Nimdaş geyimli adam..-Əbülfət MƏDƏTOĞLU

Tarix:3-11-2017, 18:52 Baxış Sayı:228

Nimdaş geyimli adam..-Əbülfət MƏDƏTOĞLU
Onu siz də tanıyırsınız...
Səhər üzümüzə təbəssümlə açıldı. Hava nisbətən ürəyə yatımlıydı. Bilmirəm, bu hamı üçün beləydi, yoxsa təkcə mən bunu duydum, hiss etdim. Hər halda, mən bu səhəri nisbətən daha rahatlıqla qarşıladım. Evdən çıxanda saat 00:05 göstərsə də, məndə belə bir təəssürat yarandı ki, bu səhərin havası ürəyimə yatacaq. İndi yazını bilgisayara diqtə etdiyim vaxt hiss edirəm ki, yanılmamışam. Havada doğrudan da bir həlimlik var. Bu həlimlik adama yazı da xatırladır, payızı da... İnanmırsınızsa, pəncərəyə yaxın gəlin, sonra açın pəncərəni və bir anlıq hər kəsi, hər qayğını unudub könlünüzü tapşırın təbiətə. Görün, o sizi necə kökləyəcək...


Doğrudur, mənim pəncərəm, yəni iş otağımın yönü Yasamal qəbiristanlığına baxır. Bu pəncərədən hər gün dəfələrlə baxıram bu qəbiristanlığa. Burda rahatlıq tapanların içərisində tanıdıqlarım da var, tanımadıqlarım da. Amma mənə elə gəlir ki, indi ordakılar bir-birini məndən də, elə özlərindən də yaxşı tanıyırlar. Çünki hamısı bir libasda, bir durumda və bir də zənnimcə, eyni vəzifənin başındadırlar...
Yəqin ki, axırıncı sözümə güldünüz, dodağınıza təbəssüm gəldi. Amma nahaq. İnancıma görə orda vəzifə bölgüsü yoxdur və orda heç kimin kabineti də, katibəsi də dayanıb onu gözləmir. Nə də kabineti, katibəsi, sürücüsü ona əlavə status vermir. Üstəlik, heç katibəsi də hökm etmək gücündə deyil. Orda bir vəzifə var. O da suallara cavab vermək vəzifəsi...
Ömrümüz boyu oxuyuruq, öyrənirik, suallar veririk və yaxud da sualları cavablandırırıq. Bütün bunlar bir insani vəzifədir. Amma bu insani vəzifənin içərisində bizim oxumağımız, sual cavablandırmağımız isə özəl həyatımız üçündür. Biz bununla özümüzün həyat problemlərimizi çözməyə, başqalarından daha rahat, daha yuxarı pillədə dayanmağa cəhd edirik, məqsədimiz daha çox bilməklə həm ətrafa, həm də özümüzə faydalı olmaqdı. Ona görə də bu dünyada verdiyimiz cavab, ünvanladığım sual daha çox şəxsimizə xidmət edir. Bunu bilmək o qədər də çətin deyil. Ən azından peyğəmbərimiz də, elə proletarların peyğəmbəri də zamanında deyib ki, "oxumaq, oxumaq, yenə də oxumaq".
Hə, indi ruhuma rahatlıq gətirən bu havada düşündüklərimi kağıza köçürmək nisbətən asandı. Və düşünürəm ki, bu yazını yazan da, oxuyan da, yəqin ki, məni o qədər çox qınamaz. Ən azından ona görə ki, mən həmişə olduğu kimi, indi də özümü yazıram və indi də demək istəyirəm ki, bu şənbə yazım bir səfər öncəsidi. Növbəti həftəni, Tanrı qismət etsə, məmləkətdən bir az kənarda qarşılayacam.
Ona görə də içimdə olanları, dilimdə göyərənləri kağıza köçürürəm ki, it-bata düşməsin, qəriblik çəkməsin və bir də yoldu, qürbətdi, nə bilmək olar. Ona görə də işimi bir az ehtiyatlı tutmağa çalışıram, xüsusilə sənə qarşı. Axı, yazdıqlarım hamısı sənə aiddi, səndəndi və deməli, həm də mənə aiddi və məndəndi! Odur ki, sən də özünü elə mənim kimi, daha doğrusu, bugünkü havanın üstündə köklə. Çalış sözümdən, yazımdan inciməyəsən. Qəlbinə toxunan bir şey olsa, onu qarşıdakı səfər ayrılığına bağışla. Axı, yollar özü ilə birlikdə hər şeyi aparır və gətirir, ya da gətirmir... Mən isə elə indinin özündə, elə bu anda sənə demək istəyirəm ki:

Bu qədər cəhd edirəm
Amma alınmır heç nə...
Dərd hər gün daha artıq-
Çəkir məni içinə...

Üzümdə nəm, təbəssüm
Qəm hopmuş qəm, təbəssüm...
Mənə Zəmzəm təbəssüm-
Tapılmır ki, içilə...

Ümiddi hər sabahım
Sabahda da var "ah”ım...
Yaşayıram Allahım-
Verdiyin eşq gücünə...


***
Adətən pəncərə önündə dayanıb Yasamal qəbiristanlığına tərəf baxanda daha çox itirdiyim dostları xatırlayıram, onları düşünürəm. Və ağlımdan da gəlib keçən bu olur ki, onlar mənsiz görəsən orda necə yaşayırlar, nə edirlər? Və sonra da özüm elə bu gicbəsər suallarıma görə özümü qınayıram. Mən burda nə edirəmsə, onlar da yəqin elə orada həmin işləri görürlər, balansı pozulmağa qoymurlar. Bir az riyazi termin olsa da, həyat özü balans yaradır - dərdlə, həsrətlə, sevinclə vüsalın arasında. Ayrılan ayrılığına qovuşur, atılan isə atıldığı dünyasına. Bir də qalır ayrılmaq, atılmaq istəməyən. Amma çox təəssüf ki, burda istək nəzərə alınmır. Ondan heç şikayət də vermək olmur, hansı səviyyədə istəyirsən istə. Ona görə ki, hökm ən son yerdən, yəni göyün yeddinci qatından gəlir. Oradan yuxarıda elə oradakıdı, başqa bir kimsə yox. Doğrudur, deyirlər ki, şairlərin də yeri göyün yeddinci qatında, Yaradanın dizibinin dibindədi. Bu nə qədər xoş bir təsəlli olsa da, mən özüm-özümə onu da diqtə etmişəm ki, ən ədalətli qərarları verən, ən dürüst hökmləri imzalayan böyük Allahım hər şairi, hər söz yazanı heç vaxt öz dizinin dibinə yaxın buraxmaz. O, öz ədalətiylə hər kəsi öz yerində otuzdurub həmişə. Və mən də elə burda, öz yerimdə dayanıb məndən ayrılan dostlarımı düşünə-düşünə belə ümid edirəm ki, dünyanı ağa-qaraya, cənnətə, cəhənnəmə bölən biz insanlar nə qədər səhflər edirik, nə qədər günahlara batırıq. Ən böyük günahımız isə o olub ki, torpağa üzüsoyuq deyib ona tapşırdığımızı bir ildən sonra yavaş-yavaş unutmağa başlayırıq. Amma bilmirik ki, həmin o torpağın qoynuna aldığı doğmamız ruha çevrilib. Yenə öz yerində, yenə bizim yanımızdadı. Baxır, izləyir və hərdən də bizim unutqanlığımıza təəssüflənir. Doğrudur, bu gün ruh olanlar, ruha çevrilənlər özləri də nə vaxtsa bizim yaşadıqlarımızı yaşayıblar, bizim kimi düşünüblər, bizim kimi hərəkət ediblər. Ona görə onların da bizə yerlə göy arası boyda irad tutması hardasa doğru deyil. Axı, onlar da bizlərdən biri olub. Lakin bütün hallarda bizlər nəticə çıxarmadığımız üçün günahkarıq. O günahkarlardan biri də mənəm. Və günahkar olduğumu bildiyim üçün yaşamağın bütün çətinliklərini göz altına almışam. Hər dəfə də dediyim duruma düşəndə, dediyim hissləri yaşayanda nələrisə dəyişəcəyimə içimdə söz verirəm. Lakin verdiyim sözün üstündə dayana bilmirəm. Bunun da səbəbi iqtisadi durumdu. Ən azından əl cibdən utandığı kimi, cib də əlin yanında üzüqaradı. Deməli, hara çevrilsəm də, hara fırlansam da yenə gəlib ölü nöqtədə dayanıram. O ölü nöqtənin adı da dediyim kimi, bütün zamanlarda insanı ayaqda saxlamağı birmənalı şəkildə bacaran və ona yaşamaq üçün zəruri olan maddiyyatdı. Təəssüf...
İndi düşünəcəksiniz ki, ilin-günün bu saatında məzənnənin üzdüyü bir dövrdə bütün bunları hamı yaxşı bilir. Bunu təkrarlamağa, xüsusi vurğulamağa nə ehtiyac var? Amma yox! Bilmək lazımdır ki, bizləri dünyasını dəyişənlərimizin yanında xəcalətli edən şərtlərdən biri də elə bu məzənnədi. Axı, onsuz hərəkət etmək mümkün deyil. Hərəkət elməmək də sonda gətirib durğunluğa çıxarır. O durğunluq da unutqanlığa aparır. Həmin o unutqanlıq da gəlib çatır manqurtluğa! Deməli, bu bağlılığın içərisində əlaqələr o qədər zərif və o qədər də zəruridi ki, onu sadəcə düşünməyin özü də adamı həqiqətən dərin bir quyuya salır, kəndirsiz bir quyuya. Və bu yerdə yadıma rəhmətlik Vahid Əlifoğlunun bir misrası düşür:
- Qaldı Məlikməmməd, qaldı quyuda!
Doğurdan da quyu və onun qaranlıq olması insanı xoflandırır. Hətta əyilib onun dibini görməyəndə elə adam xoflanır. İndi təsəvvür elə ki, onun dibində olanda hansı anları yaşayırsan, hansı hisslərin içərisindən keçirsən. Mən bu fikri bilgisayara diqtə edəndə bir anlıq içimdən üşütmə keçdi və elə bildim ki, həqiqətən quyunun dibindəyəm. Yaxşı ki, Sən varsan - işıq kimi, günəş kimi, hava kimi, su kimi! Sən varsan deyə, mən o quyudan ümidin tellərindən tutub sənə tərəf gəlirəm və deyirəm:

Mənim duyğularımı
Göz yaşına çevirmə...
Səpilməsin göz yaşı-
Mənim sevgi dövrümə...

Mən sevgini xilas tək
Qarşıladım içimdə!
Bu sevgiylə qurtuldu-
Tənhalıqdan içim də!

Məni söz-söz çözməyin
Bir az gəzməyin günah...
Gülüm, mənə dözməyin -
Haqqın verəcək Allah!


***
Çox qəribə bir xüsusiyyətim var. Heç vaxt geyindiyim paltarı süzülüb yararsız olana qədər dəyişmək istəmirəm. Və bir də heç vaxt harasa getmək qərarını verəndə evdən çıxmağa tələsmirəm. Nimdaş paltarımı dəyişəndə elə bilirəm ki, həyatımın hansısa hissəsi məndən ayrılır. Harasa getmək istəyəndə düşünürəm ki, birdən evə qayıtmadım, qoy bir az da ləngiyim. Bu iki halımın qüsur, yoxsa halsızlıq, günah olduğunu bilmirəm. Həqiqətən zaman-zaman bu iki haldan qurtulmaq istəmişəm, bacarmamışam. İndinin özündə də səfərə çıxacağım gün də məlumdur. Hətta filmlərdə deyildiyi kimi, bilet də cibimdədi. Amma heç tərpənmək, bu səfər gününün tez gəlib çatmasını içimdən keçirmirəm. Sizcə bu dəlilikdi, yoxsa başqa bir şeydi? Hər halda, nəsə bir şey var burda...
İndiki anda mən həmin o yuxarıda yazdığım fikri söz xatirinə ifadə etmədim. Məqsədim öz içimi, öz düşüncələrimi olduğu kimi çatdırmaqdı. Yəni gedəcəyim ünvanda məni yer üzündə mələk cildində olan bir dost, bir qardaş gözləyir. Və onun varlığı mənim üçün çox önəmli və zəruridi. Yəni Əhməd bəy söykəndiyim dağdı... güvəndiyim ucalıqdı... sirrimi söylədiyim və məni səbrlə dinləyən müdrikdi.
Amma neyləyim ki, xarakterimdə həmin o qüsur var. Onunla telefon danışığında, internet yazışmalarında ürəyim atlanır, görmək istəyirəm. Lakin yola düşmək məqamını ağlıma gətirəndə duruxuram, tərəddüd edirəm. Bax, bu ziddiyyətlərin içərisində çabalayıb qalanda yenə əlimdən sən tutursan. Sənin səsin, sözün, məsləhətin, xeyir-duan, hələ bir az da təkidin işləri öz axarına salır və mən də başlayıram bu axara qoşulmağa. Gedirəm...
Zaman öz sürətini artırsa da, artırmasa da, hadisələr bir-birini qabaqlayıb-qabaqlamasa da mənim bildiyim budur ki, hər bir işin içərisində ürək olmalıdı, nəfəs olmalıdı. Bax, onda işin nəticəsi də adamın üzünə güləcək, adamla danışacaq, adamı sevindirəcək. Bu mənada səhhətimlə bağlı ürəyimi götürüb getdiyim qardaş məmləkətdə məni gözləyən Əhməd bəyin və doktorum Mustafa bəyin, eləcə də hocam İbrahim bəyin, dostum Rəcəbin və bütün ordakı doğmaların hamısının üz-gözünün təbəssümünü indidən duyuram. Hiss edirəm ki, görüşümüz ürəyimizcə olacaq. Bu, qardaşların, dostların bir araya gəlməsi kimi yaddaşımıza yazılacaq. Və sən də mənim yaşadıqlarımı mütləq hiss edəcəksən. Axı, ürəkdən-ürəyə, könüldən-könülə yollar var, özü də gözlə görünməyən, ruhla duyulan yollar. O məqama qədər isə mənim sənə ünvanladığım, əslində isə özümə yazdığım bir şeiri də diqqətinə çatdırıram. Necə deyərlər...

Dərdin dizinin dibində
Oturub fikrə dalmışam...
Elə bil yüz ildi burda-
Düşüb bükülü qalmışam...

Nə əlim Allaha çatır
Nə də ünüm bəndəsinə...
Mən özümü son gücümlə-
Bənd etmişəm, bənd səsinə!..

Dərdin dizinin dibində
Yaşamaq istəyim heçdi...
Bir şair əli cibində-
Bir az əvvəl burdan keçdi!


Hə, yazının ovqatı mənim durumumuq ifadəsidi. Necə deyərlər, elə bil ki, surətini çıxartdım qoydum qəzet səhifəsinə. Siz də öz durumunuzu özünüz qiymətləndirib surətini çıxarın. Amma üzü qibləyə yox, üzü sevdiklərinizə tərəf!
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ