Qapımıza deyil, qəlbimizə vuran buyursun..- 40 qızıl qayda

Tarix:12-10-2017, 13:34 Baxış Sayı:142

Qapımıza deyil, qəlbimizə vuran buyursun..- 40 qızıl qayda
Sufiliyin bir cərəyan olaraq meydana çıxdığı ilk çağlardan bir çox ünlü sufi şeyxləri “sufi necə olmalıdır?”, “sufi necə düşünməli, necə davranmalıdır?”, “sufi hansı özəlliklərə sahib olmalıdır?” və digər bu kimi suallara cavab verməyə çalışmışlar. Ayrı-ayrı sufi mürşidlər öz çıxışlarında bu sualların cavabını ümumi və ya bəndlər şəklində cavablamışlar.

Lakin bunların heç biri bu sualları bütünlüklə əhatə etməmiş, yalnız bəlli bir qismini qapsamışdır. İlk dəfə olaraq sufilik tarixinin ən ünlü şeyxlərindən olan Şəms Təbrizi uzun düşüncələr sonucu bu suallara dolğun cavabları özündə əks etdirən, sufiliyi bu gün belə yaşam tərzi olaraq seçənlər üçün keçərli ola biləcək “Sufiliyin qırx qızıl qaydası”nı hazırlamışdır. Tam adı Şəms əd-Din Məhəmməd ibn Əli ibn Məlikdad Təbrizi olan bu ünlü mürşid 1185-ci ildə əski Azərbaycan şəhəri Təbrizdə doğulub. Milliyətcə Azərbaycan türkü olan Şəms Təbrizi gənc yaşlarında “mürşidi-kamil” məqamına ucalan nadir sufilərdəndir. Qaynaqların yazdığına görə Şəms Təbrizi hazırcavab, bilikli və yetkin bir mürşid olmasıyla bərabər həm də görünüşcə çox gözəl simaya malik olub. Öz yüksək yetənəkləri və üstün özəllikləri ilə çoxlarını heyran edən Şəms Təbrizi digər ünlü sufi şeyxi Mövlanə Cəlaləddin Ruminin hədsiz dərəcədə sevdiyi və sayğı bəslədiyi bir dostu və ustadı olmuşdur.

Necə və hansı şəraitdə öldüyü müəmmalı olsa da onun aydın və dərin anlam daşıyan hikmətli sözləri yüz illərdi çıxışların və yazıların bəzəyi, düşüncələrin yön vericisidir. Onun hikmət dolu sözləri “Seyri-süluk” olanlar üçün bu gün də dəyərini və əhəmiyyətini itirməyən mənəvi xəzinədir;

-Qadın bilənə “nəfəs”, bilməyənə “nəfs”dir,
-İnsanda olan bütün özəlliklər şeytanda da var. Şeytanda olmayan tək insani özəllik Eşqdir. Şeytanın insanı çəkə bilməməsinin nədəni eşqsizliyidir.
-Tanrı bir insanı sənin əlinlə ayağa qaldıracaqsa, sən əlini necə uzatmazsan? Tanrı səni insanlara sevdirmək istəyir. Tanrı sənin dağılmış parçalarını toplayır. Eşqə dönüklük etmə.
-Eşq odur ki, Tanrıdan aldığı eşq əmanətini Tanrıya verir. Eşq məzhəbində hər şey uca Eşqə qurbandır.
-İnsan məşuq aramır, məncil duyğularına kölə arayır. Köləni tapır, amma eşqi tapa bilmir.
-Ey Könül! İndi səndən soruram: Hansı Eşq daha böyükdür? Anladılaraq dilə düşənmi, anladılmayıb ürək deşənmi?
-Öncə sevgini anlayaq.
-Tanrı sənin qapından eşq sarayına bir insan qəbul edəcəksə, o insana necə “mən səni sevmirəm” deyirsən?
-Bütün aləm şərab içib sərxoş olur, biz eşq əhliyik, içmədən sərxoş oluruq.
-Qapımıza deyil, qəlbimizə vuran buyursun...

Şəms Təbriziyə görə insanı şeytandan fərqləndirən tək şey Eşqdir. Eşqi olmayan insan şeytanın tərəfindədir. Düşüncə və görüşlərində daha çox Eşqə - Tanrı Eşqinə, yaradılış eşqinə önəm verən, “Sevməyənə qarışqa yükdür, sevənə fillər qarışqa, Dağı belə daşıyar insan, aşiq olub inanınca” – deyən Şəms Təbrizi “Sufiliyin qırx qızıl qaydası”nı yazmışdır.

Sufilər üçün bu gün də “qızıl qayda” olaraq qalan və əhəmiyyətini itirməyən həmin qırx qızıl qayda bunlardır:

1.Tanrını hansı sözlərlə və necə tanıtmağımız, özümüzü necə gördüyümüzə güzgü tutar. Tanrı deyiləndə öncə ağlına qorxulacaq və utanılacaq bir varlıq gəlirsə, demək sən də qorxu və utanc içindəsən. Lakin Tanrı deyiləndə öncə eşq, mərhəmət və şəfqəti düşünürsənsə, sən bu gözəlliklərlə dolusan-deməkdir.

2.Haqq yolunda irəliləmək ürək işidir, ağıl işi deyil. Səni nişan verən daim ürəyin olsun, çiynin üzərindəki başın deyil. Nəfsini bilənlərdən ol, silənlərdən deyil.

3.Qutsal kitab dörd səviyyədə oxuna bilir. İlk səviyyə zahiri anlamıdır. Sonrakı batini anlamdır. Üçünücü batininin batinidir. Dördüncü səviyyə o qədər dərindir ki, bu səviyyəni açıqlamağa kəlmələr bəs etmir.

4.Kainatdakı hər zərrədə Tanrının sifətlərini tapa bilərsən. Çünki, o, məsciddə, kilsədə, hər hansı məbəddə deyil, hər an hər yerdədir. Tanrını görüb yaşayan olmadığı kimi, Onu görüb ölən də yoxdur. Kim Tanrını tapa bilərsə, sonsuzadək Onda qalar.

5.Ağlın kimyası ilə eşqin kimyası başqadır. Ağıl təmkinlidir. Addımlarını qorxa-qorxa atar, “özünü qoru”- deyə tənbeh edər. Ancaq, eşq elədirmi? Eşqin tək dediyi: “Özünü burax, qoy getsin”. Ağıl asanlıqla yıxılmaz. Eşq isə özünü yıpradar. Halbuki, xəzinələr və dəfinələr yıxıntılar arasında olur. Nə varsa xaraba bir qəlbdə var.

6.Bu dünyadakı qarşıdurma, mühakimə və çəkişmələrin çoxu dildən qaynaqlanır. Sən, sən ol, sözlər üzərində həddən artıq dayanma. Eşq diyarında dil zatən öz hökmünü itirir, aşiq dilsiz olur.

7.Bu həyatda təkliyə çəkilərək, sadəcə öz səsinin yanğısını duyaraq həyatı kəşf edə bilməzsən. Özünü ancaq başqa bir insanın güzgüsündə aydın görə bilərsən.

8.Başına nə gəlirsə gəlsin, bədbinliyə qapılma. Bütün qapılar qapansa belə, sonunda O, kimsənin bilmədiyi gizli bir cığır açar. Bu an sən görməsən də, dar keçidlər arxasında neçə cənnət bağçaları var. Şükür et! İstədiyini əldə edincə şükür etmək asandır. Sufi, dilədiyi gerçəkləşməyəndə də şükür edə biləndir.

9.Səbr etmək eləcə durub gözləmək deyil, irəli görüşlü olmaq deməkdir. Səbr nədir? Səbr, tikana baxıb gülü, gecəyə baxıb gündüzü düşünə bilməkdir. Tanrı aşiqləri səbri şirin bişmələr kimi dadlı-dadlı yeyər və həzm edər. Onlar bilirlər ki, göydəki ayın dolunaya dönməsi üçün zaman gərəkdir.

10. Hansı yönə gedərsən get – Doğu, Batı, Quzey ya da Güney – çıxdığın hər yolçuluğu öz içinə doğru bir səyahət olaraq düşün. Öz içinə yolçuluq edən insan sonda bütün varlığı gəzib dolaşır.

11.Şəfqət bacısı bilir ki, sancı çəkmədən doğum olmaz, ana bətnindən körpəyə yol açılmaz. Səndən yepyeni bir “sən” doğması, zühur edə bilməsi üçün çətinliklərə, sancılara hazır olman gərəkdir.

12.Eşq bir səfərdir. Bu səfərə çıxan hər yolçu istəsə də, istəməsə də təpədən dırnağa qədər dəyişir. Bu yolu gedib də dəyişməyən yoxdur.

13.Bu dünyada səmadakı ulduzlardan daha artıq sayda saxta hacı, xoca, şeyx var. Həqiqi mürşid səni öz içinə baxmağa və nəfsini aşıb özündəki gözəllikləri bir-bir kəşf etməyə yönləndirir, ona heyran olmağa deyil.

14. Haqqın, qarşına çıxardığı dəyişimlərə dirənmə, təslim ol. Qoy həyat sənə qarşı deyil, səninlə bərabər davam etsin. “Düzənim pozulur, həyatım alt-üst olur”- deyə əndişələnmə. Hardan bilirsən həyatın altının üstündən daha gözəl olmayacağını?

15.Tanrı hər zaman hər birimizi içdə və zahirdə tamama yetişdirmək - kamilləşdirməklə məşğuldur. Tək-tək hər birimiz tamamlanmamış bir sənət əsəriyik. Yaşadığımız hər hadisə, adladığımız hər çətinlik əskiklərimizi aradan qaldırmaq üçün uyğulanmışdır. Tanrı nöqsanlarımızla ayrı-ayrı məşğuldur, çünki, bəşəriyyət deyilən əsər qüsursuzluğu hədəf seçmişdir.

16.Tanrı qüsursuzdur. Bu üzdən Onu sevmək asandır. Çətin olan nöqsanı və savabı ilə insanları sevməkdir. Unutma ki, insan bir şeyi ancaq sevdiyi ölçüdə bilə bilir. Demək ki, qucaqdakından irəlini, Yaradandan ötrü yaradılanı sevmədən nə layiqincə bilə bilərsən, nə də layiqincə sevə bilərsən.

17. Əsas çirkinlik çöldə deyil, içdə, ürəkdə olur. Onun xaricində hər ləkə nə qədər pis görünürsə görünsün, yaxalananda təmizlənər, su ilə arınar. Yaxalamaqla təmizlənməyən tək pislik ürəklərdə yağ bağlamış həsəd və pis niyyətlərdir.

18. Bütün kainat nizamlı təbəqələri və qarmaşıqlığı ilə insanın içində gizlənmişdir. Şeytan, çölümüzdə bizi yönəltməyi gözləyən qorxunc bir məxluq deyil, şəxsən içimizdə olan bir səsdir. Şeytanı özündə ara, çölündə və başqalarında deyil. Bir də unutma ki, nəfsini bilən Rəbbini bilir. Başqalarıyla deyil, sadəcə özü ilə uğraşan insan sonunda mükafat olaraq Yaradanı tanıyır.

19. Başqalarından sayğı, ilgi və ya sevgi gözləyirsənsə, öncə sırası ilə özünə borclusan bunları. Özünü sevməyən birinin sevilməsi mümkün deyil. Sən özünü sevdiyin halda dünya sənə tikan yolladımı, sevin. Yaxında gül yollayacaq deməkdir.

20. Yolun sonunun haraya varacağını düşünmək əbəs yerə çabalamaqdır. Sən sadəcə atdığın ilk addımı düşünməyə məsulsan. Gerisi zatən özlüyündən gəlir.

21. Hamımız fərqli sifətlərlə var olduq. Əyər Tanrı hər kəsin eyni olmasını istəsəydi, heç şübhəsiz elə yaradardı. Fərqliliklərə sayğı göstərmək, öz doğrularını başqalarına yeritməyə çalışmaq, Haqqın qutsal nizamına sayğısızlıq etməkdir.

22.Həqiqi Tanrı aşiqi bir meyxanaya girdimi, ora ona ibadətgah olur. Ancaq əyyaş ibadətgaha girərsə, ora onun üçün meyxana olur. Bu həyatda nə edirsək edək, bizi fərqli edən niyyətimizdir, görünüş və geyimimiz deyil.

23. Yaşadığımız həyat əlimizdə tutulmuş rəngarəng və əmanət bir oyuncaqdır. Kimisi oyuncağı o qədər ciddiyə alır ki, ağlayar, qəmgin olar onun üçün. Kimisi əlinə alar-almaz oyuncağı qurcalar və qırıb yerə atar. Ya aşırı (həddən artıq) qiymət verir, ya da dəyərini bilmərik. Aşırı olmaqdan uzaq dur. Sufi nə ifratdadır, nə də təfritdə. Sufi daim orta məqamdadır.

24. Bir halda ki, insan məxluqatın əşrəfidir, yəni varlıqların ən şərəflisidir, deməli atdığı hər addımda Tanrının yer üzündəki xəlifəsi olduğunu xatırlayaraq ona yaraşan şəkildə hərəkət etməlidir. İnsan yoxsullaşarsa, iftiraya uğrayarsa, həbsə girərsə, hətta əsir olarsa belə, yenə başı dik, gözü tox, könlü əmin bir xəlifə kimi davranmaqdan vaz keçməməlidir.

25. Cənnəti və cəhənnəmi əsla gələcəkdə arama. İkisi də bu an mövcuddur. Nə zaman bir insanı təmmənnasız, qarşılıqsız və bazarlıq etmədən sevməyi bacarsaq o zaman cənnətdəyik əslində. Nə zaman biriylə qovğa etsək, nifrətə, həsədə və kinə bulaşsaq kəlləmayallaq cəhənnəmə düşmüş oluruq.

26. Kainat tək vücud, tək varlıqdır. Hər şey və hər kəs görünməz iplərlə bir-birinə bağlıdır. Əsla kimsənin ahını alma, bir başqasının, özəlliklə səndən zəif olanın canını yandırma. Unutma ki, dünyanın o başındakı bir insanın kədəri bütün insanlığı qəmgin edə bilər. Və bir insanın səadəti hər kəsin üzünü güldürə bilər.

27. Bu dünya bir dağ kimidir, ona necə səslənsən, o da sənə eyni səsləri əks etdirər. Ağzından xeyirli söz çıxarsa xeyirli söz əks olunar, şər söz çıxarsa sənə şər əks olunacaq. Eləsə kim ki, sənin haqqında pis danışır, sən o insan haqqında qırx gün qırx gecə sadəcə gözəl sözlər danış. Qırx günün sonunda görəcəksən hər şey dəyişmiş olacaq. Sənin könlün dəyişərsə dünya dəyişər.

28. Keçmiş, zehinlərimizi qapayan dumandan, buluddan ibarətdir. Gələcək isə başlı başına bir xəyal pərdəsidir. Nə gələcəyimizi bilə bilir, nə də keçmişimizi dəyişdirə bilirik. Sufi daima bu anın həqiqətini yaşar.

29. Qədər, tale həyatımızın öncədən yazılmış olması deməkdir. Bu səbəbdən “nə edək, həyatımız belədir” –deyib boyun bükmək cəhalətin göstəricisidir. Qədər yolun tamamını deyil, sadəcə yol ayrımlarını verir. Keçilən yollar bəllidir, amma bütün döngə və yolun ayrımları yolçuya aiddir. Eləsə, nə həyatının hakimisən, nə də həyat qarşısında çarəsizsən.

30. Həqiqi sufi elə biridir ki, başqaları tərəfindən qınansa, ayıblansa, dedi-qodusu edilsə, hətta iftiraya uğrasa belə, ağzını açıb kimsə haqqında tək bircə kəlmə pis söz danışmaz. Sufi qüsur görməz, qüsur örtər.

31. Haqqa yaxınlaşa bilmək üçün ipək kimi bir qəlbə sahib olmalısan. Hər bir insan bu və ya digər şəkildə yumşalmağı öyrənir. Kimisi qəza keçirir, kimisi ölümcül xəstəlik, kimi ayrılıq acısı çəkir, kimi də maddi sıxıntı... Hamımız qəlbdəki qatılıqları çözməyə fürsət verən təhlükəli durumlardan keçirik. Amma kimimiz bundakı hikməti anlar və yumşalar, kimimiz isə nə yazıq ki, daha da sərtləşərək çıxar.

32. Aranızdakı bütün pərdələri tək-tək qaldır ki, Tanrıya saf bir eşqlə bağlana biləsən. Qaydaların (kuralların) olsun, ancaq qaydalarını başqalarını uzaqlaşdırmaq, yaxud mühakimə etmək üçün istifadə etmə. Özəlliklə bütlərdən uzaq dur, dost... Və əsla doğrularını bütləşdirmə. İnancın böyük olsun, amma inancını böyük görmə!

33. Bu dünyada hər kəs bir şey olmağa çalışırkən sən HEÇ ol. Mənzilin yoxluq olsun. İnsanın saxsı qabdan fərqi olmamalı. Necə ki, saxsı qabı tutan çölündəki biçimi deyil, içindəki boşluqdusa, insanı da ayaqda tutan mənlik zənni deyil, heçlik bilincidir.

34. Haqqa təslim olmaq nə zəiflik, nə də süstlükdür. Tam tərsinə, belə bir təslimiyyət son dərəcə güclü olmağı tələb edir. Təslim olan insan çalxantılı və burulğan sularda çırpınmağı buraxır, əmin bir məqamda yaşayır.

35.Bu həyatda yalnız təzadlarla irəliləyə bilirik. Mömin içindəki münkirlə tanış olmalı, Tanrıya inanan insan isə içindəki inananla tanış olmalıdır. Kamil insan qatına yetişənə qədər insan addım-addım irəliləyər. İnsan yalnız təzadları qucaqlaya bildiyi qədər olqunlaşar, kamilləşər.

36. Hiylədən və fırıldaqdan əndişə etmə. Əyər biriləri sənə tələ qurur, zərər vermək istəyirsə, Tanrı da onlara zərər vurur. Çuxur qazanlar o çuxura özləri düşər. Bu sistem qarşılıqlar əsasında işlər. Nə bir qətrə xeyir qarşılıqsız qalır, nə bir qətrə şər. Onun bilgisi xaricində yarpaq belə əsməz. Sən sadəcə buna inan!

37. Tanrı qılı qırx yararaq dəqiqliklə çalışan saat ustasıdır. O qədər dəqiqdir ki, sayəsində hər şey tam zamanında olur. Nə bir saniyə tez, nə bir saniyə gec. Hər insan üçün bir aşiq olma zamanı vardır, bir də ölmək zamanı.

38. “Yaşadığım həyatı dəyişdirməyə, özümü dönüşdürməyə hazırammı?”- deyə sormaq üçün heç bir zaman gec deyil. Hansı yaşda olursaq olaq, başımızdan nə keçmiş olursa olsun, tamamən yenilənmək mümkündür. Tək bircə gün öncəki günün tam təkrarını yaşayırıqsa yazıq olur. Hər an, hər nəfəsdə yenilənməli. Yepyeni bir yaşama doğmaq üçün ölmədən öncə ölməli.

39. Nöqtələr sürəkli deyilsə də bütünlüklə eynidir. Bu dünyadan gedən hər oğru üçün bir oğru doğular. Ölən hər dürüst insanın yerini bir dürüst insan alır. Bütün, heç bir zaman pozulmaz, hər şey yerli yerində qalır, mərkəzində... Həm də bir gündən digər bir günə heç bir şey eyni olmaz. Ölən hər sufi üçün bir sufi doğular.

40. Eşqsiz keçən bir ömür hədər yaşanmışdır. “Əcaba, ilahi eşq ardınca getməliyəmmi, məcazimi, dünyəvimi, yoxsa səmavimi, cismanimi?” – deyə sorma. Ayrımlar ayrımları doğurur. EŞQin isə heç bir əlavə özəlliyə və tamlamaya, bütünləşməyə ehtiyacı yoxdur. Başlı başına bir dünyadır eşq.

Namiq HACIHEYDƏRLİ,
"Türküstan" qəzeti.Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ