Mirzə Fətəli Axundzadə maarifçi-realizmin banisi kimi

Tarix:14-11-2017, 12:36 Baxış Sayı:134

Mirzə Fətəli Axundzadə maarifçi-realizmin banisi kimi
Azərbaycan ədəbi və ictimai fikir tarixində Mirzə Fətəli Axundzadənin xidmətləri olduqca böyükdür. Zəngin yaradıcılığa malik olan ədib təkcə Azərbaycan ədəbi və fəlsəfi düşüncəsində deyil, eyni zamanda Yaxın Şərq maarifçilik hərəkatının qabaqcıl nümayəndəsi, materialist filosofu kimi tanınmışdır.

Azərbaycan dramaturgiyasının, realist bədii nəsrin, ədəbi tənqidin, materialist estetikanın banisi olan Mirzə Fətəli Axundzadə həmçinin ərəb – fars dillərini də mükəmməl bilərək Azərbaycan və fars dillərində şeirlər yazmış, dərin fəlsəfi məzmunlu məqalələr qələmə almışdır. Uzun müddət Qafqaz Canişinliyində mütərcimliklə məşğul olan M.F. Axundzadə elmi və rəsmi əsərləri rus dilindən fars dilinə, yaxud əksinə fars dilindən rus dilinə çevirmişdir.

M.F.Axundzadə milli dramaturgiyanın banisi kimi bir – birinin ardınca 1850 – 1855 – ci illərdə altı komediya yazaraq ədəbiyyatımıza yeni ideya və baxışlar gətirmiş, demokratik və maarifçi görüşləri ilə xalqının xidmətində durmuşdur.

Böyük maraq kəsb edəcəyini yəqin bilib maraqlı bir faktı oxucuların nəzərinə çatdırmaq istəyirəm. XX əsrin görkəmli fikir sahiblərindən olmuş, nasir – dramaturq, teatr xadimi Əbdürrəhim bəy Haqverdiyev bu faktı M.F. Axundzadənin həyati faciəsi kimi dəyərləndirərək “Mirzə Fətəlinin faciəsi” adlı məqaləsində yazır: “1849 – cu ildə canişin Vorontsovun əmri ilə Tiflisdə teatr binası tikilmişdi. Erməni, gürcü və Azərbaycan dillərində teatr əsərləri yazmaq üçün canişin üç komisyon təşkilinə əmr verdi. Azərbaycan komisyonunda işləmək üçün Mirzə Fətəlidən başqa bir adam tapılmadı. Axırda Mirzə Fətəli özü təklikdə komediyalar yazmağa başladı...”(8,s.335).

Qeydlərdən gördüyümüz kimi, gürcü G.Eristavi və erməni X. Abovyan öz ətraflarına milli ziyalılar toplasalar da, M.F. Axundzadənin bu sahədə səsinə səs verən olmamış, nəticədə o, bu böyük demokratik idealı təkbaşına həyata keçirərək milli dram sənətimizin əsasını qoymuşdur. O, maarifçiliyin fəlsəfəsini yaratmış, onu sistemləşdirmiş, bitkin şəkildə ortaya qoymuşdur. Həm bədii, həm də fəlsəfi əsərlərində milli dövlətçilik prinsiplərini ortaya qoymuş, dövlətçilik məfkurəsini tam şəkildə formalaşdırmışdır.

Məlumdur ki, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Qərbi Avropadan maarifçilik hərəkatı bütün dünyaya yayılaraq tarixə ağıl, tərəqqi, milli mədəniyyətlərin inkişafı mərhələsi kimi daxil oldu. İctimai – siyasi, sosial – iqtisadi mahiyyət kəsb edən maarifçilik öz fəaliyyətində, həm də inkişafında dövrün estetik fikrindən geniş istifadə edir, bədii yaradıcılığın, elmi – nəzəri fikrin ideya təsir gücünə arxalanırdı. XIX əsrdən başlayaraq bu hərəkat Azərbaycan ədəbi – ictimai fikrinə də sirayət etmiş, ilkin olaraq A.Bakıxanov, M.Ş. Vazeh, İ. Qutqaşınlı, Q. Zakirin yaradıcılığında öz rüşeymlərini göstərmiş, sonra isə M.F. Axundzadənin yaradıcılığında sistemə salınaraq inkişaf etdirilmişdir. Bir məsələni unutmaq ədalətsizlik olar ki, uzun illər himayəsi altında yaşadığımız Rusiya xalqımız üçün nə qədər siyasi despot rolunu oynasa da, maarifçilik ideyalarının təhsilimizə, məktəb hərəkatımıza gətirilməsində böyük rol oynamışdır ki, bu da çar Rusiyasının irticaçı, müstəmləkəçi məqsədlərindən irəli gəlsə də, yerli xalqın dilinin öyrənilməsi, rus dilinin onlar arasında təbliği və bununla əlaqədar rusdilli qəza məktəblərinin açılması irəliyə doğru bir addım kimi qiymətləndirilməlidir.

Unutmayaq ki, Azərbaycan maarifinə əvəzsiz simalar bəxş etmiş Qori Müəllimlər Seminariyasını 1876 – cı ildə ruslar açmışdılar, onun müsəlman şöbəsinin açılması uğrunda mübarizəni isə M.F. Axundzadə Hüseyn Əfəndi Qayıbovla birgə aparmış, nəhayət, M.F. Axundzadə bu xoşbəxt günü görməsə də, şöbə onun ölümündən bir il sonra, 1879 – cu ildə açılmışdır. Bu xidmət mənə elə gəlir ki, dahi M.F. Axundzadənin maarifçilik görüşlərinin, demokratik arzularının zirvəsidir. Bu xidmətə görə biz M.F. Axundzadəni Azərbaycan müəllimlərinin ulu babası adlandırmağa borcluyuq.

M.F. Axundzadə sistemli maarifçiliyin əsasını qoymaqla bərabər, onun milli zəmində hərəkata çevrilməsinə kömək etmiş, özündən sonra yetişən ədib və dramaturqların bu istiqamətdəki fəaliyyətinə müsbət təsir göstərmişdir. Məhz M.F. Axundzadə ilə başlayıb XIX əsrin II yarısı, XX əsrin əvvəllərində inkişaf edən maarifçilik dövrü bədii – estetik fikri, zəngin milli xüsusiyyətləri, əlvan koloriti, tipik realist özünəməxsusluğu ilə diqqəti cəlb edir.

XIX əsrdə Azərbaycanın ictimai – siyasi fikir tarixində maarifçilik üç inkişaf mərhələsindən keçmişdir.
Birinci mərhələ Şimali Azərbaycanın Rusiyaya birləşdirilməsinin başa çatmasından XIX əsrin 30 – 40 – cı illərinə qədər olan dövrü əks etdirir. Bu mərhələ yuxarıda qeyd etdiyim kimi, A. Bakıxanov. İ. Qutqaşınlı, M. Ş. Vazehin adı ilə bağlıdır. Onların maarifçilik baxışları da əsasən vətənə sevgi, azadlıq ideyalarının tərənnümü, maarifi yaymaq və.s ibarət idi.
İkinci mərhələ 50 – 60 – cı illəri əhatə edir və bu mərhələdə Azərbaycan maarifçiliyi M.F. Axundzadənin timsalında inkişaf edib zirvəyə çatır.
Nəhayət, Azərbaycan maarifçiliyinin üçüncü və son dövrü 70 – 90 – cı illəri və XX əsrin əvvəllərini əhatə edib, Axundzadənin davamçıları olan H. Zərdabi, N. Vəzirov, F. Köçərli, A. Şaiq və başqalarının timsalında inkişaf etmişdir.

M.F. Axundzadə maarifçilik və demokratik baxışlarını 1857 – ci ildə yazmış olduğu “Aldanmış kəvakib” povestində və 1860 – cı ildə yazmış olduğu “Kəmalüddövlə məktubları” fəlsəfi traktatında geniş şəkildə əks etdirmişdir. Əsərdən aydın olur ki, şahzadələr ölkələrində hökm sürən ağır vəziyyətlə barışa bilmir, ölkələrinin mədəni geriliyinə acıyır, düşmüş olduqları fəlakətlərdən xilas olmaq üçün yollar axtarırlar. M.F. Axundzadə öz əsəri üçün iki şahzadə ( Kəmalüddövlə və Cəlalüddövlə timsalında) obrazı düşünərkən onların öz ölkələrində hökm sürən ədalətsizlikləri aradan qaldırmaq məqamında təsvir edərək artıq dünya maarifçilərinin ümumbəşəri prinsiplərindən çıxış edirdi. Həmçinin əsərdə dini dünyagörüşün tənqidi məsələsi deməyə əsas verir ki, bu əsər maarifçilik ideyalarına dərindən bələd olan bir müəllifin qələmindən çıxmışdır.

M.F. Axundzadənin maarifçi görüşlərinin formalaşması bilavasitə şəxsi həyatı ilə bağlı olmuşdur.Onun maraqlı və faciəvi həyatından bildiyimiz kimi, o, Hacı Ələsgər kimi fazil şəxsdən dərs almış, Gəncədə olarkən Şərqin dahilərindən olmuş Mirzə Şəfi Vazehə şagirdlik etmiş, ondan xeyir – dua almışdır. Həmçinin o, 1836 – 1840- cı illərdə Tiflis qəza məktəbində Azərbaycan dili müəllimi kimi çalışmış, beynəlmiləlçi maarifçi kimi formalaşmışdır. Mənə belə gəlir ki, ən mükəmməl multikultural dəyərləri M.F. Axundzadənin maarifçilik görüşlərində axtarmaq lazımdır ki, ədib bu istiqamət üzrə fəaliyyətində rus, gürcü, polyak, hind, ləzgi və digər xalqların nümayəndələri ilə dostluq əlaqələri saxlamışdır.

Görkəmli maarifçinin metodik görüşlərini araşdıran professor Camal Əhmədov onun dərslik yazmaq fəaliyyətini yüksək dəyərləndirmişdir. Bu münasibətlə alim yazır: “ O, (M.F. Axundzadə nəzərdə tutulur – T.A) müəllim işlədiyi illərdə və sonrakı dövrlərdə Azərbaycan maarifinin böhranlarını aradan qaldırmaq üçün çarələr axtarmış, pedaqoji baxımdan əhəmiyyətli işlər görmüşdür. Ən başlıcası M.F. Axundovun müəllim – metodik fəaliyyəti, dərslik hazırlamaq niyyəti ilə bağlıdır. M.F. Axundov 1839 – cu ildə “Əlifba” dərsliyini tərtib etməyə başlamışdır. Bu dərsliyi sonralar o, 1857 – ci ildə hazırladığı yeni əlifba layihəsi əsasında təkmilləşdirmiş və tamamlamışdır” (6,s.106 – 107).

M.F. Axundzadənin yeni əlifba uğrunda apardığı 30 illik mübarizə onun maarifçilik fəaliyyətinin əsasını təşkil edir. Onun maarifçilik görüşlərinin kökünü yeni əlifba layihəsi uğrunda mübarizəsində axtaran akademik Feyzulla Qasımzadə “M.F. Axundovun həyat və yaradıcılığı” adlı monoqrafiyasında yazır: “M. F. Axundov bütün ömrü boyu xalqın tərəqqisi uğrunda yorulmadan mübarizə aparmışdır. Yeni əlifbanın maariflənmə və savadsızlığın ləğvi işində müstəsna əhəmiyyəti olacağını bilən Axundov onun həyata keçirilməsi uğrunda 30 ilə yaxın çalışmış, İrana və Türkiyəyə getmiş, Rusiya və Avropa ölkələrinə məktublar göndərmiş, dost və tərəfdaşları ilə yazışmış, onun gənc nəsil tərəfindən öyrənilməsi üçün yollar və vasitələrə əl atmış, heç bir şeyi əsirgəməmişdir” ( 10, s. 316).

Görkəmli maarifçinin ərəb əlifbasını dəyişdirmək uğrunda mübarizəsi qaragüruhçuların hər cür səyinə baxmayaraq tərəqqipərvər qüvvələr tərəfindən rəğbətlə qarşılanaraq alqışlanmış, hətta təltifə layiq görülmüşdür. 1863 – cü ildə böyük ədib “Əlifba layihəsi”nin müzakirəsi məqsədilə Türkiyədə Fuad Paşanın Cəmiyyəti Elmiyyəsində olarkən özünün qəddar düşməni, İran şairi Süruşun Cəmiyyət üzvlərini onun əleyhinə qaldırmasına baxmayaraq layihəni həyata keçirmək cəhdinə görə alqışlanaraq paşa tərəfindən “Məcidiyyə” ordeninə layiq görülmüş, çox təəssüf ki, layihə qəbul olunmamışdır. Professor Həmid Məmmədzadə M.F.Axundzadənin ərəb əlifbasının dəyişdirilməsi uğrunda mübarizəsinin milli və beynəlmiləl xaraterindən danışarkən yazır ki, “ ...böyük vətənpərvərin ömrünün yetkin dövrünün demək olar, əsas hissəsini həsr etdiyi bu mübarizə eyni zamanda ərəb əlifbasında yazan xalqların, o cümlədən öz xalqının ana dilində təhsili uğrunda, ana dilində kitab və mətbuatın yaranması və nəhayət, milli maarifin və mədəniyyətin inkişafı uğrunda mübarizə idi” (13,s.7).

Dahi mütəfəkkir özünün yeni “əlifba layihəsi”ni doğma yurdu Nuxada da müzakirə etmək istəmiş, bu məqsədlə 1868 – ci ildə Nuxaya gəlmiş, lakin onun bu cəhdi də həmyerlilərinin mövhumatçılığı və cəhalətpərəstliyi ucbatından müvəffəqiyyətsizliyə uğramışdır. Mənbələrdə bu günədək Axundovşünaslıqda səslənməyən XIX əsrin II yarısı, XX əsrin əvvəllərində Şəkidə yazıb-yaradan İsmayıl bəy Nakamın M.F.Axundzadə ilə dostluq etməsi, onun maarifçilik görüşlərini alqışlaması ilə bağlı məlumatlar vardır.

Tədqiqatçı alim Kamil Adışirinov 2006 – cı ildə nəşr etdirmiş olduğu “ İsmayıl bəy Nakam: həyatı və bədii yaradıcılığı” adlı monoqrafiyasında Nakam - Mirzə Fətəli Axundzadə münasibətlərindən danışaraq yazır: “...Bir gün Asya xalanı Ağa Cabbarın evinə çağırırlar. Axşam evə tacirlərdən, axundlardan və mollalardan ibarət qonaqlar yığışır. Onların arasında M.F.Axundzadə də var idi. Bir müddətdən sonra din xadimləri ilə M.F.Axundzadə arasında onlarlın geriliyi və cəhalətpərəsliyi ilə bağlı mübahisə başlayır. Mirzə Fətəli cəhalətpərəstliyin aradan qaldırılması üçün yeni əlifba layihəsi ilə çıxış edərək köhnə ərəb əlifbasının dəyişdirilməsi təklifini irəli sürür. Mübahisələrin gərgin vaxtında şair İsmayıl bəy Nakam və Ömər Əfəndi qızğın şəkildə onun tərəfində dururlar. Mübahisədə qələbə qazana bilməyən mollalar Ağa Cabbarın evini əsəbiliklə tərk edib, Mirzə Fətəli Axundzadənin və onun tərəfkeşlərinin (Nakamın və Ömər Əfəndinin-K.A.) çıxışları ilə bağlı şəhər hakimiyyətinə məlumat verirlər. İsmayıl bəy Nakam və Ömər Əfəndi evlərinə qayıtdıqdan sonra həbs olunaraq Elizavetpola (indiki Gəncə şəhərinə - K.A.) göndərilirlər. Mirzə Fətəli Axundzadəni isə şəhərdə axtarırlar. Gecə o, Asya xalanın qapısını döyərək onun evində gizlənir və ertəsi gün onun çadrasına bürünərək Tiflisə gedir” 1, s. 25 .

M.F. Axundzadənin pedaqoji görüşləri çoxcəhətli olmuşdur.Onun maarifçi görüşlərində uşağın ailədə tərbiyəsi mühüm yer tutur. Maraqlıdır ki, bu böyük mütəfəkkir ailə tərbiyəsi haqqında sadəcə fikir söyləməmiş, öz qənaətlərini,özünə, öz ailəsinə tətbiq etmişdir. Mənbələrin verdiyi məlumatlardan bildiyimiz kimi, ədibin 13 övladı olmuş, onlar uzun ömür sürməmiş, yalnız qızı Nisa xanım və oğlu Rəşid sağ qalmışlar. Bu baxımdan onun oğlu Rəşidə tərbiyə baxımından ünvanladığı məktublar bütün gəncliyə ünvanlanmışdır. Dahi ədib oğlu Rəşidin təhsil və tərbiyəsinə xalqının tərəqqi və yüksəlişi kimi baxmışdır. Onun təhsilə, maarifə verdiyi ən böyük qiymət qızı Nisa xanımı bütün qohum – qardaşlarının ondan öz döndərməsinə baxmayaraq Tiflis Qızlar Gimnaziyasında oxutmasında, XX əsrin görkəmli maarifçisi Rəşid bəy Əfəndizadəni hərbiçi olmaqdan çəkindirib, adını Qori Müəllimlər Seminariyasının müsəlman şöbəsində yazdırmasında özünü göstərmişdir.

Azərbaycan maarifçiliyi ilə bağlı məsələyə elmi nöqteyi – nəzərdən yanaşsaq sovet dövrü tədqiqatlarında həmişə rus maarifçilərinin fikirləri öyülmüş, hər zaman çarizmin vurduğu zərbələrdən yan qaçıb, rus inqilabçı – demokratlarının fikirlərinin Azərbaycan mədəniyyətinə üstün şəkildə təsirini göstərməyə çalışmışlar. İkrah doğurucu məsələdir ki, nədənsə həm rus, həm də Azərbaycan pedqoqlarının qələmində M.F. Axundzadənin maarifçi görüşləri sanballı bir mövzu kimi öz əksini tapmamış, məhz Axundzadənin min bir əziyyəti hesabına açılmış Qori Seminariyasının Qazax bölməsini başa vuran görkəmli pedaqoji fikir araşdırıcısı Əhməd Seyidovun nə “Pedaqogika tarixi” dərsliyində, nə də “Azərbaycanda pedaqoji fikir tarixindən” kitabında M.F. Axundzadəyə yer verilməmişdir. Bizcə, bunun yeganə elmi səbəbi sover ədəbiyyatşünaslığının və pedaqoji fikrinin M.F. Axundzadənin əqidə bütövlüyünün təbliğinə qoyduğu ideoloji yasaqlarla bağlı olmuşdur. Lakin çox yaxşı haldır ki, bir sıra araşdırıcılar XIX əsr maarifçiləri sırasında M.F. Axundzadənin də maarifçilik fəaliyyətindən azacıq söhbət açmışlar. Ateizmin tüğyan etdiyi sovet cəmiyyətində İslam dinini kökündən balatalamış, həmişə və hər yerdə dini dəyərləri, onun əxlaqi – mənəvi keyfiyyətlərini inkar etmişlər.

Fikrimizcə, M.F. Axundzadə heç zaman dinə qarşı çıxmamış, İslam dininə qara yaxan, onu öz mənfeləri naminə inkar edib, yalnız və yalnız öz mənafelərini güdən “din biliciləri”ni, xurafatçıları, sadə xalqı aldadıb düzgün yoldan döndərən din başçılarını, axundları, seyidləri, mollaları və digərlərini tənqid edib xalqı universal şəkildə maarifləndirmişdir. Burada Axundovşünasların fikirlərinə və arxiv sənədlərinə söykənərək bir faktı qeyd etmək yerinə düşərdi. Bu fakt M.F. Axundzadəni “kafir”, “dinsiz” adlandıranlara tutarlı bir cavabdır. Bu xüsusda görkəmli nəzəriyyəçi alim, Axundovşünas Mikayıl Rəfili yazmışdır: “ Bir gün Tiflisdə Mirzə Fətəlinin mənzilinin qapısı döyülür. O, qapını açarkən qarşısında məhəllə poçtalyonunu görür. Poçtalyon ona Tiflisdə məskunlaşmış səfir Fon Fişerin məktubunu təqdim edir. Axundov məktubu oxuduqda ona məlum olur ki, səfir onu qəbuluna dəvət edir. Çağırılmış saatda Axundov onun qəbuluna gedir. Qapını açıb içəri girdikdə Tiflisin bütün tanınmış şəxslərini orada görür. Fişer ona müraciətlə deyir:

-Cənab Axundov, mən sizi iki sualdan ötrü narahat etmişəm.
Axundov Fişerə suallara cavab verməyə hazır olduğunu bildirir.
Fon Fişer soruşur:
-Deyin görək, siz həşərat dedikdə nə başa düşürsünüz?
M.F. Axundov bildirir ki, biz müsəlmanlar həşərat dedikdə torpağın altındakı cücüləri nəzərdə tuturuq. Fon Fişer həşərat dedikdə almanların da o cür düşündüklərini söyləyir.
Fon Fişer sonra soruşur ki, indi deyin görək Sizin “Quran” kitabınızda İslam dini daşıyıcılarını əsl insan, başqa din daşıyıcılarını “həşərat” adlandıran bir kəlam varmı? M.F. Axundov cavab verir ki, bizim “Quran” kitabımızda insanı mənəvi kamilliyə çağıran kəlamlardan başqa heç bir şey yoxdur” (11,s.147-150).

Mükalimənin məzmunundan gördüyümüz kimi, böyük maarifçi yalançı din xadimlərinin ikiüzlülüyünü, onların dindən savadsız adamları aldatmaq üçün bir vasitə kimi istifadə etdiklərini onların üzünə dediyi üçün qəzəbə gəlmiş, hətta 1878 – ci ildə böyük ədib dünyasını dəyişəndə Zaqafqaziya Şeyxülislamı Molla Əhməd Səlyani onun meyit namazını qılmaqdan imtina etmiş, cənazəsi dörd gün ortada qalmışdır. Xalqı üçün sinəsində alovlu bir ürək gəzdirən bu dahi insanın həyatının bu müdhiş anı görkəmli “Molla Nəsrəddinçi” Əbdürrəhim bəy Haqverdiyevin qələmində aşağıdakı kimi diqqətimizə çatdırılır: “Şeyxül – islam Molla Əhməd Mirzənin vəfat xəbərini eşidib dedi: “Mən Mirzə ilə çox müsaihətdə olduğumdan onun əqidələrinə dürüst bələdəm. Bu bələdiyyət, məni onun namazını qılmaqdan imtina etməyə məcbur edir” (...,s.336). Bizədibin əsərlərini diqqətlə oxuduqda onlarda dinə qarşı heç bir etiraz sədası eşitmirik. Əksinə, dahi Mirzə Fətəli yüksək multikultural dəyərlər nümayiş etdirərək yazırdı: “Mən bəşər dostu bir insanam”.

Nəticə etibarilə qeyd edə bilərik ki, M.F.Axundzadənin maarifçi görüşlərinin əsas qayəsi cəhalətə, mövhumata və fanatizmə qarşı mübarizə, elm və maarif uğrunda çalışmaq, Avropa ölkələrinin üstün mədəniyyətini Azərbaycanda yaymaq, şəxsiyyətin azadlığına nail olmaq idi. Mirzə Fətəlinin demək olar ki, bütün əsərlərində qaldırdığı mühüm ictimai problemlər bütün müsəlman aləminin həyat tərzi, dünyagörüşü ilə bağlı idi və umumbəşəri əhəmiyyət kəsb edirdi. Bu problemlər ədibin əsərlərində mücərrəd şəkildə qoyulmamış, o, həmin məsələlərə xurafatla barışmaz mübarizə fonunda yanaşmışdı. Əbəs deyil ki, ədəbiyyat tarixi ədibin “Kəmalüddövlə məktubları”nı yüksək dəyərləndirərək “xurafatla mübarizədə yüz minlik bir ordunun görə bilmədiyi bir işi görən əsər” kimi öymüşdü.
Bir sözlə, dahi M.F.Axundzadə maarifçi görüşlərində bəşəriyyətə xidmət etmiş, xalqların maariflənməsi, tərəqqi yolu ilə irəliləməsi, millətlərin dostluğu və qardaşlığı, insanın azad və xoşbəxt yaşaması uğrunda döyüşən bir vətənpərvər kimi özünü göstərərək dünya ədəbiyyatının ölməz simaları sırasına öz adını qızıl hərflərlə yazmışdır. Sanki dahi dramaturq aşağıda ifadə etdiyi kəlamı öz həyatı üçün söyləmişdi: “Dünyada insan üçün ən böyük ləyaqət hissi özündən sonra yaxşı ad qoyub getməkdir ki, bu da yalnız yaxşı əməllər sayəsində ola bilər”

Hazırda təhsilə yeni yanaşma müstəvisində dahi dramaturqun elmi tərcümeyi – halının və ədəbi irsinin yeni texnologiyalar üzrə mükəmməl tədrisi məktəblərin, ədəbiyyat müəllimlərinin qarşısında duran qaçılmaz vəzifələrdəndir.

İstifadə edilmiş ədəbiyyat

1. Adışirinov. K.F. İsmayıl bəy Nakam: həyatə və bədii yaradıcılığı: monoqrafiya. Bakı: “Elm və təhsil”, 2006, 171 s
2. Axundzadə.M.F.Əsərləri : Üç cilddə. Cild I. Bakı: “Şərq – Qərb”, 2005, 296 s
3. Axundzadə. M.F. Əsərləri: Üç cilddə.Cild II. Bakı: “Şərq – Qərb”, 2005, 376 s
4. Axundzadə. M.F. Əsərləri. Üç cilddə. Cild III. Bakı: “Şərq – Qərb”, 2005, 296 s
5. Axundov. M.F. Bədii və fəlsəfi əsərləri. Bakı: Yazıçı, 1987, 356 s
6. Əhmədov. C. Ədəbiyyat tədrisi metodikası: Dərslik. Bakı: Bakı Dövlət Universiteti nəşriyyatı, 1992, 455 s
7. Əfəndiyev. H. M.F. Axundov realist – satirik nəsrinin davamçıları. Bakı: Azərnəşr, 1974, 171 s
8. Haqverdiyev. Ə. Seçilmiş əsərləri. İki cilddə. Cild II. Bakı: “Lider nəşriyyat”, 2005, 408 s
9. Qasımzadə.F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi: Ali məktəblər üçün dərslik. Bakı: Maarif, 1974. 386 s
10. Qasımzadə. F. M. F. Axundovun həyat və yaradıcılığı. Bakı: Azərnəşr, 1962, 377 s
11. Rəfili Mikayıl. M.F. Axundov: həyatı, mühiti və yaradıcılığı. Bakı: Elm, 1990, 256 s
12. Məmmədzadə. H. Mirzə Fətəli Axundov və Şərq. Bakı: Elm, 1971, 367 s
13. Məmmədzadə. H. M.F. Axundzadənin yeni əlifba layihələri və məktubları: “Axunzadə.
14. M.F. Əsərləri. Üç cilddə. Cild. II. Bakı: “Şərq – Qərb”, 2005, s 7

Mirzə Fətəli Axundzadə maarifçi-realizmin banisi kimi
Tural ADIŞİRİN,
Lənkəran Dövlət Universitetinin magistrantı
DGTYB-nin üzvü
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ