İtmiş işığın həsrəti - Kənan Hacı

Tarix:7-02-2018, 23:33 Baxış Sayı:242

İtmiş işığın həsrəti - Kənan Hacı

Həyatımın 10 ili Yasamalın Dağlı məhəlləsində keçdi. İçimdəki kənd həsrətini Dağlı məhəlləsinin dar-düdək küçələrində ovuda-ovuda, bu amansız nisgili yazılarıma səpələyə-səpələyə sən demə, bu illər ərzində özüm-özümü aldatmaqla məşğul imişəm. Bu nisgil heç bitənə oxşamır. Yəqin ki, nə vaxtsa sonuncu nəfəslə birlikdə canımdan çıxacaq.

Mən heç vaxt heç yerdə özümə yer tapa bilmədiyimdən gah Günəşlidə bir tanışın evində, gah Bayılda bir qohumun gecəqondusunda, gah da Keşlədə bir müddət kirayənişin həyatı yaşamışam. Ancaq bu müvəqqəti yaşayış məkanlarının heç birində bircə cümlə də yaza bilməmişəm. Yazılarımın böyük əksəriyyətini indi tarixə qovuşmaq ərəfəsində olan Dağlı məhəlləsində yazmışam. Çünki mənəvi rahatlıq olmayanda söz ipə-sapa yatmır, yazıçının daxilindəki harmoniya itir. Amma vicdan əzabı deyilən bir şey də var. Qələm adamı özünü göz-görəti tənhalığa məhkum edirsə, bunun ağrı-acısını hər şeydən əvvəl onun ailəsi çəkir. Hərdən bu tənhalıqdan qopub mən də adi adamlar kimi olmaq istəyirəm. İçimdəki gözəgörünməz əl hər dəfə məni şeytani bir həvəslə tənhalıq hücrəsinə çəkir. Dahilərdən kiminsə sözüdür, müəllifini xatırlaya bilmirəm, deyir: “Sənətin gücü içində gizlənmiş əzabla ölçülür. Həqiqətən də kim ki, əzab çəkməyib, onun deməyə sözü yoxdur”. Mən özümlə ancaq o tənhalıq hücrəsi deyilən iç dünyamda haqq-hesab çəkə bilirəm, təkcə özümə məlum olan sirlərim ordadır və vicdan əzabını orda təkbaşına çəkmək mənim üçün ən yaxşı təsəllidir.

İndi deyirlər Bakının koloritini, dadını-duzunu özündə saxlayan bu məhəllələr də plana düşür. Mənim yaşadığım ev Nazim Hikmət küçəsiylə kəsişir və mən hər dəfə avtobusdan düşüb bu küçə ilə üzüaşağı yeriyəndə bir Allah bilir ki, necə qürur hissi keçirirdim. Əhvalımın ən sönük, havasız, ümidsiz vaxtlarında da bu küçəylə addımlayanda bu küçənin adı mənə inanılmaz dərəcədə motivasiya verirdi. Baxmayaraq ki, tör-töküntü həyətdə, yaşayış üçün heç bir şəraiti olmayan bir otaqda uzun illər yoldaşımla birlikdə canımızı dişimizə sıxıb nə vaxtsa bizə də işıqlı otaqların nəsib olacağına, bizim də geniş pəncərəmizdən Günəş doğacağına inanaraq dözüb yaşamışıq. Nəhayət, o gün gəlib yetişdi. Göydə Tanrı, yerdə Dövlətimiz, Cənab Prezident İlham Əliyev həyatımın ən böyük sevincini mənə yaşatdı. Mənim də pəncərəsi mavi Xəzərə baxan işıqlı bir evim oldu. Bu işdə əməyi keçən hər bir insana ömrümün sonuna qədər minnətdarlıq borcum var.

Bu yazı işıqsız, havasız, yarımzirzəmi otaqlarda yazdığım yazıların sonuncusudur. Mən bu hay-küylü, Allahın ver günü dava-dalaşı əskik olmayan bu dar-düdək, kirayənişinlərin bir-biriylə toqquşduğu boğanaq həyətdə 11 kitab, yüzlərlə yazılar yazdım, tərcümələr, redaktələr elədim. “Əti yeyilmiş maşın”, “Sonuncu gediş”, “Nisyə mal verilməyən dünyada…” hekayələrimdə bu həyəti gen-bol təsvir etmişəm. Çapını gözləyən sonuncu “Keçmişin və gələcəyin xəyalı” avtobioqrafik romanımda da dağlı məhəlləsi və bu həyətlə bağlı xatirələrim öz əksini tapır. Günün günorta çağı işıq düşməyən bu havasız otaq ən işıqlı xatirələrlə doludur. Anam qədər özümə doğma saydığım qayınanam Gülzaman xanım qonşu otaqdakı divanda oturub bütün günü əlində uzun təsbehlə bizim üçün istixarə edərdi. Bu gün onun yeri görünür və heç şübhəsiz ki, bizim işıqlı günə çıxmağımızda onun dualarının danılmaz payı var. Ruhuna rəhmət və şükranlıq diləyirəm.

Qələm dostlarımın böyük əksəriyyəti ağır xəstəliklə çarpışdığım günlərdə mənim bu darısqal otağımda qonaq olublar. Məni ayaqda saxlayan da elə o dəyərli dostların duaları, alqışları oldu.

Təzə evə yığışmaq ərəfəsində möhkəm soyuqladım və bir həftə yataqda qaldım. Çox qəribə xasiyyətim var; yazmadığım günlərin qisasını özümdən alıram, o günləri özümə haram eləyirəm. Amma bu xəstəlik “mən ölüm, sən öl” bilmir, beynin düşünmək qabiliyyəti sıfıra enir.

…Daha Bakı Dəmir Yolu Vağzalından Buzovnaya “elektriçka” getmir. “Bakı-Buzovna” qatarında mən dünya ədəbiyyatının nəhəng simalarının cild-cild əsərlərini oxuyub başa çıxmışam. Bir neçə hekayəmin və “Fironun dəftəri” romanının ideyası məhz “elektriçka”da ağlıma gəlib. Nə sirdisə ayda-ildə bir dəfə kəndə yolum düşəndə mən o kənddə qoyub gəldiyim işığı tapa bilmirəm. Uşaqlıqda dizlərimi qanadan kələ-kötür yollardan keçirəm, sahili dövrələyən qayaların üstünə çıxıb gözlərimi uzun-uzadı sonsuzluğa zilləyirəm. O işıq elə bil biryolluq məndən üz döndərib. Ya da o işığı bir qarış torpağa basdırıb sonradan yerini unutmuşam. “Yeraltı külək” povestini yazanda o işıqdan ötrü ürəyimin başı göynədi.

Amma hərdən-hərdən mən o işığı Yasamalın çala-çuxur küçələrində də axtarırdım. Uşaqlığın bəxtiyar günlərində ilişib qalan o bir parça işıqı mən bəlkə elə evimizin qarşısındakı ərik ağacının dibində dəfn edib getmişdim?! Payızın ilk günləri idi və mən evimizlə lap dipdiri adam kimi halallaşıb həyətdən çıxdım. O vaxtdan bu fani dünyada didərgin bir ruh kimi dolaşmaqdaydım. O vaxtdan mən bu dünyanın cəhənnəmindən dirigözlü keçib gəldim.

İnsanın evi onun qalasıdır, deyirlər. İndi bu sətirləri yaza-yaza bir həqiqətə cani-dildən inanıram – uzun illərdən bəri itirdiyim o İşıq məni öz evimdə gözləyir!

Kənan HACI
7 fevral, 2018-ci il.

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ