"Vətəndaş şair"...- Alxan Bayramoğlunun məqaləsi
Manera.az filologiya elmləri doktoru,professor Alxan Bayramoğlunun "Mirzə Ələkbər Sabir" məqaləsini təqdim edir:
Yeni dövr Azərbaycan ədəbiyyatının böyük simalarından olan Sabir milli ədəbiyyatın, Xaqani, Nizami, Füzuli, Vaqif, Axundov, Seyid Əzim kimi klassiklərin, çoxəsrlik Şərq poeziyasının qabaqcıl ənənələri üzərində yetişib kamala çatmışdır. Sabirin «Hophopnamə» adı ilə tanınan şeir kitabı realist ədəbiyyatın gözəl nümunəsi, milli bədii fikrin böyük abidəsi sayılır.
«Molla Nəsrəddin» ədəbi məktəbinin başçılarından biri kimi o, təkcə Azərbaycanda deyil, Şərqin bir çox ölkələrində ədəbi inkişafa qüvvətli təsir göstərmişdir.
Mirzə Ələkbər Sabir Tahirzadə 1862-ci il mayın 31-də Şamaxıda doğulub. Bundan 3 il əvvəl 1859-cu ildə Şamaxı dəhşətli zəlzələyə məruz qalaraq dağılmışdı. Ona görə hökumətin qərarı ilə quberniya mərkəzi Şamaxıdan Bakıya köçürülmüş, yerli əhali isə öz yurdlarında qalmışdı.
Atası Ələkbəri əvvəlcə mollaxanaya qoyur. Lakin Zeynalabdin kişi dindar olsa da, onda həyat eşqi, yenilik duyğusu da güclü idi. Ona görə mollaxanada oğlunun iztirab çəkdiyini və elə bir bilik qazana bilmədiyini görüb, Ələkbəri Şamaxıda yenicə açılmış və xalq arasında az-çox rəğbətlə qarşılanan bir məktəbə qoymağa qərar verdi. Həmin məktəbi məşhur şair və həssas bir pedaqoq olan Hacı Seyid Əzim Şirvani idarə edirdi.
Balaca Ələkbər köcürüldüyü yeni təhsil ocağında Seyid Əzimin məktəbində qayğı və nəvazişlə əhatə olunmuşdu; bir dəfə dərsdə islamda təriqətin rolundan danışarkən Seyid Əzim gülə-gülə demişdi ki, Ələkbərin atası sünni, anası isə şiədir. İndi o, bilməyəcək ki, hansı yolla getsə həqqə tez çatar. Tənəffüsdə Ələkbərin bununla bağlı «Babam sünni, nənəm şiə» sözləri ilə başlanan şeir yazdığını bilən Seyid Əzim həmin şeri oxuyub redaktə etmişdi… Müəllimin redaktəsindən sonra şeir bu cür olmuşdu:
Babam sünni, nənəm şiə, dürək mən,
Nə farsam mən, nə hindəm mən, türək mən.
Muğanda müğbecə, məsciddə Əkbər,
Təfavütü yox, həqiqətdə zirək mən.
Bu faktlar da göstərir ki, o dövrdə Azərbaycan ictimai-mədəni fikrində və mühitində köhnəfikirlilik, mühafizəkarlıq, xurafatla yanaşı, qabaqcıl düşüncə tərzi, yenilik və tərəqqi meylləri də mövcud idi.
Bu əhvalatdan sonra Seyid Əzim balaca Ələkbərə daha çox diqqət yetirməyə başladı; müəllim - şagird münasibətləri get-gedə dostluğa cevrildi.
Ələkbərin bədahətən şeir demək qabiliyyəti və fitri istedadı haqda Seyid Əzim dostlarına danışarkən həmin tanışlardan biri heybədən üç limon çıxarıb birini Ələkbərə, ikisini isə S.Əzimə verib, bu hərəkətə aid şeir istəmişdi. Ələkbər bədahətən
Xümsi şərabı Seyyidə verib saqi dedi.
Sabir fəqirdir, yetər ancaq zəkat ona.
- misralarını söyləmişdi.
Seyid Əzim özünün artıq gənc dostu və sənət həmkarı hesab etdiyi Ələkbərlə tez-tez şeirləşir yaxud Şərqin ulu söz ustadlarının, klassiklərinin əsərlərindən nümunələri seçərək tərcümə etməsini ona tapşırar, bununla şagirdinin poetik istedadının daha da cilalanması qayğısına qalardı. Ələkbər fars klassik şairlərindən olan Sədi Şirazi yaradıcılığından poetik bir nümunəni Azərbaycan dilində belə səsləndirmişdi:
Gördüm neçə dəstə tazə güllər, -
Bağlanmış idi giyah ilən tər.
Ələkbər Sabir sonralar da fars şairi Əbülqasım Firdovsi, Misir şairi Şeyx Məhəmməd Əbdo bəy və digər sənətkarların poetik irslərindən uğurlu poetik tərcümələr etmişdi. Çünki, yüksək şairlik təbi, ədəbi zövqü ilə yanaşı öz ana dilindən başqa ərəb və fars dillərini də mükəmməl bilir, klassikləri orijinalda oxuyurdu.
Ustadla şagird arasında sənət, poetik istedad və s. haqda tez-tez olan söhbət və yarışmaların birinin nəticəsi olaraq Seyid Əzimin ona müraciətlə yazdığı
Ey məh,bilirəm,fitneyi-dövran olacaqsan,
Ey qaşi hilalım,məhi-tavan olacaqsan.
beyti ilə başlanan qəzəlinə Ə.Sabir belə çavab vermişdi:
Sən piri-cahandidəsən, ey Seyyidi-Sərkar,
Məndən çək əlin, eyləgilən pir ilə rəftar!
Bu, artıq öz ayaqları üstə möhkəm dayanan, müstəqil yaradıcılıq qüdrətinə əmin olan, sənət üfüqlərində öz yerini, mövqeyini aydın təsəvvür etməyə başlayan bir istedadın hayqırtı ilə meydan sulaması idi.
Seyid Əzimin Sabirə, hörmət və məhəbbəti getdikcə artırdı. Hətta o, N.Gəncəvinin «Xəmsə»sini Sabirə hədiyyə etmişdi. Bu, ustadın öz yetirməsinə böyük etimad və inamının göstəricisi idi.
Sabir məktəb və sənət müəllimi Seyid Əzimin söhbətlərindən müsəlman dünyası, Orta Asiya şəhərləri haqda çox eşitmişdi. Bundan başqa tarixən Şamaxı - Orta Asiya ticarət və mədəni əlaqələri var idi. O da fürsət düşən kimi həmin diyara gedib eşitdiklərini gözü ilə görmək istəyirdi. Atasına bildirmədən növbəti karvanın biri ilə səfərə çıxdı. Bundan xəbər tutan Zeynalabdin kişi gedib oğlunu yoldan qaytardı və söz verdi ki, yaxın vaxtlarda özü onu səyahətə yola salacaq.
Zeynalabdin kişi vədinə əməl etdi və 23 yaşlı gənc Ələkbər Sabirin səyahətə çıxmasına icazə verdi.Şair özünün səfərə çıxdığı vaxtı belə bir «maddeyi-tarix»lə göstərdi:
Sabiri-şeyda ki,tərki-şəhri-Şirvan eylədi,
Bülbülə bənzərdi kim meyli-gülüstan eylədi.
Min üc yüz birdə,hiçrətdən sonra meymun ili,
Axiri-şəvvalda əzmi-Xorasan eylədi.
Bu poetik maddiləşmə tarixi miladın təxminən 1884-çü ilinin 22 avqustuna düşür. Beləliklə Sabir 1884-çü il 22 avqustda Şamaxıdan A.Səhhətin yazdığına görə «necə vaxt Xorasan, Səbzəvar, Nişapur, Türbeyi-Heydəriyyə, Türbəti-Çami, Xoy, Səmərqənd, Buxara tərəfləri səyahət edir. Əsnayi-səyahətində dəstfüruşluqla güzəran edirmiş. Bu arada Xorasan ətrafında vəba naxoşluğu düşdüyünə görə orada dayanmayıb Şamaxıya qayıdır. Bir neçə vaxt Şamaxıda qaldıqdan sonra Kərbəla ziyarətinə azim olur. Ətabati-aliyatda bir çox növhə və dübeytlər yazmışdır…
Kərbəladan qayıtdıqdan sonra yenə Xorasana gedir və bu dəfə Eşqabadda və Mərvdə sakin olmaq istərkən pədəri Şamaxıda vəfat edir». Bu xəbəri eşidib Şamaxıya qayıdır.
Beləliklə, ailə təsərrüfatını idarə etməyə başladı və evləndi. Çoxsaylı uşaqlarından əksəriyyəti kiçik yaşlarında öldü. Qızı Səriyyə və oğlu Məmmədsəlim isə ata-analarının şəcərələrinin davamçısı oldular. Hazırda Şairin nəvə və nəticələri həyatdadırlar…
Ölkədə maarifçilik hərəkatı getdikcə güclənirdi. M.F.Axundov ənənələrini davam və inkişaf etdirən N.Vəzirov, H.Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov, N.Nərimanov, M.Şahtaxtlı, İ.S.Şahtaxtlı, Ə.Topcubaşov, S.M.Qənizadə, M.T.Sidqi və b. ədiblərin, maarif və mədəniyyət xadimlərinin aydın və məqsədyönlü fəaliyyətləri ilə xalqın milli təəssüb hissi güclənir və o, elmə, maarifə, təlim-tərbiyəyə tapınırdı. Səyahətdən qayıdıb ailə quran Ələkbər Sabir ailə-məişət qayğıları ilə yanaşı ölkənin sosial-mədəni həyatını sarmış olan mənəvi-psixoloji yeniləşmə və təmizlənmə burulğanının içində öz yaradıcılıq amalının üfüqlərinə doğru yön almaqda idi. O, belə bir qəti qənaətə gəlmişdi ki:
Şeir bir gövhəri - yekdaneyi-ziqiymətdir,
Salmaram vəsfi-düruğ ilə onu qiymətdən.
Deyərəm həcv, sözüm doğru, kəlamım şirin,
Əhli-zövqə verərəm nəşə bu xoş şərbətdən.
Məlumdur ki, 1906-cı il aprelin 7-də Tiflisdə Azərbayçanın ilk satirik mətbu orqanı-«Molla Nəsrəddin» jurnalı nəşrə başlayır. Sabirin fikir və duyğularının mübariz ruhda formalaşmasında «Molla Nəsrəddin» jurnalı əhəmiyyətli rol oynadı. O, öz yaradıcılıq ruhuna yaxın saydığı «Molla Nəsrəddin»in ən sevimli şairi, ən fəal iştirakçısı oldu. Sabirin «Molla Nəsrəddin»də iştiraka başlaması jurnal üçün vaxtında baş verən mühüm, sevindirici hadisə idi. C.Məmmədquluzadə çap etməyə başladığı jurnalın ideya və üslubuna uyğun bir şair tapa bilmədiyindən onun ilk nömrələrindəki şeir parçalarını özü yazmalı olmuşdu. Sabirin simasında isə o, məhz axtardığı «Molla Nəsrəddin» şairini, qüdrətli qələm və məslək dostunu tapmışdı.
Onu da xüsusi olaraq nəzərə almaq lazımdır ki, hələ «Molla Nəsrəddin» jurnalının nəşrindən xeyli qabaq «Həyat» qəzetində «Müsəlman və erməni vətəndaşlarımıza» şeirindən sonra 10 fevral 1906-cı ildə «Bir məclisdə on iki kişinin söhbəti» başlıqlı satirik şerini çap etdirən Sabir də özünə, yeni-yeni formalaşmağa başlayan yaradıcılıq üslubuna uyğun gələn çap orqanı, fəaliyyət meydanı axtarırdı. Şeir «Bir məclisdə on iki kişinin söhbəti» adlansa da, əslində bu satiradakı tiplər bir-birləri ilə söhbət etmirlər. Onların hər biri ayrı-ayrılıqda ictimai-milli rüsvayçılıq kürsüsünə çıxaraq özlərinin iç üzlərini, əsl simalarının elan edib hələlik səhnə arxasına çəkilirlər. Bu mənada «Bir məclisdə…» satirasını Sabirin hay-küylü, əzəmətli «poeziya teatrı»nın proloqu hesab etmək olar. Məhz yeni realist şerin proqram və məramnaməsi kifayət qədər aydın müəyyənləşdirildiyi, onun üslub və şivəsi qəti qərarlaşdırıldığı üçündür ki, Sabir böyük bir «nərilti və gurultu ilə» (C.Məmmədquluzadə) ictimai yaradıcılıq meydanına atıldı. Bundan sonra onun «on iki kişinin məclisi»nə yığdığı ictimai zümrələrin qalın riyakarlıq pərdəsi arxasında gizlənən əsl simaları oxucu və tamaşaçıların gözləri qarşısında daha geniş və aydın boyalarla canlandırılmağa başlandı. Sabirin tiplər qalereyası genişləndikcə poetik rəsm fırçasının boyaları da yeni-yeni çalar, rəng seçimi ilə diqqəti cəlb edən mənzərələrlə zənginləşdi, kamilləşdi. «On iki kişinin məcmuəsində»ki tiplərin nümayəndələrindən biri «Molla Nəsrəddin» jurnalında
Millət necə tarac olur, olsun nə işin var?!
Düşmənlərə möhtac olur, olsun, nə işin var?! -
deyə danışmağa başladı. Bu satira demokratik ictimai dairələrin, həmçinin Sabirin yeni şeir proqramını - «Bir məclisdə…» satirasını öz səhifələrində dərc edən «Həyat» qəzetinin də diqqətindən yayınmadı. Qəzetin növbəti «poçt qutusu»nun birində belə bir qeyd verildi:
«Molla Nəsrəddin»ə.
Əfəndim, 28 aprel tarixli dördüncü nömrəni əvvəlki nömrələrdən daha ziyadə bir ləzzətlə mütaliə etdik…»
Sabirlə C.Məmmədquluzadə arasındakı ideya-məslək dostluğu kimi, şairin adı ilə bağlı olan ədəbi məktəb - Sabir poeziya məktəbi də «Molla Nəsrəddin» jurnalı səhifələrində yetişib kamala çatdı və həmin ədəbi məktəbin Ə.Nəzmi, Ə.Qəmküsar, M.Möcüz, Ə.R.Şamcızadə, M.H.Zeynalov və b. nümayəndələri yetişdi.
«Molla Nəsrəddin»də iştirak etdiyi illər (1906-1911) zamanca bir o qədər böyük olmasa da, Sabirin yalnız Azərbaycanda deyil, Yaxın və Orta Qərqdə çox qüdrətli bir şair kimi tanındığı dövrdür. Jurnalın elə nömrələri var ki, orada onun iki əsəri çap olunmuşdur. Şair satira qəhrəmanlarının, tənqid hədəfinə çevirdiyi ictimai tiplərin, qaraguruhun tənə və təzyiqindən qorunmaq ücün şeirlərini müxtəlif gizli imzalarla çap etdirirdi.
Bütün təzyiq, tənə və təhqirlərə baxmayaraq, Sabir öz ictimai-milli mübarizə əzm və amalından dönmədi. Fəaliyyət və mübarizə meydanını həm forma, həm də məzmun və miqyasca genişləndirdi.
Biz onu bir tərəfdən Şamaxıda 1906-cı il mayın 7-də açılan ilk müsəlman kitabxana-qiraətxanasının təşkilati işlərində yaxından iştirak etməklə yanaşı, bu mədəniyyət ocağının acılışındakı nəzmən və nəsrən çıxışına görə mükafat alan bir şair və mədəniyyət xadimi kimi görür, digər tərəfdən də 1906-cı ildə erməni müsəlman davası zamanı Qarabağ zərərdidələrinə kömək məqsədilə Şamaxıda keçirilən ianə yığmaq kampaniyası və Nəcəf bəy Vəzirovun «Yağışdan çıxdıq, yağmura düşdük» əsərinin tamaşaya hazırlanmasında iştirak edən, həm də bu prosesin və tamaşanın mətbuat səhifələrində ictimai məzmunlu publisistik məqalələrlə işıqlandırılması şəraitində görürük… «Dəbistan (1906) və «Rəhbər» (1907) uşaq jurnallarının nəşrə başlaması, habelə Bakıda Azərbaycan müəllimlərinin birinci (1906) və ikinci (1907) quruliaylarının kecirilməsi, həmin qurultayların qəbul etdiyi mütərəqqi istiqamətli qərarlara uyğun olaraq həyata keçirilən bir sıra tədbirlər haqqında məqalə və satiralar qələmə alması, dərsliklər, o cümlədən «Birinci il» (1907), «İkinci il» (1908), «Yeni məktəb» (1909) dərslikləri üçün uşaq psixologiyasına uyğun «Yaz günləri», «Uşaq və buz», «Cütcü» və s. klassik uşaq şeirlərini yazması, bu addımlarının ədəbi və elmi-pedaqoji ictimaiyyət tərəfindən təqdir edilməsi Sabiri milli-mədəni tərəqqi və inkişaf uğrunda mübarizəyə daha şövq və qüvvə ilə qoşulmağa sövq edirdi. Bu arada aldığı məktublarda xəbər verilirdi ki, yaxın zamanlarda Qori seminariyasının Azərbaycan şöbəsində müəllim yeri boşalacaqdır. Dostları şairə həmin yeri tutmaq ücün təşəbbüs etməyi məsləhət görür və bu işdə ona kömək edəcəklərini bildirirdilər. Sabirin sabun bişirib satdığı baqqal dükanını sataraq səylə rus dilini öyrənməyə başlaması da seminariya müəllimliyinə hazırlaşması ilə bağlı idi. Məktublarında o, dönə-dönə yazırdı ki, buna «vaxtı müsaidə etdikcə çalışır». Müasirləri bu günlərdə Sabirin rus klassikləri ilə də çox maraqlandığını yazırlar.
Həmin dövrdə Sabir «Molla Nəsrəddin» jurnalı ilə yanaşı, Bakıda nəşr olunan mətbuat orqanlarında - «Həyat», «İrşad», «Tazə həyat» qəzetlərində, «Dəbistan», «Rəhbər», «Bəhlul» jurnallarında da şeir, məqalə və felyetonlarla fəal çıxış edir.
O, «Ləbbeyk icabət» məqaləsində xalqı «İrşad» qəzetinə abunə olmağa çağıraraq, sözlərini aşağıdakı misralarla tamamlayırdı:
Milliyyəti yad eyləyin, ey milləti naci!
Pək təhlükəli xəstədir islam məzaci!
Buradan görünür ki, Sabiri təkcə Azərbaycan, öz həmvətənləri deyil, bütövlükdə islam Şərqi narahat edirdi. Çünki o, Azərbaycanın tərəqqi və inkişafını dünyadan, islam şərqindən təcrid olunmuş şəkildə təsəvvür etmirdi. Odur ki, «İrşad» qəzetinin 13 oktyabr 1906-cı il tarixli nömrəsində çap etdirdiyi «Qeyrət» başlıqlı məqaləsində o dövrdə islam xalqlarının, islamiyyətin tərəqqisi problemləri ilə bağlı mətbuatda xüsusən «Bizə hansı elmlər lazımdır?» ümumi başlığı ilə gedən mübahisə və fikir mübadilələrinə öz münasibətini bildirərək yazırdı:
«Zənni-acizanəmə görə bunca tərqib və təhrisdən murad islamın ancaq islamiyyət ilə bərabər edəcək olduğu tərəqqisidir ki, onun sayəsində hər cəhətlə qeyrəti-islam və namusi-millət mülahizə olunsun; nəinki daireyi-islamdan xaric tərəqqidir ki, onilə nə irzi-islam mühafizə və nə qeyrəti-milliyyət mülahizə oluna bilər».
Sabir dünya xalqlarının tərəqqisi ilə ayaqlaşmağı milli özgünlüyün qorunub saxlanmasına qarşı qoymurdu. Əksinə, əsrlərdən bəri formalaşaraq stabilləşən və milli simamızın keyfiyyət göstəricisinə cevrilən mənəvi-əxlaqi dəyərlərin zamanın tələblərinə uyğun surətdə inkişaf etdirilməsi, milli və dini birliyin daha da möhkəmləndirilməsi tələbini irəli sürürdü. Bununla milli qeyrəti - simanı, eyni zamanda islami əxlaq normalarını itirmək və beləliklə də simasızlaşaraq parcalanıb digər dünya xalqları arasında əriyib tələf olmaq təhlükəsindən xilas olarıq. Şair firqə və təriqətlərə parcalanmanı milli mənlik şüurunun, «qeyrəti-milliyyəmizin» formalaşması yolunda ən böyük təhlükə sayırdı.
Elə bu düşüncələrlə də «Təhəssür» adlı növbəti şerinə belə bir epiqraf qoyur:
İstənilir ittifaq,
Göstərilir infiraq.
Sabir milli tərəqqi və inkişafa mane olanları «Molla Nəsrəddin» jurnalında, «Həyat» və «İrşad» qəzetində bir-birinin ardınca çap etdirdiyi «Ey fələk, zülmün əyandır…» sözləri ilə başlanan bəhri-təvilində, «Məsləhət», «Əlminnətü-lillah ki, «Dəbistan»da qapandı» və digər satiralarında kəskin ifşa edirdi. Odur ki, bu dövrdən başlayaraq şairin dostları ilə yanaşı düşmənləri də çoxalırdı. Onun satira hədəfinə tuş olan «millət rəisləri» Sabiri susdurmaq ücün cürbəcür çirkin əməllərə əl atırdılar. Bütün bunlar isə vətəndaş şairi öz yolundan döndərə bilməsə də, hər addımını ölcüb-bicməyə, son dərəcə ehtiyatlı olmağa vadar edirdi. Şairin «Bəhlul» jurnalı redaktoruna 27 may 1907-ci il tarixli məktubundan o da aydın olur ki, Sabir həmin ilin (1907-ci ilin) fevral ayından bir müddət dövrün mühüm aktual məsələlərinə dair məqalə yazmaqdan da əl çəkir. Bunu o, «dükan açıb kəsbkara məşğul olması» ilə əlaqələndirərək yazır: «…Üç-dörd ay olur ki, dükan açıb kəsbkara məşğul olduğumdan, idarələrə məlum olduğu kimi, əxbarnəvisliyi bilkülliyyə tərk etməyə məcburəm».
Doğrudan da, 1907-ci il fevralın 12-dən iyunun 15-dək mətbuatda Sabirin məqaləsi cıxmamışdır.
1908-ci il aprelin 11-də Bakı quberniya ruhani idarəsində imtahan verən şair mayın 7-də Tiflisə gedib Qafqaz ruhani idarəsinin verdiyi 944 nömrəli attestat ilə Ana dili və şəriət müəllimi hüququ alır. Lakin Qoridən aldığı yeni bir məktubdan sonra o, seminariyaya müəllim düzəlməkdən ümidini kəsir. Sabir dostu A.Səhhətlə birlikdə Şamaxıda dövlət hesabına məktəb açmaq istəyir, ancaq hökumət icazə vermədiyinə görə bu niyyət baş tutmur. Bir müddət Şamaxıda Əbdülxalıq əfəndinin məktəbində köməkçi müəllim kimi dərs deyir. Burada Ana dili, fars dili, hesab, coğrafiya və digər təbiət elmlərinə dair ibtidai məlumat verilir, Quran və şəriət öyrədilirdi. Dövrünün görkəmli mətbuat və ədəbiyyat xadimlərindən olan Haşım bəy Vəzirov həmin günlərdə Azərbaycanın obalarını gəzərkən Şamaxıda da olmuş, bu zaman «Ümid» məktəbinə də baş cəkmişdi. O, səfər təəssüratını qələmə alarkən «Ümmid» məktəbi haqda özünün «İttifaq» qəzetində yazırdı: «…Sabirin məktəbində uşaqlar gözəl bir tərzdə təlim tapırlar. Bu məktəbdə mübtədi elmlər keçilir, lakin əsaslı və davamlı kecilir.
Bütün bunlarla yanaşı, yuxarıda qeyd etdiyimiz kimi, «Ümmid» məktəbində Sabir təkcə nümunəvi təlimlə öz işini bitmiş hesab etmirdi. O, şəhərdə (Şamaxıda) kecirilən mədəni-kütləvi tədbirlərdə - məsələn, Novruz, Xüm-Qədir kimi milli və dini bayramlarda - şagirdlərinin çıxışlarını təşkil edirdi. Lakin cəmi bir tədris ili fəaliyyət göstərən «Ümmid» məktəbi 1909-cu ilin yayında qapandı. İşsiz qalan Sabir özünə, xalqın gələcəyinə bəslədiyi ümid və arzularına göstərilən bu haqsız və qərəzli münasibətdən dərin ruhi sassıntılar keçirir. Onun sarsıntılarının miqyasını təsəvvür etmək ücün 1909-cu ilin payızında S.M.Qənizadəyə göndərdiyi məktubuna nəzər salmaq kifayətdir.
Sabir Şamaxıdakı dözülməz vəziyyətini həmin günlərdə qələmə aldığı qəzəllərindən birində belə ifadə etmişdi:
Viranə Şəmaxidə mənə gənc tapılmaz,
Bir gənc bu viranədə birənc tapılmaz.
Görünür, Sabirin S.M.Qənizadəyə bu müraciəti cavabsız qalmadığı ücün o, iş dalınca Bakıya yola düşdü.
Bakıya işləmək məqsədilə etdiyi məcburi səfərini özü ücün qürbət hesab edirdi. Bununla yanaşı, Bakıda tərəqqipərvər, qayğıkeş və Sabir sevərlər tərəfindən mehribanlıqla qarşılanıb qayğı ilə əhatə olunması sanki onun yaralı qəlbinə şəfaverici məlhəm qoymuşdu.
Hələlik o, əsərlərini müvəqqəti fasilədən sonra öz nəşrini Əlabbas Müznibin «sər mühərrir»liyi ilə davam etdirən «Zənbur» jurnalında çap etdirir. Hətta jurnalın materiallarının planlaşdırılmasında, mövzuların seçilib sifariş verilməsində də yaxından iştirak edir. Bu isti münasibətdə, söz yox ki, «Zənbur»un «Molla Nəsrəddin» jurnalı ənənələrini davam etdirməsi də az rol oynamırdı.
Bakıda qayğıkeş və diqqətcil insanlarla getdikcə möhkəmlənən yaradıcılıq və dostluq əlaqələri ilə yanaşı, Haşım bəy Vəzirovla köhnədən tanışlığı və aralarındakı çoxdankı qarşılıqlı səmimi ünsiyyət Sabirlə «Səda» qəzeti arasında da işgüzar əlaqə yaranmasına əsas vermişdi.
Sabirin həmyerlisi və dostları Məhəmməd Hadi ilə Əbdür-rəhman Tofiq Əfəndizadə də «Səda»da işləyirdilər. M.Hadi İstanbula getməyə hazırlaşdığı üçün Sabir də onun yerində «Səda» redaksiyasında işə düzəlir. Elə bu vaxt uşaqlıq və məktəb dostu S.M.Qənizadənin vasitəciliyi və köməyi ilə 1910-cu il fevralın lap ilk günlərində Balaxanı kəndində «Nəşri-Maarif» cəmiyyətinin nəzdində fəaliyyət göstərən camaat məktəbinə şəriət və (türk) Ana dili müəllimi vəzifəsinə təyin edilir.
Sabir Balaxanı məktəbində işlədiyi qısa müddət ərzində təlim-tərbiyədə nəzərə çarpacaq uğur qazandı. Şagirdlər digər fənnlərlə yanaşı, şəriət və Ana dilindən də yüksək qiymət aldılar. Onun fəaliyyəti valideynlər və pedaqoji rəhbərlik tərəfindən təqdir olunmağa başladı. Lakin şair-pedaqoqun bədxahları burada da yatmamışdılar. Növbəti dərs ilinin başlanğıcında məktəbdə yaranan böhranlı vəziyyətdən istifadə etməyə çalışan keçmiş şəriət müəllimi Molla Abdulla və tərəfdarları məktəbin bəzi müəllimləri ilə yanaşı, Sabirin də Balaxanıdan çıxıb getməsi ücün canfəşanlıq etməyə başladılar.
Belə ağır vəziyyətdə məktəbin rəhbərliyi və Balaxanı kənd əhlinin əksəriyyəti Sabiri və digər müəllimləri müdafiə etdilər. Bu barədə yenə Baxış Əhmədovun «Adsız məktublara cavab» adlı məqaləsində oxuyuruq:
«… Yavrum, bilmiş ol ki, Sabir, yaxud məktəbimizdə olan sair müəllimlər bizim övladlarımızın ruhani pədərləri olduğu kimi, bizim həqiqi bəradərlərimizdir. Biz hər vəqt Allahın ovni ilə onların mühafizəkarlarıyız».
Sabir «Həqiqət» qəzetində 1910-cu il iyunun 10-dan sonra işləməyə başlayır. Bu vaxt Üzeyir bəy Hacıbəyov həmin qəzetin redaktorluğundan getmiş, onun yerinə isə «Balaxanı camaat məktəbinin müdiri Əhməd Kamal» dəvət olunmuşdu. Həmin günlərdə məktəblər yay tətilində idi. Odur ki, məktəbin direktoru Əhməd Kamalla müəllimi Sabirin «Həqiqət»də işləməsinə heç bir maneçilik ola bilməzdi.
Həm məktəbdə, həm də mətbuat orqanlarında gərgin işləməsi və ailəsindən kənarda yaşaması Sabirin xəstələnməsinə səbəb oldu. Xəstəliyinin getdikcə şiddətlənməsi şairi 1910-cu il dekabrın lap ilk günlərində Bakıdan işdən ayrılıb Şamaxıya - öz ailəsinin yanına getməyə məcbur etdi. Lakin Sabir «Günəş» qəzeti, ümumən Bakıda çıxan mətbuat orqanları ilə əlaqəsini üzmədi. Eyni zamanda, «Molla Nəsrəddin» jurnalı redaksiyası ilə əlaqəsini bərpa etdi.
* * *
Sabir Şamaxıda ikən «Molla Nəsrəddin» jurnalı ilə də əlaqəsini bərpa etmiş, ona çap olunmaq üçün şeirlər göndərməyə başlamışdı.
Sabir məktubun sonunda əlavə edir ki, «Əfəndim! Yavaş-yavaş dirçəlirəm. Ümidvaram ki, cox şeir yazam!»
C.Məmmədquluzadə isə öz növbəsində Sabirə məktub yazaraq onu müalicə üçün Tiflisə - «Molla Nəsrəddin» idarəsinə dəvət etdi. Özü Həmidə xanımla birlikdə Qarabağda olduğu üçün, jurnalın müvəqqəti redaktoru Məmmədəli Sidqiyə də məktub yollayıb, ona Sabirin müalicəsi ilə məşğul olmağı tapşırdı. C.Məmmədquluzadə narahatlıqla M.Sidqiyə yazırdı ki, «Sabirin əhvalından mənə hər dəfə yaz!.
Məktubu aldıqdan sonra Sabir dostunun təkidlərinə qulaq asaraq müalicə üçün Tiflisə getdi. Sabir özü naxcıvanlı maarifpərvər dostu Qurbanəli Şərifzadəyə yazdığı 6 fevral 1911-ci il tarixli məktubunda məlumat verir.
Məktubdan Sabirin xəstəliyi ilə yanaşı, onu müalicə edən həkimin də kimliyi məlum olur. Eyni zamanda, burada şairin can ağrılarından doğan həsrət və intizarı da duyulur. O, hələ Şamaxıda ikən qələmə alıb, Tiflisə gələn kimi «Molla Nəsrəddin»də çap etdirdiyi «Əzrailin istefası» satirasında xəstənin dərdinə əlac etməkdənsə, üzdəniraq müalicəsi ilə onu daha da şiddətləndirib insanların vaxtından əvvəl ölümünə bais olan «həkimləri», onların nadan və kütbeyinliklərini ifşa etmişdi.
Sabir Tiflisdə xəstəxanada yatarkən Novruz bayramı günləri ərəfəsində M.Sidqiyə təklif edir ki, «…bu gün - sabah bayram yaxınlaşır, ömrüm də günbəgün azalır. Bu dərddən xilas olmayacağıma da əminəm. Gələsən «Molla Nəsrəddin»in bayram nömrəsini yadigarlıq üçün şeirlə çıxaraq»…
Beləliklə, Sabir «Molla Nəsrəddin» jurnalının bayram nömrəsi ücün «Ey pulluların səfası, Novruz!», «Bayram töhfəsi», «Həmdülillah ki, bu gün bəxtəvər oldu başımız» şeirlərini yazır. Görünür, xəstəliyi şiddətləndiyi üçün axırıncı şeir yarımçıq qalır. Odur ki, xəstəxanadan jurnalın idarəsinə, oradan isə martın sonlarında Tiflisdən Şamaxıya qayıdır. Bir müddət Şamaxıda, öz evində qaldıqdan sonra xəstəliyi şiddətləndiyi ücün 1911-ci il mayın axırlarında təkrar Tiflisə gəlir. Bu dəfə artıq C.Məmmədquluzadə ilə Həmidə xanım da Kəhrizlidən - Qarabağdan Tiflisə qayıtmışdılar. Odur ki, böyük şairin müalicə işləri ilə onlar şəxsən məşğul olurdular. Onların Sabirə sonsuz ehtiram, qayğı və diqqət göstərmələri haqda şair özü dostu Abbas Səhhətə yazdığı 15 iyun 1911-ci il tarixli məktubunda məlumat verir:
Mirzə Cəlilgil həkimləri yığaraq Sabirin müalicəsi ücün konsilium elətdirirlər. Onlar cərrahiyyə əməliyyatı aparılmasını təklif etsələr də, bunun uğurlu nəticəsinə qəti əmin olmadıqlarına görə Sabir də bu işə razılıq vermir.
A.Səhhətə yazdığı növbəti - 27 iyun 1911-ci il tarixli məktubundan məlum olur ki, Sabiri bu dəfə Kasparyans familiyalı bir həkim müalicə edir. Ancaq o, C.Məmmədquluzadə ilə Həmidə xanımın hədsiz qayğıkeşliyi, bütün müalicə xərclərini öz üzərlərinə götürmələrindən bir insan kimi həya edib, xəcalət cəkir. Ona görə bir qədər tez sağalaraq dostlarını artıq xərc və əziyyətdən qurtarmaq məqsədi ilə xəlvəti olaraq Qandəmirov familyalı başqa bir həkimə müraciət edib, onun yazdığı dərmanları da qəbul edir. Bu, şairin halını daha da pisləşdirir. Sabir abrına qısılıb tutduğu işi və halının pisləşmə səbəbini Mirzə Cəlilə deyə bilmir. Bütün bunlar, habelə tezliklə ümidsizcəsinə Şamaxıya qayıtmaq fikrində olması haqda yazır:
«…Xəcalətimdən əhvalatı Mirzə Cəlil cənablarına deməyə utanıram… Bir qədər babət olar isəm Şamaxıya qayıdacağam».
Beləliklə, özünü bütünlüklə vətəninə, xalqına, onun abadlığına və xoşbəxtliyinə həsr edən vətəndaş şair özünün kiməsə, ən yaxın dostlarına belə əziyyət verməsinə qıymır, razı ola bilmirdi Odur ki, A.Səhhətə yazdığı kimi də elədi - iyunun sonu, iyulun ilk günlərində Tiflisdən Şamaxıya qayıtdı. Bir-iki gün sonra isə, sağalmaq üçün son cəhd olaraq, Bakıya gəlir. Şairin həmin səfəri ilə əlaqədar Mehdi bəy Hacınski «Ə.Sabir, yaxud xəstə şairimiz» başlıqlı məqaləsində belə yazır:
«… Bir neçə vaxtdan bəri şairi-möhtərəm Ə.Sabir cənabları naxoşdur…
…Möhtərəm şairimiz Şamaxıda qabil həkimlər bulamadığından haləti-zəif tamam ilə bərabər dübarə Bakıya övdət etməyi (qayıtmağı, geri dönməyi - A.B.) məsləhət gördüyü üçün şəhərimizə vaid olubdur…
Cərrahlar məsləhət görərlər isə, şairimiz bu günlərdə (operatsiya) əməliyyate-cərrahiyyə etdirmək niyyətindədir.
Şairimiz «İslamiyyə» mehmanxanasında 18 nömrəli mənzildə bulunur».
Lakin uzun və üzücü xəstəlik Sabiri cismən çox zəiflətdiyi ücün həkimlər onun üzərində cərrahiyyə əməliyyatı aparmağa ürək etmədilər. Məsləhət gördülər ki, Şamaxıya qayıdıb yaylaqda bir qədər dincələndən sonra xəstə üzərində əməliyyat aparılsın. Bu haqda yenə «Məlumat» qəzetindəki «Xəstə şair» başlıqlı yazıda deyilir:
«Keçənlərdə qəzetimizdə şairimiz Ə.Sabir cənablarının xəstə olduğunu və bu yaxın zamanda (operatsiya) əməliyyate-cərrahiyyə etdiyini yazıb, cəmaətin mumiəlihə müavinətdə bulunmalarını təmənna etmişdik.
Həkimlərin tövsiyyəsi ilə şairimiz Şamaxı yaylaqlarına qayıtmağa məcbur olmuşdur. İki ay orada qalıb təqviyat tapdıqdan sonra Bakıya gəlib operatsiya etdirəcəkdir…»
Lakin bu xəbərin carından iki gün sonra - 12 iyun 1911-ci ildə Mirzə Ələkbər Sabirin can çsəkişmələri sona yetdi. Şairin əbədi olaraq gözlərini yumması haqda Abbas Səhhətin vurduğu «Qara xəbər» teleqramı mətbuatda dərc olundu…
* * *
Şairin cənazəsi Şamaxıda «Yeddi künbəz» qəbiristanlığında torpağa tapşırılır. Dostu və həmkarı Abbas Səhhətin təşəbbüsü ilə qəbirüstü abidəsi qoyulur. Sabirin vəfatının ildönümüləri onun xatirəsinin yadetmə mərasimləri (bu haqda dövri mətbuatda məlumatlar, xəbərlər var.) ilə yad edilir, haqqında dövri mətbuatda A.Səhhət, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, H.Cavid, Ə.Haqverdiyev, F.Köçərli, H.İ.Qasımov və başqalarının məqalə və xatirələri çap edilir…
* * *
Mirzə Ələkbər Sabir satirik şair kimi məşhurlaşsa da, eyni zamanda klassik səviyyəli lirik qəzəllər, sənətkarlıqla yazılmış duzlu, məzəli felyetonlar, dərin məzmunlu elmi, tənqidi və publisistik məqalələr, müxbir məktubları və poetik tərcümələr müəllifidir. Bütün bu yazılar janrından və həcmindən asılı olmayaraq, böyük istedadın, qəlbi vətəndaşlıq duyğusu ilə döyünən bir qələm sahibinin əsəri kimi diqqəti cəlb edir. Çünki Sabirin təsvir etdiyi ən kiçik hadisə və detallarda belə zamanın nəbzi, insanların duyğu və düşüncələri duyulur. Əziz Mirəhmədovun təbirincə desək, «təsvir etdiyi hadisə və insanların xarakterindən, daha doğrusu, inqilabın yüksəlib, enməsindən asılı olaraq Sabirin sözləri də müxtəlif qammalarda səslənirdi. Onun əsərlərində gah inqilabçıların qələbəsinin təsviri, sevinc, fərəh, gah təhlükə gözlənilməsi ilə əlaqədar olaraq təşviş, gah da məğlubiyyət nəticəsində əmələ gələn qüssə, qəmginlik hiss edilir». Bir sözlə, Sabir yaradıcılığında dövrün sosial-siyası, milli-psixoloji, mənəvi-əxlaqi və ideya-estetik ritmi bütün rəngarəngliyi ilə görünür, təsvir edilir. Bu da şairin ideya baxımından ayıq, sənətkarlıq cəhətdən iti, bədii-estetik xüsusiyyətlərinə görə realist təsvir ustalığından irəli gəlir.
Bütövlükdə Sabir yaradıcılığı Azərbaycan ictimai-bədii fikir tarixində bənzərsiz, özgün bir mərhələ təşkil edir. Bu sənətin təsir və əhatə dairəsi, aktuallığı şairin öz sağlığında olduğu kimi yenə qalmaqdadır. Odur ki, Sabir fəlsəfəsi, Sabiranə deyim tərzi ayrı-ayrı sənətkarları, bütövlükdə xalqı daim özünə cəlb etməkdədir. O “Ruhum!... şeirində yazırdı:
Mən gedərsəm,var olsun amalım!
Yaşasın şəhriyari-hüriyyət!
Yaşasın şəhriyari-hüriyyət!
Mən gedərsəm,var olsun amalım!
Doğrudan da, Sabirin tərəqqi, istiqlal və parlaq istiqbal amalları, yüksək xəlqi «məramı yenə dünyada durur». Bəşər övladı durduqca bu amal və məram öz təzə-tərliyini daim hifz edəcəkdir.
Azərbaycan jurnalı.-2013.-N5.-S.181-188