“525-ci qəzet” məktəbi

Tarix:30-10-2017, 12:07 Baxış Sayı:89

“525-ci qəzet” məktəbi
İsa HƏBİBBƏYLİ

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri, akademik


Azərbaycanda ədəbi məktəblər, böyük ədəbiyyat yaratmış, geniş ədəbi cəbhəsi və davamçıları olan görkəmli yazıçıların adı ilə bağlıdır.

Nizami Gəncəvi ədəbi məktəbi, Füzuli və Vaqif ədəbi məktəbləri, Mirzə Fətəli Axundzadə və Cəlil Məmmədquluzadə, Səməd Vurğun və Rəsul Rza ədəbi məktəbləri - adından göründüyü kimi, qüdrətli yazıçı və şairlərin yaradıcılıq nümunəsində formalaşmışdır. Ona görə də bu məktəblərin adının qarşısında “ədəbi” sözünün işlədilməsi mütləqdir. Milli ədəbi təcrübədə iki möhtəşəm mətbuat orqanı ilə əlaqədar olan məktəblər də mövcuddur: “Molla Nəsrəddin” ədəbi məktəbi və “Füyuzat” ədəbi məktəbi. Azərbaycan ictimai-siyasi və ədəbi fikrinin, habelə milli mətbuatımızın inkişafında mühüm rolu və böyük xidmətləri olmuş bu mötəbər mətbuat orqanlarının ətrafında tənqidi realizm və romantizm ədəbi cərəyanları yaranıb inkişaf etmişdir.

Milli ədəbiyyatın inkişafında yeni yol açdıqları üçün hər iki jurnalın “ədəbi məktəb” yaratdıqları elmi cəhətdən qəbul ediləndir. Lakin həm “Molla Nəsrəddin”, həm də “Füyuzat” jurnallarının fəaliyyəti təkcə yeni ədəbiyyat yaratmaqla bitmədiyi, ictimai-siyasi fikrin və maarifçi-mədəni mühitin geniş miqyasını da özündə əks etdirdiyi üçün bu mətbuat orqanlarının ədəbi məktəb olmaqla yanaşı, həm də ümumiyyətlə məktəb səviyyəsində fəaliyyət göstərdikləri də qeyd olunmalıdır.

Fikrimcə, Azərbaycan mətbuatının tarixində “Molla Nəsrəddin” və “Füyuzat”dan sonra ədəbiyyatın əsas arsenalını əhatə etməklə yanaşı, həm də ictimai-siyasi və maarifçi-mədəni mühitin bütün palitrasını özündə cəmləşdirmək baxımından “525-ci qəzet”lə müqayisə ediləcək mətbuat orqanı göstərmək çətindir. Məhz “525-ci qəzet” özünün çoxaspektli fəaliyyətində özünəməxsus ədəbiyyat qəzeti və fərqli bir ictimai-siyasi qəzet olmaqla bərabər, həm də mədəni-maarif hərəkatının güzgüsü olan mətbuat orqanıdır. “525-ci qəzet”in əsas gücü bu mühüm istiqamətlərin hər hansı birinə xüsusi ağırlıq verməsində yox, onların hamısının çox münasib harmoniyasını, vəhdətini yaratmasındadır. Siyasətçilər üçün ən yaxşı ictimai-siyasi qəzet kimi qəbul edilən “525-ci qəzet” ədəbiyyatçılardan ötrü də geniş auditoriyası olan oxunaqlı ədəbiyyat qəzetidir.

Beynəlxalq icmalçılar, elm adamları, müəllimlər, mədəniyyət işçiləri, gənclər... üçün də “525-ci qəzet” həm mükəmməl auditoriya, həm də əhəmiyyətli xitabət kürsüsüdür. “525-ci qəzet”çilər cəmiyyət həyatının və mənəvi mühitin bütöv mənzərəsini tam əhatə edən bu qəzetdə həmin sahələrdən hər birini yüksək professional səviyyədə böyük oxucu auditoriyasına təqdim edirlər. Bizə görə, digər qəzetlərdən fərqli olaraq “525-ci qəzet”in adının yazıldığı baş səhifədə ənənəyə uyğun olaraq mötərizədə aid mətbuat orqanının xarakterini ifadə edən təyinatların (ictimai-siyasi, ədəbi-bədii, iqtisadi, maarifçi və s.) yazılmaması təsadüfi olmayıb, bu çoxprofilli qəzetin tam masştabda ölkə və dünya həyatını əks etdirmək imkanlarını ifadə edir.

Müşahidələrimə görə, hazırkı mərhələdə həm kəmiyyət etibarilə, həm də sosial tərkibinin müxtəlifliyi mənasında da geniş oxucu cəbhəsi cəlb etmək baxımından “525-ci qəzet”lə müqayisə edilə biləcək mətbuat orqanı göstərmək çətindir. Tərəddüd etmədən demək mümkündür ki, “525-ci qəzet” ümumiyyətlə Azərbaycan cəmiyyətinin qəzetidir. Çoxaspektli mətbuat orqanı olduğu üçün “525-ci qəzet”in müəlliflər heyətinin tərkibi də fərqlidir. Qəzetin səhifələrində dövlət qurumlarının rəsmi nümayəndələri, ictimai-siyasi xadimlər, ədəbiyyatçılar, dilçilər, tarixçilər, filosoflar, iqtisadçılar, sənətşünaslar, publisistlər, müxbirlər müxtəlif janrlarda yazılarla çıxış edirlər. “525-ci qəzet”in redaksiya əməkdaşları bu səviyyədə və genişlikdə müəlliflər heyəti ilə əlaqə yaratmaq, dialoqda olmaq, yazışmaq, fikir mübadiləsi aparmaq səviyyəsində yetişib formalaşmışdır. “525-ci qəzet” bu qədər çox tərkibli və geniş miqyaslı müəlliflər heyəti ilə ardıcıl və səmərəli işi özünün çox da böyük olmayan yaradıcı kollektivi ilə həyata keçirir. Gündəlik çap olunduğunu və həftəlik qalın əlavəsinin də müstəqil bir qəzet olduğunu nəzərə alsaq, “525-ci qəzet”in redaksiya əməkdaşlarının məsuliyyətini, zəhmətini və profesionallığını aydın şəkildə təsəvvür etmək olar. Geniş müəlliflər heyətinə və böyük oxucu arsenalına malik olması, qəzet və cəmiyyət münasibətlərini bu qədər böyük miqyasda həyata keçirməyi bacarması da “525-ci qəzet”in məktəb yaratmasının göstəricilərindəndir.

“525-ci qəzet” müasir dövrdə Azərbaycandakı mətbuat bolluğu mühitində xüsusi bir istiqamət təşkil edən müstəqil mətbuatın əvvəlincilərindəndir. Buradakı “əvvəlinci” sözü qəzetin nəşr tarixindən çox, mətbuat dünyasındakı yerini, öndə getməsi mənasını ifadə edir. Hazırkı mərhələdə özünü müstəqil mətbuat orqanı elan edən qəzet və jurnallar az olmasa da, onların çoxusu müstəqillik mövqeyini axıradək qoruyub saxlaya bilməmiş, cəmiyyətdə sağa və ya sola meyilləri ilə diqqəti cəlb etmişlər. Yaxud da həmin müstəqil görünmək istəyən mətbuat orqanının az sonra müəyyən qrupun, fərqli bir baxışın maraqlarına xidmət etdiyi məlum oldu. “525-ci qəzet” isə artıq iyirmi beş ildir ki, bütün mərhələlərdə aktual ictimai-siyasi məsələlərdən tutmuş gündəlik informasiyalara, ədəbi-mədəni mühitin gedişatına, qayğılarına qədər hər gün müstəqillik, obyektivlik və müasirlik mövqeyindən çıxış etməkdə, məsuliyyətli və şərəfli yolunu ardıcıl olaraq davam etdirməkdədir. Artıq 25 ildir ki, Azərbaycan oxucusu gerçək, tərəfsiz, qərəzsiz, real, obyektiv informasiyanı və dərin, əsaslı analitik təhlili “525-ci qəzet”dən axtarır və bu qəzetin yazdıqlarına inanır. Bu, “525-ci qəzet”in ən mühüm nailiyyətidir.

Müstəqil kimi görünmək istəyən, yaxud da özünün müstəqil mətbuat orqanı olduğunu bəyan edən qəzetlərin əksəriyyəti “müəllifin mövqeyi ilə qəzetin mövqeyi uyğun gəlməyə bilər” tipli bildirişlər çap etməklə xüsusi olaraq daha çox müstəqillik nümayiş etdirdiklərini biruzə verməyə çalışırlar. “525-ci qəzet” isə heç vaxt mövqelərin üst-üstə düşməməsi kimi gözqamaşdırıcı zahiri effekt dalınca getməmişdir. Əksinə, “525-ci qəzet” özünün müstəqil və obyektiv mövqeyini meydana qoymaqla və bütün hallarda bu ideala sədaqətini qoruyub möhkəmləndirməklə cəmiyyətdə daim inkişafda olan sabit mövqeli mətbuat orqanı olmaq imici qazanmışdır. Hazırda “525-ci qəzet” Azərbaycanda müstəqil dövlətçiliyin böyük ideallarına yüksək səviyyədə cavab verən, uğurla xidmət edən aydın mövqeyə malik müasir tipli mətbuat orqanıdır. Ən mübahisəli məsələləri təqdim etməkdə “525-ci qəzet” cəmiyyətin ortaq mövqeyini tapa bilir. Və “525-ci qəzet” öz ətrafında da ölkəmizin gerçəkliyini obyektiv şəkildə, real olaraq bəzək-düzəksiz əks etdirə biləcək sadiq əməkdaşlar və müəlliflər heyəti formalaşdıra bilmişdir. Bu mənada, heç şübhəsiz ki, “525-ci qəzet”in rəsmi əməkdaşlarının, işçilərinin sayı qəzetin adı ilə müqayisədə qat-qat az olsa da, iyirmi beş il ərzində bu mətbuat orqanı ilə əməkdaşlıq edən kənar müəlliflərin kəmiyyət göstəricisi beş yüz iyirmi beşdən çoxdur. Azərbaycanda müstəqil jurnalistikanın əsl nümunəsini göstərən “525-ci qəzet” dövlət müstəqilliyi amalına sədaqətlə xidmət etməyi şərəf işi sayan müəlliflərin doğma qəzetidir. Bu, ölkəmizin ictimai-siyasi mühitinin, iqtisadi gedişatının və ədəbi-mədəni inkişafının ritmlərini bütün reallıqları, geniş palitrası ilə birlikdə əks etdirən çoxcəhətli və əhəmiyyətli mətbuat orqanıdır. Beləliklə, müstəqil dövlətçilik ideallarına sədaqət və obyektivlik “525-ci qəzet”in ölkə və xalq qarşısında, milli mətbuat andı qarşısında böyük xidmətidir.

“525-ci qəzet” Azərbaycan mətbuatının çoxüslublu qəzetidir. Bu qəzet müstəqil yaradıcı düşüncənin sərbəst ifadəsinə geniş meydan açır. Bu qəzetdə siyasi, elmi və bədii publisistikanın bütün janrlarında və üslublarında səviyyəli yazılar oxumaq mümkündür. Hətta mən deyərdim ki, müasir jurnalistikada bir çox mətbu formalar “525-ci qəzet” vasitəsilə möhkəmlənib mətbuatımız üçün vətəndaşlıq hüququ qazanmışdır. Bədii əsər nümunəsi kimi yazılan esselərdən fərqli olaraq, publisist esse “525-ci qəzet”in daimi janrlarından biri kimi diqqəti cəlb edir. Açıq məktub, hətta sadəcə məktublar, xatirələr, düşüncələr, səfərlər, mövqe, baxış “525-ci qəzet”in yaşatdığı, qoruyub saxladığı, inkişaf etdirdiyi formalardır. Qəzetin rəsmi üslubda yazılmış məqalələri ilə yanaşı, bədii-publisistik, siyasi-analitik, yaxud sadəcə analitik, hətta sırf fəlsəfi üslubda olan yazılarının da hər birinin geniş oxucu auditoriyası vardır. Çoxüslubluluğa, yəni jurnalistikada sənətkarlığa geniş meydan açmaq baxımından mətbuat orqanı olaraq “525-ci qəzet”in çoxillik fəaliyyətini 525 balla qiymətləndirmək olar. İctimai-siyasi, publisist, analitik, elmi-ədəbi qəzet kimi çıxan “525-ci qəzet” bu istiqamətlərin hər birində oxunaqlı, maraqlı, təsirli, fərqli, obyektiv, cəlbedici yazılar dərc etməklə bütün hallarda professional olduğunu nümayiş etdirir. Ümumiyyətlə, “525-ci qəzet” - professionalların qəzetidir. “525-ci qəzet” - cəmiyyət həyatının bütün istiqamətləri üzrə həm də hər gün yüksək professional səviyyədə çıxa bilən mətbuat orqanıdır. Bundan başqa, “525-ci qəzet” - mətbuatda profesionalların yeni nəsli üçün məktəbdir. Bu məktəbdə yeni professional “525-ci qəzet”çilər və ümumiyyətlə, yaradıcı ziyalıların yeni nəsli yetişib formalaşmaqda davam edir. Ölkəmizdə professional jurnalistika ilə bir sırada yüksək səriştəli siyasi icmalçıların, ədəbiyyatşünasların, sənətşünasların, yazıçı və şairlərin, fotomüxbirlərin... yetişib formalaşmasında “525-ci qəzet”in böyük xidmətləri vardır. “525-ci qəzet”də yaradıcılıq təcrübəsi qazanmış yeni jurnalistlər nəsli ümumiyyətlə Azərbaycan mətbuat aləmi səviyyəsində qəbul olunur. Bu mənada yeni qəzetçilər nəsli yetirməsi “525-ci qəzet”in məktəb olmasını göstərən arqumentlərdəndir.

Nəhayət, “525-ci qəzet”in geniş və həcmli həftəlik əlavəsi barədə də bir neçə kəlmə söz demək istəyirəm. Bu, Azərbaycan siyasi və maarifçi publisistikasının, elitar ziyalı düşüncəsinin və müxtəlif elmi-ədəbi baxışlarının məcmusundan ibarət olan nadir qəzet nümunəsidir. Əslində, diqqət edilsə, “525-ci qəzet”in hər həftədə bir dəfə çıxan iri həcmli əlavəsi bu qəzetdə həftə ərzində öz əksini tapmış proseslərin ümumiləşdirilmiş məntiqi yekunudur. Ancaq “525-ci qəzet”in həftəlik əlavəsində hər dəfə orijinal, yeni, cəlbedici və oxunaqlı materialları təqdim etməyə üstünlük verilir. Buna görə də “525-ci qəzet”in həftəlik əlavəsi qəzet içində qəzet olsa da, yeni bir qəzet təəssüratı yaradır. “525-ci qəzet”in hər həftəlik əlavəsi Azərbaycan mətbuatının ədəbi-publisist romanıdır. “525-ci qəzet”in illik həftəlikləri müasir Azərbaycanın yaradıcı qüvvələrinin çoxcildlik külliyyatıdır. Bundan başqa, həftədə cəmisi bir dəfə çıxan qəzetlərin heç də hamısı “525-ci qəzet”in həftəliyi qədər cəlbedici və oxunaqlı görünə bilmir. “525-ci qəzet”in həftəlik əlavəsi sonuncu sətrinə qədər oxunur. Artıq ziyalı cəmiyyətimiz “525-ci qəzet”in həftəlik qalın sayını intizarla gözləyir. “525-ci qəzet”in həftəlik əlavəsi həftənin yox, müasir zamanın və gələcəyin sözünü deyir, çağırışlarını səsləndirir. Ona görə də ”525-ci qəzet” həftəlik mətbuat orqanına da, qəzet içində qəzetçiliyə də qiymətli bir örnəkdir. Beləliklə, Azərbaycan mətbuatı tarixində böyük məktəb yaratmış məşhur “Molla Nəsrəddin” jurnalından və “Füyuzat” məcmuəsindən sonra “525-ci qəzet” də xüsusi jurnalistika məktəbi səviyyəsinə çata bilmişdir.

Ümumiyyətlə, ədəbi məktəb, yaxud məktəb anlayışında şəxsiyyət amili əsas faktordur. Ədəbi məktəblər bir qayda olaraq böyük yaradıcı şəxsiyyətlərin adları ilə tanınırlar. Mətbuat orqanları əsasında formalaşan məktəblər üçün də qəzetin və ya jurnalın yaradıcısının dünyabaxışı, əhatə dairəsi, mövqeyi və yaradıcılıq potensialı zəruri şərtdir. Böyük demokrat Cəlil Məmmədquluzadə sadəcə “Molla Nəsrəddin” jurnalının baş redaktoru olmayıb, bu məktəbin “Əziz və qiymətdar qələm dostlarının ağsaqqal yoldaşı” idi. Görkəmli ədib və mütəfəkkir Əlibəy Hüseynzadə də “Füyuzat” jurnalının baş redaktoru olmaqla qalmayıb, geniş mənada füyuzatçılığın lideri idi. O, “türk dünyasında geniş üfüqlər açan” mütəfəkkir sima hesab edilmişdir. Əlbəttə, biz heç də “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcidi Azərbaycan ədəbiyyatı və mətbuatının böyük yaradıcıları olan ustad sənətkarlarla müqayisə etmək fikrində deyilik. Digər mətbuat orqanlarından da qəzetin və ya jurnalın taleyində birinci şəxslərin roluna aid onlarca misallar gətirmək mümkündür. Hətta çoxillik nəşri dövründə bir neçə redaktorun rəhbərliyi ilə çıxmış mətbuat orqanlarının fəaliyyətilə əlaqədar olaraq “filankəs mərhələsinin” xüsusi qeyd olunmasına dair də kifayət qədər faktlar məlumdur. Bu mənada, “525-ci qəzet”in Baş redaktoru Rəşad Məcidin də dünyabaxışı, təşkilatçılıq qabiliyyəti, istedadı, təşəbbüsləri, səriştəsi “525-ci qəzet”in Azərbaycan cəmiyyəti qarşısındakı alnıaçıq hesabatında xüsusi çəkiyə malikdir.

İyirmi beş il ərzində mətbuat dünyasındakı ardıcıl və məsuliyyətli fəaliyyəti göstərdi ki, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid müstəqillik dövrü Azərbaycan mətbuatında yeni və fərqli simadır. Cəmisi bir neçə şeir və nəsr kitabı ilə o, ədəbiyyatda az yazıb dərin iz salmağın nümunəsini göstərmişdir. Azərbaycan ədəbi-ictimai fikrində Rəşad Məcid müasir jurnalistikanın, təzə şeirin, yeni nəsrin və ümumiyyətlə yeni yaradıcı nəslin istedadlı nümayəndəsi kimi qəbul olunur. Sərrast və səviyyəli yazıları və bədii əsərləri ilə cəmiyyətdə və ədəbiyyatda mükəmməl söz deməyi bacarmış Rəşad Məcidin özünün Baş redaktoru olduğu qəzetdə ara-sıra çap olunan yazıları kəmiyyətcə az olan, lakin bədii-publisist sözün keyfiyyəti etibarilə “525-ci qəzet” səviyyəsində, hətta ondan da yuxarıda dayana bilən ciddi publisistika örnəkləridir. Bütün yönləri ilə yaradıcı olan şair-yazıçı-publisist Rəşad Məcid “525-ci qəzet”çilərin cavan ağsaqqalıdır. Müdriklik, sabit mövqe, bütövlük, zəhmət, təmkin, istedad, məsuliyyət və təşkilatçılıq qabiliyyəti Rəşad Məcidin obrazını müəyyən edir. Rəşad Məcidin simasında milli təfəkkürlə ədəbiyyat düşüncəsi və aydın siyasi mövqe üzvi vəhdətdədir. Azərbaycan cəmiyyəti Rəşad Məcidi müstəqillik dövrü Azərbaycan ziyalılığının kamil bir nümayəndəsi kimi qəbul edir. Rəşad Məcidin “525-ci qəzet”dəki və Yazıçılar Birliyinin katibi kimi fəaliyyəti biri - digərini tamamlayır. Azərbaycan cəmiyyətinin geniş miqyasını əhatə edən, çoxcəhətli vəzifələri özündə cəmləşdirən “525-ci qəzet” həm də Yazıçılar Birliyinin ədəbi mətbuatının da fərqli funksiyasını həyata keçirir. Müasir dövrün yazıçı və şairləri “525-ci qəzet”in “qabaq sıralarında” təmsil olunurlar.

Bütövlükdə “525-ci qəzet” Rəşad Məcidin və məsləkdaşlarının Azərbaycan oxucusuna, ədəbiyyatına, inkişafa, ictimai-mədəni mühitə sözüdür. Bu, canlı, təsirli, obyektiv mətbu sözə örnəkdir. “525-ci qəzet” cəmiyyətdə də, ədəbiyyatda da sabit, müstəqil, təmkinli və obyektiv mövqedə dayanmaqda davam edən Rəşad Məcidin və müasirlərinin özüdür. “525-ci qəzet” Rəşad Məcidin həyat hekayəsi, müstəqil Azərbaycan mətbuatının epopeyasıdır.

Müstəqillik dövrü Azərbaycan mətbuatının “525-ci qəzet” mərhələsi mövcuddur. “525-ci qəzet”in 25 illiyi müstəqil mətbuatımızın keçdiyi məsuliyyətli yolun həm şərəfli salnaməsi, həm də etibarlı bələdçisidir.

“525-ci qəzet” - müasir dövrün qəzetçilik məktəbidir. “525-ci qəzet” universal mətbuat formatının universitetidir. “525-ci qəzet”in - gündəlik hər sayı müasir jurnalistikanın dərsləridir.

“525-ci qəzet”in yolu - müstəqillik və azərbaycançılıq yoludur və daim sabaha doğrudur...

Uğurlar!
2 oktyabr, 2017-ci il

"525-ci qəzet"Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ