Dərdin də öz rəngi var

Tarix:28-12-2017, 14:37 Baxış Sayı:124

 Dərdin də öz rəngi var

Dərdini saralmış yarpağa yazan Vaqif İsaqoğlu ədəbi mühitdə daha çox yazıçı-publisist kimi tanınsa da, lirik şeirləri, poemaları ilə də tez-tez görüşümüzə gəlir, fikir və düşüncələrini, hiss və həyəcanlarını, poetik tapıntılarını bir dost kimi bizimlə bölüşür. O, bu dəfə görüşümüzə "Dərdimi saralmış yarpağa yazdım" ("Heroqlif" nəşriyyatı, 2017) şeirlər toplusu ilə gəlib və poeziyasevərlərə özüylə bərabər bir dünya sevinc gətirib.
Kitabda toplanan şeirləri həyəcansız oxumaq, bəzən də kövrəlməmək, xoş ovqat yaşamamaq mümkün deyil. Sözün məsuliyyətini dərindən bilən, sözün rəngini görən, çəkisini duyan, məna yükünə bələd olan Vaqif İsaqoğlu haqsızlıq önündə susmayan, düzü düz, əyrini əyri yazan, ədalətsizliyə dözməyən qələm adamıdı, şərin xeyrə, oğrunun doğruya, nadanın alimə, mərdin qovula-qovula namərd edilməsinə, qaranlığın işıqdan intiqam almasına biganə qalmayan ziyalıdı, haqqın mizan tərəzisinin pozulmasına qarşı mübarizə aparan, yaltaqlığı, alçaqlığı, rüşvətxorluğu, yerlibazlığı... sözlə qamçılayan söz adamıdı və söz adamı kimi hər kəsi öz yerində görmək istəyir. İstəyir ki, heç kimin yeri səhv düşməsin, axı, "səhv düşəndə yerimiz, qeyrətsiz oluruq biz" (Qabil). Son dərəcə nəfis şəkildə çap olunmuş "Dərdimi saralmış yarpağa yazdım" şeirlər toplusu dörd bölmədən ibarətdir. Birinci bölmədə şair xalqın üz qarasına çevrilən şeytan adamlardan, atdıqları addımları, hərəkətlərilə şeytanın özünü də heyrətləndirən və şərin təntənəsinin icraçıları olan, pulu Tanrı bilən insanlardan söhbət açır, onların iç üzünü poetik bir şəkildə açıb göstərir, halal duz-çörəkli, halal süfrəli adam axtarır.


Günəşin üzünə pərdə çəkildi,
Doğru tora düşdü, oğru sevildi.
Adamlar içində gör neçə ildi
Adam axtarıram salam verməyə.

Şərəfsiz şərəfdən danışır, bəli,
Heç kimin düz gəlmir sözlə əməli.
Halal duz-çörəkdi, halal süfrəli,
Adam axtarıram salam verməyə.

Yaxud bu misralara diqqət yetirək:

Hamı bir nəfər tək batıb günaha,
Heç kim qulluq etmir daha allaha.
Pula Tanrı kimi baxırlar daha,
Deyəsən yetişir sonu dünyanın.

Kitabın ikinci bölümündə əsl dostdan, qardaşlıqdan danışılır. "Dostsuz insan qanadsız quş kimidir" - atalar sözünü yazdığı şeirlərlə bir daha təsdiqləyir. "Əsl dost çətin və ağır günlərin dayağıdır, həm də əsl dost haqqı yad etməyən min qohumdan yaxşıdır" - deyir və düz deyir.
Şair həkim dostuna yazdığı şeirlərin birində deyir:

Yıxılan olanda köməyə gələn,
Halal çörəyini yarıya bölən,
Vətənlə ağlayan, vətənlə gülən,
Vətənpərvər kimi tanıdım səni.

Şair oxuculara təqdim etdiyi "Dərdimi saralmış yarpağa yazdım" kitabının üçüncü bölümündə məhəbbət şeirlərinə yer ayırıb. "Mən dünyaya şair kimi gəlmədim, amma şair kimi sevməyi bacardım" deyən Vaqif İsaqoğlu doğru buyurur ki, həyat sevgiylə gözəldi, sevgi olmasa günəş sönərdi, dünya qaranlığa qərq olardı.
Vaqifin sevgi şeirləri ən kövrək, ən həssas, ən ülvi hisslərdən "yoğrulub" və o, sevginin əbədiliyinə, ölməzliyinə bizi bir daha inandıra bilir:

Ancaq sənə görə çiçəklər açır,
Günəş şəfəq saçır, Ay işıq saçır.
Mələklər Allaha səndən danışır,
Dünyanın ən gözəl qadını sənsən.

Və yaxud:

Özümü ağladım, özümə güldüm,
Sənsiz ağlar qalan gözümə güldüm.
Bir Allah bilir ki, dərdindən öldüm,
Bir Allah bilir ki, mən səni sevdim.
Vaqif İsaqoğlunun şeirlərində işıq var, ruh var, fikir var, hiss və həyəcan var, dərin poetik məna var... Şairin dili sadədir, rəvandır, oxunaqlıdır. Şeirləri şirin bir nəğmə kimi sevilir, yaddaşda tez ilişib qalır, könlümüzü oxşayır, ruhumuza sığal çəkir:

Sulara qərq olmuş batan gəmiyəm,
Qəfil dolu döyüb solan zəmiyəm.
Divardan asılmış bir saz kimiyəm,
Sən məni kökləyib çalarsanmı, de?

Kitabın dördüncü bölümü "Düşüncə karvanı" adlanır. Şair fikir və düşüncələrini, müdrik sözlərini, şeirlə yox, nəsr "dililə" oxuculara çatdırır.
Və ən nəhayət, demək istəyirəm ki, Vaqif İsaqoğlu gözəl yazıçı olduğu kimi, gözəl də şairdir. Amma o, kitaba yazdığı "Könül duyğuları" adlı ön sözündə "Mən dünyaya şair kimi gəlmədim" - deyir və təvazökarlıq edir. Yox, qardaşım Vaqif! Sən dünyaya şair kimi gəlmisən, sən də şair taleyinə düşən payın kədərini yaşayırsan! Sənin şeirlərində kədərin, qəmin, dərdin ətrini, rəngini, ayrılığın qoxusunu duymaq mümkündür. Sən dərdlərini, ürək ağrılarını, sevgi duyğularını, fikir və düşüncələrini... saralmış yarpağa yazan şairsən, həm də işıqlı şairsən, hamını işığına çağıran, işığıyla çağıran qələm adamısan, vətənə, millətə xidmət edən ziyalısan...
Qələmin iti olsun, şair qardaşım!

Əbülfət MədətoğluБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ