Çinar yarpağına yazdıqlarım

Tarix:21-11-2017, 16:47 Baxış Sayı:72

Çinar yarpağına yazdıqlarım
...Sol çiynimə bir çinar yarpağı qondu. Ehmalca götürüb baxdım. Yarpağın "damarlarından" yamyaşıl ümid axırdı. Mən də ümidləndim. Elə bu ümidlə də ürəyimdən keçənləri çinar yarpağına yazmağa başladım. Yazdıqca içimdə baş qaldıran ümidin tumurcuqladığını hiss elədim və bu ümid tumurcuğunun çiçək açacağına dəlicəsinə inandım. Həm də inandım ki, çinar yarpağına yazdıqlarımı oxuyanlar çox olacaq. Çünki mən çoxşaxəli fəaliyyətinin bir sahəsi də bədii yaradıcılıq olan Kamal Abdullanın söz dünyasından söz açıram, o böyük yazıçının, şairin, dramaturqun, esseistdin bədii yaradıcılığını təhlil etmək niyyətindəyəm. Niyyətimin qəbul olunacağına inanmaya bilmərəm. Axı, inanmasam, yaza bilmərəm. Və bir də çinar yarpağı quş kimi uçub, havada dövrə vuraraq sol çiynimə təsadüfən "qonmamışdı". Axı, Kamal Abdullanın sözü də çinar ömürlüdü. O böyük yazıçının özü də möhtəşəm bir çinara bənzəyir. Bu çinarın budaqları göylərə ucalaraq buludlara çatıb. Suyunu buludlardan, şirəsini torpaqdan alır. Bu çinar hərdən budaqlarını tərpədib buludları dağıdır ki, göydən buz parçaları yağmasın, dünyaya zərər dəyməsin... Axı, Çinar ağacı müqəddəsdi.
Söz də müqəddəsdi. Dünyadan əvvəl də söz olub, dünyadan sonra da söz olacaq. Həmişə, hər zaman söz qalacaq, söz yaşayacaq.

Söz - səsdir. Havada uçuşan səsləri eşidib qələmə almaq, Tanrının pıçıltılarını qələmə almaq deməkdi, çünki söz yaranandan Tanrının ixtiyarında olub. Sonra bu ixtiyar sahibi şairlər oldu. Buna Tanrı icazə verdi və şairlər də Tanrının pıçıltılarını yazmağa başladı.
Dünya yaranandan sözlə dolu ürəklərə, həm də xeyirxah adamlara möhtac olub.

...Havada uçuşan səsləri Kamal Abdulla hamıdan yaxşı eşidir və bu səsləri qələmə alır, sözlərdən zərif, incə, ruh oxşayan, könül sevindirən şeir çələngi hörür. Bu şeirləri oxuduqca mənən ucaldığımı, daxilən zənginləşdiyimi hiss elədim, həm də özümü sirli-sehrli bir dünyada gördüm. Ona görə də Kamal Abdullanın şeir dünyasının qapısını açmalı oldum. Və bu şeir dünyasında qələmə başucalığı gətirən şair, hiss və həyəcanlarını, duyğularını, fikir və düşüncələrini, qəlbinin döyüntülərini... sözə ilmələyib. Bu ilməni aça bilsəm, qəlbi ilahidən nur alan, sözün əbədiyyətinə tapınan şairi görəcəyəm...

İşığına inandığım şairi görmək üçün öncə "Kədərli seçmələr"i (Bakı, 2002) kitabını oxumağa başladım və bir andaca sirli-sehrli bir aləmə düşdüm. Və həmin andaca Kamal Abdulla insanı tənhalıqdan qurtaran, musiqi olmağa can atan, mayasında ilahi eşq çağlayan şeirlərilə mənim ən doğma şairim oldu.

SÖZÜN İÇİNDƏ
ÖMÜR SÜRƏN ŞAİR


"Kədərli seçmələr"i oxuduqca, mənim ən doğma şairimin şeirlərinin sözü, nəfəsi ruhuma hopurdu. İnsanın zehninə, düşüncəsinə işıq paylayan bu şeirlərin hər misrası, hər sözü üstündə yaz qarı kimi əriyən, havada uçuşan səsləri tanıyan, Azərbaycan poeziyasının şərəfini uca tutan, mənəviyyat salnaməsinə öz adını yazan Kamal Abdullanın heç kimin dünyasına bənzəməyən sirli dünyası olduğunu hiss elədim. Bu sirli dünyanı görmək, tanımaq üçün o sirri açmaq gərəkdir.

Görəsən, Azərbaycan ədəbiyyatına və mədəniyyətinə kifayət qədər nüfuz, hörmət gətirən qüdrətli yazıçının, parlaq istedad sahibinin sirli dünyasının sirlərindən agah ola biləcəyəmmi? Bilmirəm. Ancaq onu bilirəm ki, "Kədərli seçmələr"in ovsunundayam. Həm də onu bilirəm ki, Kamal Abdulanın poeziyası həm ədəbiyyatın, həm də əbədiyyətin tarixinə yazılıb və o, bizim Azərbaycanımızın, Turan dünyasının şairidi... sözləri şeirə, şeiri poeziyaya çevirən, sözün içində ömür sürən şairdi.

Bəli, "Kədərli seçmələr"i oxuduqca möhtəşəm və qüdrətli şair istedadının bir daha şahidi olurdum, bədii təsvirin və təxəyyülün sonsuzluğuna heyrət edirdim, həm də düşünürdüm ki, xalqa, zamana xidmət eləyən poeziya ölümsüzdü.
Gəlin bu misraları birlikdə oxuyaq və uca səslə deyək: "Kamal Abdullanın şeirləri əbədiyaşarlıq haqqı qazanmışdır".

İşıq məni səsləyirdi ana tək,
Mən gecəni gündüzümə qatırdım.
Hər şey dəqiq ölçülmüşdü sonadək -
Mən işığın düz yanına çatırdım.

Bu misralarda incə bir ruh var; bu ruhu duymaq gərəkdir. İnsanı mənən pak, uca və qüdrətli görmək istəyən şair şeirin gücü, fəlsəfəsi ilə gözlərimiz önündə yeni bir dünya yaradıb. Nədir bu dünya? Kamal yaradıcılığının sirri də bundadır, gərək bu sirrin açarını tapasan, yoxsa... Yoxsa, şairin sirr dolu dünyasının qapılarını açmaq mümkün olmayacaq...

Şairin dünyasında həm də mənəvi məsuliyyət məsələsinə toxunulub. Mənəvi dəyərləri həmişə və hər yerdə üstün tutan şairin şeir dünyası gözlənilməzliklərlə doludu. Xəyalımıza, ağlımıza gəlməyən fikir və düşüncələr, deyimlər, obrazlar, tapıntılar... qarşımıza çıxır. Çaşıb qalırıq. Niyə? Ona görə ki, onun dünyasını tanımaq üçün qəvvas kimi dəryanın daha dərinliklərinə baş vurmaq lazımdır. Yoxsa heç nə alınmayacaq. Axı ən qiymətli incilər də, açılmamış sirlər də həmin o dərinliklərdə "gizlənib".

Mənə qaranlıq verin -
Qapqara, zil qaranlıq.
Mənə heç nə verməyin,
Mənə qaranlıq verin.

"Mənə qaranlıq verin" - deyən şair qaranlığın özündə də işıq görür. O, qaranlıq istəyir, çünki qaranlıqda bu dünyanı daha yaxşı dərk etmək olur, özün özünlə daha yaxşı dərdləşirsən...

Qaranlıqdan başqa heç nə istəməyən şairin dünyası ağappaq işığa bürünüb. Bu ağappaq işıq gözlərimizi qamaşdırır və bu səbəbdən də heç nə görə bilmirik, çox mətləbləri anlamırıq. Görə bilmək, anlamaq üçün bu nurlu, işıqlı dünyaya qəlbin gözüylə baxmaq lazımdır. Qəlbin gözü qamaşmır, duyur, hiss edir...
Kamal Abdullanın şeirləri ruhuma doğmadır, mənim düşüncələrimi gələcəyə aparır və mən özümü gələcəkdə görürəm.

O böyük şairin çoxşaxəli yaradıcılığı ilə yaxından tanış olduqca hekayə və romanlarının da, esselərinin də... şeir kimi axıcı, sadə, rəvan, oxunaqlı olduğunu hiss elədim. Sual olunur. O, şeir kitablarının birini niyə məhz "Kədərli seçmələr" adlandırıb? Kədər özlüyündə bəşəri məna daşıyır, şair sanki dünyanın kədərini toplayaraq onları bir kitabda yerləşdirib.

Sevginin də, həsrətin də, ayrılığın da kədəri var.
Dağların da, buludların da, yerin də, göyün də kədəri var.

Kədərsiz insan yoxdur. Dünya məhəbbət üstündə qurulsa da, məhəbbətin özündə də kədər var. Kədər insanın formalaşmasında, müdrikləşməsində, ən dolaşıq labirintlərdən belə çıxmasında... az rol oynamır. Hansı ürəyə kədər düşməyibsə, o ürək, ürək deyil, soyuq buz parçasıdır.
Kədərin sirri böyükdür. Bu böyüklüyü görmək hər kəsə qismət olmur. Hər halda mən belə düşünürəm.
İnsan məhfumunun bütün cizgilərini qələmə alan Kamal Abdullanın "Kədərli seçmələr"i Vaqif Bayatlı Önərin "Kimsə yox xatırlamağa, unutmağa da kimsə yox" giriş sözüylə açılır.

Yollar getdi üzü dağa,
Yoxuşlar enişlərdən çox.
Kimsə yox xatırlamağa,
Unutmağa da kimsə yox.

Yollar üzü dağa doğru gedir... Yol insan ömrüdür. Ömür sona çatmaqdadır. İnsan yaşa dolduqca ömür yollarının yoxuşları çoxalır. Dizlər taqətdən düşür. Yol kənarına çəkilib kimisə xatırlamaq istəyirsən, amma xatırlamırsan, halbuki xatırlanmalı adamlar çoxdur. O adamları unutmasan da, xatırlamaq da istəmirsən. Qəribədir, deyilmi? Həm də qəribədir ki, insan tənhalaşanda xatırlamağa daha çox adam axtarır. Tənhalaşmaq, tənha qalmaq dəhşətdir!
Bax, Kamal Abdulla şeirinin özəlliyi də, gözəlliyi də bundadır. Bu özəllikdə dərin fəlsəfi məna gizlənib. Həmin mənanı duymaq gərəkdir ki, açıqlamağa ehtiyac qalmasın.

SÖZ TANRI PAYIDI

...Şairlik pozulmaz alın yazısıdır, qaçılmaz taledir. İstəsən də, istəməsən də şairlik missiyasını yerinə yetirməlisən. Çünki şairlik - vergidi. Bu vergini Tanrı verib. Bu, Tanrının istəyidir. Tanrının istəyini yerinə yetirən Kamal Abdulla sözə könül verib, qələmlə ömürlük ülfət qurub. O, söz dünyasına daxil olan andan bilir ki, söz də Tanrı kimi saxtalığı sevmir. Ona görə də onun sözünün qüdrətinə vurulmamaq mümkün deyil.

Kamal Abdullanın söz dünyasının qapısını açdığım andan sehrləndim, ürəyimdən bir işıq dalğası gəlib keçdi. Sözün məzənnədən düşdüyü bir vaxtda hər biri yenilməz sərkərdə gücündə olan misralar su çəkən kimi ruhumu özünə çəkdi və mən Kamal Abdullanın şeir dünyasından ayrıla bilmədim. Şairin sözlərinə "söykəndim", könlümün haqqa doğru uçuşunu hiss elədim, sözün çəkisini, rəngini, ruhunu dərk elədim və öz-özümə düşündüm ki, Kamal Abdulla şeirlərinin işığında ziyarətə getmək olar.

Bəli, şeir oxumaq bir könül ziyarətidir. Mən də Kamal dünyasına bir könül ziyarəti elədim və bu könül ziyarətimin qəbul olunacağına inandım. Həm də bu şeirlər iç dünyamı saflaşdırdı, bulanmış könlüm bulaq suyu kimi duruldu, hisslərim, duyğularım təzələndi... Duyğularımın yaddaşına hopan şeirlər sanki daşdan sızan bulaq suyu idi, ağrılarıma, acılarıma can dərmanı oldu, qayğılarımı, problemlərimi bir neçə günlüyə unutdum və bir neçə gün bu şeirlərin sehrindən qurtula bilmədim.
Şairin şeirləri nəfsimi neçə-neçə "günahlardan" çəkindirdi, ruhuma hopdu və ruhumu bəd sözdən qorumağa başladı.

Sözün nə qədər böyük və ilahi bir funksiyanı yerinə yetirdiyini Kamal Abdullanın "Kədərli seçmələr", "Qəribədi, deyilmi?!", "Nar çiçəkləri" kitablarını oxuyandan sonra bir daha yəqin elədim. Həm də yəqin elədim ki, şairin əlinin üstündə Tanrının əli var və o, Tanrının xeyir-duası ilə gözəl şeirlər yazır.
Bu şeirləri dönə-dönə oxudum və "Kamal dünyası" kitabımı Kamal Abdullanın şeir yaradıcılığı ilə başlamaq üçün Allahdan güc və möhlət istədim. Və ən nəhayət, işıqlı, sirli-sehrli bir dünyaya ziyarətə yollanıram. Ziyarətim qəbul olunar, inşəallah!

P.S. Qoy "Kamal dünyası" kitabımdan bu məqalə müəllimim, ustadım, xeyirxahım, ən doğma şairim Kamal Abdullanın qarşıdan gələn ad gününə bir hədiyyə olsun.
67 yaşa qədəminiz mübarək olsun, Kamal müəllim!


Tural CƏFƏRLİБесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ