Azərbaycan-Türkiyə ədəbi əlaqələrində Şəkinin yeri

Tarix:12-10-2017, 10:21 Baxış Sayı:193

Azərbaycan-Türkiyə ədəbi əlaqələrində Şəkinin yeri
Manera.az Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki Filialında Coşqun Qarabuludla görüş zamanı Azərbaycan Yazıçılar Birliyinin Şəki bölməsinin sədri, filialın baş müəllimi Vaqif Aslanın məruzəsini təqdim edir:

Ulu və möhtəşəm, şərəfli və şöhrətli ümumtürk tarixinin istər qılıncla, istərsə də qələmlə yazılan şanlı səhifələrində millət kimi imzamız, iki dövlət kimi iki möhrümüz olub.

İstər irqi, istərsə də dini-siyasi ambisiyalar ən təhlükəli məqamlarda belə ümumtürk, o cümlədən, Azərbaycan-Türkiyə birgəliyini poza bilməyib. Könüldən –könülə gedən yollar həmişə açıq olub.

Bir sözlə, Azərbaycan-Türkiyə ədəbi əlaqələri zaman-zaman həqiqətin özü kimi nazilsə də, üzülməyib. Bu sözləri eyni ilə Şəki-Türkiyə ədəbi əlaqələrinə aid etmək olar.

Əlbəttə, ölkə və ya əyalət çərçivəsində olmasından asılı olmayaraq ədəbi əlaqələr ədəbi şəxsiyyətlərin fəaliyyəti sayəsində qurulur.

Bu mənada, Azərbaycan-Türkiyə ədəbi əlaqələrinin yaranmasında və inkişafında əslən Şəkili olan ədiblərin də tarixi xidmətləri danılmazdır. Burada ədəbi taleyini yaşayan Mirzə Fətəli Axundzadənin yeri son dərəcə möhtəşəmdir.

1846-cı ildə Osmanlı sultanı Sultan I Əbdülməcidlə görüşüb ona ərəbcə yazdığı “Əsrarül-mələkut” əsərini şəxsən təqdim edən Abbasqulu ağa Bakıxanovdan 17 il sonra – 1863-cü ildə Şəkili M.F.Axundzadə Qafqaz canişini Mixail Nikolayeviçin – çar II Aleksandrın kiçik qardaşının icazəsi ilə İstanbula səfər edir.

O, İstanbuldakı rus səfirinin vasitəsi ilə sədrəzəm Fuad paşaya farsca yazdığı “Ərəb əlifbasının islahına dair” kitabçasını və azərbaycanca qələmə aldığı “Yusif şahın hekayəti”ni təqdim edir. A.Bakıxanovdan fərqli olaraq onun görüşlərinə dövlət səviyyəsində maneçiliklər törədilsə də, onu “Məcidiyyə” nişanı və Fərmani-Təhsin ilə təltif edirlər. M.F.Axundzadənin latın əlifbasına keçmək təşəbbüsünə sağlığında qol qoyulmasa da, sonradan Azərbaycanın və Türkiyənin şəxsində bu təşəbbüs tarixi reallığa çevrildi.

M.F.Axundzadə ilə başlayan ədəbi-mədəni əlaqələr Şəkili ziyalılar tərəfindən daim inkişaf etdirilib. Burada “hər kəsdən daha çox əlyazma və qədim çap kitablarının toplanması, mühafizəsi, bərpası və təbliği sahısində böyük işlər görmüş” Əbdülqəni Nuxəvi Xalisəqarızadənin adı (1817-1879) ilə bağlıdır.

O, 1839 və 1873-cü illərdə İstanbulda olub, türk şairi İsmayıl Həqqinin Qara dənizdə, gəmidə qələmə aldığı “Divan”ını Şəkiyə gətirib. Bu da, əlbəttə, o dövrdə Şəkili oxucuların türk ədəbiyyatı ilə tanışlığına səbəb olub.

XIX əsrin II yarısının və XX əsrin 30-cu illərinin ali ruhani təbəqəsini təmsil edən Şəkililər sırasında Bursada və İstanbulda 15 il mükəmməl təhsil almış Əhməd Nabi Əfəndinin, o cümlədən, Bursada və Konyada ali dini təhsil alıb, Nurməhəmməd Əfəndi İmamzadənin Şəkidə islami ədəbiyyatın yayılmasında, maarifçilyin inkişafında xüsusi rolu olub.

1918-ci ilin mart qırğınlarının dəhşətlərini yaşayan Şəkili ədiblər də türk hərbiyyə naziri, baş komandan vəkili, birinci fəriq (tam general-or general) Damad İsmət Ənvər paşanın kiçik qardaşı fəriq (general-leytenant) Nuru paşanı həyəcanlı şeirlərlə qarşılayıblar. Hətta , Abdulla bəy Əfəndizadə “Ya ölüm, ya Türkiyə” mənzuməsini yazıb.

Xudavənda, hər iqlimə qılıbsan çarə yüz yerdən.
Nədəndir pəs bizim millət olub biçarə yüz yerdən?

- sualından sonra şanlı türk tarixini varaqlayan şair

Ey nəcib övladın ordusu, Şəki, Şirvanə gəl!
Tiflüsü, Bakivü, Şişə, Gəncəvi Səlyanə gəl!

- deyərək Türkiyəyə üz tutub:

Hər ürəkdə səbt olubdur: “Ya ölüm, ya Türkiyə!”
Hər ağısdan yüksəlir fəryadi-şeyda, Türkiyə!

Səbrimiz artıq tükəndi, durma gəl, mərdanə gəl!
Yurdumuz düşmən əlində olmamış viranə, gəl!

1918-ci ildə yazılmış bu əsər ilk dəfə 1919- cu ildə Şəkidə, “Mədəniyyət” mətbəəsində, son dəfə isə 2005-ci ildə Bakıda çap edilib.

Bu dövrün digər şəkili ədibi Salman Mümtaz adı ilə ədəbiyyatımızda məşhur olan Salman Məşədi Məhəmmədəmin oğlu Əsgərzadədir. O, 1884-cü ildə Şəkidə anadan olub, repressiyaya məruz qalaraq 1941-ci ildə sürgündə güllələnib.

Salman Mümtaz 1918-ci ildə “Ənvəriyyə” şeirini nəfis tərtibatlı vərəqədə nəşr etdirib, Şəkidə Nuru paşaya oxuyub təqdim edib. Şeir müsəddəs formasında, Osmanlı ləhcəsində qələmə alınıb:

Yaşa, ey qaziyi-əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Səninlə fəxr edir şimdi böyük sultan, ulu qeysər!

Salman Mümtazın ikinci şeiri isə “Öyün, millət” adlanır və Nuru paşaya həsr edilib. “Ziyasız rus zülmündən o yüksək ruhu ölmüş”, “qanı şişəyə şərab kimi tökülmüş” xalqına Nuru paşanın gəlişi münasibətilə şairanə bir dillə göz aydınlığı verib.

1960-cı illərdə qan və gen yaddaşımız yenidən oyanmasında və milli mənlik şüurumuzun canlanmasında yenə Şəkidə pərvəriş tapan B.Vahabzadənın (1925, 16 avqust, Şəki-2009, 13 fevral, Bakı) “Gülüstan” poeması həlledici rol oynadı.

Təsadüfi deyil ki, Türkiyıdə çox məşhur olub, 1924-2001-ci illərdə ömür sürmüş Ahmet Kabaklı beş cilddən ibarət “Türk edebiyatı”nın III cildində M.F.Axundzadəyə, IV cildində isə Bəxtiyar Vahabzadəyə geniş yer verib.

1997-ci ildə Ankarada “Türkiye dışındakı türk edebiyatları antolojisi”nin “Azerbaycan türk edebiyatı” cildini (V cild) Nevzat Kösoğlunun baş redaktorluğu ilə türklərin də “div ədəbiyyatşünas” adlandırdıqları Yaşar Qarayev hazırlayıblar.

2015-ci ildə Ankarada iki cilddə nəşr edilmiş “Avrasiya şairleri antolojisi”ndə şəkili şairlər də təmsil ediliblər.

XX yüzilliyin sonu, XXI yüzilliyin əvvəlləri Azərbaycan-Türkiyə müstəvisində, həm də Şəki-Türkiyə ədəbi-mədəni əlaqələrinin yüksələn xətlə inkişafı dövrüdür.

Heydər Əliyevin tarixi xidmətlərindən biri ədəbiyyatlarımızın daha da doğmalaşmasına təkan verməsi olub. Hazırda prezident İlham Əliyevin ədəbiyyatımıza göstərdiyi gayğı qardaş ədəbiyyatlarımızın qarşılıqlı şəkildə zənginləşməsi üçün etibarlı zəmin yaradır.
Türk prezidentlərdən Turqut Özalın, Abdullah Gülün, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana tarixi səfərləri zamanı Şəkiyə baş çəkmələri də xüsusi əhəmiyyət daşıyır.

Hələ 1999-cu ildə Bakıda qastrolda olmuş İstanbul BələdiyyəTeatrı iki günlüyə Şəkiyə səfər edib, burada tamaşalar verib.

Şəki teatrı Əziz Nesinin “Toros canavarı”, Nazim Hikmətin “Bayramın birinci günü” əsərlərini tamaşaya qoyub.

Şəki teatrının Türkiyənin bir çox şəhərlərində - Giresunda, Adanada, İstanbulda qastrollarda olması da deyilənləri bir daha təsdiq edir.

Polyak dramaturqu Slavomir Mrojekin “Xoşbəxt hadisə” əsərinin Şəki Dövlət Dram Teatrı tərəfindən mənim tərcüməmdə Türkiyədə tamaşaya qoyulması da, “tarixlə, yaddaşla dialoq” şəklində qələmə aldığım “Ruhlarla söhbət” poemasının türkün əzəməti haqqında dastan” kimi qiymətləndirilməsi də danılmaz həqiqətdir.

2007-ci ilin avqust ayının 10-u və 11-də Sayımbeylidən (Adanadan) şair-araşdırmaçı Ahmet Kaytançı ilə Şəkidə keçirilən görüşlər, onun “Siyaha çaldı düşlerim” və “Haçın oldu kanlı kuyu” kitablarının Şəkidəki müzakirələri, yəqin ki, hələ də unudulmayıb. Onun “Haçın oldu kanlı kuyu” kitabına rəy şəklində qələmə aldığım “Yer kürəsi: insana baxış və insanın insanı görmə bucağı” adlı məqaləm Türkiyədə “Menzil qazetesi”nin 31 aralık 2008, 14 və 21 ocak 2009-cu il saylarında çap edilib.

18 dekabr 2008-ci ildə o zamankı AMİ Şəki filialını (hazırki ADPU Şəki filialı) akt zalında İstanbullu dostumuz Asim Yekələrlə keçirilən konfransda nəinki Şəkidən, hətta Zaqatala, Balakən və Oğuzdan olan yazıçı və şairlər də iştirak edirdilər.

Ankaradan Abdurrahman Örs, İzmirdən Şefki Dinçal və Turan Atasevər, Aydın ilindən Şükrü Öksüz, İstanbuldan İmdat avşar, Mustafa İslamoğlu və Hikmət Barutçugil, Sivasdan Ahmet Şafak, Samsundan (hazırda İstanbulda yaşayır) Müzəffər Təkbıyiq Şəki ilə ədəbi əlaqələri olan ədiblərdir.

Dənizlidən Hasan Kallimçi ilə olan ədəbi əlaqələrimiz daha da məhsuldar olub.

Təkcə onu deyə bilərəm ki, elə bu il 27 fevralda Dənizli Universitetində Xocalı soyqırımının 25 illiyinə həsr edilmiş tədbirdə bizim “türk dünyası ilə bağlı həsrət və düşüncələri”mizi ifadə edən şeirlərimiz oxunub.

Son olaraq qeyd edim ki, hazırda Milli Məclisin deputatı Cavanşir Feyziyevin dəvətilə Şəki əslli türk şair Coşqun Qarabulud öz baba ocağına səfərdədir....../parafr.az/

Бесплатные шаблоны для 10.5Forex Портал для чайников


XƏBƏR LENTİ