Əbülfət MƏDƏTOĞLU: BU HAVAYA BƏND OLMA

Tarix:12-01-2018, 18:05 Baxış Sayı:194

Əbülfət MƏDƏTOĞLU: BU HAVAYA BƏND OLMA


Manera az saytı Əbülfət Mədətoğlunun "BU HAVAYA BƏND OLMA" məqaləsini təqdim edir.

Nədənsə qulaqlarımda dünya şöhrətli müğənnimiz Zeynəb xanımın ifası səslənir. Sağa-sola baxıram. Elə bilirəm ki, televizordan, radiodan gəlir o səs. Amma iş otağında bunların heç biri yoxdu. Səs isə məni bir an da olsa rahat buraxmır. Görəsən bu səs hardan gəlir belə?.. Yaddaşdanmı, göy üzündənmi… Yenə bilmirəm. Elə o səsi öz içimdə dinləyə-dinləyə pəncərəyə yaxınlaşıram. Və birdən istəyirəm ki, qışqıram: «Tapdım!». Amma qışqırmıram. Sadəcə, bu tapıntıma uşaq kimi sevinirəm. Axı, Zeynəb xanımın səsi indi pəncərəmdən süzülən zəif qış günəşinin, ətrafı bir xoş ovqata bürüyən havanın özündən süzülüb gəlir.

Və o səs özü deyir axı:

Havaya baxıram hava məxşuşdu,

Gəzdiyim oylaqlar yadıma düşdü.

Bir gün deyərlər ki, Alı da köçdü,

Sındı telli sazı tazə nə qaldı.



Qulağımda səslənən o ifa məni elə bu havaya kökləyir. Və mənə elə gəlir ki, indi iş otağımın pəncərəsindən Yasamal qəbiristanlığına baxmıram. Əksinə, o qəbiristanlığın içərisindən keçib gedib doğulduğum kəndə çıxmışam. Hava proqnozundan bilirəm ki, qar yağıb doğulduğum kəndə. Və bu günəşli hava indi o yamaclardakı, dağ döşündəki qarı əməlli-başlı oxşayır, sığallayır. Və qar da gülümsəyir adamın üzünə. Mən də dizimə qədər qara bata-bata kəndarası yolla addımlayıram…

Və birdən iş otağımın qapısı açılır. Səsə geri çevrilirəm. Məni bu xəyaldan, kəndimdən qoparıb gətirən adamın kim olduğunu öyrənmək istəyirəm… Heç kim yoxdu. Qapı elə öz-özünə açılıb. Yenə qayıdıram pəncərədən baxmağa. Bu dəfə kəndim görünmür. Görünən Yasamal qəbiristanlığıdı, bir də orda inşası davam etdirilən yeni məscid binası.

Bax, belə bir ovqat məni istəmədiym halda daxilən elə sıxır ki, elə bil ürəyim zindan üstünə qoyulub. Və mən özüm də bilmədən, daha doğrusu, istəmədən bu günlərdə yazdığım misraları pıçıldamağa məcbur oluram.



Dərdimi yuata götür,

Məni mərasim evinə…

Bəlkə də şəklimə baxıb –

Ruhum bir az da sevinə…




Özün sifariş etmişdin

Yataq odana qoymağa…

Məqam tapmıram, demişdin –

Gözünə baxıb doymağa!..




İndi əlçatan bir yerdən

Asmısan hamı da baxır…

Şəkli ortaya çıxardın –

Dillən, adımı da çağır!..




***

Beləcə, bir ovqatla yazı masama dönürəm. Qarşıma tökdüyüm şəkillərə, saralmış vərəqlərə baxıram. İnsan ildən-ilə, gündən-günə, saatdan-saata necə də dəyişirmiş, qocalırmış? Hələ ötən əsrin 90-cı illərinin əvvəllərində doğulduğum kənddə çəkdirdiyim və kitablarımın arasında Bakıya gəlib çıxmış şəkillərimi gözdən keçirirəm. Onların hər biri xatirə olmaqdan başqa həm də mənim dünənimi mənə diktə edən bir səsdi, bir görüntüdü, bir qara qələmlə yazılmış hökmdü. Mən onları gördükcə, gözdən keçirdikcə, dinlədikcə bu günə niyə gəlib çıxdığıma təəssüflənirəm. Hətta şəkillərdən birinə baxan gənc həmkarlarımdan biri söyləmişdi ki, müəllim, siz o vaxtlar nə yaman şux imişsiniz. Doğurdan da illər hər şeyi almaq gücündəymiş. Ayağının altında doğulduğu torpaq olmayan, gözünü açıb gördüyü daş, divar, tavan olmayan birisinin şuxluğu necə qala bilər ki? İnsan mənə görə ağaca bənzəyir. Kökü torpağa işlədikcə qol-budağını da, qamətini də qoruyub saxlayır. Elə ki, köklər fəaliyyətdən qalır, onda başlayır qurumağa. Və biz də onun quruduğunu ancaq gövdəsində, budaqlarında görürük. Amma bilmirik ki, ağaclar birinci kökündən quruyur. Kök gövdəni, budaqları qidalandırmadıqca bitib tükənir ağacların ömrü. Və günlərin birində də ya külək yıxır, ya da bir əlibaltalı o ağacları…

Hə, mən bu düşüncələrin içərisində özüm də bilmədən filosofluq edirəm. Guya ki, bununla özümə təsəlli vermək, özümü düşdüyüm durumdan çıxarmaq istəyirəm. Amma bu mümkün deyil. Çünki Allaha və bir də sahibinə bəlli olan gerçəyi heç cür dəyişmək, heç cür silmək, yeniləmək mümkün deyil. Ona görə də mən hələ xeyli öncə yazdığım şeirin bir bəndində demişdim ki:

Yozulmayan yuxular yazılmayan məktubdu…

Bu bir özəl dünyadı – ora giriş məhduddu!..

İndi mənim özəl dünyamın hamıya və heç kimə məlum olmayan elə çalarları var ki, onu bir anda alt-üst etmək də mümkündü, ona qol-qanad vermək də. Çox təəssüf ki, içində olduğumuz zaman daha çox «ayının dostudu», bizimlə heç hesablaşmaq istəmir. Hətta bəzən elə oyunlar oynayır ki, onun musiqisini də tapmaq, dəyərləndirmək mümkün olmur. Çünki sümüyə düşməyən, əsəbləri oynadan, az qala bütün ağırlığı ilə insanın çiynindən torpağa tərəf basıb aparan o musiqilər ömrü də sürətlə gödəldir, insan həyatını qayçılaya-qayçılaya ümidsizliyi daha da yaxınlaşdırır. Və…

Bəli, mən bu dediklərimi, yazdıqlarımı özüm yaşadığımdan bilirəm ki, bəziləriniz yəqin ki, razılaşacaqsınız ki, dediklərim həqiqətdir. Nə qədər sərt və amansız olsa da, bu həqiqət asılıb başımızın üstündən qılınc kimi. İstər-istəməz onun xofu bizimlədi. Ona görə də misralar da qələmin ucundan süzülüb kağıza, vərəqlərə o soyuqluqla düzülürlər.



Mən həyatda əzəldən

Tək-tənhayam - yalqızam…

İçində ümid donmuş –

Aysberq tək sal buzam…




Oyanıb sübh mehində

Yuyunub gül şehində…

Mən sənin taleyində –

Axıb getmiş ulduzam…




Can sirdaşım qəm, kədər

Yol yoruram mən hədər!

Kirpikdən ruha qədər –

Duzlaşmışam – sal duzam!..



Havanın bu qəribəliyi istər-istəməz adamı otaqdan bayıra səsləyir. Elə istəyirsən ki, işini-gücünü, hər şeyi atıb bir kənara yaxın, doğma bildiyin, sirrini verib, sirrini aldığın kiminsə iştirakıyla çıxıb gedəsən özündən və işindən uzaqlara…

Gedəsən və gedə-gedə də elə biləsən ki, xoşbəxtliyinə yaxınlaşırsan. Axtardığının izinə düşmüsən, hardasa bir iynə boyu məsafədən sonra tapacaqsan onu. Doğrudur, ümid nə qədər şirin olsa da, nə qədər yaşam istəyini artırsa da, amma mən bu yazdıqlarıma bir yazı adamı düşüncəsiylə baxıram, yanaşıram. Çünki tam əminəm ki, o dediyim ümid də, o tapacağım xoşbəxtlik də elə bu hava kimidi – qış havası kimi! Bir azdan, bəlkə də elə bu yazının nöqtəsini qoyduğum anda bozardacaq üzünü, korlayacaq bütün əhvalımı. Və mən də o korlanan əhvalla qurduğum xəyallara, izinə düşdüyüm xatirələrə yenə uzaqdan baxacam, yenə öz-özümə deyəcəm ki:



Gör necə axır bulud

Dağdan dərəyə tərəf?!

Elə bil çəhlim açır –

Sürür dərəyə tərəf…




Zaman qovur, ələyir

Ruhumu «ah» bələyir!

Bir gilə şeh çiləyir –

Tale hərəyə tərəf!..




Dərd ürəkdə zəlimi?!

Zəli sevən dəlimi?!

Uzadıram əlimi –

Təzə tərəyə tərəfə!..




İndi özünüz düşünün. Əgər dərd ürəyimizin zəlisidisə və biz də ona könüllü təslim olmuşuqsa, onda havanın, yəni qışın bugünkü gününün nədə günahı var? Ümumiyyətlə, onu günahkar saymaq mümkündümü? Mən şəxsən ağlım kəsəndən təbiətdə heç bir günah görməmişəm. Amma təbiətin başına oyun açan bizlərin günahlarını heç barmağımı qatlamadan rahatlıqla saya bilərəm. Düşünürəm ki, siz də bu məqamda mənimlə həmfikir olarsınız. Axı, hər birimiz özümüzə nə qədər təsəlli verməyə çalışsaq da, sonda gəlib eyni nöqtəyə çatırıq. O nöqtəyə ki, orda günahla günahkar üz-üzə dayanır. Və biz də sual qarşısında təbii ki, cavab verməyin nə demək olduğunu az-çox özümüzə təlqin etmişik. Baxmayaraq ki, bildiyimiz gerçəyin fəsadlarını özümüz törədirik. Yəni təbiətə özümüz qənim kəsilmişik…

Nə isə. Mən qulaqlarımda Zeynəb xanımın səsi olmaqla müşahidə etdiyim və məndə ovqat yaradan havanın sarı simində nələrisə demək istəyini gizlətmədim. Amma bu dediklərimin yerinə düşüb-düşmədiyini tam əminliklə söyləmək istəməzdim. Ona görə ki, hər kəsin öz baxış bucağı var. Necə ki, hərənin öz arşını. Elə bu bucaq altında da bu havanın ovqatına uyğun demək istəyirəm:



Ay Məcnun, ay Kərəm, ay insafsızlar

Mənə bu qapını siz göstərdiniz…

Məni açıq-aşkar oda salanlar –

İndi də «döz!» deyib gözlədirsiniz…




Yuxum göyə uçub, xəyalım ərşə,

Cismimi tərk edən ruhum da köçüb…

Durmadan tələsdim hər gün görüşə –

Hər gün də vaxt məndən arxaya keçib…




Özümü nə qədər kökləsəm belə

Damarı düşmədi dərdin əlimə…

Görünür sevgidə naşıyam hələ –

Təzədən cəlb edir məni təlimə!




Ay Məcnun, ay Kərəm, a bəxətəvərlər

Sizi sevən də var, siz sevən də var!

Sevgini bir az da bəxtdə görənlər –

Dərddən başqa kimsə olmur mənə yar!..



Doğurdan da hər havanın öz oynuyanı, hər havanın öz dinləyicisi və nəhayət, hər havanın öz barı var. Sonuncu təbiətlə bağlıdır. Yəni hava durumu bir təbii hadisə olmaqla yanaşı, insanı da öz aurasına alır, insanı da haldan-hala salır. Bax, bu mənada mən indi əminliklə demək istəyirəm ki, siz də öz havanızı dəqiq müəyyənləşdirin. Seçin və qərarınızda israrlı olun! Bir az da kobud desəm, öz havanıza oynayın! Və bir də siz də öz havanıza uyğun geyinib evdən çıxın. Axı indi qışdı, üşüdərsiniz, soyuqlayarsınız. Bax, imkanınız olsa, bu məsləhətimi diqqətinizdə saxlayın, məndən demək!


Manera az/adalet.azБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ