qısılmışdı. Zəhərli ilan yumurtasından çıxan ilan kimi kartı cibimdən çıxarıb relslərin üstünə tolazladım. Nifrətlə atdığım kart ürək ağrisiyla baxdığım közərən adamın qanı tökülən yerə düşdü. Sarsılmışdım, relslərə baxa-baxa dərin fikirə getmək istəyirdim ki, yekəqarın bir polisin qalın səsinə diksindim:

-Ay eşşək, o atdığın nə idi?! Bilmirsən ki, zibili platformaya atmaq olmaz?!

sherg.az
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ