"Cavidlə ilk tanışlığım"...- Mişkinaz Cavid

Tarix:24-10-2017, 21:20 Baxış Sayı:132

"Cavidlə ilk tanışlığım"...- Mişkinaz Cavid
Manera.az Hüseyn Cavidin həyat yoldaşı Mişkinaz Cavidin "Cavidi xatırlarkən" kitabında yer alan xatirələrini təqdim edir.

İLK GÖRÜŞ

Mənim atam evi ilə Cavidgilin evləri çox yaxın idi. Biz yaxın qonşulardıq. Dediyim kimi, mən Cavidin bacısı qızları Rübabə və Səltənətlə yaxın rəfiqə idim. Tez-tez mən onlara, onlar da bizə gələrdilər.Cavidgilin evi ilə bizim evin arasında Bazar çayı axardı. Mən hərdən səhər tezdən Cavidin çayın sahilində var-gəl etdiyini görərdim.O, Naxçıvana gələrkən yerli ziyalılar onun başına toplaşar,onu tək qoymazdılar.Mənim rəfiqələrimin anası Ümmi Səlimə xanım,özünün sonralar dediyi kimi, həmişə düşünərmiş ki, məni Cavidə alsın.Bu onun arzusu imiş.Hər dəfədə Cavidə deyəndə ki, gəl evlən, Cavid ona yarızarafat, yarıciddi cavab verərmişki, “Heç evlənmək vaxtıdır? O qədər işvar ki...”

...1918-ci ildə Cavid Bakıdan Naxçıvana gəlmişdi. Bu dəfə də Ümmi Səlimə özünü toplayıb: “Ay qardaş, gəlsənə səni evləndirim”. Cavid mənalı gülür və deyir:
– Ay bacı! Bu hansı zəmanədir ki, məni evləndirəsən. Mən yazılarımda azad məhəbbətdən dəm vururam, sən isə... Bir de görüm, mənə almaq istədiyin qız kimdir. Nə bilirsən o mənim xoşuma gələcək, ya yox, lap ola bilər ki, mən bəyəndim.Bəlkə o qız məni heç bəyənmədi. Dedi, mən ona ərə getmirəm. Onda sən
nə edərsən?
– Yox ey! Sən razı ol, onun razılığı mənim boynuma.Nəhayət, Cavid evlənməyə bir şərtlə razı olur.
– Qızı görüm, sonra!O zaman Naxçıvan kimi şəhərdə evlənmək, istədiyi qızı görmək çox çətindi (Bu, az qala namussuzluq sayılırdı).
Ümmi Səlimə məni ona göstərməyi qərara alır.Bir neçə gündən sonra məni evlərinə qonaq çağırırlar.Evlərində iki böyük sandıq var idi. Sandığın üstünə yorğan-döşək
yığılmışdı. Məni sandıqla üzbəüz oturdurlar. Cavid əvvəldən gəlib yükün dalında oturubmuşki, məni yaxşı görsün. Bu ilk “görüş” o qədər də uğurlu olmur. Çünki mən oturduğum yerin arxa tərəfindən işıq düşdüyündən məni yaxşı görmür. Buna görə,bir də belə“görüş” təyin edirlər.Məni əvvəllər onlar tərəfindən təyin olunmuş elə yerdə oturdurlar ki, Cavid məni yaxşı görsün. Belə də olur, o məni görür və bundan sonra evlənmək üçün razılığını verir.Onun razılığı ailənin böyük şadlığına səbəb olur. Mənim isə onu görməyimə ehtiyac yoxdur. Çünki onu bir neçə dəfə çay sahilində görmüşdüm.

BİLDİYİNİ YAZARDI

Mən xatirələrimin birində Caviddən yaradıcılıq vaxtlarında keçirdiyi hallardan çox qısa da olsa söhbət açmışdım. İndi bu məsələnin üstündə ötəri durmaq istəmirəm.
Cavid yaradıçılıq vaxtları çox dalğın, bəzən əsəbi, həyəçanlı, kənardakı hadisələrə qarşı diqqətsiz, biganə, soyuqqanlı görünür, yalnız öz aləmi ilə məşğul olardı. Bəzən otaqda var-gəl edərək dialoq, monoloqları ucadan söylər, yenidən masa arxasına keçərək yazısına davam edərdi. Belə hallarda biz onun ətrafında az dolanar, lazım olanda da gözlərdik ki, özü bizi danışdırsın. Cavid əsərlərini yazarkən obrazların üzərində çox düşünər, onların üzərində təkrar–təkrar işlərdi. İstər tarixi, istərsə də müasir həyata həsr etdiyi əsərlərdə müxtəlif biçimli, müxtəlif xarakterli, müxtəlif dünyalı obrazların daxili aləmini, psixologiyasını, düşünmə tərzini mümkün qədər öyrənməyə çalışardı və bu münasibətlə mənə dəfələrlə deyərdi:
– Mişkinaz, insan nə qədər mürəkkəb məxluqdur. Doğrudan da hərənin öz dünyası, öz aləmi var. Yazıçılığın ən çətin cəhəti də odur ki, hər bir insanın özünə məxsus aləmini doğru-düzgün öyrənsin, əks təqdirdə obraz kamil olmaz, saxta, cansız çıxar, oxucunu inandırmaz. Teatr sənətinin böyük hikmətinə o dramaturq yiyələnə bilər ki, o, insanı, onun daxili aləmini yaxşı bilir və üstəlik də bu vəya başqa obrazı yaradarkən ona uyğun keyfiyyətlər, xasiyyətlər, daxili aləm verir. Bir sözlə, axı deyəsən yazıçı insan yaradır. Bəli, lap ağıllı-başlı insan! Yazıçı yaratdığı insanın keçmişini, indisini, hətta gələcəyini də bilməlidir. Misal üçün əsərdə xəyalpərvər, nəcib bir adam yaradırsan, obrazın daxili aləmini, xasiyyətlərini, fərdi xüsusiyyətlərini yaxşı bilmədiyindən, onun təbiətinə, həmin obraza az-çox yaxın olan başqa birisinin hərəkəti
qarışır. Onda da obraz şikəst olur, tam çıxmır. Mənə elə gəlir ki, dünyanın böyük sənətkarları həmişə obrazı doğru və düzgün yaratmaq kimi çətin bir yaradıçılıqprosesi haqqında düşünüb daşınmış və bu çətin məsələni həyatları boyu öyrənmişlər. Nəisə, Mişkinaz, əgər mən öz obrazlarımı yaxşı öyrənirəmsə, onda gərək əsər də babat çıxsın. Dramaturqun bir çətin işi dəvar. Onun əsərini, yaratdığı obrazlarını aktyor və rejissor duymalıdır. Vay o əsərin halına ki, onu teatr kollektivi duymasın.
O, tarixi əsərlər üzərində işlərkən çalışardıki, tarixi şəxsiyyətlərə uydurma rənglər vurmasın. Az qala onları tədqiqatçı kimi öyrənərdi. Cavid bir dəfə dedi ki, “Topal Teymur”u, “Peyğəmbər”i yazarkən eləbil onlarla üzbəüz oturub, söhbət etmişəm. Onlar mənə sanki öz təbiətləri haqqında danışmışlar. Bəzən onların bu və başqa səhv hərəkətlərini üzlərinə deyir, günahlandırır, nə üçün belə etdiklərini soruşurdum. Doğrudur, onlar da özlərini doğrultmaq üçün mənə cavablar verirdilər. Bəziləri məni qane edir. Bəziləri isə yox.

...1928-ci ilin qış ayları idi. Yuxarıda dediyim kimi, Cavid ciddi yaradıcılıq halları keçirirdi. Nə isə yazır, pozurdu. Soyuq qış günlərindən birində evə gələrkən, deyəsən, bərk üşümüşdü. Soyundu, əllərini qızdırmaq üçün bir-birinə sürtdü vəüzünü mənə tutub dedi:
– Mən Gürçüstana getməliyəm, xüsusən Tiflisdə olmalıyam. Yaradacağım surətləri bir daha müşahidə etmək istəyirəm. O, bu sözləri deyərkən elə bil mənimlə yox, öz-özü ilədanışırdı. İnşallah, yay girər-girməz Gürcüstana gedərik. Həmin ilin yayında o, bizim hamımızı Borjoma apardı. Biz Borjomda istirahət edərkən, Cavid tez-tez oradakı gürcülərləgörüşər, yaxınlıqdakı axaltsixililərin köməyi ilə gürcü kəndlərinə gedər, onlarla söhbət edərdi. Cavidin burada da dil öyrənmək qabiliyyəti özünü büruzə verdi. Qısa müddət ərzindəo, sadə cümlələrlə fikrini gürcücə deyə bilirdi. Axaltsixililər zarafata salıb deyərdilər ki, Cavid əfəndi, deyəsən, bizim çörəyimizi əlimizdən alacaqsınız. Cavid o ətrafda gürcülərin həyatı ilətanış olduqdan sonra, bizi Tiflisə gətirdi. Biz Tiflisdə qaldığımız müddətdə Cavid daha çox gürcülər arasında olur, Tiflis arxivlərində işləyir, xeyli qeydlər edirdi. Hətta bir neçə gürcü alimi ilə də tanış olmuşdu və yavaş–yavaş əsərin ayrı-ayrı hissələri haqqında mənə söhbətlər edirdi. Bakıya qayıdanda isə bilirdi ki, əsərin adı“Knyaz” olacaq. Bəli, Tiflis də olarkən “Knyaz” üçün material topladı, yaradıcılıq axtarışları apardı. Əsərdəki obrazların prototiplərini bir daha yaxından öyrəndi, müşahidələrini daha da dərinləşdirdi. Axı, Cavid yaxşı bilmədiyi şeyi yazmırdı. Yazmaq istədiyini isə dərindən-dərinə öyrənər, sonra qələmə alardı.

Tural Adışirin
MANERA.AZ
Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ