Kəpənək uçuran yazıçı

Tarix:5-02-2018, 18:51 Baxış Sayı:395

Kəpənək uçuran yazıçı


Mənə elə gəlir ki, Tanrı qələmin gücünü əvvəl ürəyin saflığından və böyüklüyündən sonra yazıçının ixtiyarına verir. Bu ixtiyar sahibi olanlar, qələmin gücündən düzgün istifadə edərək, Tanrının demək istədiklərini, pıçıltılarını ağ vərəqə köçürür, insanlarla Tanrı arasında kommunikasiya yaradır, beləliklə ilahi funksiyanı yerinə yetirmiş olurlar.
Yazıçı həm də ömrünü sözə verən, sözün işığında bütün qaranlıqları yarıb keçən, səmaya doğru qanad açıb uçan adamdı. Onun mənəvi əzablarını, əziyyətlərini Tanrı öz istəyi ilə, öz əmri ilə sanki yazıçını mükafatlandırır. Yazıçının ən böyük mükafatı həm də onun oxucularıdır. Oxucular yazıçının ömrünü əbədiyyətə, sonsuzluğa doğru aparır.
Yazıçılıq peşə deyil, yazıçılıq anadangəlmə bəxşişdir, inancdır, ümiddir. Bu inancın, bu ümidin arxasında göz yaşları, sarsıntılar, dağınıqlar var. Hər halı ilə yazıçı zamanın fövqündə dayanır. Çünki yazıçı ali həqiqətin carçısıdır. Ali həqiqət üçün isə zaman məhfumu yoxdur. O hər şeydən üstündür. Onun sərhədləri yoxdur, bəşəri anlam daşıyır bu ali həqiqət. Borxes ədəbi yaradıcılığın zirvəsində yaradıcının kamil qələminin mürəkkəbini görürdü, onu hər zamanın şahı hesab edirdi.
Söz adamları tarixin səhifələrində həmişə yazılacaq. Bu yazıya pozu yoxdur, bu yazını Tanrı öz istəyi ilə həyata keçirir. Bu istəkdən kənarda qalmaq mümkün deyil.
Qan Turalı da həmin o yazıçılardandır ki, sözü kəpənək kimi oxucunun içində uçura bilir, onu düşündürür, həm də onu əzab çəkməyə sövq edir. Bu əzab adi əzab deyil. Bu əzab bütün yönləri ilə oxucunu sakitləşdirir, onu öz dünyasından qoparır. Yazıçının yazdıqları qarışqa yuvası kimidi. Yolları uzun, dolaşdıqca bitməyən, qarışqa yuvası.
Qan Turalının “Fələk Qırmancı” romanını oxuduqdan sonra uzun müddət susdum. Bu susqunluk mənim daxili dünyamın hayqırtısı idi. Zeynəb gözümün önündən getmirdi. Mehdini hər fürsətdə başa düşürdüm. Molla Sadiqin səbrinə heyran qalırdım. Mən həm də üzülürdüm. Ona görə ki, bu romanı ancaq oxumurdum, həm də paralel surətdə öz-özümə danışırdım.
Bu gün Qan Turalı ilə görüşdüm. Eyni universitetdə çalışırıq. Daha doğrusu, o müəllimdi, mən isə inzibati işçi. Amma bu məni bir oxucu kimi onunla ünsiyyətə, hal-əhval olmağa maneə deyildi. Çoxdandı ona yazdıqlarına görə “təşəkkür” etmək ehtiyacını özümdə hiss edirdim. Bu mənəvi ehtiyac idi. Öz təşəkkürü bildirməyim məni sanki Zeynəbin ağrısından, Mehdinin faciəsindən bir qədər uzaqlaşdırdı. Həm də bir qədər də yaxınlaşdırdı.
Qan Turalı yazdıqlarını yaşayan, yaşadıqlarını yazan, bunu oxucunun bütün varlığı ilə yansıdan bir imzadır. Bu imzanı qorumaq, dəyərləndirmək lazımdı. Çox şeylər yazmaq olar, qələmimin gücünə və ürəyimin dediklərinə hələ ki bu qədər deyirəm. Sağlıq olsun, hələ yazılacaq mətnlər qabaqdadı...

Tural Cəfərli
Manera.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ