Nurlu Nurəddin...- Əli Nəcəfxanlı

Tarix:3-02-2018, 14:37 Baxış Sayı:295

Nurlu Nurəddin...- Əli Nəcəfxanlı
(Tələbə dostum haqqında fraqment duyğular)

...Əgər tanış olduğumuz 35 ildə 35 min dəfə görüşmüşüksə, bir o qədər də təbəssümlə çıxıb qarşıma. Təbəssüm elə NURdur. NUR sevincdir. NURəddin dinin işığı deməkdir. AzərNUR od-NUR anlamındadır. Dostumun adında, varlığında, cövhərində NURun yetərli qədər olması fərəh doğurur. Bildiyim qədərincə, NURçuluq təriqətinə aidliyi yoxdur, amma, NURludur NURəddin. Allahın pay verdiyi istedad işığı onu bir az da NURlandırır. Üstəlik, sabit (ya da dəyişən – fizikadan zəif olduğum üçün dəqiq ifadədə çətinlik çəkirəm, bəlkə də fərq etməz...) cərəyana bənzəyən yaradıcılıq enerjisi onun NUR haləsini daha da böyüdür.

Deyəcəksiniz, o qədər “NUR-NUR” dedin ki, lap gözlərimiz qamaşdı. Yox, mən montyor-filan deyiləm və Nurəddini də bayram yolkası kimi təqdim eləmək fikrim yoxdur. Sadəcə, haqqında düşündükcə kompyuterimin klaviaturası nur yağmuruna yaxalandı.

Bəri başdan deyim ki, Nurəddin Ədiloğlunun roman və povestlərinin hamısını oxumamışam. Bu, mənim qəbahətim. Elə özü də əsərlərini layiqincə təbliğ və reklam eləmir. Bu da onun qəbahəti. Dostluğumuz köhnədən olsa da, davamlı deyil – bu isə hər ikimizin təqsiridir. YAŞASIN TƏSADÜFLƏR! – Bizi əksərən onlar görüşdürür. Özümüzə qalsa, daim qayğılı və ya da ki, buluşma əringəci olduğumuzu bəhanə gətirə bilərik. Hər ikimiz Bakıda olsaq da, son illər daha çox Masallıda rastlaşırıq. O, əslən bu rayondandır, mən - cənub bölgəsi üzrə müxbir.

...Səhər-səhər “Masallı” otelinin pillələri ilə enib foyeyə yenicə düşmüşdüm ki, qarşıma çıxdı. Nə gözəl TƏSADÜF! İsti-isti görüşüb-öpüşdük. Çay süfrəsi arxasında yenə də tələbəlik illərinin xatirələri dilə gəldi, kövrək hisslər şüalandı. Sonra birlikdə Astaraya yollandıq. Gəzdik, yeyib-içdik. Ömrümüzə yazılan bir gün yaşadıq. Sonra 55 illiyimə duyğulu bir yazı ərməğan elədi.

Əvvəl 25 tələbə yoldaşı idik, sonradan beş-altımız qələm yoldaşı qaldıq. O, mən, Bəhlul, İdris, Elşən, Fəxrəddin... Qalanlar məni bağışlasın. Nurəddin indi tanınan yazıçı-publisistdir. “Azərnur” imzalı sonuncu əsərini - “Masallı Mamed” kitabını həvəslə, birnəfəsə oxumuşam. Onun “Azərnur” adlı gözəl bir povesti də var. Əsər adı təxəllüsə çevrilib. Elə bu da bir uğurdur. Yazıçı təxəyyülü ona hələ çox belə gözəl əsərlər yazdıracaq. Mən buna inanıram. Axı, o hər nəyin tənbəli olsa da, bircə yazmağın tənbəli deyil. Həm də ürəyində od çoxdur, bütün ömrünə çatar.

Bir müddət “Qarabağa aparan yol” qəzetində işləyib. Elə gözəl məqalələr yazıb ki... Nəşriyyatdakı görüşlərimizdən birində qəzetin son nömrəsini mənə bağışladı. O vaxtlar türklərin “Qurdlar vadisi” serialı çox kütləviləşmişdi. Qəzeti açıb gözdən keçirəndə Nurəddinin yazısını gördüm: “Qurd qapısı”nın qurdları”. Gözəl, gözlənilməz, obrazlı parallellər aparmışdı. Düşündüm ki, əsl yazıçı-publisist qələmi, bax, belə olar!

Yeri gəlmişkən, onun “Div qapısı” adlı maraqlı bir bədii əsəri də var. Nurəddinin çox ədəbli sayıla biləcək ədəbi yaradıcılığını çözələmək mənlik deyil, bu, tənqidçilərin işidir. Mən sadəcə könlümdən keçənləri “xəsisliklə” yazıya köçürürəm. Təkcə onu deyə bilərəm ki, bəzi “yenilikçi” yazarlardan fərqli olaraq, ədəb-ərkana ciddi fikir verən qələm sahiblərindəndir. İntim çılpaqlığı, bayağı ehtirasçılığı bilmərrə sevməz. Kənd saflığı, dağ vüqarı, bulaq sərinliyi, çay harayı var Nürəddinin əsərlərində. Yazılarında bəzən publisistik yön ifratlanır. Bu da onun jurnalist fəaliyyəti ilə bağlıdır. Eyb etməz...

İstedadlı qələmdaşımı bağrıma basıb öpür və “qoşa beş”ini alqışlayıram. İnşallah, “qoşa altı”lar, “qoşa yeddi”lər, “qoşa səkkiiz”lər, lap elə “qoşa doqquz”larda görüşərik, əziz dost!

Əli Nəcəfxanlı,
Şair-publisist,
H.B.Zərdabi mükafatı laureatı
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ