Şairin portreti...- Zakir Məmməd

Tarix:23-01-2018, 14:55 Baxış Sayı:158

Şairin portreti...- Zakir Məmməd

Zakir MƏMMƏD
şair-publisist

Qubanın Qımıl kəndində yaşayan, orada uzun müddət müəllim işləyən Mürfəttar Seyidməmmədov gözəl şairlərimizdən biridir və şairlikdə o, bir az dağların quzeyli-güneyli yamacına, bir az şirin sulu bulaqlarına, min dürlü ətir saçan gül-çiçəyinə, əsas etibarilə də, keçmiş və gələcəkdən yadımızda qalan bizim tariximizə, milli-mənəvi dəyərlərimizə bənzəyir.

O, keçən əsrin 80-ci illərində şair kimi mətbuatda az-az görünsə də, şeirlərinin xoş təəssüratı uzun müddət məni tərk etməzdi. Əslində, şair kimi onun portreti o vaxtlar rayon qəzetində dərc olunmuş bir neçə şeiri ilə gözlərimin önündə canlanmışdı. Mürfəttar imzalı yazıların düşüncəmdə, təsəvvürümdə tədricən dərin izləri həkk olundu.

Bu cür təsirlər, təəssüratlar şairin qələminin ecazı, istedadı ilə bağlı idi. Təəssüf ki, Mürfəttar kimi təmiz, saf ruhlu yazıçılar öz həyatlarını bütünlüklə şeirə-sənətə sərf etmirlər. Amma az yazsa da, Mürfəttar Seyidməmmədov öz şair portretini yarada bilibdir. Kitabında "Bir balıqçının portreti" adlı şeiri var.

"Alnındakı qırışları dalğa-dalğa,
Daranmamış saçlarında dəniz ətri.
Bir yorğunluq bükülübdür dizlərində;
Mavi-mavi baxışları bir az soyuq -
Dənizlə göy birləşibdir gözlərində".


Bu cür insan portretlərini, təbiət lövhələrini həvəslə yaratmağa səy göstərən şair balıqçı obrazını ideal bir çeşiddə təqdim edə bilibdir. Burada insanın əlamətdar cizgilərini qarşıdakı obyektin detallarına istinad edərək təyin edir. İnsanın vücudu, adı çəkilən bütün əzaları rənglə işlənibdir. Alın qırışları, saçı, dizi, baxışı, gözləri. Hər biri dəqiq əlamətləri ilə, özü də dənizə nəzərən təsvir edilir. Bu boyalar olduqca təbii və inandırıcıdır. Şair, görünür, bu qədər güclü müşahidəni yaşadığı kəndin, yaxşı tanıdığı, uzun-uzun illərdən bəri yaxından seyr etdiyi kəndin rəngbərəng təbii gözəlliklərinin əhatəsində əldə edə bilmişdir. Həmin təbii balıqçı obrazı ilə yaddaşa, duyğuya xoş təsir bağışlayan yazıçının özünün də obrazı xəyali olaraq insan nəzərində təcəssüm olunmağa başlayır. Təbiətlə insan qarşılaşmasındakı o cür əyani görüntünü yaradan sənətkar barədə özəl düşüncəyə dalmaq təbii görsənir. Mürfəttarın sevgi şeirində də, ictimai poeziyasında da çıxış nöqtəsi kənddir. Amma ədəbiyyat mənasında onun kənddə "ilişib qalması" barədə bir kəlmə söyləməyə haqqımız yoxdur. Yuxarıda misal çəkdiyimiz dənizçinin portretindən də göründüyü kimi, dağ havasından enib dəniz sularına "qərq olmaq" onun üçün bir su içim vaxtın ərzində baş verir. Yüz kilometrlərlə dəniz məsafəsində yaşasa da, onun dəniz səviyyəsindən xeyli ucada qərar tutması "hər yeri yaxşı nəzərdən keçirməyinə" fürsət yaradır. Mürfəttar, məsələn, şəhərin problemlərindən "şəhər şairlərindən" daha dəqiq və ədalətli yaza bilir.

Nədən yazır-yazsın, onun qələminin gücü onun gözəl obrazları ilə dəyərləndirilməlidir. Məsələn, bizim vətənimizin Dərbənd yarasından çox şöhrətli qələm adamları bəhs ediblər. Çox zaman onların yazdıqları publisistik müstəvidə sanki elmi sübut və dəlillərlə mətnə salınıbdır. Mürfəttar müəllimin Dərbənd şeirində dərin bir poeziyanın şahidi oluruq. Sakitcə belə yazır: "Bu şəhərdə heç kimim yox, tanışım yox, bilişim yox, bir kimsəylə bir işim yox". Özünü qədim Azərbaycan şəhərində qərib hiss etmək bu misraların kədər ovqatı doğuran düzülüşündən məlum olur. Amma, necə deyərlər, "həyat davam edir". Şəhər təkcə tarixi gerçəkliklər xüsusunda nəzəri cəlb etmir. "Şəhər nədir - qız adası! Addımbaşı qız ədası. Bircəsinin mən ədasın, Alam, - dedim bu şəhərdə". Lirik duyğular cürbəcürdür. Hiss olunur ki, bu yaşantılar ədəbi qəhrəmanın bu şəhərə ilk gəlişi zamanı sözə çevrilibdir. "Gəncənindi küçələri, Bakınındı gecələri, Daha, dahag eh nələri Bizim bildim bu şəhərdə". Ən yaddaqalan misralar sonuncu bənddə əksini tapıbdır. Tarixdən oxuduqları ilə həyatda canlı olaraq gördüklərini tutuşduran ədəbi qəhrəmanın kədəri yerə-göyə sığmaz ölçüdədir. Müdhiş bir tarixin gerçəkləri fonunda şəhərin ümumi görkəmini, mənzərəsini seyr etdikdən sonra adamın bircə çıxış yolu qalır. Bəlkə, qalıb burda ölməklə bu torpağı özümüzə qaytarmaq mümkündür. Bugünkü acı həqiqətləri bilə-bilə yaşamağın acısının Dərbənd şeirində daha yanıqlı ifadəsini görürük. "Bir sirrimi açammadım, Qanadlandım, uçammadım. Öz-özümdən qaçammadım, Qalıb öldüm bu şəhərdə".

Mürfəttar təbiət və həyat lövhələri yaratmaqla, insan portretləri rəsm etməklə özünün şair obrazını tamamlamağa müvəffəq olur. Onun şair şəxsiyyəti dünyaya bayaq qeyd etdiyim kimi, ucqar bir dağ kəndindən boylanır. Başqa cür desək, kiçik bir kəndin ərazisindən daxil olub böyük dünyaya çıxmaq Mürfəttar poeziyasının başlıca əlaməti sayılmalıdır. Məsələn bir şeiri belə adlanır: "Kiçik kəndim, böyük dünyam". Ayrı bir yazısında söz orbitini kəndin insanda təəssüb yaradan təbii gözəllikləri ilə təyin etdiyini, "bu kənddən bir yana çıxa bilmədiyini" söyləyir. Məsələ burasındadır ki, şairin sevgi iztirablarında da kənd amili böyük yer tutur. Bəzən kənd qızı, şəhər qızı tərəddüdləri lirik qəhrəmanı üzür, narahat edir. Şəhərli qızın onun qəlbində öz yeri, öz şirinliyi olsa da, hətta onun məhəbbət macəraları Larisaya qədər uzanıb getsə də, kəndin doğmalığı, doğulduğu torpağın istisi, havası-iqlimi şəxsi həyatında da rol oynayır və onu öz yurdunda qalıb həyatını sakit mühitdə davam etdirməyə məcbur edir. Görünür, Mürfəttarın bir qədər idilliya ifadə edən bu şeirləri qloballaşma əhvalatından əvvəl yazıldığına görə dünyaya eşq gözü ilə nəzər yetirərkən öndə kəndin təbii və ictimai həyatı dayanır. Amma yaşca Mürfəttardan xeyli böyük olan və rayonda yaşayan yazıçılarımız var ki, onlar öz sevgi platformasını şərti olaraq, paytaxtdakı qıza təqdim etməyə üstünlük verir, həm də bunları qlobalizmin istinad cihazı olan internet üzərindən həyata keçirirlər.

Deməli, yeni həyatın poeziyasını yaratmaq sahəsində də şair olanların müəyyən qayğıları ortaya çıxa bilər. Mənə elə gəlir ki, araya zaman adlı nə boyda yeni dəb və adətlər daxil olsa da, sovet dövrü illərində yazılmış "ürək və könül" ədəbiyyatının idealizə etdiyi təmiz, saf məhəbbət gəlişmələri bundan sonra da aktuallığını qoruyub saxlayacaqdır. Çünki sevgi şeirinin qəhrəmanı nə qədər avam, sadəlövh, özünü fəda etməyə meyilli olsa, onun "xalq içində" nüfuzu bir o qədər yüksək olasıdır. Kənddən çıxmağı hətta orbitdən çıxma kimi qiymətləndirən şair istisna variant kimi kənddən bir şərtlə ayrılmağı mümkün hesab edir ki, bu "üsulla" bir gün öz sevdiyi qızın yanına qayıda bilsin. "Bahar istəklisi qaranquş kimi Təzədən yanına qayıtmaq üçün Çıxıb gedəcəyəm bir gün bu kənddən". Mürfəttarda sevgi bəzən klassik şeirdə olduğu kimi, "ahu zar" dərəcəsinə yüksəlir və "daha gülşənimin gülü saralıb" acan davam edir.

Mürfəttarın şeir qəhrəmanı eşq, məhəbbət qovğalarına necə aktiv və ruhsallıqla sinə gərirsə, sosial mücadilədə, həyat qayğılarına uğraşmaqda da iti ürəkli, həssas münasibətli görünür. Çox vaxt da çıxış yolu kimi getməyi düşünür. Ancaq bu qapsamda onun tərk etmək istədiyi yer ərazi deyil, bəlkə, insan övladı ilə birdəfəlik aranı kəsmək niyyətinə düşməsidir. Bu incikliyin səbəbi yer üzündə sosial tarazlığın pozulmasıdır. İstər məhəbbəti, istər cəmiyyəti təsvir edərkən hərdən Mürfəttar müəllimin məşhurların müəyyən üslub və ifadə təsirlərindən qurtula bilmədiyi müşahidə olunur. Amma alnına yazılmış şair taleyinə qatlaşıb, bədii yaradıcılıqda intensiv çalışarsa, öz üslubunu konkretləşdirəcəyinə şübhə ola bilməz. Çünki dağları, dumanları, çayları, təbiətin digər gözəlliklərini rəsm edərkən onun nə qədər orijinal cizgilərlə işlədiyi göz qabağındadır. Axı onun qoynunda böyüdüyü, ağlını başından alan doğma təbiət fərqli mənzərələri əks etdirir. Bu bənzərsiz poetizmin onun bütün yaradıcı intonasiyasında əks olunacağına inanmaq lazımdır. Məsələn, fikrimizin təsdiqi üçün aşağıdakı şeir nümunəsinə diqqət yetirək:

"Kərbəlada qəbri var,
heykəli burda.
Bir əli qəriblikdə,
bir əli burda.
Orda ölüb dəvəsi,
burda kəhəri.
Orda qəbri əsirdi,
burda şəhəri".


Füzuli taleyi və vətən yarası konkret bir neçə detalın sərfi ilə ədəbi həllini tapır. Ona görə də M. Seyidməmmədov böyük sənət yolunu davam etdirməli, yalnız onun qələmində təsvir oluna biləcək gözəl poetik lövhələrə pəncərə açmalıdır. O pəncərədən açılan cürbəcür mənzərələri seyr etmək oxucu üçün əsil məşğuliyyət ola bilər. Özü demişkən,
"Pəncərənin önündə çinar boyda bir payız".
Bu misrasından çıxış edib söyləyə bilərik ki, şairin yaradıcılığında hələ boşluqlar görünür və onun şeirinin payız fəslinin yazılmağına ehtiyac vardır.../adalet.az/Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ