Əgər məni vurmasaydı... - Azər Qismət yazır

Tarix:14-11-2017, 11:29 Baxış Sayı:219

Əgər məni vurmasaydı... - Azər Qismət yazır
GİCBƏSƏR
(novella)


Toyda dava düşəndə qaçmağa imkan tapmadım. Birdən-birə qaça bilməzdim, ara sakitləşəndə gülərdilər ki, filankəs birinci götürüldü. Qaçanda ayağım ilişdi, yıxıldım. Dava salanlardan ən zəifi arxamdan təpik ilişdirdi. Həmin hadisənin üstündən neçə ay keçib, arada yenə soruşurlar ki, niyə o liliputun cavabını vermədim. O təpiyin əvəzində dönüb sifətinə yumruq ilişdirərdim. Əlimi tutan yox idi. Ancaq o anda düşündüm: “Oğlan da başını başlara qoşub kimisə vurmaq istəyirdi, axına qoşuldunsa qolunu çirməyib bir işin qulpundan yapışmalısan, yoxsa heç kimi vura bilmədiyini başına qaxınc edərdilər. Mənim yıxılmağım ona hədiyyə oldu. Əgər məni vurmasaydı, taleyi başqa cür olardı. Gülərdilər, başına qapaz salar, sıralarından qovardılar. Özü də belə: “sürüş ə burdan”.

Həmin gün mənzilə girəndə oğlum qaqqanaq çəkdi ki, arxamda təpik yeri var. Oğlumun qışqırıb çuğulluq etməsini qınamadım. O, anasını güldürmək istəmişdi. Həmin gülməli hadisəni dostlara, qohumlara danışanda onların da eyinləri açıldı. Hətta, biri lap uzağa gedərək demişdi ki, gərək arxamın fotosunu çəkəydilər. Aylar keçib, hələ də gülürlər.

Yatanda üst qonşunun arvadı ilə dalaşması böyük qızımı hirsləndirdi. Üstümə düşdü ki, niyə bircə dəfə qapılarını döyüb acıqlanmırsan, səs-küydən yata bilmirik. Əlbəttə, belə mənzərə heç bir ataya xoş gəlməzdi, ya da ələ salardılar ki, necə də aciz və zavallısan. Yox, səs-küy məsələsi deyildi. Qızım gələcəkdə bu halla üzləşə bilməsi ehtimalından qorxmuşdu. Yəqin təsəvvürünə belə gətirmişdi: əri onu döyür, o, mənzil boyu qaçıb qışqırır, köməyə heç kim gəlmir, o da atası kimi qonşuların laqeydliyindən yanıb tökülür. Yuxarı qalxıb qapını döyəndə əsəbi kişi çıxıb sülaləmi xoş sözlərlə xatırladı. Dinməyib geri qayıtdım. Səs-küyün yenidən qalxması qızımı yenidən coşdurdu. Arvadım nahaq bu işi mənə tapşırdığını söylədi: “Az, sən bunun nəyinə söz deyirsən?”
Onlara anlatdım ki, üst qonşunun əsəbiliyi sinir sisteminin pozğunluğu ilə bağlıdır. İllərlə yığılıb qalan problemi bircə danlaqla düzəltmək alınmayacaq:
-Biz onu həkimə aparmalıyıq, dərmanlarını almalıyıq, kurorta göndərməliyik.
Yenə gülüşdülər. Arvadım qohumlara, qızım rəfiqələrinə zəng edib çıxardığım nəticəni onlara deyəndə qaqqanaq səsi qulağımın pərdəsini əsdirirdi. Tıxamağa pambıq axtardım. O vaxta qədər telefon söhbətlərini eşitməyə mübtəla qaldım. Sakitlik. Görünür, təzədən şaqqanaq çəkməyə mövzu axtarırdılar. Arvadım bayaq doğrudan ciddi deyib-demədiyimi soruşdu:
-Sən ciddisən?
-Əlbəttə ciddiyəm. Qonşu kişi evini satıb harasa köçəsi deyil, nə də polisin məsuliyyətə cəlb etmsi də alınmayacaq. Çünki arvadı rəsmi ərizə ilə müraciət etməyib. Deməli, biz sakitlik istəyiriksə, kişinin müalicəsini boynumuza götürməliyik. Ya da arvadına deməliyik ki, ərinin narazı qaldığı işləri görməsin. Qəşəng paltar geyinsin, gözünə sürmə çəksin, hərdən nazlansın.
“Nazlanmaq” sözü bayaqkı səhnəni yenidən təkrarladı. Arvadım daha ayaq üstə gülə bilmədiyindən dizini yerə atıb gərdənini fırladırdı. Qızım bir əli ilə qarnını tutmuş, o biri ilə gözünün yaşını silirdi. Oğlum hər ikisinin gülüşünə gülürdü. Gülüşlərdən yata bilmirdim. Gah dayandırır, gah yenə yorğan altdan pıqqıldayırdılar. Binanın həyətindəki nərdin taqqıltısı da bir yandan. Həyətə enib nərd oynayanlara yaxınlaşanda uduzan qonşunun eyni açıldı. Həmişə uduzmağı xoşlayıram. Bu, inanılmaz zövq bəxş edir. Məni görəndə hər yerdə nərd, domino, şahmat oynayanların üzlərində gül açır, qəlblərində qalibiyyət mahnısı eşidilir. Uduzan adamı kim sevməz ki. Qalibi, son ana qədər mübarizə aparanı kimsə xoşlamaz. Ona nifrət edilər. Çünki qalib - insanda ümid öldürür, paxıllıq, kinlilik yaradır. Mən isə uduzuram. Mənim kimilər zərərsizdir, it yerinə qoyulmurlar, həm də sındırmağa təşəbbüs də göstərilmir. Uduzduğum qonşu necə də sevinirdi. Nə vaxtandır hirsdən sıxılı çənəsi indi sürətlə açılıb-yumulur, ucadan danışığı ağzındakı tüpürcəyi sağa-sola sıçradır, açılı ovucları kürəyimə, çiynimə şappıldanırdı. Yola salanda hər gün gəlməyimi arzuladılar. Biləndə ki arzulanırsan, köksün təlatümlənir, uçunur. İndi qalib kişi qalib hissləri evdə, işdə sınaqdan keçirəcək. Sınaq həyatdakı yolun düz, nahamar olmasını şərtləndirir, nəhayət göylərdə necə qəbul edildiyin aydın olur. Bətndəykən siyahıya düşən həyat kodunun ilk səhifələrini açır. İlk illərinin sevincli, əzablı keçəcəyini yaşadır sənə. Əslində, o səhifələrdəki kod açıqlamasını elə insanların özləri səhv istiqamətə yönəldir. İt hürməsi tərəfə yox, rahatlıq, asanlıq yoluna gedilir. Halbuki, it hürüşü ilə öz kodundan xəbəri olmayanlara, davranış qaydalarını bilməyənləri yanına çağırırdı. Sınaq isə kodu açır: sən bədbəxt, ya xoşbəxt olacaqsan. Sadəcə, sınamaq gərəkdir. Məni nərddə udan kişinin ikinci nəfəsi açılacaq, daimi yüksələn qan təzyiqi normaya düşəcək, çünki insan içindəki gündəlik planları gerçəkləşdirməyəndə qan təzyiqi sabit qalmır, yerində oynayır, qan dövranında ləngimələr baş verir. Belə anda mənəviyyatın zənginləşməsi də peşman halda geri qayıdır. Yerini əsəb, cəmiyyətdə qəbuledilməzlik sindromu tutur. Qalib kişinin içində qısdığı səsi gurlanır, ağ ciyəri köks dolusu nəfəs almaqdan genişlənir. Gerçəkləşdirə bilmədiyini içində qısmaqdan dəhşətli heç nə yoxdur. Söyüş söy, qışqır, gərnəşib əsnə. Məni nərddə udan kişi bayaqdan masadan qalxmışdı. Pəncərəsində sönən işıq yandı. Uduzduğuma görə kürəyimdə şappıldatdığı əlləri arvadının boynuna-boğazına dolanır:
-Sənə nə olub? Şir kimi nərildəyirsən?
-Həmişə belə olacam.
Yox, həmişə belə qalmağın üçün hərəkətlərində nizamlı olmalısan. Çünki heç də hamı mənim kimi uduzmağı sevmir. Qarşına öküz çıxsa, indiki qalibiyyət şarını bircə buynuzla deşib havasını çıxaracaq. Sənin qadının necə də xoşbəxtdir. Qalibiyyət hissli əllər qadını sillələyə bilməz. İlk vaxtlarda o əllər xeyirxahlığa, sevincə yönəlir. Ancaq deyim ki, hərdən uduzdurmaq lazım gəlir. Belə hiss hədəqəsindən çıxanda göz burundan uzağı görmür. Qoy, hələ bu hissi yaşasın. Yazıq ömür boyu arzusunda olub. Qoy, içindəkiləri boşaltsın. Dərd-sərlərin, qisasın yığıldığı orqanizmlər boşalmalıdır. Düzdür, cəmiyyət murdarlanacaq, ancaq ölkə gözlənilən gizli təhlükələrdən xilas olacaq. Yoxsa, kiçik qığılcım əvvəlcə informativ yaddaşı hərəkətə keçirəcək: ölüm, terror, xəyanət, dağıntı. Boşalan içlər təhlükəli olmaz. Tibbdə söyüş terapiyasını yaradardım. Adamlar bir-biri ilə görüşəndə söysünlər:
-Sabahın xeyrə açılmasın.
-Ay sənin də sabahın qara gəlsin.
İş yerlərində söyüşün biri 5 qəpiyə olsun:
-Hörmətli tabeliyimdəki işçilər. Hamınızı yerə quylayım.
İşçilər də xor səslə:
-Bircə ölsəydin canımız dincələrdi.
Gün ərzindəki belə boşalmalar işin keyfiyyətini də artıracaq. O müəssisənin dövlət büdcəsinə verəcəyi xeyirin söyüşün, qarğışın hesabına olduğunu düşünəndə aydın olur ki, bütün açarlar problemin kökündədir.
Nərd oynayanlar dağılışdılar.
Aralanıram.
Yeriyirəm.
Həyət evlərinin arası ilə addımlayıram. Alma ağacının bir budağı hasardan çölə boylanıb. Üstündə də al qırmızı almalar. Birini dərib yeyirəm. Sonra ikincisini. Yaxınlıqda top oynayan uşaqları da çağırıb onlara da verirəm. Necə də dadlı almalardır. Qapı açılır. Saçları pırtlaşıq qadın bayıra çıxıb hirslə üstümüzə çımxırır, almaları əlindəki vedrəyə yığır. İnsan səbəbsiz yerə belə etməz. Ayağımın altına daş qoyub bağına boylanıram. Nə qədər yığılmamış alma var. Deməli, qadın malını heç kimə qıymır. Bunu ancaq nədənsə kəsiri olanlar edər. Uşağı yox imiş.
-Mənim də uşağım yoxdur.
-Onda bir dərddənik.
İkimiz də ağlayırıq. Vedrədəki almaları dişləyə-dişləyə dərdləşirik. İçi boşaldı. İçin-için hıçqırıb dedi ki, uşağı olmadığından mehrini ağaclara, mətbəx əşyalarına, ayaqyolu inventarlarına salıb.
-Mənə elə gəlir ki, balalarım əşyalardır.
-Elə mənə də.
İnandırıcı çıxsın deyə, gecələr çömçəni qucaqlayıb yatdığımı, o isə pişiyinə lay-lay çaldığını dedi. Yenə ağladıq. Həyətindən alma yığıb ovcumu doldurdu. Hərdən ona baş çəkib birlikdə ağlayıb boşalmağımızı istədi.
Aralanıram.
Yeriyirəm.
Parkı süpürən qadının qaldırdığı tozdan asqırıram. Qadın işini dayandırmır, tozu mən tərəfə yönəldir. 9 dəfə asqırdım. Toz yatanda üzünü gördüm. Necə də eybəcərdir. Deməli, hirsliliyinə səbəb bu imiş. Gözləri çəp, yekəburun.
-Sən necə də gözəlsən.
-Ey, get arvadınla, qızınla məzələn.
-Ciddi deyirəm. Sən gözəlsən.
Ay işığında sifəti çobanyastığı açdı. Daha tozu mən tərəfə süpürmür. Arvadımla qızım axtarıb məni burada tapırlar. Eybəcərə dediyim növbəti tərifi eşidirlər:
-Sən eybəcər deyilsən. Sən çiçəksən.
Arvadım qışqırır, qızım bağırır. İzahat tələb edirlər:
-Mən ona eybəcər deyə bilmərəm. Sınmış adamdan cəmiyyətə xeyir olmaz. Ürəyinə istilik gətirdim ki, lazımlı olduğunu duysun.
-Sən ciddisən?
-Əlbəttə ciddiyəm. Sınmış adamları islah etmək üçün lazımlılığını bildirməlisən.
Süpürgəçi qız yaxınlaşıb arvadımın üstünə çımxırdı və əlimdən tutub məni uzaqlara apardı. Şalını başından sürüşdürdü, saçlarını açıb dalğalandırdı, üzü küləyə doğru qaçdıq. Xəyalım şişirtmə oldu. Süpürgəçi bizə yaxınlaşıb arvadıma izah etdi ki, belə kişinin qədrini bilməzsən. Bu da alınmır. Süpürgəçi yaxınlaşıb arvadıma izah etdi ki, ərin mənə girişmirmirdi, olduğum kimi rəsmimi çəkirdi.
Arvadımla qızım nəsə qışqırırdı. Duyğularım eybəcər qıza yönəlmiş, gözlə danışırdıq:
-Elə əziyyət çəkirəm ki. Hər yerdə söz atırlar. Gözəllərin yanından qaçıram ki, müqayisə etməsinlər. İşimə ya səhər, ya gecə qaranlığında çıxıram. Guya tozu udmayım deyə üzümü örtürəm. Sosial şəbəkədə bir gözəlin fotosunu profil seçmişəm. Görüşə çağıran oğlanların əllərindəki gül dəstəsinin iyini qoxulaya bilmirəm. Çünki kənarda ya işıq dirəyinin, ya ağacın arxasından boylanıb baxıram. Onlar da sanki xəzinə itirdiklərini düşünüb başlarını bulayır, gül dəstəsini zibil qutusuna atıb uzaqlaşırlar. Mənsə yer süpürə-süpürə o dəstəni götürüb mənzilimdəki güldana qoyuram. Təsəllim ancaq budur.
Gerçəkliyə qayıtdıq.
-Sən eybəcər deyilsən.
-Yox, yox, eybəcərəm...görəsən, niyə eybəcərəm?
Arvadımla qızım qışqırır ki, onun sualına cavab ver.
-Əzizlərim, bax bu oturduğumuz skamyanı görürsüz? Bu skamyanı ağacdan yonulub hazırlandığını düşünürsüz. Bizim yarandığımız prefersiyada çoxları məhz belə görür. Adamların əksəriyyətində işıq bucağı eynidir. Ancaq başqa prefersiyada yaranan insanlar bu skamyanın Pluton, yaxud Neptun planetindəki süxurlardan hazırlandığını görürlər. Deməli, başqa gözlə bu qız gözəl, bizim gözlə eybəcərdir. Bu qız eybəcər deyil, baxış bucağımız prefersiyaya uyğun deyil.
Arvadım yenə soruşdu:
-Sən ciddisən?
-Əlbəttə ciddiyəm. Indi o qızın solğun bənizi işıqlanacaq, atılan atmacalara gülümsəyəcək. Pırtlaşıq saçının dibinə zeytun yağı sürtəcək, cəmiyyətdə özünü olduğu kimi təsdiqləyəcək, yerini tutduracaq, qəbul etdirəcək. Adamlar da yaxasından əl çəkəcək. Adamlar qıcıqlanan adamı cinləndirməkdən xoşlanır, alınmayanda əl çəkir, başqa obyekt axtarır. Eybəcər insan yoxdur, eybəcər baxış var. Biz o qızı yoluxmalı, hərdən alma piroqu bişirib aparmalıyıq. Xatırlandığını, istənildiyini anlasa, bir təhlükə mənbəyini zərərsizləşdirərik.
Əlbəttə, arvadımla qızım ağızlarını tutub orda qaqqanaq çəkmədilər. Bunu uzaqlaşandan sonraya saxladılar. Binamızın eyvanından oğlum qışqırdı ki, pişik yenə divanın üstünə batırıb. Arvadım yenə bu pişiyi azdırmaq lazım gəldiyini bağırdı. Ona izah etdim ki, erkək pişiyimiz dişi istəyir.
- Onu çölə buraxmalıyıq ki, yarını tapsın. Yüngülləşmək təkcə biz adamların orqanizminə həvalə edilməyib. Yaradılanların hamısında belədir. Siz o pişiyə ən dadlı yeməkləri verirsiz, təbii ehtiyacını ödəməyə eyvandakı yeşiyin qumunu təzələyirsiz, xəstəliyinizi götürsün deyə bədəninizin ağrıyan yerinə sıxırsız, başının üstündə ip salladıb tuta bilməməsi ilə məzələnirsiz, ancaq ən mübhəm arzusunu yerinə yetirmirsiz. Pişik sevib-sevilmək istəyir. Biz qapını açıb onu sevgi axtarışına yollamalıyıq.
Deyəsən, bizim qohumlar gecələr yatmır, çünki arvadımın bu söhbətləri xəbər verməyə etdiyi zənglər dərhal cavablandırılır. Qulağıma tıxadığım pambıqdan da keçir şaqqanaqlar. Aydin oldu ki, qızımın rəfiqələri də gülməcə arzusu ilə telefonun yanında bitiblər. Arvadımın gülüşü ağızın hüdudları ilə kifayətlənmədi. Bayaqkı kimi dizini yerə atıb gərdənini fırlatmadı. Bu dəfə şaqqanağın əhatə dairəsini genişləndirib eyvana çıxdı, qızım isə indicə danışıb dəstəyi yerinə qoyduğu telefona sarı qaçdı, oğlum isə bayaqdan söhbətimi lentə aldığı kameranı söndürüb internetə yükləməyə naqil axtardı. Ancaq gülməkdən səntirləməyi bu işi gecikdirirdi.
Addımlayıram.
Gecə kafesində gənclərin yediyindən sifariş verirəm. Kimyəvi qatqılarla bəslənən toyuq və resepti bilinməyən içki. Kafenin pəncərəsini açdırdım ki, istidir. Üşümürəm. Köynəyimin yuxarı düymələrini açıram. Yenə üşümürəm. Kafedəki gənclər də buxar maşını kimi tüstülənir. Arvadımla qızım məni burda tapırlar. Kimyəvi qidalardan istifadəmə görə qışqırırlar. İzah edirəm ki, biz kimyəvi dünyada yaşayırıq:
-Atmosfer qatının deşiklərindən gələn xəstəliklərə qarşı immuniteti gücləndirmək üçün bədən kimyəviləşməlidir. Təbii qidalar onlarla bacarmayacaq. Heç Kalorado böcəyi də kimyəvi pestisidlərlə bəslənən kartoflara yaxın durmur.
-Sən ciddisən?
-Əlbəttə ciddiyəm. İstənilən anda başlanacaq nüvə müharibəsinə hazırlıq üçün orqanzimi kimyəvi qidalara uyğunlaşdırmaq vacib məsələdir. Bioloji bombalar daxilimizə varmağa peşmanlıq çəkəcək. Radiasiya ilə çirklənməyi gözləməyək, özümüz çirkləndirək ki, orqanizm sürprizdən çaşıb qalmasın.
Belə görürəm ki, arvadımın qohumları və qızımın rəfiqələrinin bu gecə yatmaq fikirləri yoxdur. Addımladıqca qaqqanaqlar qulağımın pərdəsini yellədir.
Dilənçi qəmgin gözlərlə əlini açıb qarşımda dayanıb. Arvadım ona qəpik verməyimi qışqırır.
-Ona qəpik verməyəcəm. Biz ona ələbaxımlılığı öyrədirik. O, cəmiyyətə nəsə təklif etməlidir. Töhfə verib qazanmalıdır.
-Sən ciddisən?
-Əlbəttə ciddiyəm. Bu dilənçinin boyu ucadır. O, sirkdə kəndirbazların kəndirini möhkəmlədər, liliputlar cəmiyyətində pərdə asmaq işinə düzələr, voleybol oyunlarında tor ucunda oturan hakimə hərdən qəhvə uzadar. Cəmiyyətin möhkəmlənməsi adamların kiçik töhfələrindən başlanır. Üst-üstə toplanır, ölkə güclənir, sosial layihələrə geniş yer ayrılır. Xeyir ver, xeyrini gör. Bu sağlam dilənçi yazıqlıqla formalaşdırdığı həyatı ilə bizləri borclu çıxarır ki, ona qəpik verməliyik. Sonuncu sözlərimi deyərkən pambığı qulağıma tıxayıram, çünki yenə qaqqanaq mənzərəsinin tamaşasına duracaqdım. Deyəsən pambığın xeyri olmadı. Dilənçi arxadan qışqırdı ki, o, uca boyu ilə ev tikintisində mişar daşını bənnaya verə də bilər. Afərin. İdeya ideya gətirər.
Ətrafdan mahnı sədası eşidilir. Necə ucadan oxunursa, qulağımdakı pambıqdan da içimə süzülür. Bu, arvadımın mətbəxdə xörək hazırlayanda, pik-nikdə çəmənlikdə uzananda oxuduğu “Mənim gicbəsər ərim” mahnısı idi.
Yersiz ürək bulandıran,
Bir dərdə dərman olmayan,
Gəl, dərinə saman təpim,
Mənim gicbəsər ərim.
***
Xasiyyəti zibil kimi,
Nə ölümsən nə də dirim,
Xəstədir lap dibil kimi,
Mənim gicbəsər ərim.
Nəqərat:
Ər yox, ərciyəzdi bu,
Veyil-veyil gəzdi bu,
Xeyrə-şərə yaramaz,
Bundan daha ər olmaz.
Qızım mahnının sözlərini əzbər bilsə də, oxumurdu. Deyirdi ki, onu ilk dəfə toy günü şagirdlər kimi öz ərinin qarşısında dayanıb söyləyəcək: “Qoy, sürpriz olsun, məni çox sevsin”.
Addımlayıram.
Gecə ayı ilə səhərin günəşi dlivannı təhvil-təslimi edirlər. Eybəcər qız süpürgəsi ilə rəqs edə-edə mənə hava öpücüyü göndərir. Dilənçi oğlan boyu köşkə çatmayan uşaqları qaldırıb saqqız almalarına köməklik göstərir, nərddə uduzduğum kişi gur səslə “nə çətinliyin olsa, lələşin həll edəcək” deyir. Toy günü arxama təpik ilişdirən oğlansa dostlarının yanında müştəbehliklə dursa da, gözləri ilə mənə minnətdarlıq edir. Erkək pişiyimiz isə dişi pişikdən gözünü çəkib mənə zəhlətökənliklə yox, xoşluqla miyoldayır. Dava salan qonşu kişi isə hələ də qışqırır. Səhər günəşi boylansa da, gecədən qalan sonuncu işi görməliydim. Onun mənzilinə girdim. Qısqanc ər sağ əli ilə yaxamdan tutub divara sıxsa da, sol əli ilə boğazımdan yapışıb boğsa da, çiçəklərdən düzəldilən çələngi kişinin başına qoyuram. Onun əlləri sustalır. Bayaq ölümlə-qalım arasındakı məqamda pıçıldadığım ruhi dualar yarımçıq qalır. Solmuş çiçəklərlə örtülü çələngi burnuna çəkir, saçlarına sürtür. Dalaşdığı arvadına baxır. Bu dəfə ilıqlıqla baxır. Çələng 15 il əvvəldən qalmamışdı. Onların ilk dəfə görüşdükləri dağın yamacına gedib məhz həmin çiçəklərdən toplamışdım. Bir dəfə sərxoş olanda demişdi, yadımda qalmışdı. Çiçəkləri günəş altında solğunlaşdırmışdım ki, inandırıcı olsun, dalaşqan əri 15 il əvvələ qaytarım. Kişini aldatdım, o da inandı, qorxmuş halda küncə sıxılan arvadına doğru irəliləyib bağrına basdı.
-Sən ciddisən?
-Əlbəttə ciddiyəm, - deyə arvadımla qızımın yenidən başlanacaq qaqqanaqlarını eşitməməmək üçün adyalı başıma çəkdim.
Onlar daha gülmürdülər.
SON
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ