Əbülfət MƏDƏTOĞLU: BİTMƏYƏN AĞRI

Tarix:19-01-2018, 20:25 Baxış Sayı:883

Əbülfət MƏDƏTOĞLU: BİTMƏYƏN AĞRI

Bir alın yazısı

Həyat insanı hər şeyə öyrəşdirir, alışdırır. Bəzən vərdiş də etdirir. Mən buna normal baxıram. Amma adətkarda olmaq qorxuludu. Kim adətkarda olursa, onun sonunun haralara gedib çıxdığını demək o qədər də çətin deyil. Bundan əlavə, biz ağrılara, faciələrə alışmışıq. 1988-ci ilin fevralından torpaq itkisini də, şəhid qanını da, yurd-yuva həsrətini də bir gözümüz ağlayıb, bir gözümüzlə ovutmuşuq. Və beləcə, həyat bizi "təki Vətən yaşasın!" inamına kökləyib... Və beləcə, biz həm də kökləndiyimiz inamın bir növü yolçusu olmuşuq, gedirik o yolla...

Bəli, mən də bu həyatın həmin o dediyim zaman kəsiyinin içərisindəyəm. O hadisələrin şahidi, iştirakçısıyam. Deməli, Vətənin yaşaması üçün sırada öz yerimi tutmuşam və bu yerdən çəkinəsi deyiləm. Lakin özümün özümə, daha dəqiq desəm, özümüzdə olanların özümə münasibəti, təzyiqi, laqeydliyi və daha nələri mənim çiyinlərimdən daş kimi asılır, ürəyimi döyəcləyir, inancıma xələl gətirir. Başa düşə bilmirəm ki, bütün bunlar nə üçündü? Kimə və nəyə lazımdı? Axı, biz hamımız vətənsizlik dərdinin içərisindəyik. Vətənsizlik deyəndə işğal olunmuş torpaqlarımızı, eləcə də tarixi baxımdan Dərbəndi, Borçalını, Göyçəni, Təbrizi də nəzərdə tuturam, bax, bu boyda ərazi indi bir ovuc içi həcmində olsa da, dərdimiz əvvəlki ölçüdə, əvvəlki çəkidə qalır. Və biz də hamılıqla o dərdi çəkməyə məhkumuq. Hələ üstəlik o dərdi çəkmək bizim vətəndaşlıq borcumuzdu, şərəf borcumuzdu. Onda nədən bir-birimizə buynuz göstəririk, göz ağardırıq, badalaq gəlirik. Həmçinin bir-birimizin haqqını tapdalayırıq, bir-birimizə problem yaradırıq?..

Mən bütün bunları son yazılarımda təkrar-təkrar vurğulamışam. Səbəbini açmağa, ipucu tapmağa çalışmışam. Lakin heç nə alınmadı. Ona görə ki, bizim bir-birimizə güvəncimizi nəfsimiz, fərdi istəklərimiz həmişə kölgəyə salıb, üstünü örtüb. Sonda isə o kölgədə qalan ya məhv olub, ya da elə bir duruma düşübdü ki, yaşadığı hiss olunmayıb. Günahkar isə, heç nə olmamış kimi əməllərini davam etdiribdi. Ən yaxşı halda bir soyuq təbəssümlə pıçıldayıb:

- Mən öz prinsiplərimə sadiqəm və mənim prinsipim də hər kəsə qalib gəlməkdi!

Amma heç kim soruşmayıb ki, sənin prinsiplərin qaydasız döyüşləri xatırladır, arxadan vurulan zərbəni xatırladır, namərdliyi büruzə verir. Belə olan halda hansı qələbədən danışmaq olar?

Hə, bütün bu zaman kəsiyi ərzində mənim gəldiyim bir qənaət var. Bu da ondan ibarətdir ki, həmin o dediyimi həyatın zaman kəsiyinin içərisində arxadan vurulasan. Bax onda yaşamaq təkcə zülm olmur, həm də mənim üçün dəhşətli dərəcədə mənasız olur. Çünki qarşını kəsənlər, əlindən, kürəyindən vuranlar, badalaq gələnlər səni zəlil edir və sən də sadəcə mövcud olursan. Heç nəyə təsir edə bilməyən bir zəlil... Bax, onda öz-özünə düşünürsən, bu yaşamaqdımı? Əgər bu yaşamaqdısa, kimə gərəkdi? Zənnimcə, normal düşüncəli bir kimsə bu yaşamı qəbul etməz. Doğrudur, can da şirindi, həyat da. Heç kim ölmək, dünyadan köçüb getmək istəmir. Amma köçüb getmək istəmədiyin həyatda yaşam haqqından uzaq düşürsənsə, səni dediyim o duruma atırlarsa, bununla susub barışmaq və guya yaşamaq heç arzuedilən bir hal deyil. Ona görə də:

Yorur məni
günlərin
rəngi,
ölçüsü,
səsi...
mən dəyişə bilmirəm
bir-birinin
oxşarı,
təkrarı olan
bu qəfəsi...
otururam,
dururam
oturub durduğum hətta
yeri belə yoruram...
amma neyləyim ki,
bu oxşar günlərin
dəyirmanında
üyünməkdən daha çox
yarma kimi
havaya sovruluram!..


İndi öz-özümə fikirləşirəm. Görəsən mən dərdlərə vərdiş etmişəm, yoxsa adət? Və yaxud görəsən mən dərdlərsiz yaşaya bilərəmmi? İnanın ki, bu sualların cavablarını düşünüb tapmaq o qədər çətin və acımasızdır ki, onu dilə gətirməyə qorxuram. Bilirsiniz niyə? İlk öncə ona görə ki, mən dərdə nə adət etmişəm, nə də vərdiş. Dərd mənimlə birlikdə doğulub. Mənim alın yazımdı, mənim qanımda, canımdadı. Və deməli, bu həm də ikinci sualın cavabıdı. Qanımda-canımda olandan necə ayrı yaşaya bilərəm? Bu yerdə sizin də sualınızı eşidirəm. Hiss edirəm deyirsiniz ki, dərd səninlə necə doğula bilər ki? Onda mən də sizə cavabınızı verim. Dünyaya gəldiyim məkanda gözümü açıb gördüklərim elə ilk andan məndə ətrafıma, həyatıma bir təzadlı münasibət formalaşdırdı. Gördüm ki, mənimlə həmyaşıd olan erməni uşaqlar hansı prinsiplərlə yaşayırlar, hansı istəklərlə böyüyürlər. Və onlar mənimlə yaşıd olsalar da, məndən önə necə çəkildilər. Digər tərəfdən Allahın verdiyi həssaslıq məni hətta valideynin bir şillə vurduğu uşağın səsinə qarşı da dözümsüz etdi. O uşaqla birlikdə mənim də içim ağrıdı, ağladı. Və sonra da atıldığım həyatın amansızlıqları, qarşılaşdığım haqsızlıqlar içimdəki o balaca duyğuları, o balaca nüansları dərdə çevirdi - həmişə çəkəcəyim dərdə. İndinin özündə də qonşuda, hətta yolda-rizdə ağlayan, şillənənən, yıxılan uşağı və yaxud bir kimsəni görəndə ürəyimin hansı hallara düşdüyünü, içimdən nələrin keçdiyini ifadə edə bilmirəm. Və bütün bunlar ən sonda itirdiyim yurd-yuvanın, bu gün köçməyə məcbur edildiyim uçurulmağı guya haqq etmiş evimin nisgili, faciəsi kimi məni o dediyim dərdlərin fövqünə qaldırdı. Rəhmətlik Nüsrət Kəsəmənli demişkən: "şalvar, köynək geyinərdi tay-tuşum, məndə isə biri vardı, biri yox". Yəni tay-tuşlarım sevincin fövqünə qalxanda, mən dərdin fövqünə yüksəldim. Bircə bir nöqtədə, daha doğrusu, bütün yaşamımın bir anında mən özümü qürurlu, əyilməz, məğrur saxlaya bilmişəm. O da taleyimdə olan Sənlə bağlıdı.

Mən nazını çəkirəm
Sənsə göynəyirsən...
Xəyalından nə keçir
Onu da eləyirsən -
Ürəyim!..

Yoxdu gecəm-gündüzüm
Əsirin, girovunam...
Dodaqda təbəssümün
Kirpikdə qırovunam -
Ürəyim!..

Həyat... yaşam... və ümid
Ovcundadı, aç baxım...
Nə olar məni kirit
Qaç üstümə... qaç, baxım -
Ürəyim!..


Hə, mən bununla özümə təsəlli verirəm hardasa. Və hardasa da bu təsəlli mənə həm də ipucu olur. Dünənimdən qopub ayrılmamaq üçün, sabahıma uzatdığım əlimin üzülməməsi üçün. Elə bilməyin ki, bununla mən başımın altına yastıq qoyuram, işlərin yoluna düşəcəyinə, arzularımın qaynaqlanacağına, istəklərimin gerçəkləşəcəyinə əmin oluram. Yox, sadəcə və sadəcə bir iynə boyu yaşamaq üçün, o iynə boyu sənə gəlmək üçün, yanımda olmaq üçün edirəm bunu. Hardasa bu, dəlilik də sayıla bilər... hardasa bu, özündən məmnunluq da hesab oluna bilər. Olsun! Mən bütün bunları göz altına almışam. Göz altına aldığım bu həyat gerçəkliyinin içərisində ərimək, sozalmaq və anın birində lap kobud desəm, sabun köpüyü kimi yox olub getmək... bütün bunlar artıq heç nədi mənim üçün. İtirdiklərimin, ağrısını çəkdiklərimin fonunda, onlarla müqayisədə mən kiməm ki?!

Hə, mən onu da düşünürəm ki, itirdiyim dostların, güvənli insanların hər biri elə ucalıqda qərar tutublar ki, mən onlara, daha doğrusu, o ucalığa aşağıdan yuxarı baxıram, dərədən zirvəyə baxanlar kimi. Bu baxışın özündə də bir sızıltı, bir qovuşma istəyi var. Alınacaqmı, alınmayacaqmı? Hə, suallar yenə çoxalır. Qoy olsun! Bütün həyatım onsuz da yerli-yersiz sualların nişangahına çevrilib. Bunu görmək də mənim üçün artıq adiləşib. Hətta hansısa bir anında sual olmayanda özümü narahat hiss edirəm. Necə ki, hansısa bir anımın yaddaşıma zərbə olacağı, ürəyimi parçalayacağı xofu da yol yoldaşımdı. Mən sonuncunun nəfəsini yaxamda, boynumun ardında, üz-gözümdə hiss edirəm. Anlayıram ki, daha doğrusu, duyuram ki, yaşadıqlarım mənə diktə edir ki, bu həyat ölən günlərim, anlarım üçün də qucaq açıb. Ona görə də yazıram:

Heyf bu günə heyf
Yaşamadıq biz onu...
Yaşanmayan bir günün -
Ağrıyla bitir sonu...

Bitmir, tükənmir sanki
Çözülməyən tor olur...
Sənsiz günüm, inan ki -
Sığındığım gor olur!..

Heyf, ömürdən qopdu
Alıb apardı külək...
Gülləm boşa çıxmadı -
Ovun qanlıdı, fələk!..


Bəli, bu dünyanın yaşanan və ölən günlərinin sayını kimsə bilmir. Çünki burda bir fərdilik var. Mən o fərdiliyin içərisində özümə aid olanları həm say baxımından, həm zaman baxımıdan görür və bilirəm. Elə ona görə də içimdən itirdiklərimə, ağrı-acılarıma, içərisindən keçib gəldiyimiz faciələrə baş əymək, hər şey üçün sağ əlimi alnımdan üzü aşağı çəkib bir "Fatihə" vermək istəyirəm. Məqamın bu yerində o sözünün üstünə gəlib çıxan bir dostuma da bu "Fatihə" aid olur... Bəlkə də o, ən böyük haqqını indicə aldı...

...Və indi mən bu yazımı yekunlaşdırmaq məqamında bir anlıq yenə dayandım, durdum. Bilirsiniz niyə? Ona görə ki, mənim öz sızıltılarımı, öz ağrılarımı sizə yükləməyə, sizinlə bölüşməyə nə qədər haqqım çatır? Ümumiyyətlə, çatırmı? İndiki anda hər kəsin özü boyda yükü, qayğısı ola-ola mənim də qayğıma çiyin verməsi axı mümkünsüzdü. Eh, nə isə... Özüm yazıram, özüm deyirəm və özüm də...

Mən onsuz da taleyə
Başın sağ olsun! - dedim...
Üstündə şəklim olan
Daşın sağ olsun! - dedim!...

Dərdin qəmi ələyib,
Sözün büküb, bələyib...
Görəndə ki yeriyib -
Yaşın sağ olsun dedim...

Sən ruhun seçimində
Bitirdin son gücü də!..
Özümə öz üçümdə -
Nəşin sağ olsun! - dedim...


Bəli, bir ağrını son nəfəsimə çevirəndə içimdə, yazımda daşıyıram. Bu ağrı təkrar köç ağrısı, isti yuvanı tərk etmək ağrısıdı. Onun nə vaxt bitəcəyini və necə bitəcəyini deyə bilmirəm. Kaş ki, biləydim... bəlkə ağrım azalardı.
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ