ÖNCƏDƏN BAĞIŞLAYIN, DEYİRƏM

Tarix:6-01-2018, 12:03 Baxış Sayı:232

ÖNCƏDƏN BAĞIŞLAYIN, DEYİRƏM

Yeni ilin ilk günündə, daha doğrusu, bu il üçün "Ədalət" qəzetinin ilk şənbə sayında köşə yazısı yazmaq istəyim bir neçə sualla qarşı-qarşıya dayanıb. O suallardan birincisi bu köşənin ovqatıyla bağlıdır. Çünki istər ötən ilin son günü, istər bu ilin ilk təqvim tarixi həyatımda qeyri-adi heç nəylə qalmadı. Nə ailəmin, nə də özümün hiss edə biləcəyim nə isə dəyişmədi. Sanki nə il başa çatdı, nə də yeni il mənim doğum günümlə başladı. "Mənim" deyəndə, Həzrəti İsa ilə heç bir şərikliyi və yaxud qarşı-qarşıya gələn fikrim, təmənnam, istəyim yoxdu. Və internet dostlarımın siyahısına da baxanda gördüm ki, ilin ilk günündə kifayət qədər bir-birindən dəyərli ziyalılar, tanınmış imza sahibləri, elinin, obasının ləyaqətli, sanballı övladları doğulubdu yanvarın 1-də. Mənim də onların sırasında olmağım özü bir xoşbəxtlikdi, qürurverici haldı. Amma bütün bu gerçək və uydurduğum durumun içərisində dodaq qaçıracaq, təbəssüm gətirəcək, ovqat yaradacaq heç nə ilə qarşılaşmadım. Əksinə, içimdə lövbər salmış sıxıntının təsirindən təzyiqim vurub kəllə-çarxa qalxdı. Birtəhər dərmanların gücünə həyata əlvida demədim. Amma artıq deməyin astanasındaydım. Elə onda da yadıma ilin son günündə yazdığım şeir düşdü. Onda yazmışdım ki:




İlahi, yaşatdığın

Ömrün gizli baxtıdı...

Yorulmuş ürəyimi -

Dincə qoymaq vaxtıdı!..




Oxlanandan kürəyim

Əyilib söz dirəyim...

Nəsimidi ürəyim -

Diri soymaq vaxtıdı!..




Qarşımdadı, bax, kağız

Bir qələm, bir ağ kağız...

Məni ağla bir ağız -

Məndən doymaq vaxtıdı!..




Bilmirəm, hansı hissin, hansı instinktin təsiriyilə doğulmuşdu bu şeir. Amma ayın 1-də düşdüyüm durum, yəni səhhətimdəki o kəskin vəziyyət görünür hardasa bu şeirin sonu, nöqtələriymiş. Mən konkret bir nöqtənin yox, bir neçə nöqtənin qılıncı altından keçib gəlib çıxdım sizinlə üzbəüz dayanacağım günə. Və yazının əvvəlində də dediyim həmin sualların biri olan əhval və yaxud ovqat məsələsi ilin ilk köşəsinə hardasa körpü salmaq gücündən tam yararlanmırdı. Və mən də məcbur olub dünənə, bir az zarafatla desəm, bir il öncəyə baxmağa məcburam. Çünki birinci həftəsi başa çatan yeni il mənə və işlədiyim kollektivə iki acı xəbər yaşadıbdı. Bir yerdə çalışdığımız insanlardan ikisi ən əziz adamlarını itirib. Allahdan onlara rəhmət diləməklə demək istəyirəm ki, başlanğıcı qəmli notlarla gələn bu ilin davamını sevincdə, şadlıqda, şadyanalıqda görmək istəyirəm. Düşünürəm ki, yəqin elə belə də olar. Və onu da düşünürəm ki, bütün həyat deyilən nə varsa, hamısının içərisində min illərdi ki, sevinc və kədər yanaşı dayanıb. Hansı birisə iynə boyu irəli çıxdı, deməli, həmin an, həmin zaman kəsiyi irəli çıxan sevincin və yaxud kədərin qalib gəldiyi gündür. Biz də o günün içərisində yaşamağa məcburuq və məhkumuq.

Bütövlükdə isə bir nöqtəni də önə çəkmək istəyirəm. O da həmin o yaşananların bizim özümüzdən bəhrələnməsidi. Yəni bütün baş verənlər təkcə bizə təsir etmir, həm də bizdən öz şirəsini alır. Və bu da hadisənin, olayın mahiyyətini də formalaşdırır, çevrəsini də genişləndirir... Bir də baxıb görürük ki, biz içində olduğumuz və içindən çıxdığımız zamanın ifadəçisi, daşıyıcısı, yaşayanı və yaşadanıyıq. Amma o da var ki, sevinc ürəyi dağa döndərir, kədər ürəyə dağ çəkir. Bax, həyatın dəyişməyən sərt qanunu, yazısı da budur. Mən də bundan çıxış edərək üzümü Sənə tutub deyirəm ki:




Həyat sərt və ömürdən

Kəsir istədiyi an...

Mən də sənin ömründən -

Köçəcəm... quş tək, inan...




O köçdən qopub gizli

Bir ruh da ağlayacaq...

İsti göz yaşlarını -

Ovcunda saxlayacaq...




Onda xatirələri

Nəm kirpiklə çözərsən...

Gücün çatdığı qədər -

Yoxluğuma dözərsən!..


***


Elə bilməyin ki, ötən ildə olduğu kimi, bu il də özümü ancaq kədərə, qəmə, ümidsizliyə kökləyəcəm. Yox, mən ümumiyyətlə, daha köklənmək yaşından keçmişəm. Və üzü qüruba olan bir həyatın yolçusuyam. Ona görə də köklənməkdən daha çox təklənməyin girovuna çevrilirəm. Hara, hansı səmtə baxıramsa, boylanıramsa, orda dünən, beş gün bundan öncə duran, dayanan dostu, tanışı görmürəm. Çevrəmdəki seyrəlmə payız xəzəlini xatırladır mənə. Sən bu dediklərimin ruhuna özünü tabe etdirmə. Bir az biganə ol. Çalış, bu dediklərimi, yazdıqlarımı elə yazı kimi, söz kimi qəbul elə. Oxu və qoy bir kənara. Onda görəcəksən ki, etinasızlıq göstərdiyin bu hisslər, bu duyğular artıq səndən yan keçir. Və bununla da mənim bir vaxtlar atdığım addımı sən də təkrar etmiş olacaqsan. Yəni özün-özünü aldadacaqsan. Tam inamla deyə bilərəm ki, bu aldanış sənə zərər gətirməyəcək. Çünki mən də özümü aldatmaqla xəyalən sənə daha çox yaxınlaşdığıma inanıram. Amma neyləyim ki, bu inamın bürünəcəyi elə xəyaldı. Xəyalda isə hər şey çox gözəl olur. Özünü hamıdan, hər kəsdən xoşbəxt saymaq şansı qazanırsan.



Yeri gəlmişkən, elə özümü aldadıb xoşbəxt olduğum anların birində yazmışdım ki:


Aldadıram özümü

uşaq kimi...

aldanıb,

heç yığmıram gözümü

yollardan!..


özümü aldatmağım

uşaq kimi

hər sözə inanmaqdı...

inanıb

yol gözləməklə

qalmağım...


aldadıram özümü

özümü aldatmağım

uşaq kimi

inanıb,

aldanıb,

başımı

özümlə qatıb

özümdə qalmağımdı,

qalmağım...


Bəli, mən özümü aldadıb yaşamağın bütün çalarlarını xırdalamaq fikrindən uzağam. Amma əvvəldə dediyim sözün üstündən də qaçmıram. Yəni demək istəyirəm ki, bütün hallarda kül altındakı qor da əgər ümid verirsə, əgər səni isidəcəyinə əminsənsə, ona güvənirsənsə, deməli, aldanmağa da dəyər, elə aldatmağa da. Yəni bu yalan əslində yaşatmaq üçün, yaşamaq üçün dilə gətirilir. Və bunun da bir kimsəyə xətəri toxunmur.

Ümumiyyətlə isə yaşam üçün, həyata bağlanmaq üçün xəyal qurmaq və yaxud kiməsə yalan demək, lap elə-belə çılpaq bir şəkildə ifadə etsəm, özünü hamıdan güclü, hamıdan layiqli bilib dəlicəsinə uydurduğun yalana, qurduğun xəyala söykənib addımlar atmağa başlasan, yəqin ki, onda özündən başqa kimsəyə o qədər də zərrəsi dəyməyəcək. Çünki sən qurduğun xəyalla, uydurduğun yalanla o yola çıxırsan və o yolun da hər üzü, hər döngəsi, hər çətinliyi sənin üçün açılır, sənin üçün keçilməz və yaxud keçilən olur. Bax, beləcə də o ana qədər davam edir ki, orda söylədiyin, qurduğun ya gerçəkləşir, ya da sabun köpüyünə çevrilir...

Bax, bu məqamda kənardan özün-özünü seyr etsən, durumuna, ovqatına, həyata münasibətinə qiymətini yəqin ki, oxumuş olarsan - görkəmindən, baxışından. Mən isə şəxsən bütün bunların heç birinin dərinliyinə baxmadan, alt qatlarına lağım atmadan eləcə yenə üzümü sənə tuturam və demək istəyrəm ki, qurduğum xəyal da, özüm üçün uydurduğum yalanlar da, hətta qulağıma qeybdən gələn səslər də indiki anda bu misraları pıçıldayır:



Heç kim ola bilmədim

Sənin üçün, bağışla...

Öz içimdə lilləndim -

Ürək sıxan naxışla -

Bağışla!..




Sevgi yolu gələndim

Hey xəyala bələndim...

Nə dolu tək ələndim

Nə də yağdım yağışla -

Bağışla!..




Ruhun ipin yığacam

Ovcumda bərk sıxacam...

Tay qarşına çıxacam

Kölgəli bir baxışla -

Bağışla!..




Hə, mən bütün bu yazdıqlarımın kiminsə ovqatına ovqat qatacağına, kiminsə əhvalına bir çimdik duz atacağına o qədər də ümid etmirəm. Amma...




Ayağına düşmüşdü

İndi getdi, bilmədin...

Haqdan sənə gəlmişdi -

Döndü, getdi, bilmədin...




Çınqı düşdü - alışdı

Qucduğu nəm balışdı...

Qovuşmağa çalışdı -

Söndü, getdi, bilmədin...




Uymadı heç alverə

Sığınıb qaldı şerə...

Ürəyi iki yerə -

Böldü, getdi, bilmədin...




Saça düşən bu dərd - dən!

Çıxa bilmədim şərtdən...

Əbülfət də bu dərddən -

Öldü, getdi, bilmədin...




Xatırladım ki, mən hər zaman olduğu kimi, bildiyim, inandığım, hətta biyət etdiyim hər şeyi, hər kəsi gözümün qabağına gətirib qurduğum xəyallarımla, özüm üçün uydurduğum yalanlarımla bu ilin ilk köşəsini bilgisayara diktə etdim. Oxusanız da sağ olun, oxumasanız da. Əsas odur ki, siz varsınız və mən də sizin varlığınıza üz tutub içimdən keçənləri kağıza köçürdüm...

...Və ilk köşəni də sizlərə ünvanlayanda içimdən gəlib keçdi ki, onun yekununda hamınıza və bir də Ona sevgi notları üzərində yazılmış bir şeir də pıçıldayım. Bu, ürək pıçıltısıdır. O pıçıltını eşidənlər oxusun bu şeiri...




Günahkardı bir sevgi

Alışmana, sönmənə.

Ondan çıxış yolu var -

Qolunu aç, dön, mənə!




Həsrət payım bol qalıb

Sağ budanıb, sol qalıb.

Bir nəfəslik yol qalıb -

Bir Leyliyə, - dön mənə!




Könlümün əhd-amanı

Dili, dini, imanı.

Olum hava limanı -

Sən də göydən en mənə!

Əbülfət MədətoğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ