"Allah ən yaxşı oxucu və həmsöhbətdir" - Vaqif Səmədoğlu

Tarix:28-01-2018, 14:13 Baxış Sayı:1276

"Allah ən yaxşı oxucu və həmsöhbətdir" - Vaqif Səmədoğlu

Manera.az xalq şairi Vaqif Səmədoğlunu "İsmin halları" layihəsində təqdim edir:

ADLIQ

Mən atam rəhmətə gedəndə də ağlamadım.

Mən üstümdə bıçaq da gəzdirmişəm, tapança da.

Mən qızlara dil tökürdüm, ancaq qızlar qardaşım Yusif Səmədoğlundan ötrü ölürdü. Elə ona görə də, mən şair oldum, Yusif yazıçı.

Mən Qorki adına Ədəbiyyat İnstitutunda oxuyanda çörəyə pul tapmırdım, arağa tapırdım.

Mən bir dəfə bağda tək qalırdım. Yaxşı bahalı konyakım var idi. Həm tək idim, həm də oktyabr ayı... bir şüşə konyakı içdim, oturdum bir şeir
yazdım... Yaza-yaza ağladım. Düşünürdüm ki, bu nə millətdi, bu nə dövlətdi, bu boyda dahi şairi tək qalıb, payızın altda, tənha, köhnə bağda, xəbəri yoxdu...

Mən, ümumiyyətlə, hər zaman yaxşı qazanmışam. Gəncliyimdə, ondan sonra da. Mahnılarımdan, pyeslərimdən hər zaman normal qonorar almışam. Yaşıdlarımdan çox qazanmışam. Ümumiyyətlə, o vaxt mahnı yazan şairlər həmişə yaxşı dolanırdı.

"Facebook" olmasaydı, mən indi gərək gedib bulvarda yaşıdlarımla oturub domino, nərd oynayaydım.

Mədəsində xərçəng olan adam özünü necə hiss edər? Mən hər gün iki saat fortopiano və akustik gitarada çalıram. Bununla ağrılarımla mübarizə aparıram. Kömək edir. Bir onu bilmirəm ki, ÖLÜM musiqini sevirmi?!

Mən həbsxanada yatan o şairin qarşısında baş əyirəm ki, həbsxanada məhəbbətdən, bir qızdan, yaxud bir bulaqdan yaza.

Mən uşaqlığımda, yeniyetməliyimdə həmişə arzu etmişəm ki, qoca kişi olum, heç kim mənə göstəriş verməsin.


YİYƏLİK

...Şeiri yazdım qurtardım, o biri şüşəni də açdım. Yüz qram vurandan sonra ikinci dəfə ağladım. Bu dəfə düşündüm ki, necə xoşbəxt xalqdı ki, bu xalqın mənim kimi dahi şairi var. Yıxıldım yatdım. Səhər durdum, şeiri oxudum, Allaha şükür elədim ki, nə yaxşı bunu görən olmayıb. Tez cırıb atdım. Çox əttökən bir şeir alınmışdı.

Mənim atam anamla evlənəndə bir dayımın pencəyini, o biri dayımın şalvarını geyinib.

Mənim Azərbaycan ədəbiyyatında ən çox sevdiyim şair Aşıq Abbas Tufarqanlıdır.

Mənim 74 yaşım var. Amma 174 illik araq normamı içmişəm.

Mənim fikrimcə, Allah ən yaxşı oxucu və həmsöhbətdir.

Mənim gecələr evində qaldığım, amma toxunmadığım fahişə dostlarım olub.

Mənsub olduğum nəsildə mənim qədər yazan olmayıb.

Mənim elə böyük uğurlarım olmayıb. Nə yaradıcılığımda, nə ictimai-siyasi həyatda heç nəyi deyə bilmərəm.

Mənim artıq cavabım yoxdur. Bu müharibədə suallar qalib gəldi.

YÖNLÜK

Mənə Allahın olduğunu dahi ateistlər öyrədib.

Qabil ölən kimi, vəzifəni sırıdılar mənə.

Mənə görə, müsahibənin ən maraqlı hissəsi müsahibə başlayana qədər olan hissədi.

Məsələn, o gün biri mənə yazıb ki, sənin 75 yaşın var, "Facebook"da nə işin var? Heyrətə gəldim. Bizim cavanlara nə olub belə aqressivdirlər?

Kobolyov kimi ömrünü dəlixanada, türmələrdə keçirən dissident mənə dedi ki, “Vaqif, ermənilər bizim xristianlardı, bunu bilin”.

Mənə elə gəlir ki, Füzuli, Sabir, Mirzə Cəlil filologiya fakültəsində oxumayıblar.

Mircəfər Bağırov mənə dedi ki, araq içirsən? Dedim ki, yox, Mircəfər baba. Dedi ki, içəcəksən, başından yekə danışma, atan içir, dayın Ağabəy
küpünə girir.

Mənə yaşamağı gerçəkliklərdən daha çox arzular öyrədib həyatda. Nəyisə sevmək, nəyinsə arzusunda olmaq, nəyinsə istəyi ilə yaşamaq.

Mənə dünya ədəbiyyatından əsər adı çək ki, uğurlu məhəbbətə həsr olunub.

TƏSİRLİK

Məni ad günümdə birinci Benyamin Netanyahu, ondan sonra da Mahmud Əhməd Necat təbrik etdi. Onlardan sonra da Ancelina Coli zəng vurdu. Mən də ona dedim ki, mənə demədən, niyə əməliyyat etdirmisən?

YERLİK

Məndə bu saat, demək olar ki, heç nəyə ağlabatan, inamla deyə biləcəyim bir cavab yoxdur. Yaşa dolmağın müsbət cəhətlərindən savayı bir qəddar işgəncəsi var; o da cavabların azalmağı. Suallar günbəgün çoxalır, cavablar tükənir.

Məndə belə qənaət var ki, indi siyasətə qayıtsam, dəqiq bilirəm ki, bir sözüm də nə iqtidarda keçəcək, nə müxalifətdə.

Tamamilə səmimiyyətdən uzaq insanlar məndə ikrah hissi doğurur. Hətta elə adamlar görmüşəm ki, ailədə arvad-uşağı ilə diplomatik danışırlar.

Eyni zamanda, ifrat dərəcədə səmimi insanlar da məndə ikrah doğurur. Gəlib səninlə bütün daxili problemlərini, siyasi düşüncələrindən tutmuş, ən primitiv intim münasibətlərinə qədər danışırlar.

ÇIXIŞLIQ

Qoca qadınların “Lombard”dan pul götürüb çörək almaq üçün saatlarla uzun növbələrdə dayanmasını gördükdə məktəbli çantamdakı “buterbrod”dan nə qədər xəcalət çəkdiyimi o zamanlar məndən başqa kimsə bilmirdi.

AYB-nin Ağsaqqallar Şurasının sədriyəm. Məsələ burasındadır ki, Ağsaqqallar şurasında bir mən varam, yəni sədr; məndən başqa heç kəs yoxdu orda.

Mircəfər Bağırovun, Teymur Quliyevin oğlanları məndən bir sinif aşağıda oxuyurdu. Bir dəfə görməzdin ki, Bağırovun oğlu məktəbə maşınla gəlsin.

Yusifi məhlədə uşaqlar döyəndə gedib onu döyənlərin atasını yandırırdım, nə olsun ki, məndən 4 yaş böyük idi.

Tənhalıq

Son gecədir bu gün yenə,
Sabah yenə son səhər.
Son yel dolur son yelkənə,
Qayıq üzür birtəhər...

Axırıncı ağacdır bu,
Əsir sonuncu külək.
Bağlayıb sonuncu yolu
Yenə sonuncu fələk...

İndi son küçə üstünə
Yağacaq son addımlar.
Yenə dönəcəklər tinə
Sapsarı son adamlar...

Doğulur sonuncu insan,
Sonuncu insan ölür.
Yenə son dəfə ağlayan
Son dəfə gülən olur...

Layihə rəhbəri: Əsəd Qaraqaplan
/kult.az/
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ